MM-in payız sessiyasının son iclası- ƏFQANISTANDA SƏFİRLİYİMİZ AÇILIR, SİYAVUŞ NOVRUZOVDAN NÖVBƏTİ İTTİHAMLAR VƏ AMNİSTİYA ÇAĞIRIŞI, FƏZAİL AĞAMALIDAN İSRAİLLƏ BAĞLI TƏKLİF, BAHAR MURADOVANIN İLK HESABATI, SPİKERDƏN VİTSE-SPİKERƏ ETİRAZ – YENİLƏNİB – (7)

Bu gün saat 11:00-da Milli Məclisin (MM) payız (qış) sessiyasının son iclası keçiriləcək. 

Etikxeber.az-ın məlumatına görə, parlamentin payız sessiyasının dekabrın 30-da keçiriləcək sonuncu iclasının gündəliyinə 7 məsələ daxil edilib. 

Gündəlikdəki məsələlər bunlardır:

1. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

2.Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

4. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

6. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında.

7. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

Qeyd edək ki, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın məlumat verməsi gözlənilir.

Məlumatda qeyd olunur ki, Azərbaycanda qadınların sayı 3 fəaliyyət növündə kişilərdən çoxdur.

2019-cu ilin statistikasına əsasən, qadınların sayı kişilərdən səhiyyə və sosial xidmətlərin göstərilməsində 54,8%, təhsildə 47,6% və istirahət, əyləncə və incəsənət fəaliyyətdə 23,3% çoxdur.

Məşğul qadınların 82%-i iqtisadiyyatın 5 sahəsində çalışır. Bütün məşğul qasdınların 42,1%-i kənd təsərrüfatında, 18,2%-i ticarət sektorunda, 11,7%-i təhsildə, 6,1%-i səhiyyə və sosial xidmətlərdə, 3,5%-i isə emal sənayesində işləyir. Statistikanın mövcud təsnifatına görə 19 iqtisadi fəaliyyət sferası və həmin fəaliyyətsektorlarından 8-də qadınlar, 11-də isə kişilər üstün xüsusi çəkiyə malikdir.

Həmçinin, Azərbaycanda dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində qadınların təmsilçiliyi ilə bağlı irəliləyişlər əldə olunub.

2019-cu ilin statistikasına əsasən, icra hakimiyyəti orqanlarında 1 nəfər qadın nazir vəzifəsinə təyin edilib, nazir müavini olan qadınların sayı 3 nəfərdən 8 nəfərə yüksəlib, 3 səfir və 1 konsul da qadındır.

Eyni zamanda, 2019-cu ilin statistikasına əsasən, Azərbaycanda əmək bazarında hələ də gender fərqləri mövcuddur.

2019-cu ilin statistikasına əsasən, ölkədə 2,1 milyon nəfər qeyri-fəal əhalinin 1,4 milyon nəfəri və ya 65,8 %-i qadınlardır. Eyni zamanda, iqtisadi fəaliyyət növləri üzrə qadınların orta aylıq əməkhaqqı 335 manat, kişilərin orta aylıq əməkhaqqı 663 manatdır.

Sənəddə qeyd edilib ki, Azərbaycanın əmək bazarında qadınlar daha çox az ödənişli və qeyri rəsmi işlərdə çalışır ki, bu da kişi və qadın əməkhaqqlarında mühüm fərqin mövcudluğuna səbəb olur.

Bununla yanaşı, Azərbaycanda prokurorluq orqanlarında rütbə nəzərdə tutan vəzifələrdə çalışan işçilərdən 81 nəfəri qadındır.

2019-cu ilin statistikasına əsasən, bu, prokurorluq oranları işçilərinin sayının 7 %-ni təşkil edir. Hazırda 6 qadın prokuror təyin edilib.

Sənəddə həmçinin qeyd olunur ki, 2019-cu ilin statistikasına əsasən, hakim qadınların sayı 78 nəfərdir, başqa sözlə hakimlərin 14%-i qadındır.

Bununla belə, sənəddə Azərbaycanda selektiv abortların qarşısının alınması üzrə görülən tədbirlərin səmərəliliyini artırmaq üçün görülməsi zəruri olan işlər açıqlanıb.

Qeyd edilib ki, bu istiqamətdə aşağıdakı işlərin görülməsi zəruridir:

– “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsi;

– Doğulan uşaqlar arasında cinsi balansın pozulması hallarının qarşısının alınması ilə bağlı maarifləndirmə tədbirlərinin gücləndirilməsi;

– Selektiv abortların fəsadları haqqında qabaqlayıcı tədbirlərin gücləndirilməsi, xüsusi ilə də maarifləndirmək və məlumatlandırma işlərinin rayon, kənd yerlərində daha geniş şəkildə aparılması.

Qeyd edək ki, sənəddə ölkəmizdə ən geniş yayılmış cinsi mənsubiyyətə görə ayrı-seçkilik hallarından birinin də selektiv abortlar olduğu qeyd edilib.

Bu gün həm də payız (qış) sessiyasının sonuncu iclasıdır.

Sessiya öz işinə dövlət himninin oxunması və səsləndirilməsi ilə yekun vuracaq.

Deputatlar qısa qış tətilinə yollanacaqlar.

MM-in növbəti-2021-ci il yaz sessiyasının isə fevralın 1-də öz işinə başlaması nəzərdə tutulur.

Yaz sessiyasında bələdiyyələrin, Ombudsmanın, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, Hesablama Palatasının və hökumətin hesabatları olacaq.

11:00

***

İclası spiker S. Qafarova açıb.

Sonra “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələrinin üçüncü oxunuşlarda geniş müzakirələr açılmadan səsverməsi keçirilib və hər 4 sənəd qəbul olunub.

11:07

***

Sonra MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumatı dinlənilib.

“Bir neçə gün öncə Prezident İlham Əliyev Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etmişdi. Əfqanıstan Azərbaycan üçün mühüm tərəfdaşdır. Prezidentin qeyd etdiyi kimi, qardaş Əfqanıstan xalqı müharibədən əvvəl və müharibə dövründə bizi dəstəkləyib”-deyən komitə sədri bildirib ki, Əfqanıstanla əlaqələr bu gün olduqca vacibdir:

“Beynəlxalq səviyyədə, o cümlədən islam dünyası ilə əlaqələrin qurulması üçün bu gün bu qanun layihəsinin qəbulu olduqca stratejidir. Belə bir səfirliyin açılması Azərbaycanın milli maraqlarına tam uyğundur”.

MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Əfqanıstanda səfirliyin açılmasının çox gözəl və düzgün addım olduğunu bildirib.

Həmçinin, təklif edib ki, Əfqanıstanla parlamentlərarası Dostlq Qrupu yaradılsın.

“Hesab edirəm ki, artıq Milli Məclisdə də Əfqanıstanla Dostluq Qrupu yaradılmalıdır və şəxsən mən özüm də həmin Qrupa rəhbərlik etməyə hazıram”-deyən komitə sədri çıxışında yenə bəzi müxalifət partiyalarının ünvanına sərt fikirlər və ittihamlar səsləndirib.

S. Novruzov onları xalqı çaşdırmaqda, yalançılıqda ittihamlayıb:

“Biz həmrəylik günü ərəfəsindəyik. Gərək, hamı həmrəy olsun. Ancaq bu gün əhalini çaşdırmağa, qazanılan qələbəyə kölgə salmağa çalışanlar var. Bəzi partiya sədrləri var – hansıların ki, adını çəkməyi Milli Məclisə layiq bilmirəm – onlar dezinformasiyalar yayırlar ki, Şuşa əhalisi Şuşaya qayıtmağa qorxur. İnsanları bu qədər aldatmaq olarmı?”– S. Novruzov bildirib ki, özü bir dəfə əlində tapança, avtomat tutmayan adamlar bu məsələlərdən danışır:

“Hətta Azərbaycanın daxilində Türkiyənin sülhməramlıların tərkibində olmasına maneçilik törətməyə çalışanların olduğunu iddia edirlər. Bu qədər yalan olarmı?! Bu insanların ictimaiyyət arasında, ABŞ-ın internet kanallarında, Osmanqızının kanalında xalqı çaşdırmağa çalışmasına nə haqqı var? Hələ çıxış edir ki, parlament niyə buna münasibət bildirmir? Parlament nümayəndələri gecə-gündüz televiziya kanallarındadır…

Onlar deyirlər ki, rus qoşunlarını Azərbaycandan Elçibəy, AXC-Müsavat hakimiyyəti çıxarıb. Məgər, Şərqi Avropa ölkələrindən də rus qoşunlarını Elçibəy, AXC-Müsavat hakimiyyəti çıxarıb? Baltikyanı ölkələrdən də rus qoşunlarını çıxaran Elçibəy, AXC-Müsavat hakimiyyəti olub? Qarşıdan Həmrəylik Günü gəlir, amma belə adamlarla necə həmrəy olasan?!”

11:21

***

MM-in İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı öz növbəsində İsraildə Azərbaycan səfirliyinin açılmasını təklif edib.

Qeyd edib ki, bu yöndə də bir neçə dəfə təkliflə çıxış edib və bu gün də öz mövqeyində qalır:

“Artıq İsraildə səfirliyimizin açılmasının zamanıdır”.

Onun təklifi MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev tərəfindən də dəstəklənib.

Mən də Əfqanıstanda səfirliyimizin açılmasına səs verəcəyəm. Hərçənd ki, Əfqanıstanda səfirliyin açılması bir qədər risqli məsələdir. Çünki bu ölkədə hələ də sabitlik tam təmin olunmayıb, hələ də terror aktları yaşanır. Bəzən diplomatik korpusların təmsilçiləri və onların ailələri də təhlükə ilə üzbəüz qalırlar…İndi dövlətimiz səfirliyin açılmasını məqbul hesab edirsə, deməli, belə olmalıdır.

Amma mən də həmkarım Fəzail Ağamalının təklifini dəstəkləyirəm. Hesab edirəm ki, artıq İsraildə səfirliyimiz açılmalıdır. Artıq ərəb ölkələrinin bir çoxu bu ölkə münaibətləri normallaşdırmaqdadır. Ona görə bizim də İsraildə səfirliyimiz olmalıdır”-deyə, o, əlavə edib.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq, qəbul edilib.

***

Hazırda “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri B. Muradovanın məlumatı-hesabatı dinlənilir. 

“Azərbaycanda gender bərabərliyi ilə bağlı fəaliyyət planı və Azərbaycanda qadınların sülh və təhlükəsizliklə bağlı proseslərdə iştirakına dair fəaliyyət planı hazırdır, Nazirlər Kabinetinə təqdim edilib”-deyən B. Muradova bildirib ki, yaxın günlərdə bu fəaliyyət planlarının qəbul edilməsi gözlənilir.

Çıxışında “Bərabərlik haqqında qanunun icrasının təkmilləşdirilməsinə ehtiyac var”-deyən komitə sədri eyni zamanda bildirib ki, qadın sahibkarların stimullaşdırılması üçün qanunvericilikdə dəyişiklik edilməsinə ehtiyac var:

“Eyni zamanda reproduktiv sağlamlıqla bağlı qanunun qəbuluna ehtiyac var. Eləcə də bu sahədə olan bir çox qanunvericilik aktlarının, qanunların işləmə mexanizmi, boşluqlar aradan qaldırılmalıdır”.

Komitə sədri çıxış zamanı bildirib ki, demoqrafik təhlillər onu göstərir ki, doğulan uşaqların cins nisbəti (hər 100 qız uşağına düşən oğlan uşaqlarının sayı) bioloji normaya uyğun olaraq 105-107 təşkil edir.

O, qeyd edib ki, Azərbaycanda diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur: “Hazırda hər 100 qız uşağına 114 oğlan uşağı düşür. Cins nisbətinin pozulmasına görə Azərbaycan dünyada ikinci yerdə qərarlaşıb”.

B.Muradova vurğulayıb ki, 2019-cu ilin statistikasına əsasən, Azərbaycanda səhiyyə və sosial xidmətlərin göstərilməsində qadınların sayı kişilərdən 54,8%, təhsildə 47,6% və istirahət, əyləncə və incəsənət fəaliyyətdə isə 23,3% çoxdur.

Komitə sədri bildirib ki, məşğul qadınların 82%-i iqtisadiyyatın 5 sahəsində çalışır. Bütün məşğul qadınların 42,1%-i kənd təsərrüfatında, 18,2%-i ticarət sektorunda, 11,7%-i təhsildə, 6,1%-i səhiyyə və sosial xidmətlərdə, 3,5%-i isə emal sənayesində işləyir:

“2005-ci ildə üçüncü çağırış Milli Məclisdə qadınlar 14 nəfər (11,2 %) təşkil edirdisə, 2020-ci ildə altıncı çağırış parlamentdə 22 nəfər ( 18,2 %) olub. Qanunverici orqanın sədri qadın seçilib. nazir müavini olan qadınların sayı 3 nəfərdən 8 nəfərə yüksəlib, 3 nəfər səfir və bir nəfər konsul qadındır. Əksər yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. 2013-cu ildə bu rəqəm 35 nəfər idisə, hazırda 76 nəfərə çatıb. Məhkəmələrdə hakim qadınların sayı isə 78 nəfər olmaqla 14% təşkil edir”.

Məişət zorakılğı haqqında danışan B.Muradova vurğulayıb ki, 2019-cu ildə məişət zorakılığına görə 1308 cinayət törədilib, qadınlara qarşı 37 qətl hadisəsi olub.

B. Muradova sonra qeyd edib ki, qız uşaqlarının erkən evliliyə məcbur edilməsi də cinsi ayrıseçkiliyin nəticəsidir. Komitə sədri vurğulayıb ki, Azərbaycan gəncliyi qayğı ilə əhatə olunub və Azərbaycanda bu sahədə ciddi nailiyyətlər əldə edilib.

Bildirib ki, həyata keçirilən tədbirlər erkən evliliyin qarşısının alınmasına təsir edib. 15-17 yaşl qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392 idisə 2019-cu ildə bu rəqəm 2320 olub və erkən evliliyin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir. 2019-cu ildə erkən nikaha məcburetmə ilə bağlı cinayət işi açılmayıb.

B.Muradova əlavə edib ki, qız uşaqlarının oğurlanmasına görə 2019-cu ildə 9 cinayət işi qaldırılıb.

Komitə sədri həmçinin qeyd edib ki, qız uşaqları ilə bağlı monitorinqlərin gücləndirilməsinə ehtiyac var.

B. Muradovanın məlumatı dinlənildikdən sonra sənəd ətrafında müzakirələrə, çıxışlara başlanılıb.

12:25

***

S. Novruzov çıxışı zamanı təklif edib ki, Azərbaycanda növbəti amnistiya aktı qəbul olunsun.

Onun sözlərinə görə, parlamentin qarşıdan gələn yaz sessiyasında amnistiya ilə bağlı qərar layihəsi müzakirələrə çıxarılmalı və qəbul edilməlidir.

“Müharibə vaxtı qadınlarımızın bir qrupu həbsxanada idi. Amnistiya ilə bağlı sənədlərin hazırlanması uzun çəkir. Aidiyyatı stukturlardan, Ombudsmandan, sizdən (Bahar Muradovanı nəzərdə tutur) xahiş edirəm ki, Qələbə münasibətilə həbsxanada olan qadınlar qalmasın”-deyən S. Novruzov ölkə başçısının hər zaman bu məsələ ilə bağlı unikal addımlar atdığını da xatırladıb:

“Bugünlərdə bir verilişə baxdım. Uşaqlar həbsxanada analarının yanında idi. O, uşaqların təqsiri nədir, günah nədir?! Hesab edirəm ki, gələcəkdə-yaz sessiyasında parlamentdə geniş amnistiya qəbul etmək lazımdır. Ölkə qalib gəlib. Kim dövləçilik yolunu tutubsa, döblətinə, xalqına, Prezidentinə xidmət eləsin”.

12:31

***

“Bizim tariximizdə qadınların rolu böyük olub. Eləcə də Azərbaycan dünyada qadına seçki hüququ verən ilk dövlətlərdəndir. Azərbaycanda qadınlar ən yüksək dövlət vəzifələrində çalışırlar. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Parlamentin spikeri hörmətli Sahibə xanımdır. Dövlət komitələrində, nazirliklərdə xanımlar çalışır və çox böyük uğurlar var”.

Bunu da deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, lakin bəzi qruplar, özlərini qadın təşkilatı sayanlar gender bərabərliyi, qadın hüquqları ilə sui-istifadəni səhv salır:

“Hesab edirəm ki, bu, bilərəkdən edilir. Bəziləri bilərəkdən bundan sui-istifadəyə çalışırlar. Adi zorakılığı belə qadın hüquqlarının pozulması kimi qələmə verirlər. Məişət problemlərini gender bərabərliyi kimi qələmə vermək doğru deyil. Hər bir kəsin – istər qadın olsun, istər kişi – hüququ pozula bilir və bilər.

Etik davranış prinsiplərini pozanlar olursa, ailə institutumuza zərərli vərdişləri gətirmək istəyənlərə qarşı hər hansı davranış olursa, bu gender bərabərliyinə qarşı olmaq deyil. Çünki bəzi feminist qadınlar bu prinsipləri pozmağa çalışır. İstər kişi, istər qadın olsun, nümayişkaranə şəkildə şərab içmək, siqaret çəkmək, bizim mədəniyyətimizin əksinə olan müxtəlif formalarda şəkillərlə sosial şəbəkələri bəzəmək, istirahət məkanlarında gənclərimizin əxlaqına təsir edəcək hərəkətlər etmək gender bərabərliyi sayıla bilməz. Ailə hakimiyyətinin əsaslarını sarsıdan hərəkətlər gender bərabərliyə daxil edilə bilməz”.

O, qeyd edib ki, həmin tip feminist qadınlar isə bütün bu kimi dəyərləri heçə endirmək, öz aləmlərində yenilik gətirmək istəyirlər:

“Avropada təhsil almaqla deyil. Bəzən qadınlar hesab edir ki, Avropa düşüncəsinin daşıyıcısıdır və ona görə də orada nə gördünsə, Azərbaycanda da onu təqlid etmək olar. Bunlar yolverilməzdir. Gender bərabərliyi əxlaqsızlığın təbliği deyil. Yəni gender bərabərliyi ilə əxlaqsızlıq bir tutula bilməz. Gender bərabərliyindən, qadın hüquqlarından sui-istifadə edib əxlaqsızlığı cəmiyyətə bulaşdırmaq olmaz. Gender bərabərliyi cəmiyyətin inkişafında qadınların məsuliyyətinin artırılmasıdır. Təəssüf ki, bəzi feminist qadınlar elə hesab edir ki, bərabərlik məsuliyyətsizlik, kişinin üzərində hökmranlıq etməkdir. Xeyr, tam əksidir. Cəmiyyətin, onun kiçik bir subyekti olan ailənin inkişafı, müasir bilik və tələblərə uyğunlaşmasında məsuliyyəti daşımaqdır”.

12:43

***

“Gender bərabərliyində qadınlara verilən üstünlük tanrı tərəfindən verilib. Qadınların xüsusi haray salmasına ehtiyac yoxdur”.

Bunu isə vitse-spiker Fəzail İbrahimli deyib.

Deputat bildirib ki, bir qızı 5 oğlan istəyir:

“Seçimi edən qız tərəfidir. Gender bərabərliyini süni surətdə yaratmaq olmaz. Məsələn, seçkili orqanlarda gender bərabərliyi təbii seçim və proses olmalıdır. Elm sahəsində də süni şəraitdə gender bərabərliyinə dəyişiklik etmək olmaz. Gender bərabərliyinə təsir edə biləcək məsələlər sərəncamla, qərarlarla olur. Bu da ölkəmizdə var. Gender bərabərliyi ilə gender siyasətini qarışıq salmaq olmaz. Siyasətdə qırmızı xəttimiz hüququ pozulmuş qız uşaqlarının, qadınların hüquqlarını bərpa etmək olmalıdır”.

Spiker S. Qafarova da bildirib ki, gender bərabərliyi və gender siyasəti ayrı-ayrı terminlərdir:

“Azərbaycanda gender siyasəti yüksək səviyyədədir. Ümumi gender və gender siyasəti ilə bağlı hamımızın öz baxışları var. Bu müzakirələri deputat səviyyəsində aparmalıyıq”.

Müzakirələrin sonunda B. Muradovanın məlumatı səsə qoyulub və qəbul edilib.

13:01

***

İclasın sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edilib. 

Müraciətdə deyilir:

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz,

Sayına, intellektual və mənəvi potensialına görə dünyanın böyük millətləri sırasında layiqli yer tutan qüdrətli Azərbaycan xalqının övladlarını dil, əqidə, əməl birliyinə çağırış günü ərəfəsində hər birinizi səmimi qəlbdən salamlayırıq.

Bu il dünya azərbaycanlıları 31 dekabr – Həmrəylik Gününü son dərəcə böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Ümummilli məqsəd naminə birləşib dəmir yumruğa çevrilməyi bacarmış Azərbaycan xalqı və onun qəhrəman Ordusu Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızın işğalına son qoyub. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın düşmən işğalından azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızı 30 ildən artıq davam edən məğlubiyyət sindromundan qurtarmış və onu qalib xalqa çevirib.

Azərbaycançılıq amalı ətrafında milli-mənəvi bütövləşmə hərəkatının başlanğıcını qoymuş ulu öndər Heydər Əliyevin vəsiyyəti şərəflə yerinə yetirilib. Bu gün Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Laçında, Şuşada və azad edilmiş digər torpaqlarımızda şanlı Azərbaycan bayrağının dalğalanması ölkəmizin tarixində yeni inkişaf dövrünün başlandığını təcəssüm etdirir.

Bu tarixi Zəfərə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və həmvətənlərimiz də dəyərli töhfə veriblər. Siz doğma Azərbaycanımızın haqq işi naminə qüvvələrinizi birləşdirərək yaşadığınız ölkələrin dövlət orqanlarına və ictimaiyyətinə Vətən müharibəsi barədə doğru-düzgün məlumatlar çatdırıb, lazım gəldikdə kütləvi tədbirlər keçirərək səsinizi ucaltmısınız.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz,

Bəşər sivilizasiyasının inkişafının indiki mərhələsi dünyanın siyasi mənzərəsinin sürətlə dəyişməsi, millətlərin tarix səhnəsində oynadıqları rolların keyfiyyətcə yeniləşməsi ilə fərqlənir. Həyat sübut edir ki, yalnız öz gücünü bir yerə toplamağı bacaran xalqlar etnik-siyasi hüquqlarını və milli mənafelərini müdafiə etmək imkanlarını həyata keçirə bilirlər. Dünya tarixinə və mədəniyyətinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının yeni dövrdə davamlı yüksəlişinin yolu məhz on milyonlarca soydaşımızın və həmvətənimizin mütəşəkkil qüvvə kimi formalaşmasından keçir.

Son 17 ildə heyrətamiz inkişaf yolu keçərək Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının güvən yeridir. Tarix boyu xalqımızın istedad və zəkasının gücü ilə qurulmuş qüdrətli dövlətlərin ənənələri bu gün də yaşadılır və inkişaf etdirilir. Azərbaycan Respublikası siyasi, iqtisadi və hərbi gücünü, mədəni zənginliyini durmadan artıran, gələcəyə inamla baxan bir dövlətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət dövlətimizə çox böyük uğurlar gətirir. Bir neçə il əvvəl BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuş Azərbaycan 2019–2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədridir. 120 ölkəni birləşdirən bu mötəbər qurumun rəhbəri seçilməsi ölkəmizin çox böyük beynəlxalq nüfuz və etibarından xəbər verir.

Azərbaycançılıq amalının şüurlara və qəlblərə hakim kəsilməsinə yönələn uzaqgörən dövlət siyasəti həyata keçirilir, xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Bu istiqamətdə görülən işlərin bir nəticəsi də budur ki, dünya azərbaycanlıları milli mənlik şüuru əsasında sıx birləşməyin əhəmiyyətini indi daha dərindən dərk edirlər. Azərbaycan diaspor təşkilatları inkişaf edib möhkəmlənir, soydaşlarımızın və həmvətənlərimizin siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından qoşulurlar. Onlar yaxşı anlayırlar ki, Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz,

Sizi ümummilli qayələrimizin gerçəkləşməsi naminə daha sıx birləşməyə çağırır, xalqımızın mənafelərinin qorunması işində ayıq-sayıq olmağa səsləyirik. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, könül xoşluğu, doğma Azərbaycanımıza nurlu sabahlar arzulayırıq”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Parlamentin payız (qış) sessiyası başa çatdı-DEPUTATLAR TƏTİLƏ ÇIXDILAR – YAZ SESSİYASI İSƏ FEVRALIN 1-DƏ BAŞLAYACAQ

Read Next

6-cı çağırış MM-in ilk payız (qış) sessiyası nələrlə yadda qaldı? PARLAMENT VƏ SPİKER SAHİBƏ QAFAROVA ÖZ MİSSİYASINI NECƏ YERİNƏ YETİRDİ? – BAXIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir