Parlamentin plenar iclası- KORONAVİRUS MÜZAKİRƏLƏRİ – MM-İN KOMİTƏ VƏ KOMİSSİYALARININ İCLASLARI TƏXİRƏ SALINIR, ADİL ƏLİYEV İSƏ KİŞİLƏRİ “ÖPÜŞMƏYƏ” SON QOYMAĞA ÇAĞIRIB -YENİLƏNİB – (10)

Milli Məclisin (MM) 3-cü plenar iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Gündəlikdəki məsələlər bunlardır:

1.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

2.Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

3.”Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

4.”İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında  

İclasa spiker Sahibə Qafarova sədrlik edir.

***

Plenar iclas öz işinə başlayıb.

İclasa S. Qafarova sədrlik edir.

İclasda koronavirus təhlükəsi ilə bağlı məsələnin müzakirəsinə başlanılıb.

***

S. Qafarova ölkənin baş naziri Əli Əsədovun icra hakimiyyətlərinə məlum müraciətinə toxunaraq, ona uyğun olaraq fəaliyyətinin qurulmasının vacibliyini bildirib.

Qeyd edib ki,ona görə məlum müddət ərzində MM-in komitə və komissiyalarının iclasları keçirilməyəcək:

“Baş nazirin məktubunda koronavirus infeksiyası ilə bağlı mübarizənin təşkili istiqamətində bir sıra tələblər müəyyən edilib. Bu tələblərdən biri iclasların, müşavirələrin və toplantıların keçirilməsinin məhdudlaşdırılması, idarəetmənin telefon, mobil rabitə və internet vasitəsilə həyata keçirilməsinə üstünlük verilməsi haqqındadır. Bununla əlaqədar olaraq komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır”.

***

MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanda epidemioloji qaydaları pozan insanlara qarşı təsirli addımlar atılmalıdır. Onun sözlərinə görə, Azərbaycanda koronavirsula mübarizə üçün adekvat tədbirlər hazırlanıb və həyata keçirilib: “Ölkəmizdə kifayət qədər avadanlıqların olmasına baxmayaraq, Prezidentin tapşırığı ilə Azərbaycana qoruyucu vasitələr, avadanlıqların gətirilməsi davam edir. Bu sahədə kadrların da ölkəmizə gətirilməsi istiqamətində çox böyük işlər görülür”. Komitə sədrinin eyni zamanda dediyinə görə, Azərbaycanda vətəndaşlar öz yaxınlarını karantindən çıxartmağa cəhd edir: “Bunu qeyd etməliyik ki, bir nəfər virus daşıyıcısı bir neçə yüz insanı xəstələndirə bilər. Ona görə də karantinə çox ciddi fikir verməliyik. Sosial izolyasiya prosesi də ölkəmizdə çox zəifdir. İnsanlar ailəliklə, toplu şəkildə mağazalara və digər yerlərə gedirlər. Bu, böyük təhlükədir. Koronavirus təhlükəli xəstəlikdir və bu epidemiyadan qorxmaq lazımdır. Ancaq təşvişə düşmək olmaz. İnsanlar sadəcə dərk etməlidir ki. bu virus çox təhlükəli virusdur. Hər birimiz şəxsi gigiyena və sosial izolyasiya ilə bağlı tədbirləri görməliyik”. 

***

“Cəza sistemini sərtləşdirməkdən daha çox, əhalini maarifləndirmək üçün tədbirləri genişləndirməliyik”. Bunu da MM-in İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Z. Oruc bildirib ki, dünyada da epidemioloji qaydaların pozulmasına görə cərimələr, həbslər nəzərdə tutulub: “Sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında qəbul etdiyimiz qanunun 3 və 6-cı maddələrində qeyd olunub ki, insan sağlamlığının qorunması üçün digər məhdudlaşdırıcı tədbirlər həyata keçirilə bilər. Ona görə hesab edirəm ki, operativ qərargah həm informasiya məkanında, həm də real praktiki məsələdə operativ addımlar atır. Amma arzulayardım ki, parlament üzvlərindən də kimlərsə Nazirlər Kabineti yanında Operativ qərargahda təmsil olunsun”.

***

MM-in Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, bir gün ərzində 200-ə yaxın süni nəfəs aparatının ölkəmizə gətirilməsi təqdirəlayiqdir. R. Mahmudovun fikrincə, insanlar bilməlidir ki, bu xəstəlik ağır respirator formaya keçdikdən sonra dünyanın ən məşhur xəstəxanalarında belə 90 % ölüm riski ilə qarşı-qarşıya qalmaq reallığı var: “Hər bir fərdin bu qlobal hadisəni, öz sağlamlığı qədər başqalarının da sağlamlığına təhlükəni dərk etməlidir. Bu zaman biz bu hadisəyə ən az zərərlə qalib gələ bilərik. Ona görə də hamını ictimai məsuliyyətə və nizam-intizama dəvət edirəm. Bu gün tibb ocaqlarında döyüşən qəhrəmanlarımız səhiyyə işçiləridir”. R. Mahmudov təklif edib ki, Novruz Bayramı axşamı Novruzun ən gözəl atributu olan, şam yandıraraq eyvana çıxmaqla, həmrəyliyimizi ifadə etməliyik.

***

“Koronavirusla mübarizədə hökumətlə cəmiyyətin birgə fəaliyyəti çox önəmlidir”.

Bunu da çıxışında MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. M. Quliyev bildirib ki, hökumətin bu vəziyyətə davranışı hadisəyə adekvatdır: “Koronavirus yayılan ölkələrdən vətəndaşlarımızın gətirilməsi, karantinə alınması, izolyasiya olunması üçün bütün tədbirlər görülür. Operativ qərargahın verdiyi təlimatlara hər bir vətəndaş qeyri-şərtsiz əməl etməlidir. Tibbi profilaktika sahəsində hər cür vəsaitimiz var. Operativ qərargahdan və KİV-dən xahişim odur ki, gün ərzində 5-10 dəfə cəmiyyətə informasiya versinlər. Bu zaman fake informasiyalara yer qalmayacaq. Bu gün ölkəmizdə koronavirusla bağlı maarifləndirmə işləri də yüksək səviyyədədir. Lakin ictimaiyyətin davranışında ikiqütblülük var. Bir qütbdə panika, ajiotaj, digər qütbdə isə laqeydlik. İnsanlarımız, sadəcə, operativ qərargahın tövsiyələrinə əməl etməlidir. Qorxulu hal isə həkim olmayan şəxslərin virusla bağlı məsləhətlər verməsidir. Buna görə də bütün sosial şəbəkə istifadəçilərinə müraciət edirəm ki, qeyri-peşəkar adamlar öz fikirlərini yazmasınlar”.M. Quliyev bildirib ki, virusla mübarizənin ən effektiv yolu xəstə insandan uzaq durmaqdır: “İnsanların ehtiyac olmadığı hallarda çox yerə toplaşması arzu olunan deyil. Hesab edək ki, müharibə şəraitindəyik. Biz bir-birimizi, yaxınlarımızı qorumalıyıq. Eyni zamanda iş yerlərində də dezinfeksiyaedici məhlullardan istifadə məqsədəuyğundur. Bu şərtlərin həyata keçirilməsi üçün qanunvericilikdə dəyişikliklər edilməlidir. İş yerlərində əməkdaşların maaşları saxlanılmaqla, 2 həftəliyinə kənarlaşdırılması və sosial məzuniyyətə göndərilməsi ilə bağlı da qərar qəbul olunmalıdır. Tibb işçilərinin maaşlarına əlavə olunmalı və mükafatlar verilməlidir”.

***

MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva koronavirus təhlükəsinin önlənməsi ilə bağlı dövlət və hökumət rəhbərliyinin atdığı addımların təqdirəlayiq olduğunu bildirib. O, eyni zamanda, bu təhlükəyə qarşı mübarədə milli həmrəyliyə ehtiyac olduğunu bildirib. Qeyd edib ki, kimliyindən, siyasi mövqeyindən asılı olmayaraq, hər bir kəs bu məsələdə birgəlik, həmrəylik nümayiş etdirməli, ortaya qoyulan qaydalara, qərarlara əməl etməlidirlər. Komitə sədrinin müavini həmçinin, media mənsublarına müraciət edib və onları düzgün məlumatlar yaymağa, maarifləndirmə işləri aparmağa çağırıb. J. Əliyeva bununla belə, panikaya, ajiotaya əsas olmadığını diqqətə çatdırıb.

***

“1720-ci ildə taun, 1820-ci ildə vəba, bu günlərdə – 2020-ci ildə koronavirus xəstəliyi dünyada geniş yayılıb” -deyən vitse-spiker Adil Əliyev bildirib ki, Baş Nazirin yerli icra hakimiyyəti orqanlara göndərdiyi məktubu əsas götürərək, tövsiyələrə əməl edilməlidir: “İclasların, toplantıların yalnız telefon, mobil elektron vasitə ilə keçirilməsinə üstünlük verilməlidir. Bizim deputatlıqla bağlı toxunulmazlığımız olsa da, koronavirusla bağlı bu səlahiyyət bizə verilməyib. Məqsədimiz insanlarla təmasdan yayınmaqdır. Azərbaycanda kişilərin öpüşmək məsələsinin qarşısını almaq üçün böyük təbliğata ehtiyac var. Məsələni çox uzatmadan qanun layihələrini səsə qoyaq və qanunları pozmayaq”.

***

“Biz vətəndaşlara televiziya və sosial şəbəkələr vasitəsilə çağırış etməliyik”. Bu təkliflə çıxışı zamanı MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa çıxış edib. Deputat bildirib ki, koronavirusla bağlı ayrıca qanun layihəsinin qəbul olunması məsələsi üzərində düşünmək lazımdır: “Bu qanunda tibb işçilərinin, yol polisinin, bu sahədə çalışan ayrı-ayrı insanların işinin tənzimlənməsi məsələsi əksini tapmalıdır. Təhlükə aradan qalxdıqdan sonra bu qanun onsuz da öz qüvvəsini itirəcək”.

***

“İtaliyada insanların koronavirus təhlükəsini ciddiyə almamaları ölkədə bu virusun sürətli yayılmasına səbəb oldu. Ona görə də insanlarımız bu virusa ciddi yanaşmalıdır”. Bunu da MM-in mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib. Komitə sədri bildirib ki, insanlar bu virusla mübarizəyə ciddi yanaşmalıdır: “Hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi təlimatlarının həyata keçirilməsində fəal olmalıyıq. Əgər fəal olarıqsa, biz bu virusun qarşısını tez bir zamanda almış olarıq”.

***

“Düşmən gözə görünmür, hücumdadır”. Bunu da deputat Elman Nəsirov deyib. Onun sözlərinə görə, son 3 ayda qeydə alınan ən dəhşətli bəla koronavirusdur: “Düşmən hücuma keçib. Ehtiyatlı olmalıyıq”

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Özəl klinikalarda yoxlamalar aparılacaq – DƏYİŞİKLİK – YENİLƏNİB

Read Next

“Dezinformasiyalar, yalan məlumatların yayılmasının qarşısı alınmasa, bunun insanlara vurduğu zərər koronavirusun vurduğu zərərdən az olmayacaq” – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir