MM-in iclası: SPİKER “ŞƏRQ TƏRƏFDAŞLIĞI” SAMMİTİNDƏN DANIŞDI, DEPUTATLAR BOZKIRI ALQIŞLADI, FAZİL MUSTAFA ONLAYN İCLASLARIN KEÇİRİLMƏSİNİ TƏKLİF ETDİ, ƏLİ MƏSİMLİ 190 MANAT MƏSƏLƏSİNİ QALDIRDI, ADİL ƏLİYEV ŞƏHİD AİLƏLƏRİNDƏN SÖZ AÇDI…- YENİLƏNİB – (3)

Milli Məclisin (MM) növbədənkənar sessiya dövründə növbəti plenar iclası öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, iclası spiker Sahibə Qafarova aparır.

İclasın gündəliyinə 17 məsələ daxil edilib.

Qeyd edək ki, millət vəkilləri bu dəfə də tibbi maskalardan və əlcəklərdən istifadə edirlər.

Eyni zamanda, parlament jurnalistləri də iclası izləyirlər.

11:01

***

Spiker S. Qafarova ilk öncə “Şərq Tərəfdaşlığı”nın dünənki Sammitinə toxunub.

Qeyd edib ki, adıçəkilən Sammit və orada ölkə Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana kəskin cavabı işğalçı ölkəyə vurulan növbəti diplomatik zərbə oldu.

Eyni zamanda, bu Sammit Ermənistan işğalçılıq siyasətinin növbəti ifşası kimi tarixə düşdü:

“Ölkə başçısı dünənki sammitdə vurğulayıb ki, biz artıq Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik və mətnin 90 faizi artıq razılaşdırılıb. Belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir. Cənab Prezidentin çıxışında digər diqqətçəkən məqam isə onun növbəti dəfə Ermənistanın Baş Nazirini ifşa etməsi oldu. Möhtərəm Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti və ədalətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Dövlət başçısı Ermənistan hakimiyyətinin danışıqları pozmaq cəhdlərini açıq mətnlə ifşa edərək dedi ki, Ermənistan beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş müvafiq sənədlərə əməl etmir, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirir, danışıqların mahiyyət və formatını məhv etməyə çalışır. Azərbaycan Prezidentinin səsləndirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistanın Baş Naziri növbəti dəfə beynəlxalq ictimaiyyət qarşısında aciz vəziyyətə düşdü”.

11:07

***

MM-in komitə sədri, eks Birinci vitse-spiker Ziyafət Əsgərov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Volkan Bözkırın BMT Baş Assambleyasının yeni sədri seçilməsi məsələsinə toxunub.

Bu münasibətlə həm Bozkırı, həm də Türkiyəni təbrik edib.

Onun təbriki deputatlar tərəfindən alqışlarla qarşılanıb.

11:15

***

MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa çıxışında bildirib ki, karantin rejiminə polis, daxili işlər orqanları deyil, Səhiyyə Nazirliyi nəzarət etməlidir.

Qeyd edib ki, bu məsələdə məsuliyyəti polislərin üzərinə atmaq olmaz, onlar onsuz da insanların təhlükəsizliyini təmin edirlər:

“Bu məsələdə məsuliyyət, cavabdehlik Səhiyyə Nazirliyinin üzərində olmalıdır”.

Komitə sədrinin müavini eyni zamanda, məlum vəziyyətlə bağlı MM-in iclaslarının onlayn formatda keçirilməsini təklif edib:

“Bu gün pandemiya ilə bağlı vəziyyət mürəkkəbdir. Hazırda ölkəmizda xalqın qarşısına çıxıb açıqlama, izahat verəcək virusoloq, bakteroloq yoxdur. Dünyada təcrübə var ki, başqa ölkələrdən bu sahənin mütəxəsislərini dəvət etməliyik. Digər tərəfdən pandemiyada bütün məsuliyyəti polisin üzərinə atmaq olmaz. Bu gün çox ciddi qərarlar almalıyıq. Lazım olsa, Milli Məclisin iclaslarını da təxirə salmaq istiqamətində düşünməli və onlayn iş sisteminə keçməliyik”.

11:25

***

“Aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi. Biz yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik”.

Bunu MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, aprel və may ayında verilən 190 manatlıq birdəfəlik ödəniş iyun və iyul ayında da verilməlidir:

“Pandemiyada əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir”.

11:35

***

“Ölkə başçısının və birinci Vitse-prezidentin şəhid ailələrinə daim qayğısı var”.

Bunu isə vitse-spiker Adil Əliyev deyib.

O, bildirib ki, şəhidlərimiz, qazilərimiz üçrəngli bayrağın daim dalğalanması üçün insandan ötrü ən uca nemət olan canlarından keçiblər:

“Bizi narahat edən məqam ondan ibarətdir ki, vətənpərvərlik duyğularından uzaqlaşmış bəzi şəxslər sosial şəbəkələrdə, KİV-də şəhidlərimizlə bağlı xoşagəlməz ifadələr işlədirlər. Cinayət Məcəlləsində təhqir edilən şəxslərlə bağlı xüsusi maddə var. Qeyd olunan proses isə kifayət qədər ağrılıdır. Bununla, o ailəyə ikiqat əziyyət edilir. Təklif edirəm ki, Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilsin”.

Deputat karantin rejiminin uzadılması ilə bağlı məsələyə də münasibət bildirib:

“Karantin rejiminin müddətinin uzadılması ilə bağlı bizə olan müraciətlərin vaxtında həll edilməsi üçün bu məsələləri aidiyyəti qurumlar qarşısında vaxtında qaldırmalıyıq. Bizə olan müraciətləri vaxtında aidiyyəti qurumlar qarşısında qaldırsaq, ölkəmizdə bu qədər problem olmaz”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Biz nəinki yeni kəndlərin yaradılması qərarını, eləcə də, olanları qorumağı bacarmalıyıq…”- ZAHİD ORUC

Read Next

“Yeniliklərsiz, yeni texnologiyalarsız əsl inkişaf mümkün deyil və ölkəmiz də hər zaman yeniliklərə açıq olub”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir