MÜSTƏSNALIQ – Akademikin yazısı

Ondan bizə çox yadigarlar qalıb. Amma söz yox ki, bu yadigarların ən alisi qurucusu olduğu müasir, güclü Azərbaycan dövləti, son dərəcə təlatümlü zaman kəsiyində fitri istedadı, dərin zəkası, zəngin təcrübəsi sayəsində qoruyub saxlaya, möhkəmləndirib irəlilədə bildiyi istiqlalımız, dövlət müstəqilliyimizdir.
Yazıya pozu yoxdur və ən böyük YAZI Tarixdir.

Azərbaycan Tarixinin pozulmaz yazısında Heydər Əliyevin adı və möhürü əbədilik qalacaq – bu, şübhəsizdir. Yarım əsrdən artıq bir müddətdə millətin tarixinə bilavasitə təsir göstərmiş şəxsiyyətin ayrı qisməti də ola bilməz. O, artıq bu tarixin ayrılmaz bir parçasıdır. Dəyişən dövrlərə müvafiq olaraq ona baxan gözlər, həmin gözlərin görməsi və qiymətləndirməsi fərqlənə bilər. Bununla şəxsiyyətin tarix aynasındakı yeri və çəkisi dəyişən deyil ki!..

Tarix Azərbaycana yaxşını pisdən ayıra bilməyin qeyri-adi bir fürsətini də verdi – Heydər Əliyevsiz Azərbaycanın necə ola bilməsini, Heydər Əliyevsiz Azərbaycanın hansı məşəqqətlərə düçar olmasını da hamımıza göstərdi: XX əsrin 80-ci illərinin sonları – 90-cı illərinin əvvəllərini ONSUZ yaşadıq və gördük nələr baş verir! Gördük səmtimiz nə təhər dəyişir, gördük illərlə qazandıqlarımızı nə asanca itirə bilirik!
* * *
Ulu Heydər Əliyevin ən üstün keyfiyyəti onun ali peşəkarlığı idi.
Bu məziyyəti olmasaydı, dünyanın superdövləti Sovet İttifaqının rəhbərlərindən biri vəzifəsini daşıyandan sonra ucqar Naxçıvana da başçılıq etməyi özünə rəva görməz, dövlət işinin bütün ciddiyyəti və məsuliyyəti ilə min bir problemli, o vaxtlar yalnız Ermənistan deyil, elə Azərbaycan tərəfdən də müəyyən mənada blokadaya salınmış əyalətin idarəçiliyini boynuna çəkməzdi.
Sonra Heydər Əliyev 8 milyonluq müstəqil Azərbaycanın başçısı oldu. Amma dünyanın ən böyük dövlətlərinin – əhalisi də, ərazisi də Azərbaycandan qat-qat artıq olan ölkələrin rəhbərləri ilə bir masa arxasında əyləşib danışıqlar aparanda Heydər Əliyevin şəxsiyyətinin böyüklüyü sayəsində Azərbaycan əslində olduğundan qat-qat böyük göründü və qarşı tərəf də Heydər Əliyevin Azərbaycanına daha ehtiramla, üstdən aşağı deyil, altdan yuxarı baxmağa başladı.
* * *
Heydər Əliyevin müstəsnalığı o qədər aydın həqiqətdir ki, sağlığında da hər kəsə görünürdü, onun artıq həyatda olmadığı illərdə isə bəlkə əvvəlkindən də daha artıq hiss edilir.
Daxili bir məmnunluq duyuram ki, bu mühüm gerçəyi yalnız indi, illər ötəndən sonra o nadir şəxsiyyət haqqında düşünərkən qələmə almıram, vaxtında elə bilavasitə özünə də söyləmişəm.
1996-cı ilin payızı. Prezident təyyarəsi ilə Naxçıvana uçurduq. Heydər Əliyev ata-baba yurduna mühüm bir övladlıq borcunu yerinə yetirməkçün təşrif aparırdı.
Böyük Hüseyn Cavidin məqbərəsinin açılışına. O məqbərənin ki qübbəsi altında uzun illərin həsrətindən sonra Hüseyn Cavid, xanımı Mişkinaz, oğlu Ərtoğrol, nəhayət ki, məhz Prezident Heydər Əliyevin vətəndaş cəsarəti, qeyrət və qayğısı sayəsində qovuşmuşdular.
1941-ci il dekabrın 5-də buzlu Sibirdə 59-cu kamerada saxlanan 59 saylı məhbus Hüseyn Cavid 59 yaşında vəfat etmişdi.
1982-ci ildə şairin 100 yaşı tamam olanda Heydər Əliyev SSRİ tarixində heç kəsin edə bilmədiyini etmişdi – Cavidi Vətənə qaytarmışdı.
Şairin nəşini əvvəlcə Bakıya, Cavidlər ailəsinin bir zamanlar yaşadığı mənzilə gətirmişdilər.
Ustadın tabutu başında sayğı duruşuna dayanan qızı Turanın da, mənəvi övladı Heydər Əliyevin də o zaman 59 yaşları vardı.
Cavid 1937-ci ildə həbs edilmişdi və 1996-cı ildə əzizləriylə cismən ayrılığından düz 59 il ötürdü. Mişkinaz xanım Bakıda, oğlu Ərtoğrol Naxçıvandakı ayrı bir qəbiristanlıqda uyuyurdu. Onların üçünü də, nəhayət ki, kəc taleyin, bəd ruzigarların acığına 59 il sonra Əcəmi yadigarı Mömünəxatun məqbərəsinə tay olan gözəl bir mavzoleydə qovuşdurmaqla böyük Heydər Əliyev mənəviyyat tariximizin ən əlamətdar hadisələrindən birinin müəllifinə çevrildi.
(Cavidin həyatında rəqəmlərin bir-birini heyrətamiz şəkildə izləməsi var. Biri elə bu 59 rəqəmidir. Ustadın başının ölçüsü də 59 olub. Və o vaxt – 1996-cı ilin oktyabrında Cavid məqbərəsinin təntənəli açılışından bir neçə saat sonra Prezident Heydər Əliyev Naxçıvan qəbiristanlığında atasının da məzarını ziyarət etməyə getdi. Dəstəmiz onunla idi. Əlirza kişinin məzar daşına baxanda diksindim. O, Cavidin oğlu Ərtoğrolla eyni ildə vəfat etmişdi və 59 yaşında!).
…Beləliklə, 1996-cı il oktyabrın 29-u idi, təyyarəmiz Naxçıvana – Cavid bayramına uçurdu, Prezident burada da işsiz dayana bilmirdi, səfər yoldaşlarından bir neçəsini dəvət edərək fikir bölüşürdü. Turan Cavid, Bəkir Nəbiyev, Yaşar Qarayev, Anar, mən… daha bir neçə nəfər.
(Elə buradaca həmin səfərlə bağlı digər maraqlı bir ayrıntını da bölüşmədən ötə bilmirəm. Təyyarə ilə Bakıdan Naxçıvana uçuşun adətən 1 saatdan az çəkdiyini hamımız bilirdik. Ancaq nəsə yol uzanırdı. Sonradan bizə bəlli oldu ki, Azərbaycanın ən seçkin insanlarından ibarət böyük bir dəstəni aparan Prezident təyyarəsi üçün uzaqgörən, hər incəliyi nəzərə alan Heydər Əliyevin göstərişi ilə Ermənistan üzərindən olan hava dəhlizi deyil, ikiqat uzun başqa yol seçilibmiş. Hətta bununçün 2 gün əvvəl həmin marşrutla sınaq uçuşu da həyata keçirilibmiş).
Söhbət Mirzə Cəlildən, onun Bakıda indiyədək abidəsinin olmamasından düşmüşdü.
Prezident çətin iqtisadi durumumuzdan, müharibə şəraitində olmağımızdan, nəhəng qaçqın və köçkünlər ordusundan bəhs edərək bu qəbil məsələlərin həlli üçün indi kifayət qədər münasib şəraitin olmadığını xatırlatdı.
Mən: “Mirzə Cəlil elə müstəsna şəxsiyyətdir ki, ona abidənin ucaldılması üçün bütün qayğılara baxmayaraq, imkan tapılması vacibdir”, – dedim.
Prezident Heydər Əliyev sanki bu sözlərimdən bir az narazı qalan kimi oldu: “Nəsimi də müstəsnadır, Vaqif də müstəsnadır, Cabbarlı da, Cavid də… Mən onların hər biri üçün bacardığımı etdim. Bəs niyə mən bir neçə il Azərbaycanda olmadım, davam etdirmədilər, digər klassiklərimiz, elə Mirzə Cəlil üçün abidələr ucaltmadılar? Hamısını yalnız mən etməliyəmmi?” – dedi.
Sükut çökdü və dilləndim ki, bəli, cənab Prezident, Siz etməlisiniz.
Bir az sərt düz gözlərimə baxdı.
Davam etdim:
– Çünki Siz özünüz də müstəsna şəxsiyyətsiniz!
Gülümsündü:
– Biz Mirzə Cəlilin Bakıdakı abidəsi barədə də düşünəcəyik.
* * *
O özü, buna qətiyyən şübhə yox ki, bütün zamanlar üçün Azərbaycanın ən böyük müəllimlərindən biri olaraq qalacaq.
O, məktəbin sinif otaqlarına, universitet auditoriyalarına daxil olaraq dərs deyən, mühazirələr oxuyan müəllim deyildi. Onun dərs otağı tarix səhnəsiydi.
O, müstəsna bir tarix müəllimi kimi Tarixi yarada-yarada həmvətənlərinə bu tarixi yaşamağın, bu tarix içərisində ləyaqətlə irəliləməyin dərslərini verirdi.
O, ən böyük müəllimlərdən olduğundan ömrü boyu müəllimin qədrini bildi, həyatı boyunca həmişə dərs aldığı müəllimlərini əziz tutdu. Ona bilavasitə dərs demiş müəllimlər vardı. Orta məktəbdə, ali məktəbdə dərs aldığı müəllimlərin hamısını sayğıyla xatırlayırdı. Lakin bilavasitə dərs almadığı müəllimləri lap çox idi və onların da hər birini daim minnətdar duyğularla anırdı.
Oxumağı, öyrənməyi həmişə sevdi. Onunçün bilik mənbəyinə çevrilmiş hər kitabı, hər əsəri, hər şəxsiyyəti isə istəkli müəllimləri cərgəsindən hesab etdi, özünü onların hər birinə borclu saydı, məqamı düşdükcə bu borcundan çıxmağa can atdı.
“Müəllim” deyə qəbul etdiyi, zəkasına, yenilməz şəxsiyyətinə məhəbbət bəslədiyi zirvələrdən biri Hüseyn Cavid idi. Böyük azərbaycanlı Heydər Əliyev bir neçə minillik Vətən ədəbiyyatı tarixinə kamilcə vaqif idi, söz sərvətimizi yaratmış şair və yazıçıların əksərinin ömür və sənət yolunu bir ədəbiyyatşünasdan daha dəqiq qiymətləndirmək səriştəsinə malik idi. Bu, mübaliğəli bir yanaşmanın təsiri ilə, hissə qapılaraq gəlinən qənaət deyil. Heydər Əliyevin istənilən ədəbi abidə və istənilən qüdrətli ədəbi simaya verdiyi qiymətin, ifadə etdiyi qənaətin təkrarsızlığı, peşəkar ədəbiyyatşünas sözündən daha sərrast olması onun miqyaslı düşüncəsi ilə bağlıdır. Geniş bilik və dərin təfəkkür sahibi Heydər Əliyev hər ədəbi şəxsiyyət və ədəbi incini yalnız bir fərd olaraq görmür, bütöv Azərbaycan tarixinin işıqlı zərrəsi olaraq çox ucalardan seyr etməyi bacarırdı.
Nadir cəmiyyətşünas olaraq Heydər Əliyevin məhz hər kəsə müyəssər olmayan qabiliyyəti – istənilən hadisəni hadisələrin axarında, istənilən şəxsiyyəti şəxsiyyətlərin qatarında seyr edərək müqayisələrlə qiymətləndirə bilmək gücü onun çıxardığı nəticələri adilikdən aralayırdı. Cavid onun oxuduğu, öyrəndiyi, müəllim saydığı klassiklərin əvvəlincisi idi. Tarixi sıra baxımından yox, bəslədiyi rəğbətlər nöqteyi-nəzərindən!
Müsahibələrindən birində “Sevimli şairiniz” sualını cavablandırarkən özü bunu etiraf etmişdi.
Misilsiz ədəbi şəxsiyyətlərimizin əksərinin həyatını da, yaradıcılığını da yaxşı bilmiş, onların təxminən hər biri haqqında mötəbər fikrini bildirmiş Heydər Əliyevin o qədər ulduz arasında Cavidi seçməsi, onu ən üstün sayması təsadüf deyildi.
Caviddə qədimliklə müasirlik qovuşurdu. Cavid özü də bir cəmiyyətşünas, insanşünas idi ki, Heydər Əliyev onu çox mənada qəlib, ülgü kimi qavrayırdı.
Digər tərəfdən, Cavid şəxsiyyətinin bütövlüyü, sarsılmazlığı da başqa bir qiymətli örnək idi.
Tarix sınaqlarında, zaman zəlzələlərində neçələrinin necə əyilmiş olduğunu başqalarından daha yaxşı bilən Heydər Əliyev Cavidin heç bir zəmanə qasırğası qarşısında məğrurluğunu itirmədiyindən də hər kəsdən daha səriştəli xəbərdar idi.
Şəxsiyyətdə bu keyfiyyətə xüsusi dəyər verdiyindən Cavidə eşqi bir qədər də artırdı. Cavid onunçün təkrarsız şair, müdrik filosof olmaqdan savayı müəllim, dost, məsləhətçi, könül sirdaşı idi. Elə bu səbəbdən Cavid haqqındakı ən böyük əsəri yaratmaq səadəti də Heydər Əliyevə müyəssər oldu.
Cavid barəsində lap çoxlu elmi və bədii əsərlər yazılıb. Cavidin sayı bilinməyəcək qədər çoxlu rəsmləri çəkilib, abidələri yapılıb. Əsərlərinə musiqilər bəstələnib, özünə nəğmələr həsr edilib.
Heydər Əliyev nə yazıçı idi, nə tədqiqatçı alim, nə heykəltəraş, nə bəstəkar, nə rəssam…
Amma ən nəhəng Cavid Əsərini, ən möhtəşəm Cavid Abidəsini doğurmaq səadəti onun bəxtinə düşdü.
Başqa sənətkarların ayrı-ayrılıqda Cavidlə bağlı vücuda gətirdikləri hər bir sənət əsərindən daha yaxşısını yaratmaq, yaxud ona bənzərini ortaya qoymaq mümkündür.
Cavidlə bağlı belə əsərlər indiyədək yaranıb, bundan sonra da yaradılacaq.
Lakin Heydər Əliyevin doğurduğu Cavid Əsərini nə ona qədər yaradan olmuşdu, nə də bundan belə xəlq edən olacaq.
Hüseyn Cavid 1937-ci ilin qurbanlarından idi.
Müasirlərinin “əfəndi” deyərək seçdiyi, sağkən klassikcə qiymətləndirdiyi və sovet siyasi repressiyaları bir sel kimi coşmağa başladığı 1930-cu illərdən daha öncə sıxışdırılmağa, təqib edilməyə başlanmış Cavid peyğəmbər xislətli və siqlətli yaradıcı idi.
Özü demiş, “əsrinin öksüzü” – zamanın yetimi olan belə dahilərsə dünyanın hər yerində, bütün tarix ərzində məşəqqətlərə, zərbələrə, acılara mübtəla qılınıb.
Heydər Əliyev uzun illər sovet təhlükəsizlik xidməti şəbəkəsində işlədiyindən həmin laübalı təşkilatın arxivlərinin kənar gözlərə tam qapalı olduğu vaxtlardan işin içərisindəki bir şəxs kimi Cavidin hansı müsibətlərdən keçdiyini adi insanlardan, əlbəttə ki, daha dürüst və təfərrüatlı bilirdi.
1937-ci il iyunun 3-də keçirilən Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının nəhs – onüçüncü qurultayında dövlət tərəfindən rəsmən “xalq düşməni” elan edilən, təxirə salınmadan elə həmin gecə dərhal həbsə alınan, adı səhnələrdən, imzası qəzetlərdən, əsərləri dərsliklərdən və kitabxanalardan yığışdırılan, tarixdən silinməsi üçün bütün qəddar tədbirlər görülən Cavid ta 1956-cı ilə qədər sırf yasaq adların “qara siyahı”sında qaldı.
Hətta həmin bəraətlər fəsli, siyasi iqlimdə yumşalmalar başlanandan sonra da Cavidə münasibətdəki soyuqluğa son qoyulmadı.
Digər bəraət almışlardan fərqli olaraq, Cavidin bir çox əsərləri, əvvəlki kimi, qadağan kitablar zümrəsində qaldı, sovet əyyamlarının ən qart ittihamlarından sayılan “pantürkist” damğası Cavidin üstündən götürülmədi.
Cavidin tam bəraəti, xalqa itkisiz, bütün yaradıcılığı ilə bütöv qayıdışı məhz Heydər Əliyevin sayəsində mümkün oldu.
1980-ci illərin əvvəlləri idi, sovet dövləti hələ yerində idi, Cavidin o günəcən yasaqlıqda qalmış bir çox əsərləri rejimin siyasəti baxımından zərərli mahiyyətini saxlayırdı və bu şairə tam bəraət vermək, əslində, rəsmi ideologiya baxımından düzgün deyildi.
Heydər Əliyev həmin rəsmi ideologiyanın öndə gedən təmsilçilərindən biriydi.
Bu statusa malik ola-ola Cavidi düşmənlikdən birdəfəlik çıxarmaq, onun təbliğ edilən ideoloji xəttə bir çox məqamlarda yad olan əsərlərinə də vətəndaşlıq hüququ bağışlamaq vaxtına görə ağlasığmaz şücaət, yalnız vətəndaş hünəri deyil, siyasi qəhrəmanlıq idi.
Heç kəsin bacarmayacağı bu əməli gerçəkləşdirmək Heydər Əliyevə qismət oldu. Heydər Əliyev Cavidi Azərbaycana qaytardı.
Bu sözün bütün mənalarında!
Və sonra onun özünün siyasi karyerası ayrı məcrada davam etdi. Bakıdan Moskvaya aparıldı, burada başladığı bir çox başqa nəcib işləri davam etdirmək digərlərinin öhdəsinə düşdü. Ancaq Heydər Əliyevin açmış olduğu yollarla irəliləməyi də əlində geniş səlahiyyətlər olanlar bacarmadı. Yalnız ona görə yox ki, onlar Heydər Əliyevdəki qabiliyyətə, təpərə sahib deyildilər. Ən mühümü bu idi ki, onlar Heydər Əliyev kimi anlaya, qiymət verə və sevə bilmirdilər.
Cavidin 100 illiyi ilə bağlı sənəddə Bakıda şairin ev-muzeyinin açılması məsələsi də vardı. Bəlkə də bu, həmin sənədin canını təşkil edən əsas maddə idi. Çünki Cavidin son yadigarı – qızı Turan xanım sağ idi və çox arzulayırdı ki, irtica dövrünün caynağından qurtararaq saxladığı sənədlər, atası ilə bağlı qoruyub hifz edə bildiyi əşyalar, yazılar ondan sonra it-bata düşməsin, bu yadigarların hamısını bir sabit ünvanda qovuşduraraq dünyadan arxayın getsin. Heydər Əliyev Moskvaya getdi, muzey məsələsi həll edilməmiş qaldı. Usanmadan qəzetlərə yazdıq, çıxışlar etdik, respublikaya bir-birinin ardınca rəhbərlik edənlərin hər birinə məktublar göndərdik. Nəticəsiz qaldı. Bu ümdə istəyin də çin olması üçün Heydər Əliyev təzədən qayıtmalıymış. Qayıtdı, XX əsrin sonlarında Vaxtın hökmüylə yenidən müstəqillik əldə etmiş və bu istiqlalı Vaxtın kinayəsi ilə, XX yüzilin əvvəllərində olduğu kimi, iki yaşına çatmadan yenidən itirmək təhlükəsi ilə üzləşmiş ölkəyə nicatçı oldu, yurdda çox işləri yerbəyer etdi və növbə Cavidə çatdı. Yox, əslində, Cavid ilk növbədə xatirində idi. Çünki Moskvadan Vətənə qayıdanda, təqiblərdən qurtularaq Naxçıvana sığınanda ilk ziyarət etdiyi yer Cavidin məzarı olmuşdu.
Münasib girəvə yaranan kimi Cavidin muzeyini də yaratdı, Naxçıvanda şahanə məqbərəsini də dikəltdi, yubileylərini də keçirdi, şairin bundan sonrakı bitməz ömrünü təmin edəcək bütün başqa zəruri niyyətləri də gerçəkləşdirdi.
Dahilərə yaraşan qiyməti verə bilmək dahilərin alınına yazılmış keyfiyyətdir.
Heydər Əliyevin Cavidlə bağlı çalışmalarından söz açmışkən bir hadisənin də üstündən ötmək olmaz. Bunu da gərək hamı bilə.
Xarici ölkələrə səfərlərimizdən birində unudulmaz Heydər Əliyevə Hüseyn Cavidin adına Bakıda bircə dənə belə iri mədəniyyət müəssisəsinin olmadığını dedim.
Fikrə getdi.
Əlavə etdim ki, Milli Dram Teatrımız bu baxımdan ən münasibdir. Cavid Azərbaycan poetik teatrının banisidir, böyük bir aktyor nəsli onun əsərləri ilə yetişib.
Dərin adam idi Heydər Əliyev və heç bir sözü səbəbsiz, təsadüfən söyləmirdi. Soruşdu:
– ¬¬¬Bu tək sənin fikrindir, yoxsa teatr xadimləri, elm, sənət adamları da buna qoşulur?
– ¬¬¬Çoxları ilə söhbətim olub, düşüncələrimiz üst-üstə düşür.
– Bəs mətbuatda bu barədə çıxış ediblərmi, mövqelərini bildiriblərmi?
Düstur mənə aydın idi. Və Milli Dram Teatrına Hüseyn Cavidin adının verilməsi ilə əlaqədar Prezidentə ünvanlanan 4 məktub-müraciət hazırladım. Azərbaycan alimləri və ziyalıları adından, Azərbaycan yazıçıları adından, Cavid pyeslərinin səhnə təcəssümündə iştirak etmiş rejissor, rəssam, bəstəkar və aktyorlar adından, repressiya zərərdidələrinin ailələri adından. Hamısı ilə telefonla danışdım, bəziləri ilə görüşdüm, imzalarını aldım (nə yaxşı ki, o vaxt həmin telefon söhbətlərinin hamısını lentə almışam. İndi o adamların çoxu həyatda yoxdur. Fəqət hərəsinin maraqlı xatirə, Cavid sevgisi dolu səsləri yadigar qaldı).
Müraciətlərin dördü də “Xalq qəzeti”, “Azərbaycan” və “Respublika”da dərc edildi.
Böyük Heydər Əliyevin Cavidlə bağlı niyyətlərindən bircə bu, hələ gerçəkləşməyib. Ömür vəfa etmədi. Amma şox ümidliyəm ki, Ulu Öndərin bu arzusu da əvvəl-axır mütləq həllini tapacaq.
…Dahi Hüseyn Cavidlə onun xatirəsinə doğma övladı qədər sədaqət və məhəbbətlə xidmətlər göstərmiş Heydər Əliyevin bir müştərək cəhətini də sezmişəm. Cavidin irsini başdan-sona dönə-dönə oxuyandan sonra çıxardığım heyrətli nəticələrdən biri bu oldu ki, sanki şair gələcək taleyini il-il, ay-ay, gün-gün öncədən bilirmiş və hələ gəlib çatmadığı zamanlarda nə olacağını da qabaqcadan duyaraq yazıya alıb.
Heydər Əliyevin də artıq tamamlanmış ömür yolu, apardığı mübarizələri, etdiyi çıxışları ard-arda dəfələrlə dinləyəndən, araşdırandan sonra mat qalıram ki, elə bil, o da əvvəlcədən yazılmış və özünün də irəlicədən tanış olduğu ssenari üzrə yaşayırmış, ona görə nə edirmişsə düz alınırmış, tam hədəfə dəyirmiş. Heyrətlənməmək mümkün deyil. Axı Heydər Əliyevin ömrü uzunu qəbul etməli olduğu bir çox taleyüklü qərarların az qala hamısı ekstremal vəziyyətdə, düşünmək, geniş təhlillər aparmağa vaxtın olmadığı dar macalda verilib.
Bakıda Cavidin ev-muzeyini yaradarkən ekspozisiyada Heydər Əliyevlə bağlı guşəni düzəltməyə başlayanda şairin ədəbi mirası içərisində Heydər Əliyevə uyğun gələ biləcək misralar arayanda rast gəldiyim bir parça məndə belə təsəvvür oyatdı ki, elə bil “Peyğəmbər” müəllifi, peyğəmbər bəsirətliyi ilə gələcəkləri seyr eyməyi bacaran Cavid Heydər Əliyevi də çox-çox öncələrdən görübmüş:
Tutduğun yol böyük, sən el rəhbərisən,
Bütün səslərdən üstündür səsin sənin.
Bağır, hayqır, can ver issız bucaqlara,
Bilgi nuru yaydır sönmüş ocaqlara.
Çalış bütün boşluqlar əzminlə dolsun,
Hər bayaqlıq çiçəkli bir cənnət olsun!
Azərbaycana XX yüzilin əvvəlində cəmi 23 ay yaşayacaq istiqlal qismət olmuşdu.
Həmin əsrin sonunda Azərbaycana təzədən nəsib olmuş müstəqillik yenə təxminən həmin qədər ömür sürdükdən sonra büdrəyə, itirilə bilərdi.
Millətin bəxti ayaq üstəymiş ki, Tale bizi bu zavaldan xilas etdi – Heydər Əliyev qayıtdı, istiqlal yükünün bütün ağırlığını dözümlü çiyinlərinə götürdü, il-il irəlilətdi və müstəqilliyin yaşına əlavə olunan hər illə bu əzizdən-əziz, üstündən-üstün nemətimizi, ən ali sərvətimizi sarsılmaz etdi.
XX yüzilin ikinci onilliyinin sonunda böyük vətənpərvərlərin iri bir dəstəsinin hamısının birlikdə görə bilmədiyi işi Heydər Əliyev XX yüzilin 90-cı illərində təkbaşına edə bildi.
Müstəsnalığın bariz təsdiqi deyilmi?
XX əsrdə Heydər Əliyev 7 il Azərbaycan Prezidenti oldu.
Əsr dəyişdi, minillik təzələndi.
O, yeni minillikdə də ilk Prezidentimiz idi.
İki əsrin, iki minilliyin Azərbaycan Prezidenti olmaq bundan sonra kiməsə bir də min il sonra qismət ola bilər.
Bu nadir iqbal və şərəf də Heydər Əliyevin bəxtinə düşdü.
Müstəsnalıq deyilmi?
Xarici maraqların, yüz cür məkrli əcnəbi siyasətlərin bəlamıza çevirə biləcəyi sərvətimiz nefti dahiyanə apardığı siyasətlə sabahkı firavanlığımızın bünövrəsinə döndərdi, ən iri dövlətlərin yürütdüyü xəttə müttəfiq çıxmasına, qol qoymasına nail oldu.
Müstəsnalıq deyilmi?!
Dünyaya meydan oxuyan Amerika onu ən böyük övladlarından birinə bənzər tutaraq “Mərkəzi Asiyanın Corc Vaşinqtonu” adlandırdı.
Müstəsnalığın daha bir görüntüsü deyilmi?!
Heydər Əliyev 30 ildən çox hakimiyyətdə oldu.
Bu onilliklər boyunca nəşillər dəyişdi, siyasətlər dəyişdi, dünya dəyişdi.
Amma liderlik yolunun başlanğıcında – 1970-ci illərdə Heydər Əliyev Azərbaycan, yaxın və uzaq xaricdə ən güclü, ən əvəzolunmazlardan sayıldığı kimi, ixtiyar çağında da, XX əsrin sonları və XXI əsrin əvvəllərində də bu üstünlüyü qoruyub saxladı.
Müstəsnalıq deyilmi?!
Bu gün artıq həyatda olmadığı günlərdə də onu eşitmək, ondan öyrənmək, ondan mənəvi güc almaq ehtiyacımız varsa, bu, müstəsnalıq deyilmi?!
Heydər Əliyevsə bütün daxili istedadlarından əlavə, həm də mühitin, içərisindən keçdiyi zamanın övladı idi. Onu yetirmiş mürəkkəb mühit və zamansa artıq keçmişdir – bir daha təkrarlanması mümkün olmayan keçmiş. Ona görə də hətta təbiətən Heydər Əliyevin yiyələndiyi bütün qabiliyyətləri daşıyan başqa bir insan yaransa da, Heydər Əliyevin yaşadığı qədər qəliz, çoxrəngli, özünəməxsus məntiqləri olan epoxaların məktəbində dərs almadığından o şəxs heç vaxt Heydər Əliyev qədər dərin, zəngin, miqyaslı olmayacaq.
Sovet “KQB”-sinin sıravi əməkdaşından general rütbəsinəcən, kommunistlər ordusunun sıra nəfərindən Kreml liderlərindən birinə qədər yüksəlmək elə möhtəşəm universitetlər idi ki, o yolu qədəm-qədəm adlayandan sonra çox üstün qafalı insanşünas və cəmiyyətşünasa çevrilmək labüd idi.
Bundan sonra fitri istedadı qat-qat artıq şəxslər dünyaya gəlsə belə, nə o universitetləri, nə o yolu keçə biləcəklər.
* * *
Vaxt hamımızdan güclüdür. Arxada qalan fırtınalı illər, xüsusən də XX əsrin dünyanın simasına dəyişən son çərəyi özüylə yalnız XX əsri və II minilliyi aparmadı. Sovuşan vaxt xeyli anlayış və dəyərləri də qeyb etdi. O anlayış və dəyərlərlə birgə isə zahirən çox qadir görünən bir çox insanları da zaman selləri öz heybətli dalğalarıyla yuyub apardı. XX yüzilin son parçasının burulğanları Heydər Əliyevi də sovurmağa, girdabına çəkməyə, siyasət, dövlətçilik, qaynar fəaliyyət meydanından qoparıb aparmağa cəhd etdi…
Və möcüzə baş verdi! Vaxt burulğanının Heydər Əliyevə gücü çatmadı!
Adətən belə olmur axı! Bu, təbii gedişata zidd, uyuşmaz kimi təsir bağışlayır axı! Amma oldu! Bu, adi insanların iradəsi və imkanından kənar olan bir hadisədir.
Bu, artıq möcüzə deməkdir!
Ömrü boyu qarşısına çox məqsədlər qoyaraq həmişə niyyətinin ardınca sona qədər ardıcıl, inadcıl mübarizə aparmış, ardıcıl, inadcıl, usanmaz olduğu üçün də həmişə uğura çatmış Heydər Əliyev bu dəfə həyatı uzunu rastlaşdığı ən böyük rəqibi – Vaxt Burulğanını yenə bildi.
Bu qeyri-bərabər mübarizədən, amansız sürətlə dəyişən və uçub gedən Zamanla çəkişmədən qalib çıxmaq, sanki hər şeyi təzədən başlamaq üçün Heydər Əliyev səhhətə də, yaşa da üstün gəldi.
Ömrü boyu insanlarla işləmişdi və insanları ram etməyin, kütlələri idarə etməyin çox gizlinclərinə vaqif idi.
Amma indiki halda təbiəti də öz iradəsinin hökmünə tabe etməli idi.
Edə bildi!
Həmin zaman dəyişikliyi, dövr başqalaşması, əsrlər əvəzlənməsi əsnasında Heydər Əliyev cavan deyildi, bütün vəzifələrini itirmişdi, bağında oturub dincələn, ömrün qalan parçasını yaxşı halda, imkan versələr, sakit təqaüdçü güzəranı keçirməklə başa vurmalı bir klassik idi.
Bu tale ilə barışmadı.
Xalqının və yurdunun həyatındakı məsul məqamda öz Sözünü demək, faydasını vermək, ömrü boyunca qazandığı bilik və səriştələri ölkəsinin yeni dirçəlişinə sərf etməkçün, bu mücadiləsində yenə BİRİNCİ, yenə ÜSTÜN, yenə QÜDRƏTLİ olmaq üçün QAYITDI.
Heydər Əliyevin qayıdışı bütün başqa xüsusiyyətlərdən əlavə, bir də ona görə əlamətdar oldu ki, bu nadir şəxsiyyətin ömrünün qayıdış parçasını, qayıdışdan sonrakı fəaliyyətlərini görməsəydik, onun istedadının əsl parlaqlığını, onun şəxsiyyətinin əsl nəhəngliyini də tamlığı ilə bilə bilməzdik. Heydər Əliyev Vaxta qalib gələrək qayıtdı və onun bacarıqlarının, qüdrətinin arxada qalan ömür parçasının imkan vermədiyi bir çox incəlikləri də bütün aydınlığı və möhtəşəmliyi ilə hər kəsə əyan oldu.
Yalnız bizlər – soydaşları deyil, Moskvada, Kremldə onunla çalışmışlar deyil, bütün dünya Heydər Əliyevin yeni zaman içərisindəki böyüklüyünü, qeyri-adiliyini gördü, etiraf etdi, heyran qaldı.
Bir dəfə mənə Heydər Əliyevin Kreml illərindən son dərəcə maraqlı anlar barədə söz açan bir moskvalı siyasət adamı: “Siz yaxşı millət deyilsiniz. Heydər Əliyev kimi dahi şəxsiyyətə qarşı nankor oldunuz. Kremldə işlədiyi vaxt onun haqqında Moskvaya qalaq-qalaq donoslar, şikayət ərizələri, adsız, imzasız ifşa məktubları – anonimlər göndərdiniz”, – dedi.
Cavab verdim ki, yanılırsınız. Biz qədirbilən millətik və haqlı olaraq dahi adlandırdığınız Heydər Əliyevi də Azərbaycan xalqı yetirib, bu qəbil övladlar yetirən xalq pis, nankor ola bilməz. Əlbəttə, Azərbaycanda hər bir rəhbər kimi, ondan da narazılar vardı, olsun ki, Moskvaya onun barəsində Azərbaycandan, doğrudan, tək-tək məktublar gedib. Lakin Heydər Əliyevi yıxmağa yönələn və azərbaycanlıların adından yazılan dediyiniz həmin məktublar selininsə əsas təşkilatçıları ermənilər olub. Özü də həmin kağızların əksəriyyəti Bakıdan, Azərbaycandan yox, Ermənistandan, Gürcüstandan yola salınırmış. Zərflərin üstündəki Ermənistan, Gürcüstan möhürlərini də ermənilərin Kremldəki fitnəkarları guya Azərbaycandan belə məktubların çıxmasının qarşısının poçt şöbələrindəcə alınmasıyla izah edirlərmiş.
Erməni lobbisi Heydər Əliyevin – qüdrətli azərbaycanlının Kremldəki ucalışına dözə bilmirdi.
Nə qədər ki Heydər Əliyev orada idi, nə ona bata, nə Azərbaycan əleyhinə qara məkrlərini həyata keçirə bilirdilər. Nəhayət, ən müxtəlif vasitələrlə Heydər Əliyevin Kremldən uzaqlaşdırılmasına nail olandan sonra Qarabağ tonqalını da alışdırdılar…
(Elə buradaca bir başqa əhvalat yadıma düşür. Azərbaycan Avropa Şurasına yenicə daxil olmuşdu. Avropa İnsan Haqları Məhkəməsinə ilk hakimimiz təyin olunacaqdı. Azərbaycan tövsiyə eydiyi namizədin adını təqdim etmişdi və Strasburqdakı müzakirələrdən, səsvermələrdən sonra qərar qəbul ediləcəkdi. Amma Azərbaycandan artıq həmin namizədin əleyhinə bir neçə yüz məktub yollanmışdı. Avropa Şurası rəsmilərindən biri dostyana söhbətində həmin məktublara işarə ilə yarızarafat-yarıciddi: “Niyə azərbaycanlıların yaddaşı belə zəifdir?” – deyə xəbər aldı. Təəccübləndik. Nədən belə qənaətə gəlməsini izah etdi: “Sizinkilər bir neçə yüz məktub göndəriblər, ancaq hamısına imza atmağı, adlarını, soyadlarını göstərməyi “unudublar”).
O vaxt Heydər Əliyevin kölgəsini qılınclayan məktublarla (və əksərən adsız, anonim olan cızma-qaralarla bağlı cavab verərkən bunun düşmənlərin əməli olduğunu söyləsəm də, o sırada özümüzünkülər də az deyildi axı.
Fransada yaşayan qocaman siyasi mühacirlərimiz mənə danışıblar ki, Heydər Əliyev Moskvada Siyasi Büroya, Sovet İttifaqının bu ali rəhbər qurumuna üzv seçiləndə qərib soydaşlarımız sevinir, ixtixar edirmişlər ki, nəhayət, bizdən də bir nəfər, bir azərbaycanlı, bir türk, bir müsəlman belə yüksək vəzifəyə layiq görüldü.
Kremldə olduğu müddətdə müxtəlif vasitələrlə Heydər Əliyev Azərbaycana faydalarını verməkdə davam edirdi, lakin bununla yanaşı çox əhəmiyyətli bir məqam da var – onun orada olması imkan vermirdi ki, Azərbaycana qarşı əvvəlki kimi ayrı-seçkilik edilsin, respublikamıza, xalqımıza qarşı hansısa arzuolunmaz addımlar atılsın. Sadəcə, Heydər Əliyevin oradakı varlığı, adı bir çoxlarını bir çox cəhdlərdən çəkindirirdi.
* * *
Heydər Əliyevin nəvaziş göstərdiyi, himayəsini əsirgəmədiyi qiymətli yaradıcılardan olan mərhum teatrşünas və mollanəsrəddinçi jurnalist Qulam Məmmədli nağıl eləyirdi ki, XX əsrin iyirminci illərində, indiki “Səadət sarayı”ndakı otaqlardan birində onlara dərs keçən o çağın məşhur ədəbiyyatşünas alimi, professor İsmayıl Hikmətə Mirzə Ələkbər Sabirin nə dərəcədə böyük şəxsiyyət olması ilə bağlı sual veriləndə ustad dalğınlaşır: “Mənim cavan dostlarım, biz bu gözəl binanın içərisindəyik və onun füsunkarlığı haqqında sadəcə təsəvvürümüz var. Amma bu binadan çıxıb xeyli aralansaq, onu uzaqdan bütövlüyü ilə seyr etsək, gözəlliyinə daha artıq valeh olacaq, əzəmətinə daha artıq heyrətlənəcəyik. Sabirlə bizim hələ nə məsafəmiz var ki! O, müasirlərimiz kimidir. Onun böyüklüyünü zamanlar ötdükcə, gələcəyin uzaqlarından seyr elədikcə daha aydın görəcəyik”.
Heydər Əliyev bizimlə eyni günlərin içərisində yaşayırdı, bəxtimizə dahi ilə müasir olmaq səadəti düşmüşdü və əl çatacaq qədər yaxında olsa da, onun əlçatmaz qədər uca şəxsiyyətinə heyran idik. Lakin millət öndəri Heydər Əliyevin Kimliyini, onun təfəkkürünün ənginliyini, əməllərinin qiymətəsığmazlığını və ən mühümü, Təzədən Qayıdaraq Azərbaycanın müstəqillik tarixinin yeni və ən şərəfli səhifələrinin müəllifi olmasının Ali Mənasını bizdən sonra gələnlər sabahdakı onillərin zirvələrindən daha dəqiq görəcəklər. Və inanıram ki, onlar bizlərdən daha qərəzsiz, daha ədalətli, daha insaflı olduqlarından Heydər Əliyev şəxsiyyətinə və onun əməllərinə bizim verdiyimizdən qat-qat yüksək və dürüst qiymət verəcək, adını bizim tutduğumuzdan daha əziz tutacaqlar.
Bu, labüddür. Əvvələn ona görə ki, böyük həqiqətlər uzaqdan daha yaxşı görünür, ikincisi də ona görə ki, dünya əvəz-əvəz dünyasıdır və Heydər Əliyev özü həmişə dirinin də, ölünün də layiq olduğu əsl qiyməti və ehtiramı imkanı çatan qədər əsirgəməməyə çalışıb.
Şəxsən şahidi olduğum əhvalatdır – televiziya, radio çıxışlarımda demişəm, bir daha yazıram ki, bu nəciblik də tarixdə qalsın, unudulub itməsin və həmin həqiqətdən daha çox adam agah olsun.
Qulam Məmmədli ki az qala bir əsr ömür yaşamışdı və bu bir əsrə çatan ömrünü doğrudan-doğruya xalqa həsr etmişdi, sənət tariximizlə bağlı bir neçə institutun görə biləcəyi həcmdə işlər görmüşdü, – günlərin birində dünyasını dəyişdi.
Ömrünün xəstəliklərlə müşayiət olunan son nigaran aylarında onun ailəsinə müntəzəm baş çəkirdim və bir səhər evimizə Qulam müəllimin həyat yoldaşı niyəsini söyləmədən zəng vurubmuş ki, Rafael bizə gəlsin.
1994-cü ilin 18 noyabrı idi, hələ indiki kimi hərənin bir-iki cib telefonu olan vaxtlar uzaqdaydı, mobil rabitə hələ Bakıya yetişməmişdi.
Arada evə zəng vurmuşdum və mənə Qulam müəllimgildən olan xahişi çatdırdılar.
Zənn elədim yenə nəsə dava-dərman lazımdır.
Qaçan işlərimi görəndən sonra yollandım onların Səməd Vurğun küçəsindəki mənzillərinə.
Elə pilləkənləri qalxıb mərtəbələrinə yetişəndə ürəyim sancdı.
Giriş qapıları açıqdı.
İçəri keçdim və gördüm ki, artıq hər şey bitib – Qulam müəllim keçinib.
Həyatını millətə və mədəniyyətimizə xidmətə həsr etmiş bu dəyərli alim, qələm sahibi çəkdiyi zəhmətlər müqabilində, ən azı, təntənəylə, hörmət-izzətlə dəfn olunmaq haqqını qazanmışdı.
Ailəsinin isə hətta yığcam bir hüzr təşkil etməyə maddi imkanı yox idi.
Şənbə günü idi.
Yazıçılar İttifaqında, Mədəniyyət Nazirliyində bir kəsi tapa bilmədim. Moskvada Füzulinin yubiley təntənələrinin keçirilməsi ilə əlaqədar hər iki təşkilatın rəhbərliyi səfərdəydi.
Mədəniyyət Nazirliyinin köhnə tanışım olan bir idarə rəisi telefonla mənə söylədi ki, boş yerə əziyyət çəkmə, Qulam Məmmədlinin ən yüksək fəxri adı “Əməkdar mədəniyyət işçisi” olub. Həmin səbəbdən ona, bəlli ənənəyə görə, heç İkinci Fəxri xiyaban da düşmür.
Teatr Xadimləri İttifaqına zəng vurdum ki, heç olmazsa, cənazənin Aktyorlar evindən götürülməsini həll edim.
İttifaqın sədri qayıtdı ki, gərək bizə yuxarıdan tapşırıla.
Dedim: “Əlinizin altında hökumət telefonu var, siz yuxarıya çatdırın ki, bu hadisə baş verib, axı onların xəbəri yoxdur”.
Kimə deyirsən!
Gümanım gələn yerlərdən ümidim kəsiləndən sonra o vaxtlar tez-tez gedib-gəldiyim Xarici İşlər Nazirliyinə üz tutdum. Nazir Həsən Həsənova əhvalatı danışdım.
Dərhal dəstəyi götürüb Prezident Heydər Əliyevə məlumat verdi ki, Qulam Məmmədli vəfat edib.
– Sən hardan bilirsən?
– Rafael burda, yanımdadır, o söylədi.
Prezidentin reaksiyası anındaca oldu:
– Rafael bu dəqiqə Aparata gəlsin, bizimkilərlə nekroloq hazırlasınlar ki, televiziyanın axşam “Xəbərlər”inə çatsın. Sabah bazardır. Cənazəni bir gün saxlasınlar. Bazar ertəsi dəfni ən yüksək səviyyədə keçirin, vidalaşma filarmoniyada olsun. Özüm də gələcəyəm.
…Prezident mərasimə gəldi, Qulam Məmmədlinin tabutu yanında fəxri qarovulda dayandı, rəsmi vida sözlərinin altındakı ilk imza da Heydər Əliyevinki idi…
Xatırladıqca bu əhvalat hər zaman məni duyğulandırır, riqqətə gətirir.
Belə olmaya da bilərdi.
O xəbər Prezidentə çatmazdı və ömrünü başa vuran Qulam Məmmədli Bakının ən sıravi qocalarından biri kimi qəbr evinə köçərdi.
1897-ci ildə Təbrizdə dünyaya gəlmiş və dünyanın hər üzünü görmüş, XX əsri az qala əvvəldən sonacan yaşamış Qulam Məmmədlinin özü üçün təmtəraqlı, yaxud soyuq yolasalmanın, hansı qəbiristanlıqda basdırılmasının daha istisi-soyuğu yox idi.
Amma sabah Qulam Məmmədli ola biləcək bir gənc görəcəkdi ki, bir millət və sənət fədaisinin sonu necə oldu. Və o gəncin içərisində mütləq nəsə sınacaqdı. O gənc, yəqin, sabahın Qulam Məmmədlisi olmağa tərəddüd edəcəkdi. Ya bəlkə də “Axırı budurmu?!” təəssüfü ilə yolunu dəyişəcəkdi, Qulam Məmmədlinin açdığı millətəxeyir cığırla getməkdən vaz keçəcəkdi!
İndi Fəxri xiyabanda iki məzar yanaşıdır – Qulam Məmmədli ilə xanəndə Hacıbaba Hüseynovun son mənzilləri. İkisinin də orada olmasının səbəbkarı Heydər Əliyevdir, hər ikisi üçün unudulmaz rəhbərə mən də ağız açmışam.
O dəyərli insanların ikisini birləşdirən bir cəhət də vardı ki, hər ikisi vur-tut dördcə siniflik ibtidai təhsil almışdı. Həyatdan gedərkən titulları da elə idi ki, rəsmi qaydalara görə Fəxri xiyabanda dəfn edilməməliydilər. Lakin Heydər Əliyev quru rəsmiyyətlər çərçivəsinə sığmayan ötkəm, qətiyyətli, bilgin şəxsiyyət olduğundan bu qərarı verdi, sağlığında da, həyatda olmayacağı illər, dövrlər üçün də şərəflər, ehtiramlar, minnətdarlıqlar qazandı.
Prezident Heydər Əliyevin Qulam Məmmədliyə, Hacıbaba Hüseynova bu ehtiramı mərhumların ailələrinə təsəlli, qürur bağışladı və olsun ki, hələ heç birimizin tanımadığımız – sabah Qulam Məmmədli, Hacıbaba Hüseynov olacaq bir gəncə (və çox-çox başqalarına) ibrət dərsinə döndü.
Heydər Əliyevin ömrü boyu verdiyi belə dərslər, belə ibrətlər nə qədər olub!
Heydər Əliyevsə o xeyirxah işlərini görəndə, təbii ki, bunların nə dərs, nə də ibrət olacağını düşünürdü.
Ağlı və ürəyi belə kəsirdi, onunçün belə edirdi.
Amma müəllimlik zatında, təbiətində olduğundan həmişə hər əməli də elə bir dərs, örnək görüntülü, bir ibrət mahiyyətli idi.
* * *
Şərq dühasının yetirdiyi fövqəladə dövlətçilərdən Teymurləng “Hökmdarın sözü qılıncdan iti olmalıdır” söyləyib.
Heydər Əliyev ən əvvəl bir dövlət başçısı üçün çox mühüm olan qüvvətli zabitə sahibi idi. El içində belə şəxsiyyətlərə “zəhmli adam” deyirlər. Belə insanlar görünməz bir enerji saçırlar və onların təsirinə qapılmamaq, onların sözünün əksinə getmək, dediyindən qırağa çıxmaq iradədən kənar olur. Heydər Əliyevin insanları təsiri altına çəkən qaçılmaz maqnitizmi vardı. Bu maqnitizmin, cəlbediciliyin bir tərəfi tabe olmağa vadar edirdisə, bir tərəfi də qarşıdakını ona ürək bağlamağa, mehr salmağa cəzb edirdi.
(Heydər Əliyevin siyasi opponentlərinə çox təcrübəli bir kəşfiyyatçı tərəfindən verilən məşhur məsləhət haqqında da eşitmişəm. Deyirmiş ki, çalışın Heydər Əliyevlə 5 dəqiqədən artıq tək qalmayın. Bir də onda ayılacaqsınız ki, düşübsünüz onun təsirinə).
Və bir də, Heydər Əliyev iti söz sahibi idi.
Sözünün kəsəri olan başçı idi. Kimin nə həddi vardı onun bir sözünü iki eləyə!
Bu keyfiyyət isə havadan yaranmır.
Gərək daim özün öz sözünə sadiq olasan, öz sözünün çəkisini hifz edəsən ki, başqaları da sənin sözünə danışıqsız tabe olmaq məqamına yetişə.
Moskva illərində, SSRİ Nazirlər Sovetinin birinci müavini işlədiyi çağlarda həmişəki kimi çalışmaqdan yorulmayan, həmişəki kimi bəlli iş saatlarından xeyli artıq müddətdə iş başında olmağa adət etmiş Heydər Əliyev şənbə günləri tabeliyində olan nazirlər, komitə sədrlərini dəvət edərək toplantılar keçirməyə başlayır.
Şənbə-bazar günləri bağlarına çəkilərək istirahət etməyə adətkərdə olan bəzi nazirlər əvvəl-əvvəl Heydər Əliyevin yığıncaqlarına müavinlərini göndərsələr də, az sonra anlayırlar ki, bu zarafat onlara baha başa gələ bilər.
Ötən iclasda iştirak etməmiş bir nazirdən Heydər Əliyev niyə keçən səfər özü gəlməyib müavinini toplantıya yolladığını soruşanda nazir: “Bağımda dincəlirdim, gül-çiçəyi sulayırdım”, – cavabını verir.
“Hə? Gül-çiçək sulayırdınız? Lap yaxşı… Dincəlin…”
Ertəsi gün o naziri göndərirlər layiqli dincəlişə – təqaüdə.
Və bu, bütün digərlərinə görk olur.
Nazirlərin Heydər Əliyevin toplantılarına öz müavinlərini yollamaq vərdişi birdəfəlik tərgidilir.
* * *
Heydər Əliyev Sözə münasibətdə çox həssas idi.
Sözün də, söz əhlinin də həm qiymətini, həm yerini, həm də gücünü bilirdi. Çünki Heydər Əliyev özü də böyük söz adamı idi.
Qarşısındakını kimliyindən, yaşından, məqamından, çinindən asılı olmayaraq həmişə axıracan, hövsələylə dinləməsi də ilk növbədə Heydər Əliyevin Sözə hörmətindən irəli gəlirdi.
Lap cavanlığından Heydər Əliyev zabit poqonları daşımışdı, generallığacan yüksəlmişdi, üstündə silah gəzdirmək hüququ olmuşdu.
Ancaq silahı olanda da, olmayanda da o, Silahlı idi.
Heydər Əliyevin ən misilsiz, daim tən hədəfə vuran silahı Söz idi.
Heydər Əliyev elə mahir siyasət sərkərdəsi idi ki, Sözün vasitəsilə qalaq-qalaq silahların, sıra-sıra qoşunların görə bilməyəcəyi işləri görməyi bacardı.
Onun Sözə sayğısının ayrı bir əlaməti ana dilimizi səlis, rəvan, səriştə ilə, sözü incitmədən, sözə sevgi ilə məftunedici cəlbediciliyə malik nitqində canlandırması idi.
Heydər Əliyev natiqliyinin bir özəlliyi də vardı. Onun fenomenal yaddaşı barədə rəvayətlər söylənir. Lakin elə iti yaddaşlı adamlar var ki, anbar kimi hər eşitdiyini alıb saxlayır, üst-üstə qalaqlayır, gərək olanda isə həmin qarmaqarışıqlıqdan istədiyini eşib çıxara da bilmir. Heydər Əliyevin kəskin hafizəsinin bir özəlliyi də unutmamaqdan əlavə, yadında saxladıqlarından hər birini məhz zəruriyyət anında elə bir saniyə öncə əli ilə qoyubmuş kimi, dərhal alıb ondan yararlana bilməsi idi.
Həmin iti və ani seçmə bacarığı olan hafizəsinin sayəsində Heydər Əliyev dilimizin rəngarəng söz yatırından bir çox yazıçıdan, qəzetçidən, aktyordan da artıq məharətlə bəhrələnə bilirdi. Hərdən onun nitqində elə məhrəm el sözləri, ifadələr, zərbülməsəllərlə rastlaşırdın ki, məəttəl qalırdın – bu söz bu anda haradan ağlına gəldi?! Araşdıran olsa, müəyyənləşdirər ki, Heydər Əliyevin nitqi söz sayı, lüğət tərkibinin əlvanlığı, ifadə təlqinediciliyi sarıdan bəlkə də müasiri olduğu azərbaycanlılar arasında ən müqayisəsiz genişliyə, bolluğa malik olub.
Bunun arxasında ilk növbədə zəhmət, alın təri, daim öz üzərində işləmək vərdişləri dayansa da, unudulmaz Heydər Əliyev təvazö ilə əsas səbəbi başlanğıcdan yaxşı müəllimlərinin olmasında görürdü.
Əslində, bu da haqq söz idi.
Həmin müəllimlərdən birinin, Hüseyn Cavidin böyük qardaşı – müəllimliyindən savayı mütərcim, araşdırıcı, qəzetçi və nəhayət, yalnız yaşadığı Naxçıvanda deyil, bütün Azərbaycanda sayılan bir ziyalı olmuş Şeyx Məhəmmədin arxivini bitdə-bitdə araşdırmışam. Belə bir qənaətə gəlmişəm ki, qardaşı Cavidin də ilk müəllimliyini etmiş, sonralar məşhurlaşacaq neçə Azərbaycan ziyalısının yetişməsində əvəzsiz xidmət göstərmiş Şeyx Məhəmməd gerçəkdən tayı-bərabəri olmayan müəllim imiş. O cür müəllimin Heydər Əliyev kimi yetirməsi olması, o cür müəllimdən ana dilinin təməl dərslərini alanın ana dilinin ən ali hamisi və keşikçisinə çevrilməsi də bir qanunauyğunluqdur.
“Bizi çox sıxışdırırdı, amma çox yaxşı da öyrədirdi. İndi hiss edirsən ki, nə qədər haqlıymış”.
Bu, ana dilimizin sədaqətli qayğıkeşlərindən olmuş, dilimizi nəğmə kimi sevmiş, qəşəng dilimizin hər sözünü sevərək dilə gətirmiş millət rəhbəri Heydər Əliyevin öz ana dili müəllimi haqqında minnətdar etirafı idi.
XX yüzilliyin 30-cu illərində əyalət şəhərinin – Naxçıvanın məktəb səhnəsində rollar oynayan balaca Heydər Əliyev aktyor olmağı arzulayırmış.
Aktyor olmadı, amma aktyorluq hər halda ömründə, taleyində qaldı və teatr səhnəsində deyil, Tarix səhnəsində ona millətinin taleyindəki ən baş rollardan birini oynamaq qismət oldu.
Bakıya gəldi, 1930-40-cı illərdə yetərincə məşhur Sənaye İnstitutuna memarlıq ixtisasına yiyələnmək arzusuyla daxil oldu.
Dava başladı, təhsili yarımçıq qırıldı, amma hər halda o, memar oldu.
Memar düşüncə tərzi onun təfəkkür tərzinə çevrildi.
Görəcəyi hər bir işin ən xırda ayrıntısınacan layihəsi irəlicədən beynində hazır oldu.
Ona görə heç vaxt tələsik, qarasına, sonrası necə olacağın fərqinə varmadan addım atmadı.
O, Millətinin və Məmləkətinin yeni tarixinin memarı oldu, Güclü Azərbaycanın, Müstəqil Azərbaycanın, dünyanın sayğı göstərdiyi, istiqlalı dönməz, iqtisadiyyatı günü-gündən qüdrətlənən çağdaş Azərbaycanın Memarı oldu.
Tarixçi təhsili aldı. Yaxşı bir tarix müəllimi olardı, dəyərli bir tarixçi alimə çevrilə bilərdi.
O keyfiyyətlər ki fitrətən ona qismət idi, onların sayəsində Heydər Əliyev hansı ixtisasa üz tutsaydı, seçiləcəkdi, üstünlüyü dərhal nəzərə çarpacaqdı.
Nə auditoriyalara, siniflərə daxil olub xəritə qarşısında mühazirə oxuyan tarix müəllimi oldu, nə keçmiş tarixləri tədqiq edən bir alim.
Millətə dərs verən bir Müəllim oldu.
Xalqının müasir tarixini yaradanlardan, ölkəsinin Xəritəsini hifz edənlərdən oldu.
Heydər Əliyev olmağın sirri nədir?
Bütün üstün xüsusiyyətlər ki Heydər Əliyevdə vardı, onlar hamısı insana xas bacarıqlardır və başqalarında da olmamış deyil.
Heydər Əliyev güclü hafizə sahibi idi.
Amma nə çox möhkəm yaddaş yiyələri.
Heydər Əliyev qətiyyətli idi, dəmir iradəli idi, qorxmaz idi, cəsarətli idi.
Bu keyfiyyət sahibləri də az deyil.
Heydər Əliyev uzaqgörən idi, bəsirətli idi.
Az-az rast gəlinsə də, hər halda, belə insanlar da olub, var, olacaq.
Heydər Əliyev çevik idi, ani reaksiya qabiliyyətinə malik idi, qəfil qərarlar qəbul etməyin ustası idi.
Belələri də tapılır.
Heydər Əliyev dövlətçilik, hakimiyyət maşınına cikinə-bikinə qədər bələd olan, bu maşının sükanını gözüyumulu və yanılmadan idarə etmək vərdişlərinə malik idi, hakimiyyət qrossmeysteri idi.
Bu qəbil şəxslər də tarixdə olub və yəqin, yenə var.
Yaxşı, onda bəs nədədir Heydər Əliyevin nadirliyi, təkrarsızlığı, müstəsnalığı?
Bütün başqa dahiyanəliklər kimi, bunun da cavabı sadədən-sadədir.
Sirr ondadır ki, ayrı-ayrı adamlarda ayrı-ayrılıqda bu keyfiyyətlər var.
Heydər Əliyevdə isə o keyfiyyətlərin hamısı toplu halında, vəhdətdə idi!
Belə şəxsiyyətlərsə həm ayrı-ayrı xalqların, həm də bütövlükdə insanlığın tarixində həmişə müstəsna, daim tək-tək olub.

Rafael Hüseynov,

Akademik

Etikxeber.az

Read Previous

İlqar Altay Surətdən, Eldar Mahmudovdan, “xəyanətkar hərbçilər”dən yazdı…

Read Next

Faşizmi üzərində qələbədən 72 il keçir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir