“Müddəti uzatmaq çox ciddi problemlərə gətirib çıxara bilər… İstehsal sahələrinin təcili işləməsi lazımdır…”-VAHİD ƏHMƏDOV

Neftin dünya bazar qiymətinin düşməsi, pandemiya iqtisadiyyata təsir edir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

V. Əhmədov bildirib ki, hər yeri bağlayaraq, pandemiyaya görə dövlət büdcəsinə baxılması məsələsinin ciddi təhlilə ehtiyacı var.

“Qonşu dövlətlərdə bütün müəssisələr, xidmət obyektləri işləyir. Burda çıxış edən millət vəkilləri sahibkara, insanlara kömək etməyi tələb edirlər. Amma proses belə davam etsə, biz ikinci yarıda ciddi problemlərlə üzləşəcəyik. Nazirlər Kabineti, Operativ Qərargah hansı sahələrin işləməsinin mümkünlüyü barədə düşünməlidir. Bu məsələləri siyasiləşdirməyə ehtiyac yoxdur. Nazirlər Kabineti işləməsi mümkün olan müəssisələrinin siyahısını hazırlamalıdır. Büdcə sisteminə, büdcə qaydalarına dəyişiklik etməyimiz düzgün qərardır. Amma bu, uzun müddət davam edə bilməz. Müddəti uzatmaq çox ciddi problemlərə gətirib çıxara bilər. İstehsal sahələrinin təcili işləməsi lazımdır”-deyən deputat qeyd edib ki, iqtisadi fəaliyyətlə bağlı ayrılan vəsaitdə nə “Azərsu”, nə də “Meliorasiya və Su Təsərrüfatı” ASC nəzərdə tutulub: “Bu gün bizim əsas problemimiz su ilə bağlıdır. Necə ola bilər ki, bu qurumlara vəsait ayrılmasın”.

O, sonra bildirib ki, manatın taleyinə də aydınlıq gətirilməlidir:

“İqtisadiyyatın böhran dövründə bu məsələ bizim üçün çox vacibdir. Dörd bank pandemiya dövründə bağlandı. Konstitusiya Məhkəməsi də hələ bununla bağlı qərar verməyib. İnsanlar əmanətlərini ala bilmirlər”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Marketlərdə insanların sayı daha çoxdur, nəinki mebel mağazalarında…”-FƏZAİL AĞAMALI

Read Next

“15 min 200 tələbənin təhsil haqqının ödənilməsi üçün 40 milyon manat vəsait nəzərdə tutulub ki…”-TAHİR MİRKİŞİLİ – MALİYYƏ NAZİRLİYİ DƏ TƏHSİL HAQLARI MƏSƏLƏSİNƏ AYDINLIQ GƏTİRDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir