Mübariz Qurbanlı: “Kərbəlaya, Məşhədə ziyarətlər qadağan deyil”

“Dini yerlərə ziyarətlərə təşkil edən şirkətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığını aldıqdan sonra bu fəaliyyəti həyata keçirməlidirlər”.
Etikxeber.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  500-dək azərbaycanlı zəvvarın İraq-İran sərhədində problemlə üzləşməsinə mövqeyini açıqlayarkən deyib.  Komitə sədrinin sözlərinə görə, dini yerlərə ziyarətlərlə əlaqədar qaydalar var: “Belə ki, dini yerlərə ziyarətlərə təşkil edən şirkətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığını aldıqdan sonra bu fəaliyyəti həyata keçirməlidir. Burada yalnız Həcc ziyarəti istisnadır, Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Səudiyyə Ərəbistanı ilə imzalanmış protokol əsasında həyata keçirilir. Digər dini yerlərə ziyarət təşkil edən şirkətlər müvafiq icazələr almalıdır”. İraq-İran sərhəddində baş verən hadisəni dilə gətirən komitə sədri təəssüflə bildirib ki, son səfəri təşkil edənlər bunu qeyri-qanuni şəkildə həyata keçiriblər.  M.Qurbanlı deyib ki, İrana, İraqa getmək istəyən vətəndaşlar sərhəd-keçid məntəqəsində problemlə üzləşmirlər: “Viza məsələsində hər hansı problemlə qarşılaşmırlar. Səudiyyə Ərəbistanında konkret viza sistemi var. Amma İrana viza sistemi olmadan bu cür ziyarətlər təşkil edirlər. Biz bu məsələləri araşdırırıq. Bəzi qurumlara bununla bağlı təkliflərimizi də vermişik”.
Komitə sədri hesab edir ki, kollektiv şəkildə hansısa qrupları dini ziyarətə aparan şirkətlərə sərhəd-keçid məntəqələrində diqqət yetirilməlidir:“Bu şirkətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən icazə almalıdır. Bu ziyarətləri kimlərin təşkil etməsi, kimlərin ziyarətə getməsi aydınlaşdırılmalıdır. Çünki yüzlərlə insan ziyarət adı altında xarici ölkələrə aparılır, müəyyən qruplar tərəfindən təsir altına alınır. Bəziləri hətta xarici ölkələrə gedərkən Azərbaycanın maraqları əleyhinə hərəkətlərə yol verir”.
Komitə sədri əlavə edib ki, Azərbaycanda Kərbəlaya, Məşhədə ziyarətlər qadağan deyil: “Ancaq bu səfərlərin təşkili tənzimlənməlidir. Biz bilməliyik ki, bu səfərləri hansı təşkilatlar, kimlər, hansı məqsəd və niyyətlə təşkil edir”.
Etikxeber.az

Read Previous

Nazarbayev adının paytaxta verilməsinə qarşı deyil…

Read Next

Prezident təqaüdçüsü olan gənc ifaçılar konsert verəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir