“Nəsibə Zeynalova, Səyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuri, Səməndər Rzayev…” – NAZİR MÜAVİNİ

Paytaxtımız növbəti beynəlxalq mədəniyyət tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Noyabrın 7-8-də Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.

Etikxeber.az xəbər verir ki, AZƏRTAC-ın müxbiri konfransa son hazırlıqlar, artıq ənənə halını almış teatr forumunun əhəmiyyəti, Azərbaycan teatrının beynəlxalq əlaqələrinin genişlənməsinə töhfəsi və ümumilikdə bu qəbildən beynəlxalq layihələrin ölkəmizin mədəni həyatında rolu barədə konfransın Təşkilat Komitəsinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ilə söhbət edib.

Müsahibəni olduğu kimi, təqdim edirik:

– Ədalət müəllim, Azərbaycan teatr ictimaiyyəti IV Bakı Beynəlxalq Teatr Konfransının ərəfəsindədir. İstərdik ki, söhbətimizin əvvəlində ötən üç teatr forumu ilə bağlı fikirlərinizi eşidək. İlk dəfə Bakıda belə bir konfransın keçirilməsi ideyası necə yarandı, o zaman bu təşəbbüsün davamlı olacağına inanırdınızmı?

– Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq keçirilir. Yəni bunu ideya şəklində dəyərləndirsək, bu, möhtərəm Prezidentimizin ideyası, onun tapşırığı və tövsiyəsi əsasında həyata keçirilən tədbirdir.

Bilirsiniz ki, 2006-cı ildə Azərbaycanda teatr haqqında qanun qəbul olundu. 2007-ci ildə ölkə başçısı Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı xüsusi Sərəncam imzaladı, o cümlədən 2009-cu ildə Prezident sərəncam və qanundan irəli gələn müddəaları həyata keçirmək üçün Azərbaycan teatrının inkişafı ilə bağlı Dövlət proqramını təsdiq etdi. MDB və Avropa məkanında ilk dəfə idi ki, teatrın inkişafına dair 10 illik Dövlət proqramı hazırlanırdı və həmin proqramda Mədəniyyət və Turizm Nazirliyinin əlaqədar qurumlar, icra strukturları ilə bərabər 10 ildə görəcəyi işlər sistemləşdirildi.

İlk olaraq, Bakıda əsaslı təmirə ehtiyac duyulan, yaradıcılıq şəraitinin yaxşılaşdırılması vacib bilinən teatrların binaları yenidən quruldu: Akademik Milli Dram Teatrı, Dövlət Musiqili Teatrı, Dövlət Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Dövlət Kukla Teatrı. Sonrakı mərhələdə regionlarda olan teatrların – Şəki, Mingəçevir, Ağdam və Füzuli teatrlarının binalarının əsaslı təmiri və yenidən qurulmasına başlanıldı. Uzun illərdən bəri hüquqi ünvanı olmayan, binasız fəaliyyət göstərən Sumqayıt teatrına hüquqi ünvan verildi. Pantomim, İrəvan və Şuşa teatrları üçün binalar ayrıldı. Hazırda Şuşa teatrının binasında təmir-bərpa işləri davam edir. Gəncə, İrəvan teatrlarının binasının yenidən qurulması gündəmdədir. Bundan əlavə, teatrların nəzdində studiyaların yaradılmasına diqqət yetirildi. Artıq 13 teatrda studiya fəaliyyət göstərir.

Təbii ki, Dövlət proqramında sadalanan və həyata keçirilən çoxsaylı tədbirlərdən biri də 2010-cu ildə Bakıda I Beynəlxalq Teatr Konfransı keçirmək idi. Bu konfrans nəyə lazım idi? Məqsəd dünya teatr sistemində baş verən yeniliklərlə tanış olmağımız, o cümlədən Azərbaycan teatrını beynəlxalq aləmdə, beynəlxalq teatr ictimaiyyətinə tanıtmaq idi. 2010-cu ildən başlayaraq iki ildən bir Bakı şəhərində bu forumu keçirməyə başladıq. Təbii ki, öyrənmək üçün biz də müxtəlif ölkələrə üz tutduq. Edinburq teatr festivalı, Türkiyədə, Rusiyada və Avropa ölkələrində bu cür tədbirləri keçirən təşkilatlarla əlaqələr saxladıq. Ölkəmiz 2010-cu ildə birinci konfransa ev sahibliyi etməklə ilk təcrübəsini qazandı, mühüm bir mərhələni adladı. Hesab edirəm ki, ötən müddətdə keçirilmiş hər üç konfrans özlüyündə uğurlu olub. Çünki bu konfranslarda iştirak etmiş hər sənət adamı ölkəmizdən özü ilə Azərbaycan boyda bir sevgi, Azərbaycan insanına bir vurğunluq apardı.

Sizə də məlum olduğu kimi, IV Bakı Beynəlxalq Teatr Konfransı bu il 7-8 noyabr tarixlərində keçiriləcək. Qonaqlar noyabrın 5-dən başlayaraq Bakıya gələcəklər. Noyabrın 6-da Akademik Milli Dram Teatrında “Ölülər” tamaşasına baxacaqlar, daha sonra AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun “İrəvan xanlığı” kitabının ərəb dilində tərcüməsinin təqdimat mərasimi olacaq. Noyabrın 7-də IV Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Dövlət Musiqili Teatrında “Multikulturalizm və teatr” devizi ilə öz işinə başlayacaq. Bu günə olan məlumata görə, iştirakçı ölkələrin sayı 38-dir, tədbirə qatılacaq qonaqların sayı isə 140 nəfəri ötüb. Əgər birinci forumda təmsil olunan ölkənin sayı 10-15, ikincidə 15-18 arası, üçüncüdə 25-ə yaxınlaşırdısa, budəfəki konfransda iştirakçı ölkələrin sayı təkcə bu foruma deyil, həm də ümumilikdə Azərbaycana olan marağın nəticəsidir. Azərbaycan bütün sülhsevər ölkələrə açıq dövlətdir. Təbii ki, Azərbaycan Respublikası inkişaf edir, bu il 25 illiyini qeyd etdiyimiz müstəqillik dövründə siyasi, mədəni, iqtisadi – bütün mənalarda qazanılmış uğurlar ölkəmizə maraq oyadır. Xüsusilə son illərdə “Eurovision” müsabiqəsi, Avropa Oyunları, Formula-1 yarışları Azərbaycanın çoxmilyonlu dünya auditoriyası qarşısında özünütəsdiqi idi. Bu kimi tədbirləri izləmək üçün gələn on minlərlə insan Azərbaycanı görür, tanıyır. Ölkəmizə gələn turistlər xalqımızın yaşam tərzi, mədəniyyəti ilə tanış olmaq imkanı qazanır. Bu da bütövlükdə mədəniyyətə öz təsirini göstərir. Azərbaycana gəlmək istəyən, bu konfransda iştirak etmək istəyən insanların tərkibi də yenilənir və dəyişir. Dünyanın bir çox teatrla bağlı universitet, institut və təşkilatlarının rəhbərləri bu tədbirə qatılmaq istəyirlər. BMT və UNESCO yanında fəaliyyət göstərən bir çox sənət ocaqlarının rəhbərləri, dünyanın aparıcı teatrlarının direktor və menecerləri, dramaturq, tənqidçi və yazıçılar bu konfransda iştirak edəcəklər. Ümidvarıq ki, bu konfrans da uzun müddət teatrsevərlərin yaddaşında qalacaq.

– IV Bakı Beynəlxalq Konfransı əvvəlki konfranslardan nə ilə fərqlənəcək, forumdan nə kimi nəticələr gözləyirsiniz?

– Bütün dünyanın müharibə xofu, regional toqquşmalar, beynəlxalq gərginlik, terror təhlükəsi və digər təhdidlərlə üzləşdiyi və bəzi dövlətlərin monoetnik dövlətlərə çevrildiyi halda, ölkəmizin başçısı 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdi. Azərbaycan Prezidenti dəfələrlə öz görüşlərində və çıxışlarında bəyan etdiyi kimi, multikultural dəyərlər, multikulturalizm xalqımızın yaşam tərzidir. Azərbaycan xalqının əxlaqında bu dəyərlərin xüsusi yeri var. Bu, ilk növbədə özünü dinə münasibətdə göstərir. Bizim ölkədə bütün dinlər eyni səviyyədə fəaliyyətdədir. Azərbaycan azsaylı ölkələrdən biridir ki, burada dövlət dilində olan teatrlarla yanaşı, rusdilli əhali üçün rus dram teatrı, kukla teatrının rus bölməsi, musiqili teatrın rus bölməsi fəaliyyət göstərir, opera və balet teatrında da rusdilli tamaşalar oynanılır. Ləzgilərin kompakt yaşadığı bölgədə əhaliyə mədəni xidmət üçün Qusarda Ləzgi Dövlət Dram Teatrı, Qaxda gürcü dilində dövlət teatrı fəaliyyət göstərir. Vaxtilə, 1988-ci ilə qədər Xankəndidə erməni dilində də dövlət teatrı fəaliyyətdə idi. Bu gün mədəniyyət mərkəzlərində, konsert müəssisələrində onlarla azsaylı xalqın dilində, qeyri-dillərdə mədəniyyət təsisatları mövcuddur ki, onların hamısına fəaliyyət göstərmək, öz mədəniyyətləri ilə təmasda olmaq üçün vaxtaşırı toplanmaq və bu mədəni dəyərləri nümayiş etdirmək imkanı verilib. Bu konfransın mayasında dayanan əsas məsələlərdən biri də budur. Ümidvaram ki, Azərbaycanda mövcud olan multikultural dəyərləri bir daha diqqətə çatdırmaq üçün “Multikulturalizm və teatr” devizi ilə keçiriləcək bu konfransdan dolğun yararlana biləcəyik.

– Azərbaycan teatrı bu konfranslardan sonra beynəlxalq teatr prosesinə daha fəal inteqrasiya etməyə başladı. Müxtəlif teatr təşkilatlarına üzv olduq. Teatrların cari fəaliyyətinə gəldikdə, biz bundan necə bəhrələnirik?

– Birinci forumdan sonrakı illərdə Azərbaycan teatrları UNESCO yanında fəaliyyətdə olan bütün beynəlxalq teatr institutlarında təmsil olunmağa başladı. Kukla Teatrı UNİMA-da təmsil olundu və bu qurumun iki konfransı Azərbaycanda keçirildi, Gənc Tamaşaçılar Teatrı ASSİTEJ-ə üzv qəbul olundu, o cümlədən onların da konfransları ölkəmizdə təşkil olundu və bu gün də çox uğurla fəaliyyət göstərirlər. Musiqili Teatr Beynəlxalq Musiqili Teatrlar Assosiasiyasına, teatr tənqidçilərimiz Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasına üzv oldu. Azərbaycan Teatr Xadimləri İttifaqı Beynəlxalq Teatr İnstitutunda təmsil olunur. Beynəlxalq Teatr Rəssamları İttifaqına da üzvlüklə bağlı müraciət etmişik və ümidvarıq ki, bu qurumda da layiqli yerimizi tapacağıq. Görürsünüzmü həm Azərbaycan teatrının beynəlxalq səviyyədə tanınması, həm də beynəlxalq aləmin Azərbaycan teatrını tanıması baxımından bu təşkilatlarla əməkdaşlıq uğur və səmərə gətirir. UNİMA prezidentinin iştirakı ilə biz Bakıda iki dəfə Beynəlxalq Kukla Teatrı Festivalını keçirdik. ASSİTEJ-in prezidenti Gənc Tamaşaçılar Teatrında qonaq olub, Musiqili Teatrları Assosiasiyasının prezidenti konfranslarla bağlı Azərbaycanı ziyarət edir. Onlar hər dəfə özləri ilə Azərbaycana yeni ideya, yeni baxış gətirir və Azərbaycandan da nələrisə aparırlar. Ölkəmizdə sənət xadimlərinə dövlətin göstərdiyi diqqət və qayğı Avropanın, o cümlədən MDB məkanının çox ölkəsində yoxdur. Dövlət tərəfindən binaların əsaslı təmiri, dövlət sifarişi ilə tamaşaların hazırlanması, aktyorlara və digər yaradıcı şəxslərə Prezident mükafatının, ömürlük Prezident təqaüdlərinin verilməsi, fəxri adlarla təltif sistemi də bu qayğının təzahürüdür.

– Son zamanlar dünya teatr prosesində belə bir meyil müşahidə olunur: əsər teatrda yaranır, teatrın öz qüvvəsi ilə hazırlanır və oynanılır. Lap antik teatr dövründə olduğu kimi. Bunu II Şəki Beynəlxalq Teatr Festivalında bəzi kollektivlərin tamaşalarında da gördük. Bu barədə nə deyə bilərsiniz?

– Əslində burada sağlam bir rüşeym var. Şekspirdən başlayaraq – bilirsiniz ki, o da teatrda işləyib – teatrda çalışan sənətkarlar teatrın, səhnənin qanunlarını, səhnə qutusunun texnoloji imkanlarını daha yaxşı bildikləri üçün onların pyesləri daha çox uğur qazana bilir. Cəfər Cabbarlı da vaxtilə indiki Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri işləyib. Amma tam fərqli hallar da olur… Mirzə Fətəli Axundzadə canişinlikdə çalışırdı və Azərbaycanda teatr, pyes anlayışı yox idi və yaxud Cəlil Məmmədquluzadənin hansı əsərinə baxsaq, biz orada mükəmməl sənət nümunələrinə rast gəlirik. Məsələn, elə götürək, İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrı ilə təmasını. İlyas müəllim hər gün sanki iş yerinə- Akademik Milli Dram Teatrına gəlirdi. Mən bunun canlı şahidi olmuşam. Əlbəttə, fitri istedad, duyum anlayışı da var. Amma bu gün Ramiz Novruz aktyor kimi çalışdığı teatra pyeslər yazır. Bu, teatr mühitinin ona diktə etdiyi və aktyorun içindəki istedadın nəticəsidir. İstənilən səhnə əsəri teatrda doğulur, rejissorun laboratoriyasında dəyişikliyə məruz qalır. Razılaşıram ki, bu, hər zaman uğur gətirmir, amma bir qayda olaraq, bu proses baş verir. Hər bir teatr mövzunu özününküləşdirməyə çalışır. Bu mənada pyeslər teatrda yaranır və aktyorlarla yaşamağa başlayır.

– Söhbətimizin məcrasını digər beynəlxalq tədbirlərə yönəltmək istərdik. Bakıda və bölgələrdə təşkil olunan musiqi festivalları artıq ənənə halını alıb. Bu layihələri Azərbaycan incəsənətinin təbliği və beynəlxalq əlaqələrin inkişafı baxımından necə qiymətləndirirsiniz?

– Bəli, paytaxtımızla bərabər, bölgələrimizdə də belə tədbirlər artıq xoş ənənəyə çevrilib. 2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, digər qurumların iştirakı ilə iki ildən bir mart ayında Beynəlxalq Muğam Festivalı keçirilir. İki ildən bir, aprel ayında Qara Qarayev adına Müasir Musiqi Festivalı təşkil olunur. İki ildən bir may ayında Beynəlxalq Rostropoviç Musiqi Festivalı, hər il iyul-avqust aylarında Qəbələ Beynəlxalq Musiqi Festivalı, hər il iyul ayında Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, hər il sentyabrda 10 gün ərzində Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirilir. Hər il oktyabrda Bakı Beynəlxalq Caz Festivalını təşkil edirik. Üç ildən bir vokalçıların Bülbül adına müsabiqəsini keçiririk. Təsviri sənət və digər sahələrdə də beynəlxalq festivalları da əlavə etsək, demək olar ki, hər ay ölkəmizdə belə tədbirlər keçirilir. İki ildən bir gerçəkləşən Bakı Beynəlxalq Teatr Konfransı, Şəki Beynəlxalq Teatr Festivalı, eləcə də ənənə halını almış Beynəlxalq Kukla Teatrları Festivalı, Beynəlxalq Kukla Biennalesi və s. layihələr də bu sırada xüsusi yer tutur. Bütün bunlar müstəqilliyimizin, Azərbaycan dövlətinin mədəniyyətə diqqət və qayğısının, 2006-cı ildən sonra bu sahədə qəbul olunan proqramların nəticəsində gerçəkləşən layihələrdir. Biz Azərbaycan peşəkar teatrının mövcud olduğu 140 ildən artıq müddətdə bir vaxtlar imza ata bilmədiyimiz layihələri ölkə başçısının sərəncam və qərarlarının bizə verdiyi imkanlar, dövlət dəstəyi, digər icra strukturlarının yardımları nəticəsində həyata keçiririk. Bu tədbirlərin hər birində orta hesabla 100-150 xarici qonaq iştirak edir. Onların səfərlərinin təşkili, qarşılanması, hoteldə yerləşdirilməsi, nəqliyyat, məişət qayğıları, məşqlərin yüksək səviyyədə keçirilməsi və sonda tədbirin uğurla reallaşması xeyli insanın bu işə cəlb olunaraq ürəklə çalışması deməkdir. Bütün bunlar ölkəmizə gələn qonaqların Azərbaycandan razı getməsi üçün əlindən gələn hər şeyi edən, işini qəlblə görən insanların ərsəyə gətirdikləri tədbirlərdir.

– Postsovet məkanında teatrların dotasiyadan çıxarılması, onların özlərini maliyyələşdirməsi prosesi gedir. Belə bir prosesi yaxın illərdə Azərbaycan teatrında da gözləmək olarmı?

– Bilirsiniz ki, teatrlarda islahatların aparılmasının tərəfdarıyam. Son illər Azərbaycanda bir neçə teatr birləşdirildi, bəzilərinin statusu dəyişildi, rejissorların qonorar sisteminə keçirilməsi təmin olundu, dövlət sifarişi sistemi bərpa olundu və s. Teatrları dotasiyadan çıxarmaq olmaz. Bu, yanlış fikirdir. MDB məkanında da, dünyanın qabaqcıl ölkələrində də əsas ana teatrlar dövlətdən dotasiya alırlar. Baxın, uzaq keçmişə deyil, hamının yadında olan keçmişə nəzər salaq. Nəsibə Zeynalova, Səyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuri, Səməndər Rzayev, Məlik Dadaşov, Hamlet Xanızadə, Həsənağa Turabov və digərləri yaratdıqları obrazlarla Azərbaycanın varidatı olan insanlardır. Dövlət onları qayğıdan necə məhrum edə bilər? Mümkünsüzdür. Azərbaycanda, müharibə gedən bir ölkədə bir teatr belə bağlanmadı, əksinə, yeniləri yaradıldı, onlara dövlət statusu verildi. Təbii ki, özəl teatrlar yaradılmalıdır. Bunun parlaq nümunəsi kimi “ÜNS” Yaradıcılıq Səhnəsini göstərə bilərik. Dünyanın ən aparıcı teatrları ilə əməkdaşlıq edirlər. Amma bütün teatrlar dotasiyadan məhrum edilə bilməz. Bir binanı saxlamağın özünün nə qədər kommunal xərci və çətinlikləri var. Aktyorların qazancı əslində maddiyyatla deyil, mənəviyyatla ölçülür. Aktyoru axşamlar evinə apardığı tamaşaçı alqışından və gül dəstəsindən məhrum etmək olmaz.

– Hər il Azərbaycanın müxtəlif ölkələrlə qarşılıqlı mədəniyyət günləri keçirilir. 2017-ci ilin mənzərəsi bu baxımdan necə görünür? Gələn il Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarına mədəniyyət və incəsənət baxımdan hansı töhfələr nəzərdə tutulur?

– Mədəniyyət günlərinin keçirilməsi ənənəsi Azərbaycan müstəqillik əldə etdikdən sonra başladı. Biz Avropada və dünyanın digər ölkələrində mədəniyyət günləri, həftələri, hətta bəzi ölkələrdə, Rusiya, Almaniya və İsveçrədə mədəniyyət ili keçirdik. Mən bunu xüsusi vurğulamalıyam ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizin xarici ölkələrdə tanınması istiqamətində çox böyük layihələr reallaşdırılır. Xüsusilə Avropada Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təmsil olunması ilə bağlı Heydər Əliyev Fondu il ərzində onlarla yaddaqalan və dünyanı heyrətə gətirən silsilə tədbirlər gerçəkləşdirir. Bir daha vurğulamaq istərdim: Azərbaycan bütün dünyaya açıq ölkədir. Azərbaycan öz mədəniyyətini tanıtmaq yolu ilə dünyada həm də özünü tanıtmaq missiyasını həyata keçirir və biz bunu gizlətmirik. Bəzən siyasətçilərin illər uzunu aça bilmədiyi qapını musiqi, yaxud başqa sənət çox rahatlıqla aça bilir. Bu günlərdə Bakıda olan Roma Papası öz nitqində bir neçə dəfə Nizami Gəncəvidən sitat gətirdi, Azərbaycan xalçalarından danışdı. Bu faktların hər birinin kökündə bizim qürur duyacağımız məqamlar dayanır. Bu günlərdə yenə də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransanın Konyak şəhərində Məhsəti Gəncəvinin abidəsi ucaldıldı. Baxın, Vyanada, Serbiyanın Novi Sad şəhərində Üzeyir bəyin, Sankt-Peterburqda və Romada Nizaminin heykəllərinin, Polşanın Qniezno şəhərində Azərbaycan-polyak dostluq abidəsinin, Berlin, Haaqa, Mexiko və digər şəhərlərdə Xocalı memorial abidələrinin ucaldılması o deməkdir ki, Azərbaycan artıq heykəltəraşlıq nümunələri ilə də özünü dünyada təqdim etmək imkanı qazanıb.

Mədəniyyət və Turizm Nazirliyi ölkədə keçirilən bütün beynəlxalq tədbirlərdə istər idman yarışları, istərsə də digər icra orqanlarının keçirdiyi tədbirlər olsun, yaxından iştirak edir. Hər bir tədbirdə mədəni proqramlar təqdim olunur. Azərbaycanda keçirilən hər bir beynəlxalq tədbir mədəniyyət proqramı ilə sona çatır. Tədbir iştirakçıları muzeylərimizi, tarixi-mədəni irs məkanlarını, abidələrimizi ziyarət edirlər. Ölkəmizə gəlişinin məqsədindən asılı olmayaraq, hər qonaq Azərbaycan mədəniyyəti ilə tanış olmaq imkanı qazanır. Bu layihələr 2017-ci ildə də davam edəcək.

Etikxeber.az

Read Previous

Bakıda VII Avropa Kino Festivalı start götürəcək – Aİ-nin dəstəyi ilə

Read Next

Deputatdan irad: “Torpaqlar tükəndi…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir