Nəşi 86 gündən sonra tapılan iki övlad atası, Kapitan Niyət Şirəliyev və evin-ailənin tək, subay oğlu, Xüsusi Təyinatlı Şirxan Xaməmmədov-BU GÜN HƏR İKİ ŞAMAXILI ŞƏHİDİN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜDÜR…

Şamaxılı İkinci Vətən Müharibəsi Şəhidinin-Niyət İmran oğlu Şirəliyevin doğum günüdür.

Niyət Şirəliyevin bu gün-9 fevral 2025-ci il tarixində 35 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Niyət Şirəliyev 1990-cı ilin 9 fevral tarixində Şamaxı rayonunun Ovçulu kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailənin beş övladından, dörd qardaşdan biri olub.

1996-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2011-ci illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.

Ali təhsilini bitirdikdən sonra, 2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim vəTədris Mərkəzində ixtisası üzrə biliklərini artırıb.

2012-ci ildə “N” saylı hərbi hissəsində xidmətə başlayıb.

2014-cü ildə ona Baş leytenant hərbi rütbəsi verilib.

2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

2018-ci ildən Kapitan hərbi rütbəsi altında xidmətini davam etdirib.

2019-cu ildə Daşkəsəndə yerləşən “N” saylı hərbi hissənin taboruna tabor komandirinin Maddi-texniki təminat üzrə müavini, 2020-ci ildə “N” saylı hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunub.

2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edib.

İkinci Vətən Müharibəsinin ilk saniyəsindən Kəlbəcər və Murov istiqamətində döyüşlərdə iştirak edib və elə döyüşlərin ilk günündə də qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb.

Nəşi yalnız 86 gündən sonra əldə edilib və 2020-ci ilin dekabrın 21-də Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

O, həm də ailəli olub.

İki övladı Vətənə əmanət qalıb.

***

Bu gün həm də Şəhid Sirxan Xaməmməd oğlu Xaməmmədovun doğum günüdür.

Onun 27 yaşı tamam olur.

Qeyd edək ki, Şirxan Xaməmmədov 1998-ci ilin fevral ayının 9-da Şamaxı rayonunun Məlikçobanlı kəndində dünyaya gəlib.

Evin-ailənin üç övladından biri, iki bacının tək qardaşı olub.

Böyük bacısının səhhətində problemlər var, anadangəlmə-əqli qüsurludur.

Kiçik bacısı isə orta məktəb şargididir.

2004-2015-ci illərdə G.Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbində təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra-2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini 2017-ci ildə başa vurub.

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda MAXE kimi fəaliyyətə başlayıb, Naxçıvan Xüsusi Təyinatlılarından olub.

İkinci Vətən Müharibəsi zamanı isə şərəfli döyüş yolu 36 gün çəkib.

Noyabr ayının 2-də Daşaltı istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 2 gün sonra-4 noyabr tarixində Məlikçobanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra beş medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

22 yaşında Şəhidlik məqamına ucalan Şirxan həm də subay olub.

Məkanları cənnətdəki, Cənnətdəki beşinci doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qarın hündürlüyü 79 sm-ə çatıb-ÖLKƏDƏKİ FAKTİKİ HAVA AÇIQLANDI

Read Next

Qar yağacaq, külək əsəcək-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir