“Modern idarəçilik mədəniyyəti…İnformasiya blokadasının yarılması…”-ZİYAD SƏMƏDZADƏ YAZIR – (BİRİNCİ HİSSƏ)

Prezident İlham Əliyevin qələbələr marafonu

(Birinci hissə)

***

Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

***

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı və rəşadətli Silahlı Qüvvələrimiz 33 ildən bəri davam edən qanlı-qadalı Ermənistan – Azərbaycan münaqişəsinə cəmi 44 gün ərzində son qoydu.

Bu il sentyabrın 27-də başlayan Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ savaşı noyabrın 10-na keçən gecə tarixi Qələbə ilə sona çatdırıldı.

Təcavüzkar Ermənistan sarsıdıcı məğlubiyyətə uğradıldı, işğalçı dövlətin başçısı 10 noyabr bəyanatını imzalamaqla ölkəsinin acı məğlubiyyətini, təslim olduğunu etiraf etmək məcburiyyətində qaldı. Azərbaycanın Ali Baş Komandanının başçılığı ilə qalib ordumuz XXI əsrin qəhrəmanlıq dastanını yazdı, dünya hərb tarixinə döyüş yeniliyi gətirdi.

Mötəbər beynəlxalq dairələrdə bildirildiyi kimi, dünya hələ uzun illər bu rəşadətdən, Azərbaycanın Ali Baş Komandanının sərkərdəlik məharətindən, zabit və əsgərlərimizin yenilməz qəhrəmanlığından söz açacaq, bu döyüş təcrübəsindən yararlanmağa çalışacaq. “Şuşa əməliyyatı” isə tarixi fəthlər sırasında öyrəniləcək.

44 günlük müharibə ilə Azərbaycan həm də kimin kim, nəyin nə olduğunu bir daha aləmə sübut etdi. Dostlar da bilindi, düşmənlər də, ikili-üçlü oyunlar­la aranı qatanlar da. Onsuz da bəzilərinin mövqeyi çoxdan bəlli idi, amma bu dəfə pərdə yırtıldı.

Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk vaxtlarda “Xalq qəzeti”nə yazdığım bir məqalədə onun ümummilli lider Heydər Əliyevin ən layiqli siya­si varisi kimi və yeni tipli dövlət başçısı olaraq Azərbaycanı tarixi qələbələrə çatdıracağına dərin inamımı arqumentlərlə əsaslandırmağa çalışmışdım. Ara­dan keçən 17 ildən sonra həmin qələbələrdən tarixi gerçəklik kimi söz açmaq mənim üçün alim və ziyalı xoşbəxtliyidir.

Modern idarəçilik mədəniyyəti

İstər ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci və ikinci dönəmində, istərsə də onun siyasətinin layiqli davam­çısı – ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə ölkəmizdə idarəçilik məsələlərinə xüsusi önəm verilmişdir. Çünki dövlətçiliyin inkişafı dövlət idarəetməsindən, yüksək idarəçilik qabiliyyətindən önəmli dərəcədə asılıdır. Dövlətin və dövlətçiliyin inkişafı həm də yüksək səviyyədə idarəetməni, bu sahədə çalışanların bacarıq və qabiliyyətini şərtləndirir. Yüksək, səmərəli dövlət idarəçiliyi olmayan cəmiyyətin, dövlətin dayanıqlı, davamlı, sabit inkişafı da mümkün deyil.

Vətən müharibəsinin 44 günü Azərbaycan dövləti dəmir yum­ruq kimi hamını– xalqı, ordunu, cəmiyyəti, bütün sosial-siyasi qrupları düşmənə qalib gəlməyə, Vətənin bütövlüyünü təmin etməyə səfərbər etdi. Xalqımızın bir məqsəd uğrunda mübarizədə sarsılmaz birliyi Prezident İlham Əliyevin dövlət quruculuğunun, idarəetmə strukturlarının səmərəli fəaliyyətinin təmin edilməsini stra­teji vəzifə kimi qiymətləndirməsinin nəticəsi kimi ərsəyə gəlmişdir.

Artıq daha aydın göründü­yü və bilindiyi kimi, digər vacib məsələlər kimi, idarəetmə, idarəçilik məsələlələri də dövlət həyatının başlıca prioritetlərdəndir. Bu sahədə, xüsusilə, 2018-ci ilin növbədənkənar prezident seçkilərindən sonra çox önəmli, radikal addımlar atılmışdır. Nisbətən yaşlı, təcrübəli kadrlarla yanaşı, müasir dövrün bir çox yeniliklərini mənimsəyən bilikli, enerjili, işgüzar gənc kadrların idarəçiliyə cəlb edilməsi, yüksək dövlət vəzifələrinə təyin edilməsi kadr islahatlarının və buna paralel olaraq, struktur islahatlarının apa­rılmasına da start verilmişdir.

Bu proses Prezident İlham Əliyevin ötən ilin oktyabrında sosial məsələlərin müzakirəsinə hərs olunmuş müşavirədə dövlət və hökumət orqanları qarşısında qoyduğu son dərəcədə vacib tap­şırıqlardan sonra daha sürətli hal almışdır. Elə bunun nəticəsi idi ki, həmin müşavirədən bir az sonra öz fəaliyyətlərində ciddi nöqsan­lara, qüsurlara yol vermiş bir çox icra başçısı, nazirlik və komitə rəhbəri, müxtəlif səviyyələrdə məsul şəxslər vəzifələrindən azad edilmişdir. Bununla yanaşı, hüquq-mühaifizə orqanlarının, o cümlədən Dövlət Təhlükəsizlik Xidmətinin ölkə vətəndaşlarının birmənalı dəstəyini qazanan əməliyyatları nəticəsində öz yerində olmayan insanlar, vəzifəli şəxslər məsuliyyətə cəlb edilmişlər.

Ötən ilin sonlarında isə yeni dövrün ab-havasına uyğunlaşmaq zərurəti baxımından 5-ci çağı­rış Milli Məclis vaxtından əvvəl buraxılmış, ölkədə növbədənkənar seçki elan edilmişdir. Nəticədə, çağdaş ruhlu, yeni tərkibli par­lament– 6-cı çağırış Milli Məclis formalaşdırılmışdır. Bunlar da ölkə Prezidenti cənab İlham Əliyevin praqmatik dəst-xətti, yeniliklərə açıq olması, müasir çağırışlara zamanında cavab vermək məharəti ilə bağlıdır. Bu idarəçilik mədəniyyəti və onun daim yüksəldilməsi, nəticə etibarı ilə vətəndaş məmnunluğunun yaradılması məhz İlham Əliyevin adı, həyata keçirdiyi uzaqgörən və müdrik siyasətlə bağlıdır. Bu, həm də dünyaya təqdim edilən daha bir İlham Əliyev nümunəsidir.

44 günlük Vətən müharibəsi ilə 33 illik bəlalı münaqişəyə son qoyulması, tarixi Zəfərin əldə edilməsi yüksək dövlətçilik, idarəçilik mədəniyyətinin, kadrların yerində olmasının bir göstəricidir. Bunlar olmasaydı, bəlkə də, Qələbəmiz də uzanar, yaxud bir qədər çətinləşərdi. Bunları da məhz modern dövlət və siyasət xadimi olan İlham Əliyevin fitri istedadı və tükənməz enerjisi nəticəsində əldə etdik, qazandıq.

İnformasiya blokadasının yarılması

Müharibə dövründə döyüş və diplomatiya meydanında olduğu kimi, informasiya cəbhəsində də dostun dostluğu, düşmənin düşmənliyi bir daha üzə çıxdı– gerçək üzlər, sözü ölə əməli düz gəlib-gəlməyənlər daha aydın göründülər. Heç kimə sirr deyil ki, 1988-ci ilin fevralından alov­landırılan Qarabağ fitnəkarlığı nəticəsində keçmiş SSRİ məkanında, həm də daim dünyaya demokratiyadan, söz azadlığın­dan dərs keçən Qərb ölkələrində Azərbaycana qarşı ermənipərəst qüvvələrin təhriki və dəstəyi ilə bö­yük informasiya savaşı başladıldı. Ölkəmizə, xalqımıza qarşı, necə deyərlər, informasiya blokadası tətbiq edildi.

Azərbaycan həqiqətlərinə, Qarabağın əsl gerçəkliklərinə göz yumuldu. Fitnəkar ermənilərin, qəsbkar Ermənistanın mənafeyindən çıxış edildi, həqiqətin ağzına daş basıldı. Söz, mətbuat azadlığının, obyektivliyin, tərəfsizliyin bircə hərfinə belə əməl olunmadı, onun bütün parametləri yerlə-yeksan edildi. Xüsusilə, SSRİ-nin mərkəzi televiziyasında ermənipərəst Borovikin “Pozisiya” (“Mövqe”) proqramında yayım­lanan fitnəkar verilişdən sonra başlanan məkrli ssenari, infor­masiya savaşı nəticə etibarı ilə Azərbaycanın haqq mübarizəsini daha çətinləşdirdi. Qarabağ münaqişəsinin ədalətli həllini tapmasında informasiya işinə ciddi maneələr, çətinliklər yaradıldı. Azərbaycan həm hərb, diploma­tiya səngəri ilə yanaşı, informa­siya səngərində də döyüşməli, mübarizə aparmalı oldu. Bu istiqamətdə uzun, yorucu, ağrılı bir mərhələ yaşandı.

Hər nə qədər çətin və üzücü olsa da, Azərbaycan bu səngərdə də, nəhayət, öz sözünü deyə, maneələri, əngəlləri dəf edə, aşa bildi. Çətinliklə olsa da, ölkəmiz informasiya blokadasını yarmağa, dünya miqyasında əsl həqiqətləri ortaya qoymağa və onun xeyli dərəcədə etiraf edilməsinə nail ola bildi. Xüsusilə , 44 günlük Vətən müharibəsində bu istiqamətdə önəmli addımlar atıldı. Çünki hərb, diplomatiya səngərində uduzanlar artıq bütün güclərini informasiya, qaralama, şər-böhtan kampaniya­sına yönəltmişdilər.

Onlar bununla Azərbaycanı öz yolundan, haqq mübarizəsindən çəkindirməyə çalışır və öz istəklərinə, planlarına nail ola biləcəklərini düşünürdülər. Reallıqlar bir tərəfdə qaldı, yalan, böhtan, qarayaxma yenə at oy­natdı. Ancaq qətiyyətli və müdrik Azərbaycan lideri cənab İlham Əliyev burada da öz sözünü deyə bildi, Qarabağ həqiqətlərini məhz həmin kampaniya aparanların öz dili ilə etiraf etdirməyə nail oldu.

Azərbaycan rəhbəri İlham Əliyev 44 gün ərzində dünyanın tanınmış, nüfuzlu, reytinqli media qurumlarına – telekanallara, xəbər agentliklərinə, qəzetlərə 30-dək müsahibə verdi, dövlət başçımıza üst-üstə 500-dən çox sual ünvan­landı. Həmin müsahibələrin hər biri, eləcə də Prezidentin dünyada geniş əks-səda doğuran xalqa müraciətləri və müxtəlif açıqla­maları uğurlu bir tarix, həm də bizi sevməyənlərin, haqq işimizi saxtalaşdıranların möhtəşəm ifşa­sı oldu. Bəlkə də, dünya tarixində belə bir hadisəyə, analoji fakta rast gəlinməmişdi ki, müharibə aparan ölkənin rəhbəri qısa dövr ərzində bu qədər müsahibə, açıq­lama vermiş olsun. Özü də səbrlə, son dərəcə soyuqqanlılıqla, usta­lıqla. Bunun özü də bir ilk idi, bir tarixi, nadir hadisə, Azərbaycanın daha bir uğuru idi.

Qarabağ münaqişəsi baş­layan gündən, xüsusilə, bu ilin iyul – Tovuz hadisələri və Vətən müharibəsi dövründə daim yanımızda olan, hər zaman öz dəstəyini hiss etdirən qardaş və dost Türkiyənin, demək olar ki, əksər telekanallarına, media qurumlarına, o cümlədən, ABŞ-ın, Rusiyanın, Fransanın, Alma­niyanın, İngiltərənin İtaliyanın, İspaniyanın, Qətərin, Yaponiyanın və digər ölkələrin kütləvi yayım vasitələrinə Azərbaycan rəhbərinin verdiyi tarixi müsahibələr Ordumu­zun 44 günlük Zəfər yürüşündə öz sözünü dedi, tarixi rolunu oynadı.

Azərbaycan reallıqlarına, Qa­rabağ gerçəkliklərinə bilərəkdən və ya bilməyərəkdən göz yuman­lar əsl həqiqətin necə və nədən ibarət olduğunu bir daha öz gözləri ilə gördülər, anlamağa məcbur oldular. Ələlxüsus da, Rusiya ka­nallarından birinin təşkil etdiyi tele­debatda Azərbaycan Prezidentinin Ermənistanın bədnam və kəmağıl baş nazirini, sözün əsl mənasında, seytnot, nokaut vəziyyətinə salma­sı informasiya blokadasının alt-üst edilməsində və münaqişənin gedi­şatında öz rolunu oynamış oldu.

Bu informasiya qələbəsi, çox güman ki, hələ uzun illər yaddaş­lardan, hafizələrdən silinməyəcək, düşmənlər hələ uzun dönəm bunun ağrısı və acısını, utancını yaşayacaqlar. Həmin müsahibə ilə Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin dərin zəkalı, aydın baxışlı dövlət və siyasət xa­dimi olduğunu dünyaya göstərdi. O, sübut etdi ki, kim siyasətdə, idarəçilikdə yetkin və məharətlidir– kim təsadüfi və naşıdır.

Deyilənlərin əyani sübutu olaraq, dövlət başçımızın ABŞ-ın nüfuzlu “Fox News” televiziya kanalına müsahibəsindən bir parçaya nəzər salaq:

“– Cənab Prezident, 1994-cü ildə Siz müharibədə məğlub oldu­nuz. İndi 2020-ci ildə isə Siz qalib gəlmək üçün müharibəyə yenidən başlamaq istəyirsiniz.

– Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduz­muşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi.

– Lakin mənim sualım odur ki, niyə 2020-ci ildə Siz müharibəyə yenidən başlamaq istəyirsiniz? 20 il idi ki, sakitlik idi.

– İkincisi, bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdir. Biz müharibəyə baş­lamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşa­yacaqlar”.

Bəli, bəzi aparıcıların su­allarından, davranışlarından açıq-aşkar Azərbaycana qarşı kin-küdurət, qərəz, erməni yalan­larına aludəçilik hiss olunurdu. Müxbir-aparıcı, sanki, öz peşəsini unutmuşdu, elə bil, müstəntiq, prokuror, hakim rolunda çıxış edirdi. Ancaq Azərbaycan Prezi­denti təmkinli, müdrik və soyuq­qanlı şəkildə hər bir sualı usta­lıqla, sərrast və iti arqumentlərlə, peşəkarlıqla cavablandırır, aparıcı­nı hər dəfə pərt vəziyyətə salırdı. Bu idi İlham Əliyev fərqliliyi, bu idi İlham Əliyev ustalığı, bu idi İlham Əliyev istedadı.

Türkiyənin media qurumlarının o günlərdə Azərbaycana birmənalı dəstəyi, daim yanımızda dayan­ması, operativliyi, obyektivliyi peşəkarlığı, xalqımızın 33 illik Qa­rabağ savaşı və Vətən müharibəsi həqiqətlərini dünyaya yayması isə bir daha “iki dövlət – bir millət” olmanın əyani ifadəsinə, dostluq və qardaşlığımızın təzahürünə, birlik və bərabərliyimizin təntənəsinə çevrildi.

Bir neçə dəfə erməni vandalizminə, düşmənin raket zərbələrinə məruz qalan, qəddarlıq dramları səhnələrinə çevrilən Gəncədən, Bərdədən, Tərtərdən, Naftalandan və digər bölgələrdən yayımlanan birbaşa, canlı reportajlar Azərbaycanın tək, yalnız buraxılmadığının, əsl həqiqətlərin kimin tərəfində olma­sının dünyaya nümayişi oldu.

(Davamı var)

Ziyad SƏMƏDZADƏ,

Milli Məclisin deputatı, akademik

Etikxeber.az

Read Previous

59 yaşını Zəfərlə başa vuran-XALQININ QALİB, ZƏFƏR YAZAN OĞLU – JALƏ ƏLİYEVA YAZIR

Read Next

“Bu mənəvi bağlılıqdan qürur duyur və Azərbaycanın işıqlı gələcəyinə inanırıq”-JALƏ ƏLİYEVA ALİ BAŞ KOMANDANI TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir