MÜQƏDDƏS PAVELİN- KLİMKİNİN BAKIDAN İRƏVANA GÖNDƏRİŞLƏRİ – Deputat yazır

Əslində,Elmar Məmmədyarovla birgə keçirilən brifinqdə ukraynalı həmkarı Pavel Klimkinin verdiyi sərt bəyənatlar bir çoxları üçün gözlənilməz oldu.Əcəba,Azərbaycan paytaxtından Moskva əleyhinə cəbhə açmaqla təkcə antlantist himayədarlarından deyil,eləcə də keçmiş sovet respublikalarının siyasi elitalarından,həmçinin cəmiyyətlərindən dəstək qazanmaq niyyəti nə dərəcədə səmərəli plandır? Həqiqətənmi,2013-cü ildə strateji seçimini etmiş bir dövlətin xarici siyasət hədəfləri onlarla eyni platformada durmayan mdbçilərin rəğbətini qaznmaqda əngəl deyil və keçmişdə vahid bir çətirin altına toplaşmış yaxın qonşuları Donbas cəbhəsinə getməslər də heç olmasa Putindən üz dönədərərlər?

Maydan hökuməti oxşar taleli millətlərin “dil”ilə danışmaqla hansısa mənəvi həmrəyliyə ümid bəsləyir, yoxsa,”rus təhlükəsi” qarşısında daha uzaqgedən niyyətlərə düşərək antiPutin alyansı təşkil edəcəklərinə bel bağlayır? Doğrusu,”Layaqət inqilabı”nın təcəssüm etdirdiyi ideologiyanın mahiyyətini nəzərə alan Orta Asiya respublikaları və Moldova son dərəcə ehtiyatlı siyasət yürüdür.Onları xoflandıran təkcə “3-cü Roma” statusuna iddia edən şimal nəhənginin qəzəbinə gəlmək qorxusu deyil,Kiyevdən uzaq durmağın səbəblərindən biri də onların hansı dalğada hakimiyyətə gəlmələridir.SSRİ-nin çöküşündən sonra taxt-tacda möhkəmlənmiş qazax, tacik,özbək rəhbərləri və ya son anda zorla prezident taxt-tacı uğrunda savaşı qazansalar da,iqtidarda dayanıqlı gücə və balansa nail ola bilmədikləri çar Dodonun məmləkətində antiMoskva barrikadası təşkil etmək qeyri-mümkündür.Ancaq tam ümidsiz olmağına da dəyməz. Belə ki,Aleksandr Lukaşenko ilə,Kremllə ittifaq razılaşmasını imzalamış bir dövlətin başçısıyla Poroşenkonun arzuladığı neytrallıq,hətta bir sıra problemlərə münasibətdə həmrəylik planları baş tutması yaxşı nəticəydi.Hətta Batka bir az da irəli gedərək, məlum barışdırıcıllıq və ağsaqqallıq missiyası ilə hərbi əməliyyatların dayandırılmasını tələb etmişdi və münaqişənin bütün region üçün təhlükə olduğunu söyləmişdi. Minskdə 17 saat davam edən üzücü Merkel, Oland və Putin arasındakı danışıqlar zamanı da balaruslu liderin oxşar məramı özünü qabarıq göstərmişdi.Ərazisini “Qərb-2017” hərbi təlimlərinə açmış bir ölkədə Kiyevə yönələn loyallıq hər halda böyük hadisəydi və Poroşenkonu “Avropanın sonuncu diktatoru” ilə yaxınlığa görə qınayanların dar maraqlardan çıxış etdikləri də hər kəsə bəlli oldu.Axı,siyasi maksimalizmlə və inqilabi romantizmlə torpaq qorumaq olmaz.

Pavel Klimkinin Bakıda Krım və Qarabağ arasında apardığı paralelləri tarixi və hüquqi kontekstdə şərh etmədən,xarici işlər nazirinin belə açıq diplomatiyasının hansı məqsədləri güddüyünü müəyyənləşdirmək daha vacibdir.Hər halda 90-cı illərdən müxtəlif regional və beynəlxalq platformalarda bir araya gələn iki dövlətin düşməni barmaqla göstərməyə çalışmasını xatırlayanlar yoxdur.Hətta Ağ Evdə layihələndirilmiş GUAM birliyi çərçivəsində də siyasi müttəfqliyinin ən şirin çağlarında rəsmi Kiyev heç vaxt Abxaziyadan,yaxud Xankəndindən ötəri kiminləsə isti münasibətlərini pozmayıb.Hələ,üstəlik,narıncı inqilabın yetirməsi olan prezident Viktor Yuşşenkonun iqtidarda olduğu illərdə Moskva ilə iqtisadi kooperasiya uğurla davam edirdi.Sonra Qərbin devirdiyi Yanukoviç dönəmində isə Ukraynanın bir nömrəli hərbi-siyasi partnyoru 30 milyard dollardan artıq ticarət dövriyyəsinə malik olan Rusiya idi.Hələ bu azmış kimi əlaqələrin nüfuz etdiyi dərinlik o səviyyədəydi ki,millətçilər döyüş meydanında can savaşı verirkən silah zavodları yüzlərlə çeşiddə məhsullarını və ya onun komponentlərini öz rus tərəfdaşlarından almaqda davam edirdilər. İndi Klimkin Donbasla Qarabağı eyni qüvvənin işğal etdiyindən danışır.Hətta yenidən süni nəfəs verməyə çalışdıqları GUAM çərçivəsində vahid düşmənə qarşı briləşmək üçün çağırışlardan da vaz keçmir.Lap lenincəsinə,adamın bağırmağı gəlir:”separtizmdən əziyyət çəkən dövlətlər,birləşin”!

Lakin fəhlə-kəndli hakimiyyəti qurmaq istəyən dahi bolşevik liderinin bütün istismarçı siniflərə qarşı müharibə elan etməsinin hansı bəlalara yol açdığı hər kəsə bəllidir.O üzdən,Klimkinin ilk baxışda qulağa xoş gələn açıqlaması 20 faiz ərazisini itirmiş bir məmləkətin başına çıxmış və siyasi məkrin caynağında özlərini itirmiş admların son hayqırtısı sayıla bilər.Kiyev nəhayət,20 faiz ərazisini itirdikdən sonra 25 ildir davam edən digər etnik-milli münaqişələrə dair insani və dövləti münaisəbitini formalaşdırmağa çalışır. Daxildə bütün kommunist keçmişini islah edəndən sonra xarici cinahda da köklü dəyişikliklərə əl atmaq doğrudan qeyri-adi hadisədir.MDB-2 ni sən demə Kiyev dövlətinin ətrafında təşkil etməklə sovetimizin bütün mirasını məhv etmək və yeni imperiya qurmaq istəyənlərə zərbə vurmaq olarmış.İnandırıcıdırmı,sizcə?Əsla,yox.

Ötən illər ərzində humanitar fəlakətin və ən yüksək səviyyələrdə gördüklərin yalanın müqabilində torpaq itirmiş bütün qardaş xalqlar-gürcülər,azərbaycanlılar və moldovanlar elə bir möhkəmlik testindən keçiblər ki,onları yenidən qlobal maraqlar uğrunda gedən davalara qaytarmaq çox çətindir.Əgər,GUAM antiRusiya blokudursa,”Şərq tərəfdaşlığı” əsil həqiqətdə Kreml əleyhinə “Qərb tərəfdaşlığı” na çevrilirsə,onda səngərin önünə çıxarılan liderləri Yanukoviçin taleyi gözləyəcək.
Ona görə də müqəddəs Pavelin ruhu ilə Bakıya gələn nazir Klimkin Donbas şaxtasında qara kömürü çıxmış döyüşçülərin cərgəsinə başqalarını da qoşmaq istəyir.Əgər möcüzə nəticəsində slavyan qardaşlarının arasındakı nifaq birdən çözülsə,onda Azərbaycan kimi ölkələr yenidən müharibə meydanında tək qalacaq. Ona görə də bizim lehimizə verilən bəyanatları şadyanalıqla,amma dərindən təhlil etmək gərəkdir-danışıqlarda mövqeyimiz bununla güclənirmi?Qafqazla geopolitik müstəvisi birləşdirilən keçmiş sovet məkanları hansı perspektivə doğru can atır?

Müstəqil Dövlətlər Birliyi çərçivəsində separatizmə qarşı mübarizədə heç vaxt həmrəylik olmayıb.Görünür,Putinə verilən siqnallar nəticəsində Soçiyə dəvət olunan keçmiş müttəfiq respublika rəhbərlərinin diqqətinə çatdırlacaq ki,onlar Ukrayna üzərindən strateji xaos planı hazırlayan qüvvələrin fitvasına getməsinlər.Hər halda ortada rəsmi tanıdılmış əraziləri qorumağın yeganə yolu Putinə qarşı qurulan istehkamlarda yer almamaqdır.Təxminən belə bir formulu hamıya qəbul etdirəcəklər.Yoxsa,qırğız qardaşlarının taxt-tacına göz dikən Nursultan Abişeviçin liderlik məharətini sınamağa və siyasi məharətini nümayiş etdirməyə meydanımı dardır? Yox,söhbət Bişkek daxil digər paytaxtlarda Moskvanın əleyhinə olan qüvvələri hakimiyyətə gətirməkdən gedir.Deməli,qazax lideri Moskvanın planına görə Atambayevin qəzəbinə gəlib.Yoxsa,Nazarbayev kimi mahir türk xaqanı öz üsul-idarəsini ixrac etmək kimi avantürist bir xəyala heç vaxt baş vurmaz axı.

Əlbəttə,Bakıdan İrəvan əleyhinə verilən bəyanata Ermənistandan kəskin reaksiyaları gözləməyinə dəyməz.Yalnız hakimiyyət partiyasının üzdə olan təmsilçisi Eduard Şarmazanov,Klimkinin hücumunu “uğursuz və absurd arqumentlər” kimi dəyərləndirdi və Azərbaycanın xoşuna gəlmək üçün Avropa Birliyinin mövqeyi ilə uzlaşmayan bir xətti yürütdüyünə görə Kiyevi qınamağa çalışdı.Bununla da Ermənistan rəsmiləri sanki bir nəfər kimi sükut əmri aldılar və əvvəllər oxşar situasiyalarda qurduqları səhnələrdən bu dəfə vaz keçdilər.Hətta formal olaraq,səfiri çağırıb danlamaq və cəmiyyəti sakitləşdirmək üçün ona yazılı bir nota təqdim etmək də kiminsə ağlına gəlmədi.Özünə hörmət edən dövlət belə etməliydi və uzun illərin işağılçılığını ifşa edən Ukrayna ilə münasibətləri onsuz da bərbad olan İrəvan Kiyevlə əlaqələri tam kəsməliydi.Amma belə olmadı.Maraqlıdır, sizcə niyə? Axi onsuz da son 4 ildə bütün beynəlxalq təşkilatlarda Ukraynanın göstərdiyi təşəbbüslərə zidd gedən və Moskvanın yanında olduğunu göstərən Sarkisyan rejimi növbəti bir demarş vasitəsilə daxildə xal qazana bilməzdimi? Bilərdi.Qarabağı “Rusiyanın işağl etdiyi”ni deyən və Azərbaycanın bütövlüyünü heç bir diplomatik jarqonlara əl atmadan tanıyan tərəflə başqa necə davranmaq olardı?

Oxşar sualları öz diplomatlarınının mütiliyini qınayan erməni sosial media seqmentinin təmsilçiləri də səsləndirirlər.”Necə olur ki,Avakovun da etiraf etdiyi kimi,50 dən artıq erməni fədaisinin gedib Stepan Bandera mücahidləri ilə eyni hərbi şinelini geyindiyini,”Slava Ukraine” deyərək Luqansk-Donetskin çöllərində canlarından keçdiyini Maydan hökuməti görmür”?Təxminən belə qəzəbli və isterik şərhlər şəbəkələri başına götürüb.Daha ağıllı virtual qəhrəmanlar isə İrəvan hökumətinə ağıl dərsi keçir ki,Donbasda “faşist hökumətinin törətdiklərinə” hər cür qiymət verməyin vaxtıdır.Yəni,hər gün rus kanallarında kultivasiya olunan təbliğatın ştampları Razdan vətənpərvərlərinin dilindən səslənməkdədir.Halbuki,onların Putinlə düşmənçiliyi Poroşenkodan az deyil.Ancaq nə edəsən,daha bir dövlət də onların üzərinə hücuma keçibsə, onda müvəqqəti olaraq,Rusiyanı Ukrayndan qorumaq olar.Şuşanı əldə saxlamağa xatir.

Nədənsə,Pavel Klimkinə qədər belə cəsarətli ukraynalı nazirin olmadığını düşünərkən,paytaxtımıza tez-tez gələrək humanitar forumların tribunası üzərindən xəstəhal görüşlərini bölüşən sabiq prezident Leonid Kuçmanı xatırlamamaq olmur. Belovejsk sazişi ilə böyük bir imperiyanın axırına çıxan Yeltsin,Kravçuk,Şuşkeviç triadasından sonra hakimiyyətə yeni qüvvələr gəlmişdi.Lakin milli demokratik rejimlərin heç birində Azərbaycana əl uzadaraq onu dağılmaqdan xilas etməyə həvəs yox idi.Leonid Kuçma özünün solğun bənizi və ümidsiz siyasi moizələri ilə bir dəfə də olsun rusiyalı həmkarından Bakıya rəhm tələb etmədi.O,yalnız Krım fəlakəti baş verəndən sonra qəlbindəki durğunluq şərini qovub çıxardı və Qarabağa təcavüzdən danışdı.

Hərdən adama elə gəlir ki,Donbasda yerin təkindən min bir əziyyətlə çıxarılan daş kömürü Topxana meşəsində kəsilib basdırılan ağacların cəsədləridir.Azıxda sönən müharibə ocağı 20 ildən sonra şərqi və qərbi Ukraynada,daha sonra Manasda,ən nahəyət,ölmüş imperiyanın əzalarının istənilən nöqtəsində təzədən alovlananda hər kəs haqqı etiraf etməyə başlayır.Müqəddəs Pavelə söykənən Klimkinin Bakı bəyanatları kimi..

Zahid Oruc,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Avropa Şurası da xora qoşulub…” – DEPUTAT

Read Next

AŞPA-da ayrı-seçkiliyə son qoyulmalıdır – SƏMƏD SEYİDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir