“Azərbaycan koronavirusa qarşı mübarizədə nümunəvi ölkədir”-SPİKER – VAHİD ƏHMƏDOV “ÖRÜŞ YERLƏRİ”NDƏN DANIŞDI, AQİL ABBAS ŞUŞANIN 270 İLLİYİNİN QEYD OLUNMASINI TƏKLİF ETDİ – YENİLƏNİB – (3)

Bu gün 11:00-da Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, iclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

İclasın gündəliyinə ilkin olaraq, 4 məsələ daxil edilib və bunlardır:

1.Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında.
2.“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
3.“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
4.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Qeyd edək ki, deputatlar yenə bir-birindən iki metr aralıda əyləşəcək, tibbi maskalar və əlcəklərdən istifadə edəcəklər.

Həmçinin, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı parlamentin işini işıqlandırmaq üçün jurnalistlərin sayı azaldılacaq, çox az sayda jurnalist MM binasına buraxılacaq.

Onlar iclası jurnalistlər otağından deyil, foyedə quraşdırılan monitordan izləməli olacaqlar.

08:19

***

MM-in iclası başlayıb.

İclası spiker S. Qafarova aparır.

11:02

***

“Deputatlardan, Milli Məclisin Aparatının və İşlər İdarəsinin əməkdaşlarından tələb edirəm ki, karantin qaydalarına əməl etsinlər, tələb olunan yerlərdə maskadan istifadə etsinlər”.

Bunu S.Qafarova deyib.

Spiker bildirib ki, dünən Baş nazir Əli Əsədov xalqa müraciət edib:

“Son dövrlər vətəndaşların əksəriyyəti karantin qaydalarına əməl etmədiyinə görə yoluxanlarla sağalanlar arasında fərq artıb. Buna görə karantin qaydaları sərtləşdirilib. Deputatlardan, Milli Məclisin Aparatının və İşlər İdarəsinin əməkdaşlarından Operativ Qərargahın müəyyən etdiyi qaydalara əməl etməyi tələb edirəm”.

Çıxışın tam mətni:

“Bildiyiniz kimi, dünən Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov ölkə vətəndaşlarına müraciət edib, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı yayılıb.

Son vaxtlar vətəndaşların əksəriyyəti karantin rejiminin tələblərinə əməl etmədiyinə görə ölkədə koronavirusla bağlı epidemioloji vəziyyət pisləşib, xəstəliyə yoluxanlar ilə sağalanlar arasında ciddi fərq yaranıb.

Karantin rejiminin yenidən sərtləşdirilməsi qərara alınıb. Şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Əhalidən xüsusi karantin rejiminin tələblərinə əməl etmək tələb olunub.

Bununla əlaqədar mən də deputatlardan, parlament Aparatının və İşlər İdarəsinin əməkdaşlarından tələb edirəm ki, karantin rejiminin tələblərinə ciddi riayət etsinlər, müəyyən edilmiş yerlərdə hökmən tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə etsinlər, sanitariya-gigiyena qaydalarına əməl etsinlər. Mən düşünürəm ki, iclasımızı işıqlandıran media nümayəndələrinin də bu tövsiyyələrə əməl etmələri yaxşı olardı.

İyunun 3-də möhtərəm Prezidentimiz İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Hər kəs bilməlidir ki, Azərbaycan dövləti virusa qarşı mübarizədə bütün lazımi tədbirləri həyata keçirir.

Möhtərəm Prezident İlham Əliyevin Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında qeyd etdiyi kimi, Azərbaycan koronavirusa qarşı mübarizədə nümunəvi ölkədir. Beynəlxalq ictimaiyyət, o cümlədən, Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə atılmış məqsədyönlü, səmərəli və cəsarətli addımlara yüksək qiymət verib. Bu tədbirlər onu göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşları dayanır və onun sağlamlığı hər şeydən öndə gəlir”.

11:20

***

“Şuşanın yaranmasının 270 illiyi ilə bağlı tədbirlər keçirilməsini təklif edirəm”.

Bunu cari məsələlərin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.

O, bildirib ki, Qarabağ xanlığının və Şuşanın tarixinə laqeydlik edilir:

“Bu il Şuşanın yaranmasının 270 illiyi tamam olur. Bu məsələ gündəmə gəlməlidir. Tariximizə qarşı bu qədər laqeydlik olmaz. Mən burada əyləşən deputat həmkarlarımdan da bu məsələdə aktivlik göstərməyə çağırıram. Xahiş edirəm, xanım sədr siz də bu məsələni qaldırasınız”.

11:35

***

“Keçən iclasda burada torpaq islahatı ilə bağlı məsələyə toxunuldu”.

Bunu da cari məsələlərin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Millət vəkili bildirib ki, o dövrdə SSRİ-də ilk dəfə Azərbaycanda analoqu olmayan torpaq islahatı həyata keçirilib:

“Örüş və yaylaqlarla bağlı məsələdə problemlər var. Nazirlər Kabineti o vaxt yerli icra hakimiyyəti orqanlarına örüş və yaylaqları vətəndaşlara paylamaq tapşırığını verdi. Amma icra hakimiyyətləri bu məsələni düzgün həll etmədi. Son vaxtlar Bərdədə, İmişlidə də örüş sahələri ilə bağlı problemlər ortaya çıxır. Bu yaxınlarda Qubada da belə ciddi hadisə baş vermişdi. Biz bu məsələni çətinliklə yatırtdıq. Təklif edirəm ki, Milli Məclisdə ya bununla bağlı xüsusi qanun layihəsi qəbul edək, ya da Baş nazir bununla bağlı qərar qəbul etsin. Örüş və yaylaq sahələrinin vətəndaşlara düzgün paylanılması prosesi həll olunmalıdır”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Teatrın rəhbərliyinə bu gündən “müharibə” elan edirəm…”-ƏMƏKDAR ARTİST

Read Next

Adil Əliyev, Əminə Ağazadə, Elşad Mirbəşiroğlu, Arzu Nağıyev…- KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ KOMİSSİYANIN MM-DƏN OLAN YENİ ÜZVLƏRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir