Nəşi 26 gündən sonra tapılan və Əbədiyyətə uğurlanan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SƏNAN ABDULLAYEVİN ANIM VƏ CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ DÜZƏNLƏNDİ… – FOTOLAR

Əslən Zəngilanlı, özü isə Bakılı olan Sənan Şahin oğlu Abdullayevin bu gün-1 noyabr 2026-cı il tarixində həm Anım, həm də Cənnətdəki altıncı doğum günüdür.

Əbədədiyyətə uğurlanmasının altıncı və 28 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Şəhidin Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.

Ziyarət zamanı ailənin üç övladından, iki qardaşdan biri və subay olan 1 noyabr 1998-ci il təvəllüdlü Sənan Abdullayevin məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

İkinci Vətən Müharibəsi zamanı oktyabrın 5-də Füzuli istiqamətində Şəhid olan və nəşi doğulduğu gündə, 22 yaşının tamamında, 2020-ci ilin 1 noyabr tarixində Əbədiyyətə uğurlanan Şəhidin ruhuna dualar olunub, “Quran” oxunub.

Bir neçə medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Sənan Abdullayevin məzarı önündə qısa çıxışlar edilib.

Etikxeber.az xəbər verir ki, çıxışlarda Sənan Abdullayev də daxil olmaqla, cəmi Şəhidlərimizin İgidlik və Qəhrəmanlıqlarından söz açılıb.

Ailəsinə, valideynlərinə-anası Gülbəniz xanıma və atası-Şəhid qardaşı, həm də müharibə veteranı Şahin Abdullayevə Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki altıncı doğum günü təbrik olunub.

Şəhidin atası Şahin Abdullayev isə ailəsi adından ziyarət iştirakçılarına minnətdarlığını ifadə edib.

Xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdən sonra isə Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Anım məclisi düzənlənib, adına çay-ehsan süfrəsi açılıb.

Öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha Şəhidin ruhuna dualar olunub, bir daha çıxışlar edilib.

Qeyd edək ki, Şəhidin əmisi Eynur Abdullayev də Şəhiddir.

O, Birinci Qarabağ Savaşı zamanı Şəhid olub.

Onu da qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, İcra başçısı Elgin Həbibullayev başda olmaqla, Nərimanov rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının təmsilçiləri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qardaşı Qazi, özü isə Şəhid olan ailənin dörd övladından biri-Lənkəranlı Əli Mehdizadə və nəşi 26 gündən sonra-22 yaşının tamamında Əbədiyyətə uğurlanan, əmisi Birinci Vətən Müharibəsi Şəhidi olan Bakılı Sənan Abdullayev-SABAH ANIM, ŞƏHADƏT VƏ DOĞUM GÜNLƏRİDİR – FOTOLAR

Read Next

Lənkəranlı İkinci Vətən Müharibəsi Şəhidləri-Əli Məcidzadə, Əbülhəsən Həsənzadə, Elnur Talıbov, Orxan Dadaşlı, Mehdi Qənbərli və Valeh Əkbərzadə-1 NOYABR 2026-CI İL TARİXİNDƏ BU ALTI ŞƏHİDİN BİRGƏ ANIM MƏCLİSİ DÜZƏNLƏNDİ, ADLARINA EHSAN VERİLDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir