İntizam Komissiyasının tərkibi genişləndirilsin – VAHİD ƏHMƏDOV- YENİLƏNİB (1)

Parlamentin dekabrın 15-də  keçirilən plenar iclasında Seçki Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ümumilikdə məcəlləyə 55 dəyişiklik təklif edilib.  Komitə sədri qeyd edib ki, dəyişikliklərin bir qismi son referendumda Konstitusiyaya edilən dəyişikliklərlə əlaqədardır. Komitə sədri eyni zamanda bildirib ki, məcəllədə 162, 164, 195 və 197-ci maddələrin ləğv edilməsi pulsuz efir vaxtının ləğv edilməsi demək deyil: “Seçkilərdə namizədlər üçün pulsuz efir vaxtı qüvvədə qalır”.

Ə. Hüseynli eyni zamanda, Seçki Məcəlləsinə təklif olunan dəyişikliklərdə etik davranış qaydasını kobud pozmasına və səsvermə hüququnu başqasına verməsinə görə deputatın mandatının ləğv olunması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına(MSK) verilməsini şərh edib. Ə. Hüseynli bildirib ki, artıq Konstitusiyanın müvafiq 89-cu maddəsində MSK-nın bu kimi funksiyası var: “Məsələn 89-cu maddənin 4-cü bəndində deputat fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verildikdə mandatdan məhrum etmə funksiyası MSK-ya aiddir. Ona görə də müvafiq olaraq Konstitusiyanın 6-ci və 7-ci maddələrindəki hallarda da – deputatın etik davranış qaydalarını kobud şəkildə pozması və səsvermə hüququnu başqasına verməsi hallarında da MSK-nın mandatdan məhrum etmə funksiyası olacaq”. Komitə sədri onu da bildirib ki, deputatın mandatdan məhrum edilməsi barədə qərar qəbul olunubsa, ancaq qərar qüvvəyə minməyibsə, həmin dairədə seçki elan oluna bilməz.

Qeyd edək ki, layihəyə əsasən Seçki Məcəlləsinin 175-ci (MM-in deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr təklif edilir. Maddənin 3-cü bəndində bildirilir ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2, 4 və 5-ci bəndləri ilə yanaşı, 6-cı və 7-ci bəndlərində də göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar MSK tərəfindən qəbul ediləcək. Deputat MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

siyavush

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Seçki Məcəlləsinə edilən dəyişikliklərlə bağlı bəzi şəxslərin növbədənkənar seçkinin keçiriləcəyi barədə məlumatlar yayaraq, vətəndaşları çaşdırdığını bildirib. “Amerikada yaşayan Sevinc Osmanqızı şayiə yayır ki, Azərbaycanda mart ayının ortalarında prezident seçkiləri keçiriləcək və Milli Məclis bu məsələni müzakirəyə çıxarır. Bu, sırf təxribatdır və o, təxribatla məşğuldur. Qanunda göstərilib ki, prezident seçkiləri fəaliyyətdə olan prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra, oktyabr ayının üçüncü həftəsinin üçüncü günündə keçirilir. Burada hər hansı fövqəladə hal, hadisə baş verməyib. Götürün Konstitusiyanı, Seçki Məcəlləsini oxuyun. Hər fikirdən yeni fikir çıxarırlar və biz də bütün fəaliyyətimizi təkzib verməyə həsr edirik”– deyə, S. Novruzov bildirib.

***

vahid-1

Millət vəkili Vahid Əhmədov isə təklif edib ki, MM-in İntizam Komissiyasının tərkibi genişləndirilsin. 

O, qeyd edib ki, Komissiyanın tərkibinə ləyaqətli insanlar qəbul edilsin:

“Çünki onlar öz həmkarlarının taleyi ilə bağlı qərar qəbul edəcəklər. Əvvəllər isə deputatı mandatdan Mərkəzi Seçki Komissiyası məhrum edirdi. Ümumilikdə isə Seçki Məcəlləsinə edilən dəyişiklik mütərəqqi dəyişikliklərdir”. 

***

zahid-2

Millət vəkili Zahid Oruc öz növbəsində Seçki Məcəlləsinə təklif olunan bəzi dəyişikliklərə etiraz edib.

O, eyni zamanda bəzi deputatları öz həmkarlarına qarşı diqqətli olmağa səsləyib:

“Buradakı millət vəkillərinin böyük əksəriyyəti kifayət qədər təcrübəsi olan insanlardır. Ona görə də fikir səsləndirərkən kifayət qədər diqqətli və korrek olmaq lazımdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Elə bələdiyyələr var ki, bəlkə də 200 manat vəsait almayıb…” – DEPUTAT – YENİLƏNİB

Read Next

Yeni tikilən binalardan mənzil almaq üçün yeni qaydalar tətbiq ediləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir