“NƏĞMƏ KİMİ RƏVAN OLMAYAN ÖMÜR VƏ YA…” – AKADEMİK YAZIR

NƏĞMƏ KİMİ RƏVAN OLMAYAN ÖMÜR

Aranızda bu şeiri bəlkə kimlərsə elə şairin kitablarında oxuyub. Ancaq əminəm ki, əksəriyyətinizə bu misralar göz deyil, qulaq yadddaşınızdan tanışdır.

Fikrimdə aylı, ulduzlu, asiman var, bu gecə
Qəlbimdə körpə quzu tək bir umman var, bu gecə
Təkcə sən yoxsan, əzizim, bilir aləm bu gecə,
Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?
Araza axma desəm mən, inan, axmaz bu gecə
Şimşəyə çaxma desəm mən, inan, çaxmaz bu gecə
Təkcə sən yoxsan, əzizim, bilir aləm bu gecə,
Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?

Zeynal-Xelil (5)

Emin Sabitoğlunun həmin sözlərə bəstələdiyi “Bu gecə” mahnısı Hüseynağa Hadıyevin məlahətli avazında lap çoxdan – 40 ildən artıqdır ki, bizimlədir, xeyli var ki, ruhumuza məhrəm oxulardan birinə çevrilib və 1970-ci illərdə nə qədər cazibəli, qəlbəyatan və təzə təsir bağışlayırdısa, bu gün də o cürdür. Amma həmin mahnının bir başqa gözəl ifası da var.
Akif İslamzadədə də bu mahnını oxuyub, əla da ifa edib və əsəri Hüseynağanın yozumundan tam fərqli şəkildə təqdim edib.
Hələ 1980-ci illərdə bununla bağlı Emin Sabitoğlunu da, Hüseynağa Hadıyevi də, Akif İslamzadəni də danışdırmışdım və cavablar içərisində Akifinki mənə xeyli maraqlı gəlmişdi.

emin sabit

Akif-İslamzade

huseynaqa hadiyev
Akif söyləmişdi ki, mən Zeynal Xəlilin kitabında bu şeiri tapdım və yuxarısında müəllifin qeydini gördüm: “Füzulini düşünərkən”. Elə mən də mahnını yalnız Zeynal Xəlilin deyil, həm də “qəlb şairi” Məhəmməd Füzulinin məhəbbətli qəzəllərinin təəssüratı altında ifa etdim.
Zeynal Xəlilin sözlərinə mahnı xəzinəmizin şah əsərlərinə çevrilmiş böyük bir dəstə eşidimli, köhnəlməz nəğmə var.
Qəmbər Hüseynlinin bəstələdiyi “Ay işığıında”, Andrey Babayevin yazdığı “Kimlər gəldi, kimlər getdi” kimi inciləri bilməyən, sevməyən azərbaycanlını təsəvvür etmək çətindir. Şövkət Ələkbərovanın, Sara Qədimovanın, Lütfiyar İmanovun, Gülağa Məmmədovun, Nərminə Məmmədovanın ölməz səslərində əbədiləşmiş nəğmələri ilə Zeynal Xəlil daim millət hafizəsinin üst qatında qalacaq.
Şair, yazıçı taleyi vaxta, insanlara tabedir. Yazıçının adı tarixin hansısa kəsiyində dillər əzbəri ola, hansısa zaman parçasında hisbətən az anıla, hansısa kitabları, əsərləri müəyyən dövrdə həvəslə oxunaraq əllərdə, dillərdə dolana, bəlli bir dönəmdə isə kitab rəflərində mürgüləyə bilər. Lakin sevilmiş, yaşamaq haqqı qazanmış nəğmələr elədir ki, daim diridir, təravətlidir, hər səslənişi ilə onun sözlərini yazanı da yenindən yada salır, günün içərisində olmasına imkan yaradır.
O mənada Zeynal Xəlilə də nəğmələşmiş şeirləri həmişə soydaşları ilə birgə olmaq səadəti bəxş etmişdir. Ancaq şair Zeynal Xəlilin həyatı heç də daim nəğmə kimi rəvan, rahat keçməmişdir.
Bir şair kimi erkən parlasa da, sovet quruluşunun hər yaradıcıya mütləq bir az şübhə ilə baxan nəzərləri də onu tezcə qeydiyyata almışdı.
Əhməd Cavadın cinayət işində bir gənc şair olaraq onun da adı keçir. Əhməd Cavadla oturub-duran, onun təsirində olanlardan biri kimi.
Adətənsə “Xalq düşmənləri”nin həmfikirlərin nəsibi də acınacaqlı olurdu, onları da gedər-gelməzlərə yola salırdılar.
Adı Cavadın cinayət işində keçəndə Zeynal Xəlilin 22-23 yaşı vardı, yolu yenicə başlayırdı və həmin gedişlə yol elə ertə başladığı kimi, erkən də bitə bilərmiş.
Əhməd Cavad da, Zeynal Xəlil də onlara yönələn ittihamları rədd edirlər, aralarında heç vaxt heç bir siyasi söhbətlər olmadığını söyləyirlər.
Cavad gedir, Zeynal Xəlili bu dəfə salamat buraxırlar.
Lakin çox keçmədən Zeynal Xəlil dinc durmur, özü özünə daha bir müşkül yaradır və adı yenə “qara siyahı”nın yuxarı başında yer alır.
1930-cu illərin sonlarında o zaman Azərbaycanda işlənən latın qrafikası əsaslı əlifbanın kirillə əvəz edilməsi məsələsi müzakirələrə çıxarılanda buna qarşı etiraza qalxanlardan biri də Zeynal Xəlil idi.
Səsləndirdikləri və Kremlin xoşuna gəlməyəcək bu qəbil fikirlərə görə o zaman Səməd Vurğunun da, Abdulla Faruqun da, Əkrəm Cəfərin də… və Zeynal Xəlilin də başı çox ağrıyır. Həm də bu başağrısı o dövrdəki tərs münasibətlə tamamlanmır. Adı şübhəlilər, etibarsızlar sırasında dayanıqlı yer tutur və məqamı düşdükcə sistem ona inamsızlığını ayrı-ayrı addımları ilə nümayiş etdirir.
Zeynal Xəlil Şandor Petefinin (1823-1849) şeirlərini tərcümə etmişdi, kitabını buraxmışdı. Macarıstanda Petefinin yubileyi keçiriləndə Zeynal Xəlili də dəvət etməyi unutmamışdılar. Onlar ordan dəvət göndərmişdələr, amma burdan getməsinə maneələr yaratmış, icazə verməmişdilər.
Ancaq məgər tək bu idimi. Rəhmətlik şair Kələntər Kələntərli xatırlayırdı ki, bir para cılızlar vardı ki, Zeynal haqqında “Dəniz qırağı”ına – Dövlət Təhlükəsizlik Komitəsinə donoslar ötürməkdə pərgarlaşmışdılar.
Zeynal Xəlil yaşayırdı, çalışırdı, yazıb-yaradırdı, gücü çatan bütün mədəni sahələrdə fatdalarını verməyə səy göstərirdi.
Başından, taleyindən keçən hər umulmaz dalğanınsa, təbii ki, ürəkdə xoş olmayan tikanı, sancısı qalırdı.

Sonra da deyirlər ki, insan niyə tez getdi?!

Rafael Hüseynov,

Akademik

Etikxeber.az

Read Previous

“Ölkəmiz Antikorrupsiya Şəbəkəsinin 3-cü qiymətləndirməsini uğurla keçib” – PA RƏSMİSİ – FOTOLAR – YENİLƏNİB (4)

Read Next

AŞPA-da Nəsiminin Suriyadakı məqbərəsi ilə bağlı məsələ qaldırıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir