“Mütəllibov dedi ki, ətrafımdakılar imkan vermirlər, nə lazımdır, edəcəyəm…” – ELDAR İBRAHİMOV MƏRHUM HEYDƏR ƏLİYEVLƏ BAĞLI XATİRƏLƏRİNİ BÖLÜŞDÜ

Sabah mərhum dövlət başçısı Heydər Əliyevin növbəti anım günüdür. Eks dövlət rəhbərinin dünyasını dəyişməsindən düz 13 il ötür.

H. Əliyevlə bağlı xatirələrini, onunla bağlı indiyədək bilmədiklərimizi, mətbuatda işıq üzü görməyən maraqlı məqamları bölüşmək üün mərhum dövlət başçısının ən yaxın silahdaşlarından və əqidədaşlarından olan hakim Yeni Azərbaycan Partiyası (YAP)  İdarə Heyətinin üzvü, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimova müraciət etdik.

Bu yerdə qeyd edək ki, H.Əliyev E. İbrahimovun taleyində, onun gələcək yolunun müədyyənləşməsində  dərin, heç zaman unudulmayacaq izlər qoyub. O, özünü ində də şanslı adamlardan sayır ki, belə bir şəxsiyyətlə birgə çalışmaq xoşbəxtliyi ona qismət olub, onun məsləhətlərini dinləyib, böyük təcrübəsindən fayalanıb. E. İbrahimov həm də hələ gənc yaşlarından H. Əliyevin pərəstişkarı, heyranı olub. Hər zaman bir anlıq olsun belə, onunla görüşəcəyi anın xəyalı ilə yaşayıb. E. İbrahimov deyir:

“Heydər Əliyevlə görüşmək böyük risk tələb edirdi, qorxuluydu…”

“1982-ci ildə belə bir imkan yaransa da, son anda Heydər Əliyevlə yaxından tanış olmaq, görüşmək istəyim baş tutmamışdı. Bununla belə, nəhayət, 1990-cı ilin yayında ürəyimdə neçə illərdən bəri  arzum reallaşdı. Həmin ilin iyul ayında Heydər Əliyev Naxçıvana gəldi. Bu o vaxtlar idi ki, keçmiş SSRİ və Azərbaycanın o dönəmki rəhbərliyi tərəfindən bu böyük şəxsiyyətə qısqanc münasibət hökm sürürdü, ona qarşı açıq-gizli təqiblər, təzyiqlər mövcud idi. Heydər Əliyevlə görüşmək böyük risk tələb edirdi, qorxuluydu.

Düzünü desəm, bunları göz önünə gətirib mən də bir qədər tərəddüd, götür-qoy etdim. Çünki yenə deyirəm, hələ SSRİ dövrü idi, Naxçıvan Vilayət Partiya Komitəsinin  Büro üzvüydüm, Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müaviniydim, yüksək vəzifəm vardı. Amma bütün bunlara baxmayaraq, bir insan kimi Heydər Əliyevə olan məhəbbətim, bir naxçıvanlı kimi qeyrətim qəbul etmədi ki, onunla görüşməyim. Və bir gün gedib Heydər Əliyevlə görüşdüm.Görüşdüm, özümü təqdim etdim, ordan-burdan bir xeyli söhbətləşdik. Dedi ki, Eldar, qorxmadın, mənimlə görüşməyə gəldin? Dedim ki, yox, niyə qorxuram ki?! Dedi ki, axı, mənimlə görüşməyə gəldiyin üçün səni işdən çıxara bilərlər? Cavab verdim ki, yoldaş Əliyev, ömür müvəqqətidir, o ki vəzifə olsun, mən bu vəzifəyə gələndə çıxacağımı da gözümün qarşısına almışam. Mən qorxaq adam deyiləm. Siz bizim xalqımızın böyük, dahi oğlusunuz, mənim bir insan kimi haqqım yoxdur ki, sizinlə görüşməyəm. Hətta, onu da  dedim ki, bəlkə başqa biri olsaydı, gəlməyə bilərdim, amma mən naxçıvanlıyam, qeyrətim yol verməz ki, sizin görüşünüzə gəlməyim…”

“Gülə-gülə, zarafatyana soruşdu ki, bura – mənim yanıma yaxın adam kimi gəlirsən, yoxsa?..”
İlk görüşün üstündən bir ay keçəndən sonra E. İbrahimov yenidən H. Əliyevin görüşünə gedir:

“Ümumiyyətlə,  imkan yaranan kimi, onun görüşünə gedirdim, ona baş çəkirdim. İkinci dəfə görüşəndə dedi ki, Eldar, mən öyrəndim, sən mənə yaxın adamsan, özün də Cəhridənsən, rəhmətlik atan Rza kişi də tanınmış dülgər olub. Sonra gülə-gülə, zarafatyana soruşdu ki, bura – mənim yanıma yaxın adam kimi gəlirsən, yoxsa?.. Dedim ki, mən sizi xalqımızın böyük oğlu kimi tanımışam, pərəstiş etmişəm,  həsrətinizi çəkmişəm ki, haçansa sizinlə görüşə biləcəmmi?

Lap əvvəldən başladım, hər şeyi açıb danışdım. Dedim ki, 1982-ci ildə siz Naxçıvana gəlməli idiniz. O zaman hələ Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idiniz. 1982-ci ilin may ayında Naxçıvana möhkəm qar düşmüşdü. Siz də həmin vaxt Gürcüstana səfərdən birbaşa Naxçıvana gəlmişdiniz. O vaxt “obkom”un ikinci katibi məni yanına çağırıb dedi ki, Heydər Əliyev gələcək, sən də birinci katibin qəbul otağında növbətçi duracaqsan, bu sözləri deyəcəksən, məruzə edəcəksən…

Mən sizin pərəstişkarınız olduğumdan bu xəbərdən həm sevindim, həm də məsuliyyət hiss etdiyimdən qorxdum ki, Heydər Əliyevlə necə görüşəcəyəm. Axı, Heydər Əliyevin ömrü boyu həsrətində olmuşdum, bəzən öz-özümə deyirdim, görəsən, haçansa onunla görüşə biləcəmmi ki, əlim onun əlinə dəysin. Eyni zamanda, Heydər Əliyev necə geyinir, necə qalstuk bağlayır, yerişi-duruşu necədir. Bir sözlə, həm çox sevinirdim, həm də qorxurdum. Ancaq qismət elə gətirdi ki, siz gəldiniz, yuxarıya-ikinci mərtəbəyə qalxmadınız, birbaşa iclas zalına daxil oldunuz, çıxışınızı edib getdiniz. Sizinlə görüşmək istəyim beləliklə, baş tutmadı, bir növ arzum ürəyimdə qaldı. Ancaq Allah sizinlə görüşmək qismətini mənə nəsib edibmiş.

Bu əhvalatı danışandan sonra Heydər Əliyev yenidən  özünəməxsus tərzdə gülə-gülə zarafatla dedi ki, bilsəydim, qalxardım yuxarıya – birinci katibin qəbul otağında səninlə görüşərdim. Heydər Əliyevə dedim ki, məhz bu mənada sizin yanınıza gəlmişəm, qohumluq, yaxınlıq da öz yerində. Çox sağ olun ki, yaşca məndən böyük olduğunuz üçün siz özünüz bunları deyirsiniz, mən desəydim, başqa cür çıxardı. Elə o vaxtdan Heydər Əliyevlə bizim aramızda çox səmimi bir münasibət yarandı və qismət elə gətirdi ki, 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçkiləri zamanı Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən – 340-cı dairədən, mən isə həmin rayonun 342-ci Cəhri seçki dairəsindən deputat seçildik. Deputat olandan sonra bizim Heydər Əliyevlə münasibətlərimiz daha da yaxınlaşdı, istiləşdi. Ali Sovetin sessiyalarında bir yerdə otururduq, söhbətləşirdik, dərdləşirdik. Əlimdə elə bir imkan olmasa da, çalışırdım ki, ona mənəvi dayaq olum. Xatirinizdədirsə, 1991-ci ilin mart sessiyalarında da ona qarşı hücumlar olurdu…”

“Rəhmətlik Afiyəddin mənə dedi ki, fasilədən sonra Heydər Əliyevə qarşı yenə hücumlar olacaq…”

H. Əliyevə qarşı hücumların səngimədiyini görən E. İbrahimov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, mərhum Afiyəddin Cəlilovun yanına gedir və deyir ki, fasilədən sonra çıxış edib  həmin adamların cavablarını verəcək. Hətta, əsəbindən kövrələn Eldar müəllim həmin adamların ünvanına söyüş də söyür:

“Rəhmətlik Afiyəddin də bunu görüb dedi ki, amanın günüdür, belə etmə, səni öldürərlər,  özüm danışacağam. Afiyəddin mənə onu da demişdi ki, fasilədən sonra Heydər Əliyevə qarşı yenə hücumlar olacaq. Fasilədən sonra iclas zalına daxil olanda dedim ki, Heydər Əliyeviç, sizə qarşı yenə hücum olacaq, əlacımız dözməkdir, başqa əlacımız yoxdur. Onu da dedim ki, gücüm sadəcə, Afiyəddinin yanına getməyə və ağlamağa çatdı. Heydər Əliyev güldü, dedi ki, Eldar, neyləyək, birtəhər dözərik. Oturanda da gördüm ki, cibindən dərman çıxarıb dilinin altına qoydu. Mən əvvəl başa düşmədim, sonra bildim ki, ürək dərmandır, onu qəbul edir ki, dözə bilsin…”

“Bakıdan gələnlərə bildirdim ki,  Heydər Əliyev nə desə, camaat da onu deyəcək və doğrudan da, Naxçıvan referenduma getmədi”

Bakıdan, Ali Sovetin iclasından qayıdandan sonra H.Əliyev tez-tez onu yanına çağırar, görüşər, söhbət edərlərmiş:

“O vaxt artıq Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən getmişdim. Kommunist Partiyası axır-axırda mənə qənim oldu…1991-ci ilin mart ayında SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilirdi. Həmin vaxt Naxçıvan bu referenduma getmədi. O zaman Bakıdan – Mərkəzi Komitədən bir nəfər katib və Nazirlər Soveti sədrinin müavini rəhmətlik Zülfü Hacıyev Naxçıvana gəlmişdi. Məni də Afiyəddin Cəlilov onlara təhkim etmişdi. Onlara da dedim ki, heç nə alınan deyil, özünüzü nahaq yerə yormayın. Heydər Əliyevlə də görüşmək istəyirdilər, qəbul etməmişdi. Bildirdim ki, heç görüşməyin də xeyri yoxdur, Heydər Əliyev nə desə, camaat da onu deyəcək. Və doğrudan da, Naxçıvan referenduma getmədi. Heydər Əliyevin yaxın adamı oldugumu düşünən bakıdakılar və Naxçıvanın yeni rəhbəri vəzifədə qalmağımı istəmirdilər, mən də vəzifəmdən getməli oldum…

Sonra Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Düzdür, o ilk dövrdə buna razılıq vermirdi və deyirdi arzum budur ki, atamın yanında dəfn olunum. Ancaq sonra bir daha ağsaqqalları onu yanına göndərib birtəhər razı sala bildik. Beləliklə, 1991-ci ilin sentyabrında Heydər Əliyev  Ali Məclisin sədri seçildi…”

“Dedi ki, Slaabaşeviçlə danış, silahlarını qoyub getsinlər… “

Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinə sədr seçildikdən sonra öncə  Naxçıvanın müdafiəsi ilə əlaqədar işlər görür, müdafiə komitəsi yaratmağa başlayır. Müdafiə komitəsi yaratmaqla,  sovet vaxtından qalan sovet hərbi qüvvələrinin də silahlarını saxlamaq şərtilə onların Naxçıvandan çıxmasına kömək edir. Bu işlərin aparılmasında bir müddət Eldar müəllim də iştirak edir:

“Bir dəfə məni çağırdı və dedi ki, bəs, Slaabaşeviç adlı diviziya komandiri var, deyirlər, sən onunla dostsan? Dedim, bəli dostam. Doğrudan da, onunla dostluq edirdim. Dedi ki, sən onunla danış, silahlarını qoyub getsinlər. Mən də getdim danışdım. Dedim, nə lazımdırsa, hər şey həll olunacaq. Sovet İttifaqqının bir hissəsi dağılıb, bunlar sənin nəyinə lazımdır? O da mənimlə razılaşdı. Yekun razılıqdan sonra onlar getdilər, silahlarını aparmadılar. Heydər Əliyevin nə qədər böyük bir insan, nə qədər böyük bir şəxsiyyət olduğu elə buradan görsənir. Sərhəd qoşunlarında Jukov var idi, onunla da danışıqlar aparıldı. Naxçıvanda olan hərbi birləşmələr bütün silah-sursatlarını qoydular çıxdılar getdilər. Hər an Ermənistan tərəfdən Naxçıvanın işğalı gözlənilirdi. Heydər Əliyev Naxçıvanın müdafiə qüdrətinin daha da artırılması üçün çox böyük işlər görürdü. Heydər Əliyev hərbçi idi, Dövlət Təhlükəsizlik Komitəsində işləmişdi. Bu işləri çox yaxşı bilirdi. Təbii ki, Heydər Əliyev bütün sahələrə bələd olan bir insan kimi ən böyük təcrübəni SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyəndə toplamışdı. Naxçıvanın müdafiəsi möhkəmləndirildikdən sonra muxtar respublikanın  iqtisadiyyatı ilə əlaqədar işlər görülməyə başlandı. O zamanlar Naxçıvan çox ağır günlər keçirirdi. İnanın ki, Azərbaycan da bizi blokadaya salmışdı.  Azərbaycandan bizə heç bir kömək yox idi…”

“Mütəllibov dedi ki, ətrafımdakılar mənə imkan vermirlər, mən Heydər Əliyev üçün nə lazımdır, edəcəyəm, ancaq… “

E. İbrahimov deyir ki, Naxçıvandakı vəziyyətlə bağlı Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibovla da görüşür:

“Dedim ki, sən Naxçıvana qarşı niyə belə hərəkət edirsən? Dedi ki, Eldar, sən  Heydər Əliyevlə danış, vallah, onun üçün nə lazımdır, hər şey edəcəyəm. Amma bir az möhlət versin, elə bu gün məni “Ças pik” qəzetində biabır edib. Mənim haqqımda hələlik heç nə danışmasın, mənim ətrafımdakılar mənə imkan vermirlər, mən Heydər Əliyev üçün nə lazımdır, edəcəyəm. Dedim, Heydər Əliyev kimi nəhəng bir insan 14 il Azərbaycanın rəhbəri olub, indi gəlib bura, görüb ki, onun evini  başqa adama verilbər. Bu, nə dərəcədə düzgündür? Necə ola bilər ki, gəlsin Bakıda yaşasın, evi olmasın. Heç olmasa, ev verin. Ona dedim ki, siz özünüz az qalır, deyəsiniz ki, Naxçıvanı ermənilər işğal etsinlər. Naxçıvana heç bir köməklik olunmur. Bəs yaxşı bu Naxçıvan Azərbaycanın tərkibində olan bir Muxtar Respublika deyil? Onu da deyim ki, Mütəllibov əvvəldən məni tanıyırdı, münasibətimiz var idi, ona görə də fikirlərimi hardasa bir az kəskin deyə bilirdim. O da dedi ki, xahiş edirəm, sən də danış, de ki, bəlkə, Afiyəddin Cəlilovu bu işə qoşaq. Dedim, nə olar, Afiyədin Cəlilovu da bu işə qoşaq, həm münasibət yaransın, həm də Naxçıvana kömək olunmasını təmin edək…”

“Heydər Əliyev inandı ki, həqiqətən ürəyimdəkiləri demək üçün Mütəllibovun yanına özüm getmişəm…”

Ancaq E.İbrahimova vəd verməsinə baxmayaraq, A. Mütəllibov Naxçıvanla bağlı  heç bir addım atmır. Naxçıvana qayıdan E. İbrahimov isə A. Mütəllibovla görüşünün təfərrüatıını H. Əliyevə danışır:

“Heydər Əliyev böyük təcrübəsi olan insan idi. Soruşdu ki, mənə düzünü de, sən özün onun yanına getdin, ya səni çağırdılar? Dedim, yox, sizə olunan təzyiqlərə dözmədim, o üzdən özüm getdim. Vicdanım qarşısında özümə borc bildim, deputatam, Mütəllibov da məni tanıyır. Heydər Əliyev inandı ki, həqiqətən ürəyimdəkiləri demək üçün Mütəllibovun yanına özüm getmişəm.

Bundan sonra Heydər Əliyev Naxçıvanda iqtisadiyyatı qaldırılması üçün xüsusilə İranla, Türkiyə ilə danışıqlara getdi. Hamının yadındadır ki, Rəfsəncani İranın prezidenti olanda Heydər Əliyevi İrana dəvət etdi və öz təyyarəsini göndərdi Naxçıvana. Heydər Əliyev İrana getdi və bir çox mühüm müqavilələr bağladı. Sonra Türkiyə ilə əlaqə yaratdı. Süleyman Dəmirəllə – o vaxtkı prezidentlə çox yaxşı münasibətlər qurdu. Qızıl Aypara Yardım Komitəsi də bizə çoxlu yardım etdi…”

“Başımıza nə müsibətlər gələcəkdi, onu bircə Allah bilir…”

E. İbrahimov xatırladır ki, H. Əliyev 1992-ci ilin mart ayında Türkiyəyə gedib, Süleyman Dəmirəllə o müqaviləni bir daha təzələyirlər ki, bu qorxulu vəziyyət ortadan götürülsün:

“Bir daha müqavilə bağlandı. Həmin müqavilənin, deyək ki, davamı kimi, əsası kimi götürüldü bu saziş. Heydər Əliyev Naxçıvanı ancaq və ancaq İranın, Türkiyənin hesabına saxladı. Bu gün də hər bir naxçıvanlı onun ruhu qarşısında borcludur və minnətdardır ki, Allah Heydər Əliyevi göndərdi Naxçıvana və onun hesabına Naxçıvan erməni işğalından qurtuldu. Yoxsa, Ermənistan  Naxçıvanı digər rayonlarımız kimi işğal edə bilərdi. Ermənilər üçün də çətin deyildi. Sədərəkdən girib Ordubaddan çıxacaqdılar. O tərəf Ermənistan, bu tərəf Ermənistan. Sərhəd boyu insanlar yəqin ki, Araza töküləcəkdi, Arazda məhv olacaqdı. Başımıza nə müsibətlər gələcəkdi, onu bircə Allah bilir…”

“Təklif edirəm ki, Dövlət İqtisad və Planlaşdırma Komitəsinin sədri olasan…”

H. Əliyev Naxcıvan Ali Məclisinin sədri vəzifəsində çalışarkən bir gün Eldar müəllimi yanına çağırır və ona vəzifə təklif edir. Deyir ki, ona qarşı  Naxçıvanın keçmiş rəhbərliyi tərəfindən edilmiş ədalərsizliyi aradan qaldırmaq, ədaləti, haqqı bərpa etmək istəyir. Həmin vaxt Eldar müəllim Naxçıvanda Standartlaşdırma  və Metereologiya İdarəsinin rəhbəri işləyirmiş:

“Səhv etmirəmsə,  1993-cü ilin 26 yanvarı idi, Heydər Əliyev məni yanına çağırdı. Dedi ki, sənin haqqında çox böyük ədalətsizliklər olub,  bilirəm səni necə və nəyə görə işdən çıxarıblar. Təklif edirəm ki, Dövlət İqtisad və Planlaşdırma Komitəsinin sədri olasan. Şəmsəddin Xanbabayevi keçirmişəm baş nazir, sənə də itirdiyin vəzifəyə bərabər vəzifə vermək istəyirəm ki, vaxtilə edilən ədalətsizliyi aradan götürüm. Dedim, məsləhət sizindir. Bu vəzifədə 1995-ci ilə qədər, müstəqil Azərbaycan Respublikasının deputatı seçilənədək işlədim. Çünki deputat seçiləndən sonra o vəzifədə qala bilməzdim. Vəzifəmi təhvil verib gəldim parlamentə – Milli Məclisə. İlk çağırış Milli Məclisə seçilən gündən bu günə kimi parlamentin Aqrar siyasət komitəsinin sədriyəm…”

Onu da xatırlatmaq yerinə düşər ki,  ilk çağırış Milli Məclisdən əvvəl 50 nəfərlik Milli Şura var idi. Eldar müəllim də həmin Milli Şuranın 50 nəfər üzvündən biri olub:

“Milli Şuraya 1994-cü ilin oktyabrın 10-da seçildim, daha doğrusu, oktyabrın 11-də… Hələ 1992-ci ilin mayın 18-də keçmiş Ali Sovetin sessiyasında Heydər Əliyevin namizədliyini irəli sürmüşdüm. Baxırdım ki, Xalq Cəbhəsinin üzvləri parlamentdə, Milli Şurada biri-birilərinə söyüş söyürdülər… Öz -özümə  deyirdim ki, görəsən, bu xalqın axırı necə olacaq? Bunlar hakimiyyətə gəlsələr, bizi hansı bəlalar gözləyir? Ona görə də Ali Sovetin sessiyasında ürəyimin hökmüylə söz aldım. O vaxt Ziyad Səmədzadə Ali Sovet sədrinin birinci müavini idi, iclası o aparırdı.  Yaqub Məmmədov parlamentin sədri kimi artıq  istefa vermişdi . Bəli, o sessiyada mən ürəyimin hökmüylə üçüncü mikrofonla Heydər Əliyevin namizədliyin irəli sürdüm. Dedim ki, demokratiyadan danışırsız, mən də alternativ olaraq dünyada tanınmış, şöhrətli bir insan, böyük siyasətçi Heydər Əliyevin namizədliyini irəli sürürəm. Mənim təklifimi Əli Ömərov, Cahangir Hüseynov, İnqilab Nadirov, Arif Rəhimzadə və Samur Novruzov müdafiə etdilər. Belə qərara aldıq ki, Naxçıvana zəng vuraq, Heydər Əliyevin özü ilə danışaq. Ancaq bütün Azərbaycan xalqı bilir ki, cəbhəçilər telefon əlaqəsini qırdılar. Və biz Heydər Əliyevlə danışa bilmədik…”

“Bir gün mənə dedi ki, başla partiya hazırlığı ilə məşğul olmağa…”

1992-ci ilin mayın 18-də H. Əliyevin Ali Sovetin sədri seçilməsi mümkün olmayandandən sonra E. İbrahimov mərhum dövlət başçısı ilə  danışır və  deyir ki, onun ətrafında yeni siyasi təşkilat yaratmağa ehtiyac var:

“Heydər Əliyevə dedim ki, sizin rəhbərliyinizlə partiya yaratmalıyıq. Partiya yaratmasaq, heç nə mümkün deyil, siz təkcə Naxçıvana deyil, bütün Azərbaycana lazımsınız. Mən hesab edirəm ki, siz tezliklə buradan gedəcəksiniz. Güldü, dedi ki, ay Eldar, nə danışırsan? Heç burada qoymurlar oturmağa, deyirsən Bakıya gedim? Dedim, yox, elə demirəm, cəbhəçilər qabiliyyətsiz adamlardı, xalq onları qəbul etməyəcək. Hətta, onu da  dedim ki, bəs, siz mənim telefonuma niyə cavab vermirsiniz? Mən orada ölümlə üz-üzə gəlmişəm, məni öldürürdülər, deyirdilər, get, təklifini geri götür. Məni Kamran Rəhimov çıxartdı oğlunun  maşını ilə,  apardı “İnturist”ə. Çünki xəbər gəlmişdi ki, qapıdan çölə çıxmayım. Heydər Əliyevdən soruşdum ki, bəs, siz niyə cavab vermədiniz? Dedi, Eldar, düzdür, mənə zəng gəlməyib. Amma çox fikirləşdim, çox gotür-qoy etdim, zəng gəlsəydi, mən nə cavab verməliydim, nə deməliydim? Deməliydim, gəlirəm. Mən gəlsəydim, işləyə bilərdim? Məni qoymazdılar. Desəydim ki, gəlmirəm, çox pis çıxardı.  Dedim, bəs nə olacaq, bu xalq məhv olacaq. Dedi ki, başqa yolumuz yoxdur, bu gün xalq onlara inanır, Xalq Cəbhəsinə inanır. Ona görə də mümkün deyil, mən gəlsəm də, qoymayacaqlar işləməyə. Doğrudan da, belə alındı. Sonralar gördüm ki, Heydər Əliyev nə qədər müdrik, nə qədər uzaqgörən və düzgün yol seçib. Bu söhbətdən sonra dedim ki, partiya yaratmalıyıq. O da dedi ki, əşşi, neynirəm partiyanı-filanı. Dedim, yox, siz Azərbaycana lazımsınız və getməlisiniz də.

O vaxt mənimlə yanaşı, Heydər Əliyevin yanına gəlib-gedənlər də onu partiya yaratmağa razı sala bildi. Bir gün mənə dedi ki, başla partiya hazırlığı ilə məşğul olmağa. Və biz onda bir çox deputatlara müraciət etdik, şəxsən özüm müraciət etdim. Çoxu dedi məni uzaq et, qol çəkmədilər…”

eldar-2

Etikxeber.az

Read Previous

PKK-ya yaxın qruplardan biri İstanbul terraktı ilə bağlı məsuliyyəti üzərinə götürdü

Read Next

Terrakt qurbanları dəfn olundu, Ərdoğan sərt danışdı: “Bədəlləri ağır olacaq” – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir