“Münaqişəli bölgələr az deyil və burada ədalət prinsipinə etinasız yanaşılır” – DEPUTAT

“Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedir. Ümumən İslam coğrafiyasında münaqişəli bölgələr az deyil və bu bölgələrdə ədalət prinsipinə etinasız yanaşılır. Elə isə doğruları, ədaləti təbliğ edəcəyimiz platformaya ehtiyacımız var”.
Etikxeber.az xəbər verir ki, bu fikri Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri, millət vəkili Əflatun Amaşov Tehranda İran mətbutı və xəbər agentlikləri məhsullarının 22-ci beynəlxalq sərgisi gedişində düzənlənmiş mərasimdə çıxışı zamanı deyib.
MŞ sədri çıxışında dünyada baş verən proseslərin regiona təsirini diqqətə çəkərək bildirib ki, mövcud şəraitdə bölgə, xüsusən də İran və Azərbaycan jurnalistləri yalnız təcrübə mübadiləsi aparmamalı, habelə regionumuzun bu gününü və sabahını nəzərdən keçirməlidirlər. “Beynəlxalq miqyasda nəhəng media korporasiyaları var və onlar dünya düzəninə böyük təsir göstərirlər. Bir çox hallarda birtərəfli münasibət formalaşdırırlar. İran da bu münasibətlə üzləşib, Azərbaycan da. Ümumən İslam dünyasına münasibətdə ənənəvi mənfi baxış mövcuddur. İslamafobiya var. Düşünürəm ki, media olaraq bizlər bu baxışa qarşı öz düşüncəmizi, haqq səsimizi ortaya qoymalıyıq. Zaman-zaman bunu edə bilməmişik”-deyə, Ə.Amaşov vurğulayıb.
Ə.Amaşov əlavə edib ki, əlbəttə, media prinsip etibarilə siyasətdən uzaqdır: “Ancaq az əvvəl də qeyd etdim ki, dünyanın nəhəng media korporasiyaları da siyasətdən uzaq olduqlarını bəyan edərək dünyanın siyasi gündəminə təsir göstərirlər. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedir. Ümumən İslam coğrafiyasında münaqişəli bölgələr az deyil və bu bölgələrdə ədalət prinsipinə etinasız yanaşılır. Elə isə doğruları, ədaləti təbliğ edəcəyimiz platformaya ehtiyacımız var. Mövcud istiqamətdə fikir mübadiləsi aparmalıyıq, konkret nəticələr əldə etməliyik”.
İki ölkə və media sahəsindəki əməkdaşlıq məsələlərinə toxunan Mətbuat Şurasının sədri bildirib ki, Azərbaycan və İran arasında münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir. “Bu münasibətlər qədim tarixə, xalqlarımız arasındakı mədəni yaxınlığa, adət-ənənə birliyinə söykənir. Azərbaycanın və İranın dövlət başçılarının görüşlərindən də bu məqam xüsusi vurğulanır”- deyə, o, bildirib.
MŞ sədri onu da deyib ki, Azərbaycan və İranın kütləvi informasiya vasitələri arasındakı əlaqələr hər zaman olub: “İran və Azərbaycan jurnalistlərinin çoxsaylı qarşılıqlı səfərləri reallaşıb. Lakin biz daha geniş müstəvidə əməkdaşlıq qurmağı düşünürük. Bunun üçün kifayət qədər münbit zəmin, ən əsası möhkəm iradə var. İranın Azərbaycandakı Səfirliyi və Azərbaycan Mətbuat Şurası mövcud istiqamətdə birgə layihə reallaşdırmaqdadır. Layihə çərçivəsində İrandan Azərbaycana, Azərbaycandan isə İrana jurnalist səfərləri daha müntəzəm xarakter daşıyacaq. Eyni zamanda birgə konfrans və seminarların, sərhədyanı bölgələrdə görüşlərin, jurnalistlər arasında müxtəlif idman yarışlarının təşkilini nəzərdə tuturuq”.
Onu da qeyd edək ki, Ə.Amaşov İrana səfəri çərçivəsində bu ölkənin rəsmi şəxsləri, jurnalist təşkilatlarının nümayəndələri, media təmsilçiləri, habelə İran Parlamentinin deputatları ilə də görüşlər keçirib.
Etikxeber.az

Read Previous

Səhhəti pisləşən jurnalist Prezidentə müraciət etdi

Read Next

Sərhədçilər axtarışda оlan 369 nəfəri saxlayıb – DSX

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir