MM-in xüsusi iclası – YENİ SEÇKİLƏRLƏ BAĞLI MÜRACİƏT QƏBUL OLUNACAQ – BU GÜN – YENİLƏNİB

Sabah, dekabrın 2-də Milli Məclisin (MM) xüsusi iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, iclasda cəmi bir məsələ, 5-ci çağırış MM-in buraxılması və yeni-növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı ölkə Prezidentinə müraciət edilməsi müzakirə olunacaq.

Qeyd edək ki,  noyabrın 28-də parlamentdə çoxluğu (68 millət vəkili ilə) təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası və hakim partiyadan olan deputatlar 5-ci çağırış MM-in buraxılması, yeni seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.

Eyni zamanda, onların təşəbbüsü hakimiyyətə yaxınlığı ilə seçilən 36 müstəqil millət vəkilinin noyabrın 29-da keçirilən yığıncağında dəstəklənib.

Sabah uzun çəkməyəcək iclasın sonunda MM-in yeni-6-cı çağırış seçkilərin keçirilməsi ilə bağlı ölkə Prezidentinə ünvanlanan müraciəti qəbul olunacaq və bununla da iclas başa çatacaq.

Qeyd edək ki, 5-ci çağırış MM 2015-ci ilin payızında formalaşdırılıb və fəaliyyətə başlayıb.

Hazırda MM-in 117 üzvü var.

Qalan 8 nəfərdən biri-mərhum Astan Şahverdiyev (YAP) dünyasını dəyişib,  borc qalmaqalına görə Rafael Cəbrayılovun (bitərəf) fəaliyyətinə vaxtından əvvəl  xitam verilib.

Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkənin Birinci vitse-prezidenti, Muxtar Babayev ekologiya və təbii sərvətlər, Fuad Muradov Disporla İş üzrə Dövlət Komitəsinin, Rövşən Rzayev “Qaçqınkom”un sədri, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətin rəisi, Elşad Həsənov isə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

Cəmi saatlar sonra MM-in xüsusi iclasında parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi ilə bağlı ölkə Prezidentinə müraciət qəbul olunacaq.

Bəs görəsən millət vəkilləri müzakirələr öncəsi yeni seçkilərlə bağlı nə düşünürlər?

Tahir Rzayev:

-Qanunvericilik orqanında, qanunvericilik hakimiyyətində də  islahatların getməsi zəruri və vacibdir.

Növbədənkənar parlament seçkilərinin keçirilməsi də hesab edirəm ki, məhz bu zərurətdən irəli gəlir.

Çünki islahatlar ölkənin iqtisadi-siyasi qüdrətinin bilavasitə artırılmasına, Azərbaycanın dünyada, beynəlxalq alımdə demokratik imicinin formalaşdırılmasına və yüksəldilməsinə xidmət edir.

Ölkə rəhbərinin keçirdiyi hər bir islahat da  Azərbaycan xalqı tərəfindən müsbət qarşılanır, müsbət qiymətləndirilir.

Hər bir təşkilat, hər bir vətəndaş da istəyir ki, bu islahatların ön sırasında getsin, Vətənə öz töhfəsini versin.

Milli Məclisin deputatları da bu sıradadır.

Ona görə onlar da ölkədə gedən bu islahatlara dəstək verməlidirlər.

Sözsüz ki, qanunvericiliyin mükəmməlləşdirilməsi, qanunvericilik orqanının daha yüksək səviyyədə formalaşdırılması, yeniləşməsi vacibdir.

Bu baxımdan, YAP Siyasi Şurasının verdiyi bu qərar hər bir YAP üzvü, eləcə də, YAP-ı parlamentdə təmsil edən bir deputat kimi mənim tərəfinmdən yüksək qiymətləndirilir və mən bu təşəbbüsü alqışlayıram.

Təbii ki, Milli Məclisə ölkənin ən yaxşı vətəndaşları, savadlı, qabiliyyətli, uzaqgörən, ağıllı insanları seçilməlidir.

Seçicilər öz seçimlərində yanılmamalıdırlar.

Onlar yaxşı, mükəmməl, layiqli  insanları arayıb-axtarmalıdırlar və  öz səslərini həmin insanlara verməlidirlər.

Çünki mükəmməl qanunların hazırlanması ölkə quruculuğu üçün çox vacibdir.

Əsaslı, beynəlxalq əhəmiyyətli  qanunların hazırlanması ölkənin gələcəyi, inkişafı  üçün əhəmiyyətlidir.

Elə bilirəm ki, növbədənkənar seçkilərin keçirilməsi də  Azərbaycanın inkişafına yeni bir töhfə verəcək, eləcə də, millət vəkillərinin məsuliyyətinin artırılmasında əsaslı rol oynayacaq.

Eldəniz Səlimov:

-Ölkədə növbədənkənar parlament seçkilərinə hazırlaşılması, yeni ruhlu, yeni ab-havalı parlamentin formalaşdırılması ölkəmizin dünyada yerinin möhkəmləndirilməsinə, demokratik imicinin daha da artırılmasına, yüksəldilməsinə xidmət edəcək.

Hesab edirəm ki, yeni parlament həyata keçirilən islahatlar prosesində daha önəmli yerini alacaq.

Bu günə kimi 5 çağırış seçkilər keçirib, 5 çağırış parlament fəaliyyət göstərib və əksəriyyət etibarı ilə millət vəkilləri, ali qanunverici orqan Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olub, öz müsbət rolunu oynayıb.

Və növbəti yeni tərkibli parlament də məhz belə olacaq, əvvəlkilərdən daha çox islahatlar prosesinin, 26 illik kursunun  fəal iştirakçısına çevriləcək. Buna kimsənin şübhəsi olmasın!

Kamilə Əliyeva:

-Son günlərin əsas hadisələrindən birinə çevrilən, ölkədə həyata keçirilən islahatlar prosesinə daha çevik və daha fəal dəstək verilməsini nəzərdə tutan təşəbbüs-yeni parlament seçkilərinin keçirilməsi təşəbbüsü hər kəs tərəfindən müsbət qarşılanan və təqdiredilən bir təşəbbüsdür.

Bu günə kimi öz fəaliyyəti ilə hər zaman Azərbaycan dövləti və dövlətçliyinin, ölkə Prezidentinin həyata keçirdiyi siyasətin yanında olan, ona dəstək verən ali qanunverici orqanın-Milli Məclisin  dövrün və zamanın tələblərinə uyğun olaraq yeni ruhda, yeni tərkibdə fəaliyyətinə ehtiyac var.

Ölkədəki yenilik, dəyişiklik ruhu, ab-havası parlamentdə daha çox hiss olunmalıdır.

Bu baxımdan, hesab edirəm və inanıram ki, belə də olacaq, yeni ruhlu, dəyişikliklər, yeniliklər ah-havasına tam cavab verən 6-cı cağırış parlament islahatlar prosesinin daha tez və daha sürətli şəkildə hədəflərinə çatmasında öz rolunu oynayacaq, öz töhfəsini verəcək.

Eyni zamanda, ölkəmizin demokratik imicinin artırılmasında, dünyadakı yerinin, nüfuzunun möhkmələndirilməsində öz sözünü deyəcək.

Jalə Əliyeva:

-Yeni Azərbaycan Partiyasının Siyasi Şurası və hakim partiyanı təmsil edən millət vəkillərinin təşəbbüsünü şəxsən mən də dəstəkləyirəm.

Bu yerdə qeyd edim ki, məlum təşəbbüs mənim də daxil olduğum Milli Məclisin müstəqil (bitərəf) millət vəkilləri qrupunun yığıncağında dəstəklənib, bəyənilib.

Şəxsən belə hesab edirəm ki, yaşadığımız dövr, reallıqlar, ölkədə aparılan sürətli islahatlar prosesi dəyişiklikləri, yenilikləri özündə ehtiva edən, yenilik, dəyişiklik ruhunda olan yeni parlamentin formalaşdırılmasına ehtiyac və zərurət yaradıb.

Düzdür, Milli Məclis, o cümlədən, 5-ci çağırış parlament hər zaman ölkədə həyata keçirilən siyasətə, islahatlar prosesinə dəstək verib, ölkə rəhbərinin daxili və xarici siyasət kursunun fəal müdafiəçisi olub, bu məsələlərdə bir an belə tərəddüd etməyib, amma bununla belə, cəmiyyətin istəklərinə, islahatların ruhuna cavab verən yeni parlamentə ehtiyac duyulur.

Odur ki, yeni seçkilərin, yeni tərkibli parlamentin ölkəmizin inkişafına, tərəqqisinə, demokratikləşmə prosesinə daha böyük  töhfə verəcəyinə, ölkəmizin uğurlarına uğurlar qatacağına birmənalı əminliyimi ifadə edir, dövlətimiz, xalqımız, məmləkətimiz üçün uğurlu, xeyirli olsun deyirəm!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

YAP-ın təşəbbüsü, kadr dəyişiklikləri, TANAP VƏ YA HƏFTƏNİN 3 ÖNƏMLİ HADİSƏSİ – BAXIŞ

Read Next

“Dövlət qurumlarının yanındakı İctimai Şuralar müstəqil şəxslərdən təşkil olunmalıdır” – TƏLƏB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir