“Möminin öz yolu var, ateistin öz yolu, Qərbin öz yolu, Şərqin öz yolu…” – DEPUTAT YAZDI

Hər dəfə yol haqqında düşünəndə özümdən asılı olmayaraq qəlbimi qəribə bir əsrar bürüyür.

Uzaq-yaxın, rahat-nahamar, geniş-ensiz fərq etməz, üzərində insan ayağının izi, həyat nişanəsi olan istənilən yol mənim üçün dünyanın ən əsrarəngiz mənzərəsidir.

Uca bir dağ yamacının belində gümüş kəmər kimi sallanıb gedən yollara baxdıqca baxaram, meşənin lal sükutunun içindən keçən yollarda saatlarla dolaşsam, usanmaram…

Çünki bu mənzərədən ruhum rahatlıq tapır, cismimə qəribə bir təpər gəlir…

Bunun əksinə, ot basmış bir cığır, aylardır kimsənin ayağının dəymədiyi, ilk baxışdan görünən hansısa bir yol mənim üçün dünyanın qopduğu yerdir…

Bir vaxtlar qonaq olub ömrümə xoş günlər yazdığım, indi düşmən işğalında qalan yurdlarımızı da qəribədir ki, o yerlərin yaddaşımdakı bütün xatirələrindən əzəl məhz yolları ilə yada salıram…

İllərdir ayrı düşdüyümüz o yolları, cığırları indi dağılıb-tökülmüş, kol-kos basmış, qüssəli bir sükuta dalmış halda təsəvvür etmək adama çox acı verir…

huseynnnnnn

Amma onu da bilirəm ki, bu həsrəti yenə yollar bitirəcək. Bizi o qərib yurdlarımızla yollar qovuşduracaq. Düşmən tapdağından azad olunmuş torpaqlarımıza doğru böyük qayıdış yollardan başlanacaq…

Yolun həyatımda bu qədər böyük yer tutmasının, həyatımın bir parçasına çevrilməsinin hikmətini indiyə qədər özüm üçün ayırd edə bilməmişəm. Görünür, yola bu qədər vurğunluq onun mənəvi aləmimizdəki önəmindən irəli gəlir.

Və bu, təkcə məndə belə deyil…

Yol ən azı mədəniyyət faktı kimi, olsun ki, başqa xalqların da fikir dünyasında əhəmiyyətli yer tutur. Amma bizim üçün yol mədəniyyətin də ötəsindədir. At belində yaşanıb, dərələrdən sel kimi, təpələrdən yel kimi ötmüş keçmişimiz yolu bizim üçün ən müqəddəs dəyərlərlə eyni sırada qərarlaşdırıb.

Yol bizlər üçün taledir, iqbaldır, başa varan bütün arzularla birgə, yarıda qırılan niyyətlərlə bahəm, bütün yaşananlarla, itki və ümidlərlə baş-başa elə həyatın özüdür…

Daha yaxşı həyat, daha firavan gələcək soraqlı arzularımızla günlərin birində Yola düzəlirik… Uzaq-uzaq ellərin qəribliyində olan doğmalarımızın Yolunu gözləyirik…

Yol yuxularımızın çin olduğu yerlərə aparır, Yol xəyallarımızın gerçəkliyə çevrildiyi məqamlara gətirib çıxarır…

***

Xoş niyyətlə qapımıza qonaq gələn qonağın yolda pişvazına çıxmışıq. Bəd niyyətlə üstümüzə yeriyən yağının hücumlarını yolda dəf etməyə can atmışıq.

Ən xoş alqışımızı “yolun açıq olsun!” diləyi ilə dilə gətirmişik. Ən kəskin nifrətimizi düşmənə “yolun bağlansın” kəlmələri ilə çatdırmaq istəmişik. Yolda bərkimişik, yolda bərkə-boşa düşmüşük. Dostumuzu da, düşmənimizi də yolda tanımışıq.

Həyatın bütün sınaqlarına rəğmən ömrün ən çətin dolanbaclarında bir hovur nəfəsimizi dərib yenidən yolumuza davam etmişik və yolun davam etməsi bizim üçün həyatın da davam etməsi anlamına gəlib həmişə…

Bu sətirləri yaza-yaza böyük türk ozanı Aşıq Veysəlin məşhur sənətçilərin ifalarından bu gün də dillər əzbəri olan şah beytini xatırlayıram:

Uzun, incə bir yoldayım,

Gidiyorum gündüz-gecə…”

Bəli, həyat dediyimiz uzun, incə bir yoldur. Hər açılan səhərimiz, hər batan günümüz bu yolun davamına doğru daha bir addımımızdır. Yol bizi ömrün əvvəlindən sonuna, qədim dastanlarımızda ərz edildiyi sayaq, kandan məkana doğru aparır.

Xəstə Qasımın “Gələn bəzirgandır, gedən xocadır” hikmətində ifadə olunduğu kimi, hər insan yolun başlanğıcında həyatdan öyrəndikcə öyrənməyə, onun dərslərindən görüb götürüb irfan yükünü tutmağa möhtac bəzirgandır…

Yolun sonuna doğru kamillik yükündən qəddi əyilmiş xoca sifətində addımlamaq isə çox az adama nəsib olar…

Yol keçmişdir, bu gündür, gələcəkdir…

Möminin öz yolu var, ateistin öz yolu, Qərbin öz yolu, Şərqin öz yolu, həyatın fərqli suallarına cavablarından, dünyaya fərqli baxışlarından, qurduğu yaşayış sistemlərindən asılı olaraq hərənin öz səmti…

Amma bütün yolayrıclarına rəğmən Tanrının bütün bəndələr üçün müəyyənləşdirdiyi bir Haqq yolu da var.

Yol haqqında düşüncələrim hələ burada bitmədi…

Hüseynbala MİRƏLƏMOV,

Millət vəkili, yazıçı

Etikxeber.az

Read Previous

Bədii gimnastika üzrə 37-ci dünya çempionatı başa çatdı – BAĞLANIŞ MƏRASİMİ KEÇİRİLDİ – YENİLƏNİB

Read Next

“Liverpul” “Çelsi”yə qalib gəldi – DİGƏR OYUNLAR – NƏTİCƏLƏR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir