Muğam sənəti ilə bağlı qanun layihəsi kim(lər)ə mane olur?

Müzakirəsi və qəbulu illərdir müşkülə dönən qanun layihələrindən biri də “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsidir.

Bu qanun layihəsi ilə bağlı hələ 3-cü çağırış parlamentin sonları, 4-cü çağırış parlamentin ilk illərindən fikirlər səsləndirilsə də, müzakirələr aparılsa da, hətta, bir neçə dəfə sessiyaların qanunvericilik işləri planına daxil edilsə də, onun birinci oxunuşda parlament komitəsinə və plenar iclasa çıxarılması mümkün olmur.

Qeyd edək ki, qanun layihəsi axırıncı dəfə ötən ilin payız (qış) sessiyasının qanunvericilik işləri planına daxil olinmuşdu.

Ancaq nə həmin sessiyada, nə də bu ilin yaz sessiyasında və başa çatmaqda olan növbədənkənar sessiyasında adıçəkilən qanun layihəsinin birinci oxunuşda müzakirəsi baş tutdu.

Yeri gəlmişkən, bu ilin yaz sessiyası ərəfəsində qanun layihəsinin geniş ictimai dinləmələri nəzərdə tutulsa da, hətta, onlarla tanınmış mədəniyyət, incəsənət xadimi, Xalq, Əməkdar artistləri dəvət edilsə də, son anda adıçəkilən sənədlə bağlı  dinləmələrin keçirilməsi təxirə salınmışdı.

Bu yerdə həmçinin qeyd edək ki, qanun layihəsinin müzakirəsi və qəbuluna sıcaq yanaşmayanlar da var.

Hələ bir neçə il öncə nüfuzlu millət vəkillərindən biri bu yöndə qanun layihəsinə ehtiyac olmadığını bildirmiş və fikrini də belə əsaslandırmışdı ki, əgər muğamla əlaqədar ayrıca qanun olursa, onda digər sənət növləri, aşıq sənəti, başqa xalqların milli musiqiləri, folklor nümunələri də bağlı qanunvericilik aktı olmalıdır.

meclis-5

“Muğam sənəti onların heç birindən əlahiddə deyil. O varsa, digərləri də olmalıdır”-deyə, həmin millət vəkili fikirlərini tilə amamlamışdı.

Ancaq bununla belə, həm o zaman, həm də indi əksəriyyət muğam sənəti ilə bağlı parlamentin Mədəniyyət komitəsi və adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov tərəfindən ilkin variantı hazırlanmış qanun layihəsinin müzakirələrə çıxarılması və təkmilləşdirmələr edilərək, qəbul olunmasının tərəfdarıdır.

Qanun layihəsinin müəllifi olan R. Hüseynov da dəfələrlə mətbu açıqlamalarında adıçəkilən qanun layihəsinin gündəmdən çıxarılmadığını, müzakirələrə hazır olduğunu və məqbul zamanını gözlədiyini bildirib.

Eyni zamanda, xatırladaq ki, Azərbaycanda son illərdə muğam sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir.

Həm dövlət başçısı, həm də Heydər Əliyev Fondu və onun prezidenti, ölkənin birinci ledisi Mehriban xanım Əliyeva səviyyəsində muğamın inkişafına, təbliğinə, muğam sənətinin nümayəndələrinə böyük önəm verilir.

Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Ağdam və Ağcabədi rayonlarında yerli muğam mərkəzlərinin istifadəyə verilməsi, Muğam Müsabiqəsinin (7-ci müsabiqə bugünlərdə başa çatdı) keçirilməsi, muğam sənətkarlarının fəxri adlarla, orden, medallarla, mənzillərlə, təqaüdlərlə təltif və təmin olunması bu sahənin, bu sənətin Azərbaycan dövləti və ölkə rəhbərliyi üçün nə qədər mühüm əhəmiyyət kəsb etməsinin göstəricisi sayıla bilər.

Bu baxımdan, adıçəkilən qanun layihəsinin də  yaxın gələcəkdə (sessiyalarda) müzakirələrə çıxarılması, plenar iclaslara tövsiyə olunaraq, qəbul edilməsi gözlənilən və ehtimal olunandır.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

QDİƏT-in 13-cü üzvü hansı ölkə olacaq?

Read Next

“Əgər “bazarlıq”da çətin biriysəm, bu, yaxşı bir şeydir” – ƏRDOĞAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir