Tərtər rayonunda mina hadisəsi baş verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Etikxeber.az-a bildirilib ki, 2023-cü il 28 aprel tarixində Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Tank əleyhinə minanın partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.
21:01
***
Aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində 3 nəfər şəxsin ölməsi faktına görə cinayət işi başlanıb.
Baş Prokurorluqdan bildirilib ki, ilkin araşdırma zamanı partlayış nəticəsində zərərçəkmiş şəxslərin “RPS Energy Ltd.” şirkətinin əməkdaşları – 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev olması müəyyən edilib.
Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
21:55
***
İsrailin Azərbaycandakı Səfirliyi Tərtərdə mülki şəxslərin ölümü ilə nəticələnən mina partlayışı ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
Bu gün üç Azərbaycan vətəndaşının minaya düşməsi nəticəsində həlak olması xəbəri bizi dərindən kədərləndirdi.
Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilədir.
Azərbaycan xalqına və hökumətinə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Etikxeber.az