“Moskva təması və imzalanan bəyanat sual doğuran məsələlərə aydınlıq gətirilməsi və şərh verilməsi üçün yaxşı imkan oldu”-BƏHRUZ MƏHƏRRƏMOV BELƏ HESAB EDİR

11 yanvar Moskva görüşü və ardınca imzalanan üçtərəfli bəyanat ətrafında müzakirələr səngimir və bu da çox normalıdır.

Bəs bu danışıqların və imzalanan sənədin hansı əhəmiyyəti var və ümumilikdə proseslərin gedişatına yaxşı mənada təsir edəcəkmi?

Şəxsən mən bu qənaətdəyəm ki, bu görüş və imzalanan sənəd post müharibə dövrü fəaliyyət üçün ciddi hüquqi yükə və müstəsna əhəmiyyətə malikdir.

Bunu da bir neçə məqamla əlaqələndirmək olar.

İlk olaraq ondan başlamalıyıq ki, istənilən qələbənin effektiv tamlığı və davamlılığı üçün nəticələrin beynəlxalq səviyyədə tanınması, habelə müharibəyə səbəb olan şəraitin aradan qalxmasının tərəflərin qəbullanması zərurətdir.

Bu mənada, Vətən müharibəsində zəfərimizdən və ərazilərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin prespektivi üzrə həllyönümlü istənilən təmas müsbət qiymətləndirilməlidir. Biz qisasımızı döyüş meydanında misli ilə alıb, tarixi dərs verərək düşməni yerində oturtmuşuq.

Hazırda isə əsas vəzifəmiz zəfərimizin nəticələrinin davamlılığını təmin etmək, eyni zamanda artıq başa çatmış münaqişənin yenidən alovlanmasına yol verməməkdir. Təbii ki, əgər proses yenidən alovlanarsa, Ermənistanı nə gözləyəcəyi heç kəsə, hətta ən yaxın müttəfiqlərinə belə sirr deyil.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycan bölgədə ən qısa zamanda sülhün, stabilliyin bərpasının, əməkdaşlıq platformasının yaradılmasının tərəfdarıdır. Prezident İlham Əliyevin də dediyi kimi, imzalanan bəyanat məhz Azərbaycanın bu niyyətindən xəbər verir və bu mənada konseptual yanaşsaq, Moskva görüşü Azərbaycanın indiki və gələcək maraqlarına tam şəkildə cavab verir.

İkinci vacib məqam, bu Moskva görüşünün nəticəsi kimi, regional kommunikasiya xətlərinin açılması istiqamətində planlardan sistemli fəaliyyətə keçid üçün real zəmin hazırlanması ilə bağlıdır. Məlumdur ki, 10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, tərəflər bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməyə ilkin razılıq verib.

Real fəaliyyətə gəldikdə isə, məhz 11 yanvar bəyanatı kommunikasiya xəttlərinin açılması və bu istiqamətdə işçi qrupun və ekspert yarımqrupun formalaşdırılması, habelə nəqliyyat dəhlizləri və digər iqtisadi səciyyəli addımlar üzrə fəaliyyət-təqvim planının müəyyən edilməsi prosesin münaqişədən – regional əməkdaşlıq platformasına doğru inkişafı deməkdir.

Sirr deyil ki, paytaxt İrəvan da daxil olmaqla müasir Ermənistan dövləti 102 il əvvəl tarixi Azərbaycan torpaqlarında yaranıb, lakin bu fakt reallığı dəyişdirmir ki, mövcud sərhədlər artıq beynəlxalq səviyyədə tanınır və biz istəsək də, istəməsək də ermənilərlə eyni regionda – Cənubi Qafqazda qonşu kimi yaşamağa məcburuq.

Bu mənada qonşular arasında stabil münasibətlərin əsasında siyasi ideyalar yox, iqtisadi platforma və kommunikasiya bazisi dayananda sülh və stabillik daha dayanıqlı olur. Bu baxımdan, Moskva görüşünün digər əhəmiyyətli nəticəsi ondan ibarətdir ki, imzalanan yekun sənəd bölgədə təhlükəsizlik anlayışına yeni baxış bucağı müəyyən edəcək.

Cənab İlham Əliyevin də dediyi kimi, bəyanat əsasında nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması bölgənin inkişafına böyük dinamizm verə bilməklə yanaşı təhlükəsizliyi gücləndirə biləcək bir sahədir. Bu mənada iqtisadi, siyasi və sosial problemlər içində boğulan Ermənistanın özünün də məsələyə yanaşması dəyişəcəyi şübhəsizdir.

Prosesin digər diqqətəlayiq cəhəti ondan ibarətdir ki, rəsmi Bakı Naxçıvanla quru əlaqəsinin bərpa olunması prosesinin reallaşması istiqamətində İrəvanda və bəzi qonşu dövlətlərdə səsləndirilən əks düşüncələrin və aparılan yersiz təbliğatın üzərindən xətt çəkməklə son söz haqqının qalib kimi Azərbaycanda olduğunu ortaya qoya bildi. Bununla Prezident İlham Əliyev münaqişənin yekunu olaraq nəinki bizim, ümumilikdə türk dünyasının tarixində həlledici rola və prespektivə malik olan əhəmiyyətli bir nəticəni rallaşdırmış olacaq.

Moskva görüşü ilə əldə olunacaq nəticələrdən biri də icrasına başlanacaq real fəaliyyət planın Ermənistan ictimaiyyətinə təsiri ilə bağlıdır. İşçi qrupun fəaliyyəti, təmasların artması, nəqliyyat kommunikasiya xətlərinin bərpası erməni insanın sözün əsl mənasında gözünün açılmasına, 30 il ərzində Ermənistanda mövcud olan sistemin – xüsusən, Koçaryan-Sarkisyan cütlüyünün hansı prinsiplər əsasında fəaliyyət göstərdiyini anlamağa, Azərbaycan və Ermənistan arasında real fərqi təhlil etməyə imkan verəcək ki, bu da istər xunta rejiminin, istərsə də psevdomillətçilərin və diaspora fəallarının revanşist ideoloqlarının heç şübhəsiz ki, ən arzu etmədiyi nüanslardan biridir və onların fiaskosu demək olacaq.

Moskva görüşü həmçinin 44 günlük müharibədən sonra qalib və məğlubun siyasi arenada qarşılaşması, nəticələrin dünyaya rəsmən elan edilməsi idi. Təsadüfi deyil ki, ötən ilin noyabr ayından etibarən liderlər arasında nümayişkəranə təmasın olmaması, aralarında Avropa dövlətləri də olmaqla, bəzi qüvvələrin münaqişənin yenidən başlanması və Prezident Əliyevin darmadağın etdiyi keçmiş status-kvonun bərpası istiqamətində ümidlərinin yaranmasına və stabilliyin pozulmasını hədəfləyən cəhdlərinə səbəb olurdu.

11 yanvar bəyanatı ilə Ermənistan təslimçi şərtlərlə barışaraq bu istiqamətdə müzakirələrə və real fəaliyyətə isti yanaşdığını nümayiş etdirməklə, münaqişənin keçmişdə qaldığını, həmçinin məğlubiyyətini etiraf etmiş oldu və bununla da digər qüvvələrə də vəziyyətin gedişatı əməli olaraq anladıldı.

Moskva görüşü və imzalanan bəyanatın digər mühüm əhəmiyyəti aydınlaşdırıcı xarakteri ilə bağlıdır. Məlumdur ki, 10 noyabr bəyanatının bəzi müddəaları konseptual məzmun daşıdığı üçün müxtəlif yozumlara səbəb olurdu.

Azərbaycanda ayrı-ayrı siyasi qüvvələr, habelə, Ermənistanın hakimiyyət nümayəndələri ictimai rəyə təsir etmək üçün fərqli şərhlər verərərək bəyanat ətrafında məqsədli manevrlər edirdilər.

Əlbəttə, mükəmməl sənəd yoxdur və hətta dünyada normativ hüquqi aktların ən mükəmməli hesab edilən konstitusiyaların və beynəlxlaq mexanizmlərin özündə belə peşəkar hüquqşünaslar tərəfindən mübahisələndirilən müddəalar kifayət qədərdir.

Bu mənada 10 noyabr bəyanatının da şərhə və izaha ehtiyac duyulan nüansları var idi ki, məhz Moskva təması və imzalanan bəyanat sual doğuran məsələlərə aydınlıq gətirilməsi və şərh verilməsi üçün yaxşı imkan oldu.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı

Etikxeber.az

Read Previous

“Hayati bəy Azərbaycana, xalqımıza böyük sevgisi olan insanlardandır…Bunu onunla söhbətimiz zamanı bir daha hiss etdim, hər kəlməsində Azərbaycana isti münasibət, qardaş sevgisi duyulurdu…”-MİLLƏT VƏKİLİ – (ÖZƏL)

Read Next

Mehriban Əliyevanın tapşırığına əsasən Zəfər muzeyinin məzmununun hazırlanması Mədəniyyət Nazirliyinə-HƏVALƏ OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir