Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Parlament jurnalistləri “Nəsimi ilin”də Nəsiminin vətənində oldular…
Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri 2019-cu il- “Nəsimi ili” çərçivəsində dahi şair İmaddədin Nəsiminin dünyaya göz açdığı Şamaxı rayonunda səfərdə olublar.
Martın 17-də baş tutan səfərin iştirakçıları ilk öncə Bakı-Şamaxı yolundakı (Qobustan rayonu ərazisindəki) Acıdərə Tük Şəhidliyini ziyarət edib,1918-ci ildə Bakının erməni işğalından azad edilməsində şəhid olunmuş Qarfqaz-İslam Ordusunun əsgərlərinin, Türkiyə vətəndaşlarının ruhuna dualar oxuyublar, onlar barədə fikirlərini bölüşüblər.
Sonra PJB üzvləri Samaxının rayonunun bir neçə tarixi və görməli yerləri ilə tanış olublar.
Onlar Azərbaycanın bir çox tanınmış simalarının, böyük şəxsiyyətlərinin uyuduğu, dəfn edildiyi “Şahxəndan” qəbiristanlığını ziyarət ediblər.
Nəsimin qardaşının bərbad gündə olan məzarlığı…
PJB üzvləri dahi Nəsiminin qardaşı Şahxəndan (Şahxəndan, Şah-i xəndan) və onun həyata yoldaşına aid olduğu bildirilən məzarlığı, “Şahxəndan” türbəsini ziyarət ediblər.
Qeyd edək, türbə (məzarlarla) ilə tanışlıq parlament jurnalistlərində dərin təəssüf və təccüb hissi doğurub.
Çünki onlar türbənin və məzarların son dərəcədə bərbad olduğunun şahidi olublar.
Belə ki, məzarlardan biri ikiyə parçalanmış, bölünmüş, sınıq-salxaq vəziyyətdədir ki, bu da ölkə prezidentinin sərəncamı ilə “Nəsimi ili” çərçivəsində görülən və görülməsi nəzərdə tutulan xoşniyyətli addımlarla heç bir halda üzlaşmır.
PJB üzvləri qərara alıblar ki, imkanları çərçivəsində bu məsələnin geniş şəkildə ictimailəşdirsinlər, aidiyyəti qurumların diqqətinə çatdırsınlar
“Çünki onun Şahi-Xəndanı vardır…”
Bundan sonra PJB üzləri həmin qəbiristanlıqdakı böyük Azərbaycan şairi Seyid Əzim Şirvaninin məzarını ziyarət ediblər.
Qeyd edək ki, məzar bir neçə il öncə Şamaxının millət vəkili Elxan Süleymanov tərəfindən bərpa-təmir etdirilib və mərmər üzlüklülərlə cilalanıb, döşənib.
Bu da öz növbəsində (tarixilik baxımdan) jurnalistlərdə təəssüf hissi doğurub.
Onu da qeyd edək ki, görkəmli şair Seyid Əzim Şirvani özü məhz burada-“Şahxəndan”da basdırılmasını vəsiyyət edibmiş:
Mən öləndə Şaxandanda basdırın,
Çünki onun Şahi-Xəndanı vardır.
Tarixi Dəmirçi kəndi və…
Daha sonra PJB üzvləri yaşı yüz illərlə ölçülən və bu gün həm yerli, həm də xarici turistlərin axın etdikləri tarixi Dəmirçi kəndində olub, orada görülən işlərlə tanışlıq əldə ediblər.
Həmçinin, qeyd edək ki, PJB üzvlərinin Dəmirçidə olduğu müddətdə də xeyli sayda turistlər həmin ərazidə olublar.
Bu yerdə xatırladaq ki, Dəmirçi Şamaxının, həmçinin, Azərbaycanın ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından sonralar buraya Dəmirçi adı verilib. Bir vaxtlar qədim İpək yolunun kənarında yerləşən kənddə bir neçə karvansara da olub. Lakin karvansara da daxil olmaqla Dəmirçidəki qədim tikililərin çoxu sovet hakimiyyəti illərində dağıdılıb. Odur ki, kəndin bərpası və tarixi simasının qorunması ilə bağlı son illərdə ölkə prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi, təşəbbüsü, təşkilatçılığı və yaxından iştirakı ilə bir sıra addımlar atılıb.
Belə ki, ölkəmizin ən qədim dini ocaqlarından olan və 755-ci ildə tikilən Dəmirçi məscidi ölkə prezidentinin göstərişi ilə bərpa edilib. Eyni zamanda, ötən ilin avqustun 26-da ölkə prezidentinin və birinci vitse-prezidentin iştirakı ilə yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışı mərasimi keçirilib.
Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu isə 22 kilometrdir.
Bununla yanaşı, parlament jurnalistləri dünyaca məşhur Şamaxı (Pirqulu) Astrofizika rəsədxanasına baş çəkiblər.
Bununla da səfər başa çatıb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az və “525”