MM-in iclası-MUSA QULİYEV ZƏNGƏZURA DÖNÜŞDƏN, FAZİL MUSTAFA İCBARİ TİBBİ SIĞORTADAN, SİYAVUŞ NOVRUZOV SOSİAL ŞƏBƏKƏLƏRDƏN, İNSAN ALVERİNİN TƏBLİĞİNDƏN DANIŞDI, QÜDRƏT HƏSƏNQULİYEV POLİSLƏRİN MAAŞLARININ ARTIRILMASINI TƏKLİF ETDİ… – FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə, iclasda 18 məsələ müzakirə ediləcək, o cümlədən, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun-Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimovun hesabatı-illik məlumatı dinləniləcək.

Gündəlikdəki məsələlər bunlardır:

1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı.

2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

7. “İcra məmurları haqqında” Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

8. “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

9. Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

10. “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

11. “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Turizm haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Gənclər siyasəti haqqında” və “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

12. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də və 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

13. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

14. “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında” “Əlilliyi olan şəxslərin hüquqları haqqında” “Psixoloji yardım haqqında və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

15. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

17. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

18. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Millət vəkilləri yenə sosial məsafəni gözləyəcək, bir-birindən iki metr aralıda əyləşəcək, tibbi maska və əlcəklərdən istifadə edəcəklər.

07:27

***

MM-in iclası öz işinə başlayıb.

İclasa S. Qafarova sədrlik edir.

11:00

***

İclas cari məsələlərin müzakirəsi ilə davam edir.

MM-in Əmək və sosial siyasət komitəsinin sədri, əslən Zəngəzurlu Musa Quliyev ölkə Prezidentinin Hacıqabul səfərinə toxunaraq, bildirib ki, bu səfər zamanı əsas məqamlardan biri dövlət başçısının Qarabağın bərpası və məcburi köçkünlərin öz yerlərinə qayıdışı məsələsini birmənalı şəkildə vurğulaması idi.

Onun sözlərinə görə, eyni zamanda, bu səfərin əsas məqamlardan biri də o idi ki, Azərbaycanın öz haqlı mövqeyindən geri çəkilməyəcəyi yenidən açıq şəkildə dilə gətirildi.

“Səfərin, xüsusilə, ölkə Prezidentinin müsahibəsinin digər önəmli, başlıca məqamarından biri isə Zəngəzurla bağlı məsələnin daha açıq və birmənalı şəkildə dilə gətirilməsi idi. Ölkə Prezidenti bir daha bu məsələyə qayıdaraq, Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğunu və bu torpağın insanlarının, əzələ-əbədi sakinlərinin öz yurdlarına dönəcəyini bəyan etdi. Bu, çox mühüm mesaj və bəyanat idi. Bu, Azərbaycanın haqlı mövqeyinin növbəti bəyan idi”-deyə, komitə sədri sözlərinə əlavə edib.

11:10

***

“İcbari tibbi sığorta ilə bağlı layihə artıq pilot layihə olmaqdan çıxıb. Aprelin 1-dən bütün respublika üzrə tətbiq edilir”.

Bunu MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

O, bildirib ki, əhali arasında çox böyük çaşqınlıq yaranıb:

“Yüz minlərlə vətəndaşın təyinat olaraq harada müalicə olunacağı açıq qalır. Bizdə hazırlıq yetərli səviyyədə deyilsə, bunu formal olaraq niyə tətbiq edirik? Onda bunu uzadardıq, 2022-ci ildə tətbiq edərdik. Bizim maaşımızdan yanvar ayından icbari tibbi sığortaya vəsait çıxılır. Amma hələ bunun tətbiqində çatışmazlıqlar var. Bu qərar qəbul olunubsa, bunun hələ tam hazır olmaması ilə bağlı bəhanə ola bilməz. Əgər vergi ödənilirsə, vətəndaş pullu müalicə almalı deyil”.

11:20

***

Cari məsələlərdən sonra Milli Koordinatorun hesabatı başlanılıb.

Hesabatla general S. Əzimov çıxış edir.

11:35

***

“Vətən müharibəsində şanlı qələbə ilə yadda qalan 2020-ci ildə də insan alverinə qarşı mübarizə bir an belə səngiməyib”-deyən S. Əzimov bildirib ki, pandemiya paralel olaraq cinayətkar qruplar üçün imkanlar açıb:

“Dünyada məcburi əmək, insan alveri kimi cinayətlər xeyli artıb. Koronavirus infeksiyasına qarşı ölkədə tətbiq edilən tədbirlər insan alverinə qarşı mübarizəyə də təsir göstərib. Bununla belə, insan alverinə qarşı fəaliyyət daim diqqət mərkəzində olub”.

“İnsan alveri daxili yox, qlobal məsələdir. Dünyanı narahat edən məsələlərdən biridir”.

Bunu isə çıxışında MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O, bildirib ki, Azərbaycanın qonşuluğunda olan dövlətlərin əksəriyyətində bu cür problemlər var:

“Ona görə də bununla mübarizə çətinləşib. Bu gün özünü demokratik adlandıran ölkələrdə xeyli sayda insan alverinin qurbanına çevrilən şəxslər var. Daxildə də insan alveri qurbanları var. Regionlardan insanlar aldadılıb gətirilir. Onların çoxu məcburi əməyə cəlb edilir. Bəzən həmin insanların sənədləri alınır və işlədilir. Digər tərəfdən, Azərbaycandan Suriyaya gedənlərin də çoxu sonradan insan alverinin qurbanına çevrilib. Onlar da Azərbaycan vətəndaşıdır. Onların da hüquqlarını müdafiə etməliyik və ölkəyə qayıtmasını təmin etməliyik. Televiziyalarda, saytlarda, sosial şəbəkələrdə insan alveri ilə bağlı sanki təbliğat, həvəsləndirmə gedir. İstər sosial şəbəkələrdə, istər ayrı-ayrı sayt, televiziya kanallarında dövlət vəsaiti hesabına çəkilən serialların böyük əksəriyyəti insanları insan alverinə həvəsləndirir. Bununla biz ictimaiyyəti çaşdırırıq. Dövlət televiziyasında bu məsələ ilə bağlı təbliğat-maarifləndirmə xarakterli verilişlərə yer verməliyik”.

“Biz narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik. Çünki onların müalicəsi ilə bağlı infrastrukturu istədiyimiz səviyyədə qura bilmirik. Əksər hallarda məhkəmələr bu insanların həbsə getməsinə qərar verir və onlar orada daha çox insanı buna yoluxdurur”-deyən F. Mustafa da öz növbəsində bildirib ki, ümumiyyətlə, istər insan alveri, istər narkomaniya, məcburi əmək, dilənçilik kimi problemlərdə sosial reabilitasiya gücləndirilməlidir:

“Sığınacaqlara biz insan alveri qurbanlarını 2-3 ay yerləşdirməklə problemi həll etmiş olmuruq. Bu insanlar yenidən normal həyata qayıtmaqda çətinlik çəkirlər. Çox vaxt da yenidən həmin işə qayıdırlar. Bu, xüsusilə Azərbaycan cəmiyyətində belədir. Biz yeni fikirlər üzərində düşünməliyik. Bu insanların işə götürülməsi təşviq edilməlidir. Yataqxanalar tikilməlidir. Təhsil sistemindən başlayaraq, maarifləndirmə işini gücləndirməyə ehtiyac var. Bu istiqamətdə deputatların da təkliflərini dəyərləndirmək lazımdır”.

12:25

***

“Polis və təhlükəsizlik əməkdaşlarının demoralizasiya olunmasını müşahidə edirik”.

Bunu da çıxışında MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

O, bildirib ki, cinayətkarlığın artım səviyyəsi ilə yoxsulluq arasında birbaşa əlaqə var: “

Amma yeganə səbəb bu deyil. Dünyanın ən inkişaf etmiş ölkələrdən biri olan ABŞ-da cinayətkarlığın səviyyəsi, ağır cinayətlərin sayı digər ölkələrdən çoxdur. İnsanlar sırf işsizlikdən cinayət törətmirlər. İnsanlar boşluqlardan faydalanmaq, daha tez varlanmaq istəyirlər”.

Deputat qeyd edib ki, bu yaxınlarda prokurorluq orqanları əməkdaşlarının əmək haqlarının artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib:

“Polis orqanları əməkdaşlarının da əmək haqları artırılmalıdır. Ən azı iki dəfə artırılmasına ehtiyac var. Qarşıda büdcənin hazırlanması işləri gəlir. Aidiyyəti dövlət orqanları yəqin ki, bu məsələni nəzərə alar. Çünki polis orqanları ölkədə ən az maaş alan qurumlardan biridir. Xoşagəlməz halların da bir çoxu maaş azlığından yaranır”.

Müzakirələrin sonunda illik məlumat qəbul olunub.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Çıxışlar ortada, fəaliyyət ortada, cinayət təqibi üçün əsas var, səbəb var, mən bir daha üzümü aidiyyatı qurumlara tutaraq, reaksiya xahiş edirəm…”-BƏHRUZ MƏHƏRRƏMOV

Read Next

MM-in növbəti iclası-AYIN 27-DƏ OLACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir