“Müstəqilliyin ilk dövrlərində həyatın bütün sahələrində çətinliklər mövcud idi…” – İBRAHİMOV – FOTOLAR

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da təsis edilməklə Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılır və 98 illik fəaliyyəti dövründə çox böyük və şərəfli bir yol keçmişdir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sonrakı fəaliyyəti Sovet Qızıl Xaç və Qızıl Aypara İttifaqının tərkibində olan bir qurum kimi  70 il  sovet hakimiyyəti dövrünə təsadüf edir. Bu illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün fəallığı ilə seçilmiş, xüsusilə Böyük Vətən Müharibəsi dövründə (1941-1945-ci illər) Cəmiyyətin hazırladığı tibb bacıları neçə-neçə yaralı əsgərləri döyüş meydanından vaxtında  çıxararaq onlara  ikinci həyat bəxş etmişlər. Bununla belə Azərbaycan QAC-nin adı heç yerdə çəkilmirdi və yalnız Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Cəmiyyət  öz müstəqilliyinə qovuşdu və sərbəst fəaliyyət göstərməyə başladı”.

ali hasan-bas

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov Qızıl Aypara Cəmiyyətinin XXV qurultayında çıxış edərkən deyib.

Onun sözlərinə görə, müstəqilliyin ilk dövrlərində  ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində, o cümlədən QAC-ın  fəaliyyətində də çətinliklər mövcud idi:

“Bu çətinliyi aradan qaldırmaq üçün Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə 1994-cü il noyabrın 25-də “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işinin yaxşılaşdırılması  haqqında”  qərar qəbul olundu və bundan sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin tam, daimi, bərabərhüquqlu üzvü seçildi.

Çox sevindirici haldır ki, Ümummilli liderin bu siyasəti və mərhəmətli missiyasını Azərbaycan Prezidenti İlham Əliyev yüksək səviyyədə davam etdirir. Təkcə onu demək kifayətdir ki, müstəqillik illərində QAC-la bağlı 12 sərəncam və digər qanunvericilik aktları qəbul edilmişdir. Onlardan Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında”  2004-cü il tarixli Sərəncamını,  Milli Məclis tərəfindən 2007-ci ildə qəbul edilən “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanunu və  hər il martın 10-nun respublikamızda “Qızıl Aypara Günü” kimi qeyd edilməsi barədə ölkə Prezidentinin 2008-ci il 7 aprel tarixli Sərəncamını  xüsusi qeyd etmək lazımdır”.

Komitə sədri sonra deyib ki, məhz dövlətin bu diqqət və qayğısı və Novruz Aslanov  kimi ziyalının, ictimai xadim, tanınmış bəstəkar, millət vəkili və fəlsəfə doktorunun bu təşkilata uğurlu rəhbərliyi sayəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti həm ölkəmizin əhalisi arasında, həm də xaricdə böyük nüfuz qazanmış, məhdud maliyyə mənbələrinə baxmayaraq öz üzərinə düşən humanitar missiyanı  ləyaqətlə yerinə yetirir:

“1999-cu ildən rəhbərlik etdiyiniz bu qeyri-hökumət təşkilatı özünün fundamental prinsiplərinə – humanizm, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllü xidmət, vahidlik və universallıq prinsiplərinə   sadiq qalaraq  işinin öhdəsindən bacarıqla gəlir, əvvəllər o qədər də tanınmayan Qızıl Aypara Cəmiyyətinin hazırda mövcudluğunu əhatəli surətdə göstərməklə  yanaşı ictimaiyyət üçün lazımli bir təşkilat olduğunu sübut etmişdir. Sizin yorulmaq bilmədən əzmkarlıqla çalışmağınız, insanlara bəslədiyiniz yüksək ehtiram, şəxsi hörmət və nüfuzunuz sayəsində Sizə xas olan  çox işgüzar və mehriban bir kollektiv formalaşdırmaqla  Cəmiyyətin üzvlərinin sayını 300 minə, könüllülərin sayını 20 minə çatdıraraq böyük bir qüvvəyə çevrilmişiniz. Bunun nəticəsidir ki, başqalarından və əvvəlki dövrlərdən  fərqli olaraq Azərbaycan Qızıl  Aypara Cəmiyyəti hazırda heç bir donordan asılı olmayaraq özünü donora çevirərək  sərbəst fəaliyyət göstərir. Böyük fərəh hissi ilə qeyd edirik ki, bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti Somaliyə, Türkiyəyə, İrana, Ukraynaya və digər ölkələrə baş verən təbii fəlakətlərə görə humanitar yardımlar göstərir. Əbəs yerə deyildir ki, Cəmiyyətinizin 11 nəfər şəfqət bacısı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən ali medalı sayılan Florens Naytingeyl  medalı ilə təltif olunmuşlar. Biz çox şadıq ki, Siz özünüzü  yüksək hörmətə layiq rəhbər  kimi göstərməklə yanaşı həm də Milli Məclisin  “Seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili” adına layiq görülmüş deputatı, tanınmış bəstəkar və ictimai xadimsiniz”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Bax budur dünyanın iç üzü…” – ƏLİ HƏSƏNOV

Read Next

“Cümhuriyyət İli” ilə bağlı yüksək səviyyəli tədbirlər keçiriləcək – PA RƏSMİSİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir