MM-in iclası: İCRA MƏMURLARI İLƏ BAĞLI QANUNVERİCİLİYƏ, İNZİBATİ XƏTALAR, CİNAYƏT MƏCƏLLƏLƏRİNƏ DƏYİŞİKLİKLƏR EDİLDİ-YENİLƏNİB – (3)

Milli Məclisin (MM) növbədənkənar sessiyası çərçivəsində növbəti plenar iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, iclasa spiker, professor Sahibə Qafarova sədrlik edir.

İclasın gündəliyinə 17 məsələ daxil edilib.

Deputatların əksəriyyəti iclasa qatılıb, yenə də tibbi maskalardan və əlcəklərdən istifadə ediblər.

11:01

***

İclas cari məsələlərin müzakirəsi keçirilmədən öz işini davam etdirib.

11:03

***

Müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək.

Bu, MM-in iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “İcra məmurları haqqında” qanuna təklif edilən yeni maddədə əksini tapıb.

Yeni maddəyə əsasən, bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

11:28

***

İclasda İnzibati Xətalar Məcəlləsinə 370-2-ci maddə əlavə edilməsi məsələsi də müzakirə olunub.

Belə ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsinə əsasən, telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmamasına görə cərimə tətbiq ediləcək.

Qanuna əlavə edilməsi təklif edilən 370-2.1-ci maddəyə əsasən, telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək.

370-2.2-ci maddəyə əsasən bu Məcəllənin 370-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunacaq.

Qeyd edək ki, “Telekommunikasiya haqqında” Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim edilməlidir.

Bu müddətdə həmin informasiyanın aktuallığını itirməsi ilə əlaqədar sorğunun təcili olması barədə sorğu verənin qeydi olduqda, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

***

Azərbaycanda ictimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək.

Bu isə üçüncü oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə təklif edilən maddəyə əsasən, məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Onu da qeyd edək ki, MM-in növbəti iclası sabah, iyunun 30-da keçiriləcək.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Maska taxmayanlar üçün-CƏRİMƏLƏR İKİ DƏFƏ ARTIRILDI – DƏYİŞİKLİK – YENİLƏNİB – (1)

Read Next

MM-in iyundakı son iclası-7 MƏSƏLƏ MÜZAKİRƏ OLUNACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir