“Musiqi sahəsində əvəzsiz xidmətləri olan parlaq istedad sahiblərindəndir” – FİRƏNGİZ ƏLİZADƏ

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar, Xalq Artisti, professor Oqtay Rəcəbovun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə respublikanın bir sıra elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb.

Bildirilib ki, O.Rəcəbov Azərbaycan musiqi mədəniyyətində yorulmaz fəaliyyəti ilə hər zaman rəğbət qazanıb. Sənətkarın Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olduğunu deyən F.Əlizadə onun yaradıcılığında bir-birindən gözəl, yaddaqalan musiqilərin yer aldığını qeyd edib.

Vurğulanıb ki, bəstəkar, alim, musiqi sahəsində əvəzsiz xidmətləri olan və pedaqoq kimi yaradıcılıq fəaliyyəti ilə diqqəti cəlb edən sənətkar parlaq istedad sahiblərindəndir.

O.Rəcəbovun bəstəkarlıq fəaliyyətindən söhbət açarkən, istər-istəməz, onun müxtəlif nəsillərdən olan dinləyicilərin, tamaşaçıların rəğbətini qazanan mahnılarına xüsusi diqqət yetirmək lazım gəlir. Onun “Anam Azərbaycanım”, “Nəğmələr”, “Necə unudum səni?”, “Zəfəran”, “Daha nə istəyirsən?” və digər qəlb oxşayan mahnıları bəstəkarın fitri istedadının parlaq nümayişinə çevrilib.

F.Əlizadə bildirib ki, böyük Azərbaycan bəstəkarı, görkəmli ictimai xadim Tofiq Quliyevin vaxtilə onun haqqında dediyi “Oqtay Rəcəbov təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın Kobalevskisidir”, – fikri özlüyündə çox böyük məna daşıyır.

O.Rəcəbovun bəstələri ölkəmizin görkəmli sənətkarlarının ifasında populyarlaşaraq hər zaman dinləyicilərin zövqünü oxşayıb. Onun müxtəlif mövzularda qələmə aldığı 400-dən çox əsər Azərbaycan bəstəkarlarının mahnı antologiyasını zənginləşdirməkdə mühüm rol oynayıb. O.Rəcəbov bir bəstəkar kimi yaradıcılığa başladığı ilk vaxtlardan irihəcmli vokal və instrumental əsərləri qələmə almağa da xüsusi diqqət yetirib. O, 3 uşaq operasının, 2 operettanın, 6 simfoniyanın, müxtəlif janrlı vokal-instrumental əsərlərin, 17 filmin musiqi müəllifidir.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rəfael Hüseynov bəstəkarın çoxşaxəli yaradıcılığı ilə yanaşı, onun yaradıcılığının mühüm istiqamətlərindən sayılan pedaqoji fəaliyyətindən söz açıb.

Qeyd olunub ki, O.Rəcəbov hələ gənclik illərindən elmlə bərabər musiqi ilə də məşğul olub. İxtisasca fizik olmağına baxmayaraq sənətkarın parlaq zəkası, bu sahəyə olan sevgisi onu bütövlükdə musiqiyə bağlayıb.

Diqqətə çatdırılıb ki, eksperimental musiqi proqramları müəllifi kimi tanınan bəstəkar-pedaqoq bu istiqamətdə işlərini bu gün də uğurla davam etdirir. Onun bilavasitə rəhbərliyi və müəllifliyi ilə 1996-2010-cu illərdə ümumtəhsil və musiqi məktəbləri üçün nəşr olunan 16 adda “Musiqi”, “Musiqi ədəbiyyatı” dərsliyi, “Fortepianoda çalmaq üçün müntəxəbat” və “Elementar musiqi nəzəriyyəsi” tədris vəsaitləri çox sayda tirajlanıb və bu gün də onlardan istifadə olunur.

Vurğulanıb ki, daim yaradıcılıq axtarışında olan O.Rəcəbov Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür. Sənətkarın yaradıcılığı Azərbaycan bəstəkarlarının mahnı antologiyasını zənginləşdirməkdə xüsusi əhəmiyyət daşıyır.

Daha sonra tədbir Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti ilə bəstəkarın əsərlərindən ibarət musiqi kompozisiyalarının səsləndirilməsi ilə davam edib.

Etikxeber.az

Read Previous

IV Bakı Beynəlxalq Teatr Konfransı ərəfəsində Beynəlxalq teatr təşkilatlarının rəhbərləri Bakıya gələcək

Read Next

Ənvər Əlibəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir