MM-in növbədənkənar sessiyası başa çatdı- 6 QANUN, O CÜMLƏDƏN, DÖVLƏT BÜDCƏSİNƏ DƏYİŞİKLİKLƏR QƏBUL EDİLDİ, DEPUTATLAR YENİDƏN YAY TƏTİLİNƏ YOLLANDILAR – YENİLƏNİB – (4)

Bu gün saat 11:00-da Milli Məclisin (MM) növbədənkənar sessiyasının üçüncü-sonuncu iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, iclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

İclasda yenə 6 məsələ (üçüncü oxunuşda) gündəlikdə olacaq.

Həmin məsələlər bunlardır:

1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
2. ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
4. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
5. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş). 
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

İclasda hökumət nümayəndələri də iştirak edəcək.

Qanun layihələri üçüncü oxunuş olduğu üçün geniş müzakirələr açılmadan səsə qoyularaq, qəbul ediləcək.

Bundan sonra iclas-sessiya dövlət himninin səslənməsi və oxunması ilə öz işini yekunlaşdıracaq, millət vəkilləri yenidən yay tətilinə yollanacaqlar.

11:00

***

MM-in iclası öz işinə başlayıb.

İclasa S. Qafarova sədrlik edir.

11:03

***

“Dünən Prezidentin keçirdiyi müşavirədə səsləndirdiyi iradlar və çəkdiyi adlar ürəyimə su səpdi”.

Bunu iclasda deputat Razi Nurullayev deyib.

O, bildirib ki, vəzifəsini düzgün idarə etməyənlər kreslosunu boşaltmalıdırlar:

 “Neft Şirkətinin vəzifəsi neftdən qazanılan pulları xalqın rifahı üçün xərcləməkdir. Neft şirkətinin nə deputatları, nə də xalqın nümayəndələrini ağ və qara dəriliyə bölməyə ixtiyarı yoxdur. İmişlinin 10 kəndi qazlaşmayıb, camaat çıxıb yolu da bağlayır, vecinə alan yoxdur. Məgər on il ərzində bir-iki kəndi qazlaşdırmağı plana salmaq olmazdı? Olardı. Amma, sərf etmir. Çünki bütün məsələlərə hesab və kitabla baxılır və bu hesab-kitabın adı əyri yollar, əyri işlər və ziqzaqlı korrupsiya piramidasıdır. Hörmətli Rövnəq müəllim heç telefonu qaldırmır. Nəticəsi isə artıq görünür ki, çox ağır olacaq”.

Deputat Azərbaycan vətəndaşlarının təyyarə ilə xaricə Gürcüstandan uçmasına da irad bildirib:

“Vətəndaşlarımız Azərbaycan dövlətinin, yəni Azərbaycan xalqının pulu ilə alınan təyyarələrlə niyə uçmamalıdır? Nədir-nədir, təyyarələr bahalıdır, təmizdir, yeyib-içmək verirlər və sairə. Cahangir müəllim, bu xalq çirkli təyyarədə də uçar, evindən apardığı yeməkləri də yeyər, narahat kresloda da oturar. Guya 2-3 saat rahat kresloda otursa, həyatı dəyişəcək? Həyatı dəyişənlər sizsiniz. Dövlətin büdcəsi ilə özünüzə biznes qurmusunuz və dövlətin şirkətlərini də şəxsi firmanız kimi idarə edirsiniz. Bu biabırçılıqdır. Dövlət şirkətləri dövlətin büdcəsini talamaq üçün növbəyə durub. Siz pul qazanıb kreditlərinizi ödəməlisiniz, hələ dövlətə vergi də verməlisiniz. Qiymətlər göyün yeddinci qatında, hər kəs də digər aviaşirkətlərlə uçur və elə hallar olub ki, siz təyyarədə 2-3 nəfərlə ancaq elə özünüz uçmusunuz. Kimin pulu ilə? Cavab verin”.

Deputat nəzərə çatdırıb ki, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı da iradlarını bir neçə gün sonra səsləndirəcək:

 “Vaxt azdır, bəzi sənədləri əldə etmək istəyirəm və mütləq o sənədləri əldə edib, canlı yayımda nümayiş etdirəcəyəm”.

***

“COVİD-19 pandemiyası ilə bağlı testlərin qiyməti haqqında bəzi həmkarlarımın dünən səsləndirdiyi fikirlərə aydınlıq gətirmək istərdim. Azərbaycan COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən effektiv qabaqlayıcı addımlar atan ölkələr sırasındadır. Bu, məhz dövlət başçısının göstərişi ilə vaxtında görülmüş tədbirlər sayəsində mümkün olub. Azərbaycanda bütün testlər pulsuz aparılıb”.

Bunu isə deputat Soltan Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, dünya təcrübəsinə görə, yalnız xəstəlik simptomları olanlar testdən keçirilir:

“Ölkəmizdə də simptomları olan və müxtəlif risk qruplarına aid insanların analizləri dövlət tərəfindən ayrılmış vəsait hesabına pulsuz həyata keçirilir. Bu faktın özü dövlətimizin vətəndaşların sağlamlığına nə qədər həssaslıqla yanaşdığının göstəricisidir. Laboratoriyalarda istifadə edilən reaktivlər dünyanın inkişaf etmiş ölkələrindən alınıb və ən yüksək standartlara cavab verir. Şübhəsiz ki, bəzi özəl müəssisələrdə də testlər aparılır. Lakin bütün dünyada olduğu kimi, bizdə də özəl müəssisələrin fəaliyyəti bazar iqtisadiyyatı qanunları ilə tənzimlənir. Bu laboratoriyalara yalnız şəxsi məqsədlərlə xarici ölkələrə səfər edənlər, bu və ya digər səbəblərdən testdən keçmək istəyənlər müraciət edir. Ona görə də bu məsələləri bir-birindən fərqləndirməliyik”.

Deputat qeyd edib ki, indiyə qədər aparılan testlərin sayı 760 mindən yuxarıdır:

“Ölkəmizdə gündəlik 10 minə qədər test keçirilir. Adambaşına düşən testlərin sayına görə də ölkəmiz dünyada qabaqcıl yerlərdədir. Məhz yoluxmaların vaxtında müəyyənləşdirilməsi nəticəsində 30 minə yaxın insanın bu xəstəlikdən sağalması mümkün olub. Bu testləri həyata keçirən 31 laboratoriya var ki, onların da çox böyük əksəriyyəti son bir neçə ay ərzində yaradılıb. Daha 9 laboratoriyanın yaxın günlərdə açılması planlaşdırılır. Sosial şəbəkələrdə xaricdən gələn həkimlərlə bağlı bəzi qeyri-obyektiv müzakirələrə də toxunmaq istəyirəm. Həm İtaliyadan, həm Çindən, həm də digər ölkələrdən həkimlər Azərbaycana koronavirusla mübarizədə dəstək olmaq amalı ilə gəliblər. Bu ölkələrin hər birinə Azərbaycan çətin günlərdə kömək edib. Ona görə də bu cür təşəbbüsləri ölkəmizin zamanında göstərdiyi köməyin qarşılığı kimi qiymətləndirməliyik.

Koronavirusla mübarizə son dərəcə çətin, böyük zəhmət tələb edən ağır bir işdir. Hamımız bu sahədə çalışan insanların fədakarlığını, əziyyətini nəzərə alaraq, mümkün qədər bu mövzuya həssas yanaşmalı, obyektiv olmağa çalışmalıyıq. Sonda onu da bildirmək istəyirəm ki, zəruri hesab olunacağı təqdirdə bu məsələlərə aydınlıq gətirmək üçün biz Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələrini də dəvət edərək, dinləmə keçirə bilərik”.

***

“İşsizliyin aradan qaldırılması üçün ölkə prezidenti və hökumət kifayət qədər addım atıb”.

Bunu da MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, keçmiş də yaddan çıxarılmamalıdır:

“Azərbaycanda yol, işıq anlayışı yox idi. Qazdan, ümumiyyətlə, söhbət gedə bilməzdi. İndi isə 3 kənddə qaz yoxdursa, biz artıq onun davasını edirik. Azərbaycanda 95%-dən çox qazlaşma var. Heç sovet hökuməti dövründə belə şey yox idi. Əvvəllər olan silahlı, qudur dəstələr bu gün yoxdur. Bu gün biz azad, demokratik ölkədə yaşayırıq. Müəyyən problemlər var. Bu da normaldır. Guya ABŞ-da bu gün problem yoxdur? Orda da gündə kimsə kimisə öldürür, sərbəst toplaşmaq azadlığı pozulur. Təbii ki, nöqsanlar var və biz onları aradan qaldırmalıyıq. Bununla yanaşı, görülən işləri də deməliyik. Bu gün regionlar, rayonlarla şəhərlər arasında fərqi heç kim hiss etmir. Çünki abadlıq işləri davam etdirilir. Hər rayonda da yeni istehsal müəssisələri və iş yerlərinin açılmasını görürük. Dünənki çıxışında da ölkə Prezidenti bununla bağlı fikirlərini söylədi. Təbii ki, kim dərs götürəcəksə, işləyəcək. Götürməyənlər, əvvəlkilərin taleyini yaşayacaq”.

S. Novruzov qeyd edib ki, bu gün əsas şərt ölkənin təhlükəsizliyi və müdafiəsidir:

“Bu gün Azərbaycanın səsi hər yerdən eşidilir. Azərbaycanı gözü götürməyən qüvvələrə qarşı hamımız mübarizə aparmalıyıq”.

***

İclasda 6 qanun layihəsi səsə qoyulub və qəbul edilib.

S. Qafarova növbədənkənar sessiyanı bağlı elan edib.

Növbədənkənar sessiya işini dövlət himninin səsləndirilməsi ilə yekunlaşdırıb.

Qeyd edək ki, növbədənkənar sessiya çərçivəsində parlamentin üç iclası keçirilib.

Sessiyada 2020-ci il dövlət büdcəsinə və digər qanunlara dəyişiklikləri qəbul edilib. 

Beləliklə, deputatlar yenidən yay tətilinə dönüblər.

Etikxeber.az

Read Previous

“Karantin rejiminin yumşaldılmasını istəyənlər, sabah karantin rejimi yumşaldılanda hökuməti bu qərarın verilməsinə görə ittiham edəcəklər…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“Bəzi idarə və təşkilatlar tərəfindən vətəndaşlarla kobud davranma, laqeyd münasibətə dair müraciətlər alıram ki…”-MİLLƏT VƏKİLİ MƏMURLARA SƏSLƏNDİ VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir