“Fransa açıq şəkildə qərəzli mövqe ortaya qoyub…”-Spiker – MM-in iclası başladı-DEPUTATLAR AĞDAMIN İŞĞALDAN AZAD OLUNMASI XƏBƏRİNİ ALQIŞLARLA QARŞILADILAR, FRANSAYA KƏSKİN ETİRAZ BİLDİRDİLƏR…-YENİLƏNİB – (4)

Milli Məclisin (MM) payız sessiyasının növbəti plenar iclası öz işinə başlayıb. 

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə 11 məsələ daxil edilib. 

Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (ikinci səsvermə).              

2. “Azərbaycan Respublikasının Xocalı rayonunun Quçşubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

3. “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

4. Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”  Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

6. “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

7. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

8. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

9. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

İclasın gündəliyinə həmçinin, “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş) daxil edilib.

Son anda məlum olub ki, gündəlikdəki məsələlərin sayı 13-ə çatdırılıb.

Qeyd edək ki, iclasa spiker Sahibə Qafarova sədrlik edir.

Millət vəkilləri yenə tibbi maskalar və əlcəklərdən istifadə edib, sosial məsafəni gözləyiblər.

10:59

***

İclası açan spiker S. Qafarova ilk öncə Ağdam rayonunun işğaldan azad olunması münasibəti ilə MM adından Azərbaycan xalqını təbrik edib.

Millət vəkilləri spikerin sözlərini və çıxışını alqışlarla qarşılayıblar.

11:03

***

Spiker sonra vurğulayıb ki, noyabrın 10-da imzalanmış birgə bəyanat bir çox ölkələr tərəfindən dəstəklənib.

Lakin bu bəyanatdan narazı olan qüvvələr də var.

“Fransa münaqişənin ilk günündən qərəzli mövqe ortaya qoyub. Həmçinin Fransa Senatında Azərbaycan ərazisində qeyri-qanuni yaradılmış “qurumla” bağlı qətnamə irəli sürülüb. Sadalanan faktlar sübut edir ki, Fransa açıq şəkildə qərəzli mövqe ortaya qoyub. Hesab edirəm ki, bu addımlar Fransanın beynəlxalq hüquqla bağlı öhdəlikllərinə ziddiyyət təşkil edir. Vasitəçi mandatı beynəlxalq hüquqa söykənir. Milli Məclisin Fransa ilə işçi qrupun üzvləri də bu məsələyə diqqət yetirməlidirlər”-deyə, o, əlavə edib.

11:15

***

MM-in İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı təklif edib ki, Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Fransadakı səfirini məsləhətləşmələr aparılması üçün geri çağırsın.

Eyni zamanda bildirib ki, əgər Fransa Senatı Dağlıq Qarabağın müstəqliyini tanıyrasa, dərhal Fransa ilə bütün əlaqələrə, siyasi-diplomatik münasibətlərə son qoyulsun.

11:26

***

Sonra spiker məlumat verib ki, saat 12:00-da ölkə Prezidentinin Azərbaycan xalqına növbəti müraciətinin yayımlanması gözlənilir:

“İmkan olsa, biz də həmin yayımı MM-də canlı izləyə biləcəyik”.

11:45

***

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Fransanın, Makronun mövqeyi bəllidir. Xüsusilə Vətən Müharibəsində onların bəyanatları Fransanın mövqeyini bir daha ortaya qoydu”-deyən deputat Məlahət İbrahimqızı təklif edib ki, parlamentin daxilindəki siyasi partiyalar, eyni zamanda Vətən Müharibəsi başlayandan birlik göstərən 50-yə yaxın partiyanın Fransaya qarşı bəyanatı ATƏT-in Minsk qrupuna, digər beynəlxalq təşkilatlara göndərilsin:

“Əminəm ki, hökumətimiz tərəfindən bununla bağlı tədbirlər görülür”.

“Torpaqlarımız işğal altında olanda bəzi sülh carçıları dialoqdan, sülhdən danışırdılar. Ancaq torpaqlarımız işğaldan azad olunandan sonra əvvəllər “torpaqları unudun, insanları düşünün” deyənlər bunun əksini söyləyir və “status haqqında düşünək” deyə bizə təzyiq edirlər. Bu ölkələr arasında qeyri-səmimi münasibət əsasən Fransa tərəfindən göstərilir”.

Bunu çıxışında MM-in komitə sədri Səməd Seyidov deyib.

Komitə sədrinin sözlərinə görə, müharibənin ilk günündən Fransa Ermənistanı dəstəkləməklə məşğuldur:

“Sentyabrın 27-də Vətən müharibəsi başladı, ayın 30-da Fransa cəfəng fikirlərlə çıxış etdi ki, bizim Ordunun tərkibində muzdlular var. Ancaq bunu sübut etmədilər və bu fikirlərini geri götürdülər”.

S.Seyidov deyib ki, Parisin meri Fransa Konstitusiyasına tamamilə zidd olan sənəd qəbul etdirib: “Bu sənədin qəbul olunması zamanı 50-ə yaxın nümayəndə bunun qeyri-qanuni olduğunu bildirərək, zalı tərk edir. Ancaq bu sənəd qəbul edilir”.

O, Fransa senatının təqdim etdiyi qətnaməyə də toxunaraq, deyib ki, bu, azərbaycanlılara və türklərə qarşı yönəlib:

“Minsk qrupuna daxil olan həımsədrlərdən birinin bu cür fikirləri qəbuledilməzdir. Bu cür həmsədrlik Azərbaycan tərəfindən qəbulediməzdir. Azərbaycan hökuməti Fransa ilə münasibətlərini yenidən təhlil etməlidir. Bu cür fikirlər ölkələr arasında münasibətlərə ciddi təsir edəcək”.

“Fransa BMT TŞ-nın daimi üzvü kimi dünyada sülhün və beynəlxalq hüququn qorunmasında, bərqərar olmasına cavabdeh olan ölkələrdən biridir”-deyən deputat Tural Gəncəliyevin sözlərinə görə, amma Fransanın Dağlıq Qarabağ münaqişəsində sərgilədiyi mövqe onun obyektiv olmadığından xəbər verir:

”Fransanın özü işğalın, təcavüzün nə demək olduğunu yaxşı bilir. Vaxtilə Əhmədiyyə Cəbrayılov kimi Azərbaycan oğlu Fransanın təcavüzdən qurtarılması üçün döyüşüb. Hətta ona Fransa siyasi rəhbərliyi tərəfindən “Legion ordeni” verilib. ATƏT PA-da, AŞPA-da çıxışlarımda da qeyd etmişəm, bəlkə də orda yeganə deputatam ki, 28 ildir öz evimə gedib çıxa bilmirəm.Fransa siyasilərindən xahiş edirəm ki, BMT TŞ-nın daimi üzvü olmaq funksiyasını düzgün yerinə yetirsinlər”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusu-AĞDAMA DAXİL OLDU – RƏSMİ

Read Next

“Ermənistan məğlub edilmiş ölkə damğası ilə yaşayacaq…Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa…”-İlham Əliyev Azərbaycan xalqına – MÜRACİƏT ETDİ – FOTO – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir