Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Noyabrın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib.
Etikxeber.az xəbər verir ki, Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin tarixi barədə ətraflı məlumat verib. Ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsinə 200 il əvvəl başlandığını vurğulayan Əli Həsənov onların özlərinin 1978-ci ildə ucaltdıqları “Marağa-150” abidəsinin, eləcə də Rusiya imperiyasının arxiv sənədlərinin bunu sübut etdiyini vurğulayıb.
Baş nazirin müavini qeyd edib ki, ermənilərin əzəli torpaqlarımıza köçürüldüyü vaxtdan bölgədə etnik və milli zəmində problemlər yaşanıb, azərbaycanlılar kütləvi soyqırımlarına və deportasiyaya məruz qalıblar. Bu, çar Rusiyasının, sonrakı dövrdə isə Sovet İttifaqı rəhbərliyinin məqsədyönlü şəkildə həyata keçirdiyi dövlət siyasəti idi. Xalqımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Halbuki hazırda təkcə Bakıda 30 min erməni yaşayır. Ermənilər dünya ictimaiyyətini Sumqayıt hadisələri zamanı azərbaycanlılar tərəfindən guya qırğına məruz qaldıqları barədə uydurmalara inandırmağa çalışırlar. Əslində həmin hadisələrin SSRİ xüsusi xidmət orqanları və ermənilərin özləri tərəfindən əvvəlcədən təşkil edildiyinə dair kifayət qədər dəlil-sübutlar var. Qəsdən törədilmiş Sumqayıt hadisələrindən sonra Dağlıq Qarabağda separatçı hərəkat başladı, Ermənistandan 250 mindən çox azərbaycanlı deportasiya edildi.
Əli Həsənov diqqətə çatdırıb ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli ilə bağlı mötəbər beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir. Məsələnin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu iyirmi ildən artıq müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, ortaya heç bir səmərəli nəticə qoymayıb. Azərbaycan bölgədə sabitliyin, əmin-amanlığın təmin olunmasında, əməkdaşlığın inkişafında maraqlıdır. Bunun üçün ilk növbədə, beynəlxalq qurumların qətnamələri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Ermənistan intensiv olaraq, danışıqlar prosesini pozur. Ermənistan hakimiyyəti münaqişənin həllini istəmir və qeyri-konstruktiv mövqe tutmaqda davam edir. Dünya birliyi isə işğalçı ölkəyə heç bir təzyiq göstərmir.
Müstəqilliyinin ilk illərində bütün sahələrdə ciddi böhranla üzləşən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün problem ilə də qarşı-qarşıya qaldığını vurğulayan Əli Həsənov həmin vaxt beynəlxalq humanitar təşkilatların ölkəmizə fəal yardım göstərdiyini bildirib. Qeyd edib ki, son 20 ildə Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı 7 milyard dollara yaxın vəsait xərclənib. Bu illər ərzində salınmış 95 müasir tipli qəsəbədə ümumilikdə 250 mindən çox məcburi köçkün məskunlaşdırılıb.
Azərbaycan Respublikasının Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair saziş layihəsini ötən il təqdim etdiyini söyləyən Əli Həsənov Avropa İttifaqı Şurası tərəfindən ölkəmizlə hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəyə mandatın verilməsinin önəmini yüksək qiymətləndirib.
Sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard çıxış edərək geniş tərkibli nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafına töhfə verməsi baxımından önəmini qeyd edib. M.Mard Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federiko Moqeriniyə mandatın verilməsinin bu istiqamətdə atılan növbəti uğurlu addım olduğunu bildirib.
Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun rəhbəri xanım Vinot Karolin bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün təkcə enerji sahəsində deyil, eyni zamanda, dünyəvilik baxımından da vacib tərəfdaşdır. “Münasibətlərimizi yeni səviyyəyə qaldırmaq istəyir və düşünürük ki, bunun üçün geniş potensial var. Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramının əhəmiyyətini yüksək qiymətləndirir. Qurum bu proqramda iştirak edən ölkələrin ərazi bütövlüyünü dəstəkləyir, həmin dövlətlərin ərazilərində baş verən problemlərin sülh yolu ilə həllinə çalışır”, – deyə Vinot Karolin vurğulayıb.
Sonra Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri nümayəndə heyəti üzvlərinin suallarını cavablandırıb.
Görüşdən sonra Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun üzvləri Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olublar.
Etikxeber.az