MSK-nın iclası-30, 47 VƏ 90-CI DAİRƏLƏRDƏ BİR NEÇƏ MƏNTƏQƏNİN NƏTİCƏSİ LƏĞV EDİLDİ, MSK SƏDRİ BƏZİ İDDİALARLA RAZILAŞMADI… – YENİLƏNİB – (11)

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb və komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə(MM) seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır. 

Etikxeber.az-ın məlumatına görə, iclası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıq elan edib.

O, qeyd edib ki,  komissiya tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

***

MSK katibi Arifə Muxtarova bildirib ki, 56 saylı Xaçmaz kənd və 62 saylı Saatlı seçki dairələri üzrə daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulan vaxtlarda təqdim edilməyib.

Həmçinin, 92 saylı Ucar-Zərdab Seçki Dairəsi üzrə də daxil olan müraciət vaxtında təqdim olunmayıb.

Buna görə də şikayətlərin geri qaytarılması qərara alınıb.

***

İclasda 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən qeydə alınan namizəd Samirə Rufullayevanın şikayətinə baxılıb.

MSK üzvü İlham Məmmədov bildirib ki, seçki məntəqələrinin bəzilərində qanun pozuntularını təsdiq edən videgörüntülər var: “Araşdırma zamanı namizədin mübahisələndirdiyi bəzi seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində iddia edilən qanun pozuntuları təsdiqini tapmayıb. 12, 14, 16 və 18 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlandığından bu məntəqələrdə səsvermənin nəticəsinin etibarsız sayılması qənaətinə gəlinib”.

İ. Məmmədov qeyd edib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər də araşdırılıb: “Görüntülərdə mənfi hallarla yanaşı, məntəqə seçki komissiyalarının müsbət fəaliyyətini də müşahidə etmişik”.

MSK şikayəti müzakirə edib və qismən təmin edilməsinə qərar verib.

Qərarda 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilib.

Qeyd edək ki, MSK həmin dairədən millət vəkili Sevinc Fətəliyevanı qalib elan edib.

***

Videogörüntülərə baxıldıqdan sonra 1 saylı seçki məntəqəsində də səsvermənin nəticələrinin etibarsız sayılması səs qoyulub, bu məntəqədə də səsvermənin nəticələrinin ləğv edilməsinə qərar verilib.

***

İclasda 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsindən daxil olmuş müraciətlərə baxılıb.

İclasda müraciətlərin araşdırılması üçün DSK-ya göndərilməsinə qərar verilib.

Qeyd edək ki, həmin dairənin qalibi millət vəkili Naqif Həmzəyevdir.

***

“Məntəqə sədri protokolları elə həmin məntəqədə namizədlərə verilməlidir”.

Bunu clasda MSK sədri Məzahir Pənahov deyib.

Bildirib ki, protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunmalıdır.

Onun sözlərinə görə, protokolların verilməməsi qanun pozuntusudur.

***

“MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür”.

Bunu da MSK sədri deyib.

MSK sədri bildirib ki, seçkilərlə bağlı müraciətlərin poçt tərəfindən qəsdən gecikdirilməsi ilə bağlı yayılan iddiaların heç bir əsası yoxdur:

“Müraciətlərə baxılan zaman müraciətin poçta təqdim olunduğu tarix əsas götürülür. Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunu hansısa məqsədlər üçün edir”.

***

İclasda 47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Qurbanəli Yusibov və İbrahim Salamovun şikayətinə baxılıb.

MSK-nın üzvü Bəxşeyiş Əsgərov bildirib ki, şikayətçilər öz müraciətlərində təqdim etdikləri 3 videogörüntü ilə 14 seçki məntəqəsinin nəticələrini mübahisələndirib:

“Araşdırma nəticəsi olaraq yalnız 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Digər seçki məntəqələrində isə müraciət edənlərin iddiaları əksini tapmayıb”.

MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul edilib. Qərarda 9, 17, 21 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.

***

 İclasda 51 saylı Qusar Seçki Dairəsi üzrə daxil olmuş şikayət və müraciətlərə də baxılıb.

İclasda daxil olmuş şikayət və müraciətlərin araşdırılması üçün müvafiq DSK-ya göndərilməsinə qərar verilib.

***

 İclasda həmçinin, 90 saylı Ağdaş Seçki Dairəsindən namizədliyi qeydə alınan Səidə Cəbrayılovanın şikayətinə baxılıb.

MSK üzvü Qabil Orucov bildirib ki, araşdırma ilə əlaqədar müvafiq DSK-dan materiallar alınıb və araşdırma materiallarına əlavə edilib: “Araşdırma zamanı məlum olub ki, 6 və 7 saylı seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində qanunun tələbləri pozulmayıb. Namizəd tərəfindən təqdim edilən videogörüntülərdə seçicilərin iradəsini əks etdirməyən faktlar aşkar edilməyib. 6 və 7 saylı seçki məntəqələrində isə seçki qanunvericiliyinin tələblərinə cavab verməyən addımlar atılıb. Buna görə də təklif edirəm ki, həmin məntəqələrdə səsvermənin nəticələri ləğv edilsin”.

Müraciət MSK-nın iclasında müzakirəyə çıxarılıb, 6 və 7 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı qərar qəbul edilib.

***

“MSK-nın şikayətlərə baxmaması ilə bağlı iddialar gülməlidir”.

Bunu da öz növbəsində M. Pənahov deyib.

MSK sədri bildirib ki, bu onlar üçün qeyri-adi iraddır: “MSK daxil olan bütün şikayətlərə baxmaqda maraqlıdır”.

***

İclasda daha iki Seçki Dairəsindən daxil olmuş müraciətlərə baxılıb.

Belə ki, 97 saylı Goranboy-Ağdam-Tərtər və 108 saylı Ağstafa Seçki dairələrindən daxil olmuş müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsinə qərar verilib.

***

İclasda öz təşəbbüsü ilə qeydiyyatdan keçmiş müşahidəçi Tural Cavadzadənin şikayətinə baxılıb.

Şikayət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

Onun sözlərinə görə, müşahidəçi şikayətində qeyd edib ki, 21 saylı Nəsimi birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsində seçki qanunvericiliyinin pozulması halları baş verib. O, müşahidə etdiyi məntəqədə pozuntuların olduğunu iddia edərək bu məntəqədə səsvermənin nəticələrinin ləğvini tələb edib.

R.İbrahimov bildirib ki, araşdırmalar nəticəsində müşahidəçinin iddialarının əsassız olduğu aydınlaşıb. Müəyyən olunub ki, həmin məntəqədə müşahidə aparan müxtəlif partiyaların müşahidəçiləri məntəqədə qeyd edilən pozuntuların olmadığını diqqətə çatdırıblar.

MSK üzvü təklif edib ki, T. Cavadzadənin iddiaları əsassız olduğundan təmin edilməsin.

Təklif səs qoyulub və qəbul edilib.

Qeyd edək ki, 21 saylı Nəsimi Seçki Dairəsinin lider namizədi Məlahət İbrahimqızıdır. 

Etikxeber.az

Read Previous

“Məzahir müəllimi də dəvət edirik, gəlib ləzzət alsın…” – BƏZİ DEPUTATLIĞA NAMİZƏDLƏR MSK QARŞISINDA “YALLI” GETDİLƏR…

Read Next

İlham Əliyev və Mehriban Əliyeva İtaliyaya-SƏFƏR ETDİLƏR… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir