“Nə qədər çətinliyə düşsək də, vətəndaşların sağlamlığını gözləməliyik” – TAHİR RZAYEV PREZİDENTİN SON ADDIMLARINI YÜKSƏK DƏYƏNLƏNDİRDİ

Tahir RZAYEV: “Şou yaradanlar, siyasi məqsədlə istifadə edənlər, gərginlik yaratmaq, müəyyən bahalaşma yaratmaq istəyənlər var ki, onlar bu xalqın düşmənləridir”

Etikxeber.az-ın suallarını Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev cavablandırır:

-Tahir müəllim, belə fikirlər dolaşır ki, son günlər hökumətin təlaşlı davranması əslində gözlənilən maliyyə-iqtisadi böhranla, növbəti devalvasiya ehtimalı ilə bağlıdır. Siz necə düşünürsünüz?

-Əgər sərhədlər bağlanırsa, ölkəyə gəliş-gediş azaldılırsa, bu, ticarətə də, ölkələrarası əməkdaşlığa da müəyyən ziyan vurur. Ölkə bundan külli-miqdarda iqtisadi ziyan görəcək. Ancaq biz nə qədər çətinliyə düşsək də, vətəndaşların sağlamlığını gözləməliyik. Onsuz da biz müəyyən problemləri yaşamışıq. Manatın məzənnəsinin aşağı düşməsi, dolların bahaalşması, neftin ucuzlaşması 2015-16-cı illərdə bizə bu çətinlikləri yaşatdı. Ancaq Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan hökuməti tədbirlər gördü  və bu tədbirlər nəticəsində biz o qədər də ciddi ziyan görmədik. Bu, Azərbaycan vətəndaşlarının güzəranının pisləşməsinə səbəb olmadı.

Düzdür, müəyyən çətinliklər yarandı, müəyyən layihələrin həyata keçirilməsi çətin oldu. Ancaq bir çox ölkələrdə yaşanan böhran Azərbaycanda baş vermədi. Koronovirus bir xəstələlikdir, ondan sonra bir bəladır. Bu,  dünya ölkələri üçün xarakterikdir və bundan qorunmaq lazımdır. Manatın məzənnəsi aşağı düşsün, qoy dollar da bahalaşsın, bunu təbii ki, sözgəlişi deyərəm, ancaq insanın rifahı bizim üçün hər şeydir, ölkə rəhbəri üçün, dövlət üçün, hökumət üçün başlıcadır. Bu, bir çətinlikdir və bu çətinliyin qarşısı alınacaq. Görülən tədbirlər ki, var bunu alqışlamaq lazımdır.

Çünki Azərbaycan dünyada azsaylı ölkələrdən biridir ki,  belə mühüm tədbirlər həyata keçirilir. Bunlar gözümüzün qarşısındadır,  hər gün, hər axşam görürük, özümüz ictimaiyyət arasında oluruq, görürük ki, artıq lazım olan o tədbirlər həyata keçirilir. Hər birimiz buna dəstəkçi olmalıyıq. Onu da qeyd edim ki, ölkə Prezidenti tərəfindən Koronovirsla Mübarizəyə Dəstək Fondunun yaradılması, bu fonda 20 milyon vəsaitin ayrılması, eləcə də, Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalanması, 1 milyard manat vəsait ayrılması çox böyük və təqdirəlayiq hadisədir.

Bu, bir daha göstərir ki, Azərbaycan dövləti, dövlət başçısı bütün situasiyalarda öz vətəndaşının yanındadır, onu ancaq vətəndaşlarının maraqları və mənafeləri düşündürür. Bu, həm də dövlət başçısı İlham Əliyevin Liderlik bacarığı və qabiliyyətinin göstəricisidir. Əsl Lider məhz belə olmalıdır.

-Bəzən çox bədbin və neqativ proqnozlar da verilir. Odur ki, baş verənlər sosial gərginliyə, sosial partlayışa gətirib çıxara bilməz ki?

– Heç bir partlayış-filan yaşana, gözlənilə bilməz. Bunun üçün hüç bir əsas və səbəb yoxdur. Atılan addımlar da göstərir ki, dövlət öz üzərinə düşən işləri görür və bundan sonra da görəcək. Eyni zamanda, insanlar özləri ayıq-sayıq olmalıdırlar, hər şeyə ayıq gözlə baxmalıdırlar. Atalar məsəlimizdə deyildiyi kimi,  ellə gələn bəlakı var,  toy-bayramdır. Bu, həm də bir Azərbaycan üçün deyil axı?!

Qonşu dövlətlərdə- İrandakı, həmçinin, İtaliyadakı, Çindəki, İspaniyadakı vəziyyəti görürük. Elə Rusiyanın özündə artıq sərhədlər bağlanıb. Böyük dövlətlərin timsalında  bunu görürük. ABŞ-ın dövlət katibi də, prezidenti də bəyanatla çıxış edib. Dünyanın əksər ölkələrinin rəhbərləri artıq bəyanatla çıxış edirlər ki, buna qarşı ciddi mübarizə aparmaq lazımdır, ayıq-sayıq olmaq lazımdır. Bizdə bundan sui-istifadə edənlər varsa və olacaqsa, onlar bu xalqın düşmənləridir. Şou yaradanlar, siyasi məqsədlə istifadə edənlər, gərginlik yaratmaq , müəyyən bahalaşma yaratmaq istəyənlər var ki, onlar bu xalqın düşmənləridir.

Çünki onların özü də bu bəladan sığortlanmayıb. Ona görə də hər birimiz, hər bir Azərbaycan vətəndaşı bununla mübarizə aparmalıdır və buna qarşı tədbirlərin görülməsində fəal iştirak etməlidir. Bizim vəzifəmiz budur.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Azərbaycan vətəndaşları olaraq tələb olunan, qaydalara və qadağalara maksimum riayət etməliyik”-DEPUTATDAN ÇAĞIRIŞ

Read Next

“Hökümət üçün növbəti mərhələdə də koronavirusun iqtisadiyyata, eləcə də vətəndaşlara təsirlərinin minimumlaşdırılması prioritet olacaq” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir