MSK-nın yeni iclası: “91”-DƏ 2, “81” VƏ “22”-DƏ 4 MƏNTƏQƏNİN NƏTİCƏSİ LƏĞV EDİLDİ, MSK SƏDRİ İTTİHAMLARLA RAZILAŞMADI, BU DƏFƏ “32”-YƏ DƏYİLMƏDİ… – YENİLƏNİB – (14)

Məzahir PƏNAHOV: “Qərar qəbul edilibsə və şikayətçi qərardan narazıdırsa, məhkəməyə müraciət edə bilər. Bütün namizədlərin MSK-nın qərarından məhkəməyə şikayət etmək hüququ var…”

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Etikxeber.az  xəbər verir ki, iclasda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə (MM) keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

***

Müraciətlər haqqında ilk olaraq, MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK katibi bildirib ki, 91 saylı Ucar Seçki Dairəsindən qeydə alınmış namizəd Əbil Məmmədov şikayət ünvanlayıb:

“Əbil Məmmədov məntəqələrdə pozuntuların olduğunu iddia edərək, dairə üzrə nəticələrin ləğvini tələb edib”.

A.Muxtarovanın sözlərinə görə, araşdırma zamanı həmin dairənin 18 və 38 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkarlanıb. MSK-nın ekspert qrupunun rəyi əsasında qərara alınıb ki, 91 saylı Ucar Seçki Dairəsinin adıçəkilən iki məntəqəsinin nəticələri etibarsız sayılsın.

Qeyd edək ki, həmin dairənin lider namizədi Ramil Həsəndir. 

***

“Mərkəzi Seçki Komissiyasına şikayət verilib, baxılmayıb” iddiası bizim üçün ən böyük ittihamdır”.

Bu sözləri MSK sədri Məzahir Pənahov deyib.

M. Pənahov qeyd edib ki, komissiyada baxılmayan şikayət qala bilməz.

***

İclasda 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən qeydə alınan namizəd Aygün Süleymanlının (Muradxanlı) müraciətinə baxılıb. 

MSK-nın üzvü İlham Məmmədov bildirib ki, müraciət ekspert qrupu tərəfindən araşdırılıb: “Araşdırma ilə əlaqədar müvafiq Dairə Seçki Komissiyasından alınan sənədlər də araşdırma materiallarına əlavə edilib. İddiaçı öz müraciətində səsvermə günü Seçki Dairəsi üzrə bütün məntəqələrdə qanun pozuntularının olduğunu bildirib, buna görə də səsvermənin nəticələrinin ləğvini istəyib. Lakin araşdırma zamanı müraciətdə göstərilən hallar təsdiqini tapmayıb. Təklif edirəm ki, Aygün Süleymanlının müraciəti təmin edilməsin”.

MSK müraciəti müzakirəyə çıxarıb və A. Süleymanlının müraciəti təmin edilməyib.

***

İclasda 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən daxil olan şikayətə baxılıb.

Bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O, qeyd edib ki, müraciət edən namizəd Elçin Baxışov həmin dairədən 1-dən 31-ə kimi bütün seçki məntəqələrində pozuntuların olduğunu iddia edib.

İ.Məmmədovun sözlərinə görə, namizəd nəticələrin ləğv edilməsini tələb edib.

MSK-nın ekspert qrupunun rəyi əsasında E.Baxışovun şikayəti təmin olunmayıb. 

Qeyd edilib ki, namizədin iddia etdiyi məntəqələrdən bir neçəsi əvvəlki iclaslarda ləğv edilib.

Xatırladaq ki, 9 fevral parlament seçkilərinin ilkin nəticələrinə görə, 32 saylı dairədə lider namizəd Afət Həsənovadır.

O, Suraxanı rayon İcra Hakimiyyətinin başçısının müavinidir.

***

İclasda 81 saylı  Beyləqan Seçki Dairəsindən qeydə alınan namizəd Anar Məmmədov və digərlərinin müraciətinə baxılıb.

MSK-nın üzvü İ. Məmmədov bildirib ki, şikayətçilər səsvermə günü pozuntuların olduğunu əsas gətirərək həmin dairənin nəticələrinin ləğvini tələb edib:

“Araşdırma zamanı şikayətçinin təqdim etdiyi 5 protokoldan yalnız 31 saylı məntəqəyə aid olan protokolda uyğunsuzluqlar var. Bu səbəbdən həmin məntəqənin nəticələri ləğv edilməlidir”.

MSK sədrinin müavini Rövzət Qasımov isə təklif edib ki, 1, 4 və 6 saylı məntəqədə də pozuntular baş verib, bu məntəqələrdə də səsvermənin nəticələri ləğv olunmalıdır.

MSK 81 saylı Beyləqan Seçki Dairəsinin 1, 4, 6 və 31 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edib.

***

M.Pənahov şikayəti olan namizədlərə müraciət edib.

O, iclasda iştirak edən və MSK-nın qərarından narazılıq ifadə edən namizədlərə münasibət bildirib.

M. Pənahov qeyd edib ki, MSK-nın baxdığı və qərar qəbul etdiyi faktlara, müraciətlərə əlavə şərh verməyə ehtiyac yoxdur:

“Qərar qəbul edilibsə və şikayətçi qərardan narazıdırsa, məhkəməyə müraciət edə bilər. Bütün namizədlərin MSK-nın qərarından məhkəməyə şikayət etmək hüququ var”.

***

“Seçkidən sonra namizədlər öz həqiqətini diqtə etməyə çalışır”.

Bunu isə R. Qasımov deyib.

R. Qasımov bildirib ki, seçki prosesinə subyektiv yanaşır: “Hərənin öz həqiqəti var. Məsələn, bir namizəd hansısa məntəqədən razılığını bildirir, digəri isə həmin məntəqədən narazılıq edir. Bəzən namizədlər subyekti olaraq öz iddialarını diktə etməyə çalışır. MSK bütün müraciətləri ciddi araşdırır və müvafiq qərar qəbul edir”.

***

“Hərbi hissələrdə səsvermə ilə bağlı məsələlərdə dünyanın heç yerində bizim qədər açıqlıq yoxdur”.

Bunu da öz növbəsində M.Pənahov deyib.

MSK sədri bildirib ki, seçicilərin səsini tənzimləmək üçün hər hansı hüquq norması yoxdur: “Seçki Məcəlləsi heç bir məntəqəni fərqləndirmir. Azərbaycanda hərbi hissələrdə səsvermə açıq və şəffaf şəkildə keçir. Səsvermə günü hərbi hissələrdə olan seçki məntəqələrində baş verənlərlə bağlı müxtəlif namizədlər öz narahatlığını ifadə edir. Burada bizim edə biləcəyimiz heç nə yoxdur”.

***

İclasda 21 saylı Nəsimi birinci Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.

Müraciətdə həmin dairədən qeydə alınan namizədlər Fərhad Mehdiyev, Toğrul İsmayılov, Rəşid Həsənovun iddiaları ifadə olunub.

Namizədlər müraciət edərək, bildiriblər ki, seçki dairəsinin bir çox məntəqələrində qanun pozuntuları qeydə alınıb.

MSK-nın araşdırması nəticəsində məlum olub ki, seçki dairəsininin məntəqələrində seçicilərin iradəsinə zidd pozuntuların olduğu təsdiqini tapmayıb.

Beləliklə, ekpert qrupunun rəyi ilə iddiaçıların müraciəti təmin edilməyib.

Qeyd edək ki, 21 saylı Nəsimi birinci Seçki Dairəsindən qalib namizəd Məlahət İbrahimqızıdır.

***

İclasda həmçinin, 60 saylı Salyan Neftçala seçki dairəsindən daxil olan müraciət müzakirəyə çıxarılıb.

MSK-nın ekspert qrupunun ümumi rəyi ilə bu dairədən qeydə alınmış namizəd Aytən Qurbanovanın müraciətinə baxılma vaxtı uzadılıb.

Qeyd edək ki, MSK-ya daxil olmuş müraciətə baxılma müddəti 3 günə qədər uzadıla bilər.

Xatırladaq ki, 60 saylı Seçki Dairəsindən lider namizəd Fəzail Ağamalıdır.

***

 İclasda 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Ülvi Həsənov və Şəhriyar Bayramovun müraciətinə baxılıb.

MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Sosial şəbəkələr, Dairə Seçki Komissiyasından təqdim edilmiş protokollar və müraciətçilərin təqdim etdiyi materiallar. DSK-dan alınan protokolların araşdırması zamanı məlum olub ki, sadəcə 20 saylı seçki məntəqəsində keçirilən səsvermə seçicilərin iradəsini əks etdirmir. Buna görə də təklif edirəm ki, həmin məntəqədə səsvermənin nəticələri ləğv edilsin”.

MSK müraciəti müzakirəyə çıxarıb və 20 saylı seçki məntəqəsində səsvermənin nəticəsini ləğv edib.

***

İclasda  22 saylı Nəsimi İkinci  Seçki Dairəsindən namizədliyi qeydə alınan Vüqar Məmmədovun müraciətinə baxılıb. 

Bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q.Orucov bildirib ki, iddiaçı seçki günü dairə üzrə müxtəlif məntəqələrdə qanun pozuntularının olduğunu iddia edərək, müvafiq tədbirlərin görülməsini xahiş edib:

“İddiaçı 27 məntəqədə səsvermənin nəticələrini mübahisələndirib. Araşdırma zamanı 1, 20, 24 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyən edilib. Təqdim edilən protokolların araşdırılması zamanı isə 11 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Ona görə də təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilsin”.

MSK müraciəti müzakirəyə çıxarıb və 1, 11, 20, 24 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilib.

***

“Növbəti seçkilərdə fəaliyyətində qüsurlar olan dairə seçki komissiyalarının, məntəqə seçki komissiyalarının sədrləri, üzvləri olmayacaqlar”-deyən MSK sədri bildirib ki, fəaliyyətində neqativ hallara yol verən komissiya üzvləri cəzalandırılacaqlar:

“Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq. Buna heç kimin şübhəsi olmasın. Artıq biz bir neçə məntəqə seçki komissiyasının fəaliyyətində baş vermiş pozuntuları araşdırırıq. Onların hər biri ilə bağlı müvafiq qərar qəbul ediləcək”.

***

İclas zamanı 25 saylı Nizami ikinci Seçki Dairəsi üzrə Ramin Əbilovun şikayətinə baxılıb.

MSK katibi A.Muxtarova bildirib ki, şikayətçi bu seçki dairəsi üzrə 14 seçki məntəqəsində səsvermənin nəticələrini mübahisələndirib:

“Araşdırma hərtərəfli araşdırılıb. Şikayət qismət təmin edilməli, 26 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv edilməlidir”.

MSK-nın ekspert qrupunun rəyi ilə 25 saylı Nizami ikinci Seçki Dairəsinin 26 saylı məntəqəsində səsvermənin nəticəsi ləğv edilib.

Qeyd edək ki, bu dairədən lider namizəd Sədaqət Vəliyevadır.

***

İclasda sonra 24 saylı Nizami birinci seçki dairəsi üzrə namizədlərin müraciətinə baxılıb.

Hhəmin dairədən qeydə alınmış namizədlər Nəsiman Yaqublu İlham Mirzəliyev MSK-ya müraciət edərək, DSK-nın qərarı ilə razılaşmadıqlarını bildiriblər.

Namizədlər faktların yenidən araşdırılmasını tələb ediblər. Müraciəti səsləndirən MSK üzvü Ramiz İbrahimov deyib ki, sosial şəbəkələrdə 24 saylı seçki dairəsində pozuntuları əks etdirən videomateriallar yoxdur.

MSK üzvü təklif edib ki, namizədlərin şikayəti əsassız olduğundan təmin edilməsin, DSK-nın qərarı qüvvədə saxlanılsın. MSK-nın ekpsert qrupunun rəyi ilə təklif qəbul edilib.

Qeyd edək ki, həmin dairədən lider namizəd Könül Nurullayevadır. 

Etikxeber.az

Read Previous

İlham Əliyev Roma meri ilə görüşdü-MƏMMƏDYAROV ONUNLA BƏYANNAMƏ İMZALADI…

Read Next

“Mövcud olmayan qərarı kim verib, o da aydın olmadı…” – MƏHKƏMƏ ARİF HACILININ MSK-YA QARŞI İDDİASINI TƏMİN ETMƏDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir