“Münaqişənin həlli yerindən tərpənmədiyi kimi, təkrarlanan bəyanatlarda da…” – POLİTOLOQ

ATƏT-in Minsk Qrupu həmsədrləri sentyabrın 8-də Dağlıq Qarabağda “yerli seçkilər”in keçirilməsi ilə əlaqədar bəyanat yayıblar.

Bəyanatdakı ifadələrdən hansı nəticələri çıxarmaq olar?

Birincisi, bəyanatda da vurğulandığı kimi, “həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır”.

Yəni, beynəlxalq vasitəçilər demək istəyirlər ki, “axı ermənilər özlərini necəsə idarə etməlidirlər və biz buna normal yanaşırıq”.

İşğal altındakı torpaqlarda qanunsuz olsa da, hansısa “idarəetmə” forması qəbul edilsə belə, həmsədrlərin bəyanatında bölgədə yaşamalı olan azərbaycanlılardan söhbət açılmır.

Axı etnik təmizlik aparıldıqdan sonra bölgədə həyata keçirilən istənilən “seçki” yalnız bir etnosun maraqlarına cavab verir və verəcək.

Həmsədrlərin bəyanatında bu barədə bir kəlmə də yoxdur. Əslində həmsədrlər məsələyə ədalətli yanaşsaydılar heç olmazsa bir cümlə yazmalıydılar ki, “gələcəkdə iki icmanın birgə keçirəcəyi seçkilər bölgə əhalisinin tamamının maraqlarını təmin edəcək”.

İkincisi, həmsədrlər bu bəyanatlarında Azərbaycanı iki cümlə ilə sakitləşdirməyə çalışıblar:

“Ancaq Dağlıq Qarabağ nə ATƏT-in Minsk qrupu ölkələri, nə də digər ölkələr tərəfindən müstəqil və suveren ölkə kimi tanınır. Bu “seçkilərin” nəticələrinə də Dağlıq Qarabağın hüquqi statusuna təsir edən amil kimi baxılmamalı, heç bir halda bu nəticələr Dağlıq Qarabağın yekun statusuna və münaqişənin davamlı və sülh yolu ilə həlli istiqamətinə yönəlmiş hazırkı danışıqların nəticələrinə xələl gətirməməlidir”.

Yaxşı cümlələrdir, ancaq nə faydası.

Gələn il separatçılar “prezident” seçkisi də keçirəcək və həmsədrlər bu bəyanatı olduğu kimi təkrarlayacaqlar, yeganə fərq “yerli seçkilər” ifadəsinin “prezident seçkisi” ifadəsiylə əvəzlənməsi olacaq.

Münaqişənin həlli yerindən tərpənmədiyi kimi təkrarlanan bəyanatlarda da yeni heç nə yoxdur.

Elxan ŞAHİNOĞLU,

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Etikxeber.az

Read Previous

“Avro 2020”-nin altıncı turu – TÜRKİYƏNİN BÖYÜK HESABLI QƏLƏBƏSİ – NƏTİCƏLƏR – FOTOLAR – YENİLƏNİB

Read Next

Sabiq deputatdan ekslərə, indiki nazirlərə və YAP-çı millət vəkillərinə – SƏRT İTTİHAMLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir