MM-in daha 4 komitəsi onlayn iclas keçirib-ZAHİROVUN MƏRUZƏSİ DİNLƏNİLİB – “QİDA TƏHLÜKƏSİZLİYİ HAQQINDA” QANUN LAYİHƏSİ İSƏ HƏLƏLİK PARLAMENTƏ DAXİL OLMAYIB – YENİLƏNİB – (2)

Aprelin 1-də   Milli Məclisin (MM)  Regional  məsələlər  komitəsinin onlayn iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, komitə sədri  Siyavuş Novruzov bildirib ki, gündəlikdə iki məsələ müzakirə olunacaq.  

 Birinci – Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, ikinci isə “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə məsələ. Komitə sədri  Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında fikirlərini bildirdikdən sonra Ədliyyə nazirinin müavini Vilayət Zahirovun məsələ ilə bağlı məlumatları dinlənilib.

İclasda sonra  “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Qanun layihəsi  müzakirəyə təqdim edilib.

Hər iki qanun layihəsi barədə komitə üzvləri – Tahir Rzayev, Elşən Musayev,  Nizami Cəfərov,   Fəttah Heydərov,   Kamran Bayramov,  Səbinə Xasayeva, Aqil Məmmədov,  Malik Həsənov,  Cavid Osmanov,  Məzahir Əfəndiyev, Emin Hacıyev,  Əliabbas Salahzadə çıxış edərək, öz fikir və rəylərini bildirdilər.

Fikir mübadiləsindən  sonra hər iki məsələ MM-in müzakirəsinə tövsiyə edilib.

***

Həmçinin, Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib.

İclası komitə sədri Musa Quliyev aparıb.

Tədbirə komitənin deputatları ilə yanaşı MM Aparatının İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrinin  əməkdaşları da onlayn qoşulublar.

İclasda “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında” və “Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə  qanun layihələri müzakirə edilib.

Onlayn iclasın sonunda müzakirə olunan sənədlər  MM-in plenar iclasına tövsiyə olunub.

***

Eyni zamanda, Aqrar siyasət komitəsinin onlayn iclası keçirilib və iclası komitə sədri Tahir Rzayev aparıb.

İclasda “Heyvanlar aləmi haqqında”, “Ovçuluq haqqında” qanunlara və Torpaq Məcəlləsinə dəyişikliklər layihələri müzakirə olunub və hər 3 layihə MM-in plenar iclasına tövsiyə edilib.

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsinə gəlincə, komitə sədri saytımıza açıqlamasında adıçəkilən sənədin qanunvericilik işləri planına salındığını, lakin hələlik onun parlamentə daxil olmadığını bildirib.

“Qanun layihəsi müvafiq qurumdan bizə-parlamentə gəlməlidir. Hazırda onun üzərində iş gedir, işlər bitdikdən sonra qanun layihəsi parlamentə göndəriləcək və müvafiq müzakirələrdəm keçiriləcək. Hesab edirik ki, belə bir qanun layihəsinə ciddi ehtiyac var”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

***

Bununla yanaşı, MM-in Mədəniyyət komitəsinin onlayn iclası keçirilib.

İclası açan komitə sədri Qənirə Paşayeva bildirib ki, gündəliyə iki məsələ – “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında sənəd birinci oxunuşda daxil edilib.

Birinci məsələ ilə bağlı bildirildi ki, adları çəkilən qanunlara nəzərdə tutulan dəyişikliklər “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanının icrası ilə əlaqədar olaraq, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” tərəfindən dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasını təmin etmək, Azərbaycan Respublikasının dövlət dilinin hüquqi statusunu, onun işlənməsi və inkişafı üçün zəruri olan tədbirlərin görülməsi, televiziya və radio kanallarında, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dilin normalarının pozulması hallarının, habelə leksik və qrammatik qaydalara riayət edilməməsinin, əcnəbi söz və ifadələrin işlədilməsinin qarşısını almaq məqsədi daşıyır.

Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinə isə “Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması” adlı yeni 533-1-ci maddə əlavə olunur. Əlavəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Hər iki qanun layihəsi ilə bağlı komitə üzvləri öz fikir və təkliflərini söyləyiblər.

Müzakirələrdən sonra hər iki məsələ MM-in plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Etikxeber.az

Read Previous

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi videokonfrans vasitəsilə onlayn iclas keçirdi-8 MƏSƏLƏNİ PLENAR İCLASA TÖVSİYƏ ETDİ – FOTO

Read Next

Deputatlar banklara səsləndi: “PANDEMİYA ŞƏRAİTİNDƏ TƏQAÜDÇÜLƏRƏ DƏSTƏK OLUN”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir