“Tezliklə Azərbaycan bayrağı Qarabağın incisi olan Şuşada, Laçında, Xankəndidə dalğalanacaq”-Spiker – MM-in iclası-BAŞLADI, ƏLİ MƏSİMLİ BƏZİ XARİCİ ŞİRKƏTLƏRİ İTTİHAM ETDİ – YENİLƏNİB – (3)

6-cı çağırış Milli Məclisin (MM) növbəti plenar iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyində 7 məsələ var.

İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır: 

1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

2. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”  Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və  Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

5. “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).     

7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edir.

10:59

***

“Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Qarabağ savaşı həlledici mərhələyə daxil olub”.

Bunu S. Qafarova deyib.

O, bildirib ki, bu gün işğaldan azad edilmiş bir çox kənd, qəsəbə, şəhərdə Azərbaycan bayrağı dalğalanır:

“Son 17 ildə həyata keçirilən ordu quruculuğu hərb meydanında özünü göstərir. Düşmənin keçilməz hesab edilən müdafiə xətti yarılıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilir”.

11:05

***

“Erməni şovinistləri öz havadarları ilə birlikdə bir əsrdən çoxdur ki, xalqımıza qarşı apardığı informasiya müharibəsində də sarsıdıcı zərbələr alır”.

Bunu da S. Qafarova deyib.

Spiker bildirib ki, Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını söyləyən möhtərəm prezidentimiz hər kəsə nümunə göstərir:

“Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr informasiya savaşında ermənilərə ən böyük zərbədir. Mən əminəm ki, Azərbaycan Ordusunun zəfər yürüşünün başa çatacağı gün uzaqda deyil. Tezliklə Azərbaycan bayrağı Qarabağın incisi olan Şuşada, Laçında, Xankəndidə dalğalanacaq. Prezidentin də dediyi kimi, biz haqq mübarizəsindəyik və zəfər çalacağıq. Qarabağ Azərbaycandır”.

 11:10

***

“Azərbaycan Ordusu bizi sevindirməkdə davam edir. Bütün dövlət qurumlarının birmənalı olaraq bir aylıq maaşlarını Orduya verməsi nümunədir. Orduya 100 milyon manatdan çox vəsait toplanıb. Bu da Azərbaycan cəmiyyətinin qələbəyə olan münasibətinin göstəricisidir».

Bunu isə iclasda çıxış edən deputat Əli Məsimli bildirib.

Deputat təəssüfləndiyi məqamları da qeyd edib:

“Bəzi şirkətlər «Qarabağ Azərbaycandır!» sözünü yazmaqdan qorxurlar. Əmin olsunlar, Qarabağ tam azad olunacaq. Həmin “Qarabağ Azərbaycandır!” yazmağa qorxan şirkətlər Azərbaycan xalqının üzünə necə baxacaqlar?! Hesab edirəm ki, şəhid ailələri və döyüşlərdə olan hərbçilərin ailələrinin kredit borcları istiqamətində işlər görülməlidir”.

11:38

***

“Pulsuz tibbi xidmət və dövlət büdcəsindən bu vəsaitin ödənilməsi ümumi xarakter daşıyır. Bunun konkret hansı qurumlar tərəfindən ediləcəyi dəqiqləşdirilməlidir”-deyən millət vəkili Vüqar Bayramov bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dövlət büdcəsindən 1 milyarda yaxın vəsaitin ayrılması nəzərdə tutulsa da, pandemiya səbəbindən icbari tibbi sığortanın tətbiq edilməsi mümkün olmadı:

“Amma gələcəkdə bu vəsait yenə də ayrılacaq. Ona görə də qanun layihəsində də tibbi sığorta xərclərinin ödənilməsi üçün konkret ünvan kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi göstərilməlidir. Eyni zamanda digər qanun layihələrində (“Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”) maliyyə mənbəyi konkretləşdirilməlidir”. 

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə V. Bayramova cavabında bildirib ki, maliyyələşməni konkret hansı qurumun həyata keçirəcəyi Prezidentin fərmanı ilə müəyyən ediləcək. 

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Polisin, xüsusilə hərbçilərin ictimai nəqliyyatdan pulsuz istifadəsi təmin olunmalıdır…”-AQİL ABBAS

Read Next

2 şəhər və 8 rayonda ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq-NOYABRIN 7-DƏN – OPERATİV QƏRARGAH YENİ QƏRAR QƏBUL ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir