Milli Məclisin yaz sessiyası başladı: Amnistiya, işğal olunmuş ərazilər, problemli kreditlər, vəkillərin azlığı…məsələləri qaldırıldı… – YENİLƏNİB – (7)

Fevralın 1-də Milli Məclisin (MM) 2018-ci il yaz sessiyası öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, sessiya öz işinə ənənəvi olaraq, dövlət himninin səsləndirilməsi və oxunması ilə start verib.

Sessiyanın gündəliyinə 2018-ci il qanunvericilik işləri planı və xeyli sayda qanun layihəsi daxil edilib.

***

meclissssss

Sonra spiker Oqtay Əsədov  çıxış edərək,  bildirib ki, bu il bizi gərgin işlər gözləyir:

“Azərbaycan Xalq Cümhuriyyətinin AXC), həmçinin parlamentin yaranmasının 100 illiyi tamam olur. Cənab prezident dedi ki, bu tədbir dövlət səviyyəsində qeyd olunacaq. Yəqin ki, biz də  iyun ayının 8-də parlamentin 100 illiyi ilə bağlı  möhtəşəm tədbir keçirəcəyik.  Bunun üçün qrup da  yaranıb. Bu il həmçinin  baş nazirin, Ombudsmanın hesabatı Milli Məclisdə dinləniləcək”.  

***

 Deputat Fazil Mustafa çıxışında  bildirib ki, ermənilər Xocalı soyqırımına qarşı Sumqayıt hadisələrindən istifadə etmək istəyir:

“Bunu xüsusilə, AŞPA-da çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyan qabardırdı”. O, qeyd edib ki, ermənilər artıq bu məsələni canfəşanlıqla gündəmə gətirirlər: “30 il öncə Sumqayıt hadisələri ermənilərin öz əli ilə- konkret olaraq Qriqoryan tərəfindən törədilib. Bu barədə istintaq materialları da var. Onları  yenidən tapıb ortaya qoymalıyıq. Ermənilərə qarşı indidən qabaqlayıcı addımlar atmalıyıq. Dünyaya göstərməliyik ki, həm Xocalı, həm də Sumqayıt hadisələrini ermənilər törədib”.

***

Hakim partiyadan olan deputat Siyavuş Novzurov  çıxışında növbəti amnistiya aktının qəbul olunması  öz üzərinə götürməsi üçün ölkə başçısına deputatlar adından müraciət edib.

S. Novruzov xatırladıb ki, bu günə qədər ölkədə 63 əfv sərəncamı və fərmanı,  11 amnistiya aktı qəbul olunub: “Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktı qəbul olundu və o 10 mindən artıq insanı əhatə etdi. Onu da qeyd edim ki, hər bir deputat amnistiya aktının qəbul olunması ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. Ancaq bağışlamaq Allaha və  ölkə başçısına aiddir. Ona görə Cümhurriyyətin 100 illiyi və mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı deputatlar adından ölkə başçısına müraciət edək ki, bu işi öz üzərinə götürsün. Bu vətəndaşlarımızın gözləntisi olan məsələdir. Bir neçə məsələdə anmnistiya aktı keçmişdəkilərdən fərqli olmalıdır. Azərbaycan 27 ildir ki müstəqildir. Bu amnistiya dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda iştirak etmiş və səhvlərə yol vermiş bütün şəxslərə şamil olunmalıdır. Həmçinin  yaşı 60- dan yuxarı olan bütün qadınlara, eyni zamanda himayəsində azyaşlı uşaqlar olan qadınlara da şamil olunmalıdır. Çünki həbsxanada həmin qadınlar dünyaya övlad gətiriblər. Yaşı 70- dən yuxarı olan bütün kişilərə, radikal dini cərəyanlara qoşulmamış bütün dini şəxslərə də tətbiq olunmalıdır.  Qarşıdan seçki ili gəlir. Kimlərsə yenə bu kampaniyaya kölgə salmaq istəyir. Belə ki, hansısa adamların adından  Azərbaycana qarşı radikal kampaniya aparırlar. Düşünürük ki, hansısa cinayətə yol vermiş olsa da, radikal cəbhədən olanları da amnistiyaya salmaq lazımdır”.

***

zahid-2

Deputat Zahid Oruc  isə O. Əsədovun Cümhuriyytin 100 illiyi ilə bağlı Fransaya nümayəndə heyəti ilə birgə səfər etməsi təklifini irəli sürüb.

Millət vəkili qeyd edib ki, bu, onun öz istəyidir: “Yaxşı olardı ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı Fransaya rəsmi səfər və orada Cümhuriyyət qurucularının məzarları ziyarət edərdiniz. Bu həmin quruculara parlament adından  böyük ehtiram nümunəsi olardı”. O, həmçinin, Bakıda aparılan tikinti, abadlıq işləri ilə bağlı təkliflərini də səsləndirib: “Paytaxta evlərin söküntüsü zamanı xeyli problemlər yaşanır.  Narazılıqlar ortaya çıxır. Ona görə də bu işi kompleks şəkildə həyata keçirmək üçün qanun layihəsi hazırlayıb qəbul edək”. 

O. Əsədov da öz növbəsində məlum təkliflə bağlı deyib ki, hər işi parlamentin üzərinə atmaq olmaz: “Bunu Zahid Oruc deyir deyə demirəm. Parlamentin özünün görəcəyi çoxlu işlər var. Hər şeyi parlamentdən gözləmək olmaz. Bu məsələnin həlli üçün cavabdeh məsul qurumlar , o cümlədən, Nazirlər Kabineti var”.

***

“Problemli kreditlər məsələsi artıq təhlükəli həddi keçib”.

Bunu da deputat Əli Məsimli  çıxışında səsləndirib. Deputat bildirib ki , artıq problemli kreditlərin həddi 2 milyardı keçib: “Bu da ümumi portfelin 15 faizidir. Bu artıq təhlükəli həddi keçmədir. Ona görə də parlament olaraq bu məsələyə ciddi yanaşmalı və problemli kreditlərin restrukturizasiyası ilə bağlı qanun qəbul etməliyik”.

***

Deputat Qüdrət Həsənquliyev çıxışı zamanı vəkillik fəaliyyəti üçün tələb olunan 60 balın 50 bala endirilməsi təklifini irəli sürüb. Oxu.Az xəbər verir ki, o parlamentdə çıxışında deyib ki, bu məsələdə xeyli problemlər var: “Bu yaxınlarda imtahan da keçirildi. Çox adam  imtahandan keçə bilmədi. Ona görə “Vəkillər və vəkillik fəaliyyət haqqında” yeni qanun qəbul olunmalıdır. Həmçinin biz aidiyyatı qurumlar qarşısında vəkillik fəaliyyəti üçün tələb imtahan balının  60 -dan 50-yə endirilməsi məsələsini qaldıraq”. 

 Birinci vitse-spiker Ziyafət Əsgərov da deputatın çıxışına münasibət bildirib.

O, qeyd edib ki, vəkillərlə bağlı məsələdə problemlər var:

Azərbaycanda vəkillərin sayə Avropa ölkələri ilə müqayisədə xeyli azdır. Ancaq biz imtahan balını 60-dan 50-yə endirsək, sabah deyəcəklər ki, indi də 40 -a endirək. 60 balı toplamaq o qədər çətin deyil. Oturub oxumaq və məşğul olmaq lazımdır ki, imtahan verə biləsən. Çünki  gələcəkdə  müvəkkilinə keyfiyyətli hüquqi yardım etməlidir”.

***

GANIREEEE

Millət vəkili Qənirə Paşayeva “İşğal olunmuş ərazilər haqqında” qanun layihəsinin hazırlanması və qəbul olunması təklifi ilə çıxış edib. 

O, qeyd edib ki, belə bir qanuna ciddi ehtiyac var: “Cünki Azərbaycanın işğal olunmuş ərazilərinə, etirazlarımız baxmayaraq, hələ də qanunsuz səfərlə edilir, Azərbaycandan icazə alınmır. Bu səfərləri edənlərin çoxu da Qarabağ münaqişəsinin həlini öz üzərinə götürən ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin təmsilçiləridir. Ona görə də belə qanunsuz səfərlərin qarşısını almaq məqsədi ilə işğal olunmuş ərazilər haqqında qanun layihəsinin hazırlanması və qəbuluna ciddi ehtiyac var. Biz, nəhayət, belə bir qanunu qəbul etməliyik”.

Deputat, həmçinin, bu yaxınlarda İraqdakı Azərbaycan səfirliyində olarkən İraq yetimxanalarında saxlanılan uşaqlarla da görüşdüyünü deyib: “Həmin yetimxanalarda azərbaycanlı uşaqlar da var. Onların ölkəyə gətirilməsinə çalışmaq lazımdır. Həmin uşaqların valideynlərinin beyinləri İŞİD terror qruplaşması  tərəfindən yuyulub və onlar öz  övladlarını atıblar”. Onun sözlərinə görə bu yaxınlarda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edildi: “Ölkəmizə çoxlu turistlər gəlir. Yaxşı olardı ki, Şəhidlər Xiyabanında bələdçi qoyulsun ki, onlar bu faciə barədə turistlərə məlumat verə bilsinlər. Çünki orada ingilis dilində lövhə də yoxdur”.

***

İclasda Mətbuat Şurası (MŞ) ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi də təklif olunub.

Bu təklifi isə MŞ sədri, deputat Əflatun Amaşov irəli sürüb. Millət vəkili qeyd edib ki, təşkilatın hüquqi statusunun dəyişdirilməsinə, eyni zamanda ayrıca qanunun qəbul edilməsini ciddi ehtiyac var:  “Biz bu gün ictimai təşkilat olduğumuzdan bəzən müvafiq addımlar ata bilmirik. Bu gün mətbuatda jurnalist adına xələl gətirən, jurnalist adından sui-istifadə edən, bazar açan ünsürlər yayılıb. “Reket jurnalistika”dan əziyyət çəkirik. Mətbuat Şurasının hüquqi statusunun yenilənməsi ilə “reket jurnalistika”ya qarşı mübarizədə, mətbuatda balanslaşdırılmanın aparılmasında ciddi addım atmış olarıq. Buna zəruri ehtiyac var”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Azərbaycan kinosunun 120 illiyi ilə bağlı SƏRƏNCAM

Read Next

Oqtay Əsədov İsa Həbibbəylidən nə xahiş etdi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir