MM-in növbəti iclası-SPİKERİN KƏLBƏCƏRLƏ BAĞLI ÇIXIŞI ALQIŞLARLA QARŞILANDI, FRANSA SENATININ QƏTNAMƏSİ KƏSKİN ETİRAZLARA SƏBƏB OLDU, BƏYANAT VERİLDİ – YENİLƏNİB – (7)

Milli Məclisin (MM) növbəti plenar iclası öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyində 7 məsələ var:

1. Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında.

2. Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).3. “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).4. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”   Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).5. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).7. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 

İclasa spiker Sahibə Qafarova sədrlik edir.

10:59

***

Spiker iclasa təbriklə başlayıb.

O, dünən, noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması ilə bağlı millət vəkillərini və Azərbaycan xalqını təbrik edib.

“Eşq olsun, Müzəffər Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun, Müzəffər Azərbaycan Ordusuna!”-deyən spiker həmçinin dekabrın 1-də Laçın rayonunun işğaldan azad olunacağına əminliyini bildirib.

Spikerin çıxışı alqışlarla qarşılanıb.

11:04

***

Sonra gündəliyə keçilib, Fransa Senatının dünənki qətnaməsi ilə bağlı MM-in Bəyanatı haqqında məsələnin müzakirəsinə başlanılıb.

Spiker Fransa Senatının qətnaməsini qeyri-qanuni və əsassız adlandırıb.

“Bildiyiniz kimi, dünən Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub və Azərbaycana qarşı qərəzli sənəd qəbul edilib”-deyən spiker bildirib ki, qətnamədə xalqımızın apardığı vətən mübarizəsinin üzərinə kölgə salmağa cəhd göstərilib:

“Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi təhrif edilib. İş orasıdır ki, hətta Senatın üzləri Fransa hökumətini qondarma rejimin müstəqilliyini tanımağa çağırmışdılar. Milli Məclisdə haqlı olaraq, buna qarşı bəyanat qəbul etməsi zərurəti yaranıb”.

Millət vəkili Azay Quliyev Fransa ilə bağlı bütün siyasi-diplomatik münasibətlərə son qoyulmasını, Azərbaycanın Fransadakı səfirinin geri çağırılmasını təklif edib.

O, Senatın qətnaməsini kağız parçası kimi dəyərləndirib.

Deputat bildirib ki, qətnamədə əks olunan bütün müddəalar Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşmasını təhlükəyə atır:

“Bu sənəd bölgədə yenidən münaqişənin alovlanmasına şərait yaradır. Bu qətnamənin müəllifləri bir tərəfdən Fransanın həmsədr kimi rolunun artırılmasından bəhs edir, digər tərəfdən isə bu missiyanın bütün tələblərini kobud şəkildə pozaraq Ermənistanın belə tanımadığı qondarma qurumun müstəqilliyini tanımağa çağırır. Bununla yanaşı, Fransanın səlahiyyətli məhkəmə orqanları yerli bələdiyyələrin daha əvvəl Dağlıq Qarabağ “bələdiyyələri” ilə imzaladığı dostluq xartiyalarını qanunsuz olduğu üçün ləğv etməlidir. Həmçinin Azərbaycan da Fransanın ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi iştirakına etiraz etməlidir. Fransadakı səfirimiz geri çağırılmalıdır. Qətnamə ləğv olunana kimi Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun da fəaliyyəti dayandırılmalıdır. Fransa Prezidenti bu yaxınlarda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etmişdi. Ona görə də Makron bu qətnamənin mətnini dəyişməlidir”.

MM-in İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, Fransa və Fransa Senatı öz addımı ilə demək istəyir ki, Ermənistan Ermənistan deyil, bizik Ermənistan.

11:13

***

Millət vəkili Nigar Arpadari də deyib ki, Fransa ilə münasibətlərə yenidən baxılmalıdır.

Qeyd edib ki, Fransa bundan sonra Minsk qrupunun həmsədri kimi qala bilməz.

Qeyd edək ki, iclasda Bəyanatın hazırlanması ilə bağlı komissiya yaradılıb.

Komissiyanın sədri Səməd Seyidov, komissiyanın üzvləri Cavanşir Feyziyev, Əminə Ağazadə, Fazil Mustafadır.

11:25

***

“Fransa Senatı tərəfindən qəbul edilən qətnamə Fransa siyasəti və parlamentarizmi üçün utancverici bir addımdır”-deyən millət vəkili Kamal Cəfərov bildirib ki, Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüquqa zidd olduğundan həm beynəlxalq miqyasda, həm də Fransanın özündə heç bir hüquqi qüvvəsi yoxdur:

“Qətnamənin qəbulundan sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Fransa hökuməti tərəfindən bu kimi təxribatçı addımların yolverilməz olmasına dair bəyanatın verilməsini tələb edib. Daha sonra dövlət katibi Con Baptist qətnamənin Fransanın neytral tərəf kimi öz nüfuzunu və etibarlılığını itirəcəyini bildirib. Qeyd edib ki, qətnamənin nə Ermənistana, nə Fransaya faydası var”.

Deputat vurğulayıb ki, qətnamə Fransada seçki qabağı siyasi qüvvələr arasında böhranın bariz göstəricidir:

“Çünki bir tərəfdən Fransa Senatı belə bir siyasi qərar qəbul edir, digər tərəfdən Fransa hökuməti bu qətnaməni zərərli və faydasız hesab edir.

Fransa Senatının qətnaməsi Dağlıq Qarabağla bağlı mövcud olan bütün beynəlxalq qətnamələrə, sənədlərə ziddir. Çünki dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi tanımır.

Bu qətnamə Avropa İttifaqının və Avropa Şurasının mövqeyinə ziddir. Çünki hər iki təşkilat bütün tərəfləri car ilin 10 noyabr tarixində imzalanmış birgə bəyanata qarşı hər hansı fəaliyyətdən çəkinməyi tövsiyə edir. Fransa Senatının bu mövqeyi onların ATƏT-in Minsk Qrupu çərçivəsindəki neytral mandatına ziddir. Ən əsası isə Fransa xalqının marağına, regional enerji maraqlarına ziddir. Beynəlxalq siyasi ictimaiyyət də bu qərardan narahatdır, çünki bu qətnamə başqa donmuş olan münaqişələr üçün mənfi presendent yaradır”.

Millət vəkili Fəzail Ağamalı deyib ki, Fransa Minsk qrupunun həmsədrliyindən rədd olub getməlidir.

O, təklif edib ki, Fransa ilə münasibətlərə yenidən baxılsın, diplomatik münasibətlərə son qoyulsun, səfirimiz Fransadan geriyə çağırılsın.

11:49

***

“Fransa Senatının qəbul etdiyi qətnamədə erməni izi görülməkdədir”.

Bunu deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, erməni izi görünəndə buradan bir sıra nəticələr çıxır:

“Bu, artıq siqnaldır. Azərbaycana bundan sonra təzyiqlər artacaq. Ona görə də bu siqnallara adekvat cavab vermək lazımdır. Əlcəzairdə, Kamerunda və digər yerlərdə soyqırımları törətmiş Fransa bilavasitə Xocalıda, İkinci Qarabağ müharibəsində, Gəncədə, Bərdədə ermənilərin törətdiyi soyqırımlarının iştirakçısıdır. Bu qətnamədən qorxmaq lazım deyil. Qətnamədən çıxan məqamlarla Fransanın üzərinə getmək lazımdır ki, ATƏT-in Minsk Qrupu həmsədrliyindən imtina etsin. Bu, Fransanın özünə qarşı zərbədir”.

12:00

***

“Fransa Senatının atdığı bu addım bütün Qərb demokratiyasının iç üzünü açdı”.

Bunu deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, ABŞ-da, eləcə də Qərbdə demokratiya 2 canavar və 1 quzunun axşam yeməyini müzakirə etməsinə bənzəyir:

“Yəni, nəticədə demokratik qərar nəticəsində yeyilən quzu olur. Bütövlükdə Qərb demokratiyasının və Fransa demokratiyasının mahiyyəti budur. Makronun yeni qanun təklifi separatizmlə mübarizə ilə bağlıdır və həmin qanun 2021-ci ildə həmin senatda müzakirə edilməlidir. Bütün bu sadaladığımız reallıqları nəzərə alaraq deyirəm ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olmaq üçün heç bir haqqı yoxdur”.

Deputat Aqil Abbas isə illər öncə mərhum Şamil Qurbanovun MM-də dediklərini xatırladıb:

“Dedi ki, “Jak Şirak qudurub” və onu özümüzünkülər hədəf aldı. İndi mən demək istəmirəm ki, Makron qudurub. Hədəf olmaq istəmirəm. Hələ Ağdama, Şuşaya getmək istəyirəm. Fransa Liviyada, Suriyada məğlub olduğunu unuda bilmir. Fransa ATƏT-in Minsk qrupundan rədd olmalıdır. Artıq Azərbaycan üçün ATƏT-in Minsk qrupu Bakı və Ankaradır. Nə qədər şəhid hesabına bizim torpaqlarımız azad olunub”.

“Biz Fransaya qarşı çox sərt bəyanat qəbul etməliyik. Əlbəttə biz Fransaya qarşı müharibə elan edəsi deyilik, ancaq hökumətlərarası münasibətlərə yenidən baxmalıyıq”.

Bunu da deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, senatın qətnaməsində qərəzli maddələrlə doludur:

“Qətnamədə xüsusi vurğulanıb ki, erməni mədəni irsi Fransanın da həmsədri olduğu ATƏT-in Minsk Qrupu tərəfindən qorunmalıdır. Bildirmək istəyirəm ki, erməni mədəni irsinin heç bir nümunəsi məhv edilməyib. Ancaq Azərbaycanın mədəni irsi ermənilər tərəfindən məhv edilib. Prezident İlham Əliyev də Fransa Prezidenti Makronla danışanda bu məsələni xüsusilə diqqətə çatdırıb. Qətnamədə Gəncə əvəzinə Kirovabad yazılması da bir daha Azərbaycana qarşı onların necə qərəzli olmasını göstərir. Bu qətnaməyə səs verən senatorların sayı da Fransa cəmiyyətinin bizə qarşı olan münasibətinin bariz nümunəsidir”.

12:16

***

Fransa Senatının qətnaməsi ilə bağlı müzakirələr başa çatıb.

Millət vəkili Cavanşir Feyziyev MM-in Bəyanatını oxuyub.

Bəyanatda Azərbaycan hökumətinə Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması, Fransa ilə münasibətlərə yenidən baxılması tövsiyə edilib.

Sonra Bəyanat səsə qoyularaq, qəbul edilib.

12:27

***

Bəyanatın-TAM MƏTNİ:

“Fransada fəaliyyət göstərən ayrı-ayrı türkofob və islamofob siyasi dairələrin və erməni etnik qruplarının təhriki ilə Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakıları bəyan edir:

– Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 1988-1994-cü illərdə işğal edilmiş ərazilərində qeyri-qanuni yaradılan və heç bir dövlət tərəfindən tanınmayan “dağlıq Qarabağ respublikası” adlı oyuncaq qurumun  mövcudluğuna 2020-ci ilin noyabr ayında son qoyulmuşdur;

– Fransa Senatı tərəfindən bu oyuncaq qurumun tanınması zərurətinin irəli sürülməsi Fransa Hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etmək cəhdidir;

– Fransa Senatının bu addımı Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyası, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır;

– Sözügedən qətnamənin müddəalarının həyata keçirilməsi Avropa İttifaqına və onun Şərq Tərəfdaşlığı proqramına sarsıdıcı zərbə vurmaq potensialı daşıyır;

– Cənubi Qafqazın və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ilə yaxın bir müddətdə həll edilməməsinin əsas səbəblərindən biri sülh danışıqlarında beynəlxalq vasitəçi rolunu oynamış dövlətlərin, xüsusən Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan  arasında fərq qoymaması olmuşdur;

– Cənubi Qafqaz regionunda qeyri-sabitliyin davam etməsində maraqlı olan xarici qüvvələrin dəstəyindən cəsarətlənən, sülh danışıqlarını birdəfəlik pozmaq və Azərbaycan torpaqlarının işğalını legitimləşdirmək istəyən Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribata əl atmış, lakin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edən Azərbaycanın həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatı təcavüzkar Ermənistanı sülhə məcbur etmişdir;

– Fransa Senatının qətnaməsində Azərbaycan tərəfindən əks-hücum əməliyyatında Türkiyə silahlı qüvvələrinin iştirak etdiyinə və Yaxın Şərqin bəzi münaqişəli bölgələrindən muzdluların Ermənistana qarşı istifadə olunduğuna, Dağlıq Qarabağda mülki əhaliyə qarşı müharibə cinayətləri törədildiyinə dair əsassız və saxta iddialar irəli sürülmüş, lakin bu iddialarla bağlı heç bir dəlil göstərilməmişdir;

– Bununla belə, Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən Fransadan şovinist, irqçi və terrorçu muzdlu dəstələrin müharibə zonasına gətirilərək Azərbaycana qarşı istifadə edildiyinə, Azərbaycanın hərbi əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrində dinc əhaliyə və mülki obyektlərə qarşı ağır müharibə cinayətləri törədildiyinə dair təkzibedilməz faktlar mövcuddur;

– Ermənistan silahlı qüvvələri 1992-1994-cü illərdə Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində də dinc azərbaycanlılara qarşı bir sıra qətliamlar, o cümlədən XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törətmişlər;

– Özünü insan hüquqlarına və demokratik dəyərlərə hörmətin “nümunəsi” sayan Fransa Respublikası dinc azərbaycanlılara qarşı bu cinayətlər qarşısında səssiz qalmağa üstünlük vermişdir;

– Müstəmləkə hakimiyyəti dövründə Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərcə dinc sakini kütləvi surətdə qətlə yetirmişlər. Törədilmiş soyqırım cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan qara bir ləkədir;

– 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yol açmışdır;

– Bu üçtərəfli bəyanat beynəlxalq hüquq normalarının və prinsiplərinin üstünlüyünü bərqərar etmiş, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Fransa Respublikasının özünün də dəstəklədiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamənin, eləcə də Avropa İttifaqının və Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər mötəbər beynəlxalq qurumların ayrı-ayrı illərdə qəbul etdikləri sənədlərin icrasını təmin etmişdir. 

Azərbaycan Respublikasının Milli Məclisi Cənubi Qafqaz bölgəsində Azərbaycanın hərtərəfli səyləri nəticəsində yaradılmış yeni reallıqların bütün beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Fransa Respublikası tərəfindən qəbul edilməli olduğunu vurğulayır, bu reallıqların bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə tərəfindən dəstəkləndiyini və Ermənistan tərəfindən qəbul edildiyini xatırladır və yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakılarla bağlı çağırış edir:

1. Son günlərdə tutduğu mövqe və verdiyi bəyanatlar ilə bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin;

2. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın;

3. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək, lazımi tədbirlər görülsün”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Virusdan birdəfəlik xilas olmaq və normal həyata qayıtmağın yeganə yolu tibbi maska, əlcək taxmaq və sosial məsafə saxlamaqdır”-MİLLƏT VƏKİLİ SEÇİCİLƏRİNƏ VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ

Read Next

“Fransa Senatı ikinci Azərbaycan dövləti təsis etmək istəyir…”-ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir