“Nə referenduma, nə yenidən növbədənkənar seçkilərə ehtiyac var” – TAHİR RZAYEV

Millət vəkillərinin hər birinin fikrinə hörmətlə yanaşıram. Ancaq hərdən bəzi həmkarlarım elə fikirlər söyləyirlər ki, onlar bu günün reallığını əks etdirmir. Biz fevarlın 9-da növbədənkənar seçki keçirdik, ancaq bəzi dairələr heç 5 gün keçməmiş başladılar ki, yox, deputatlar düzgün seçilməyib, yenidən növbədənkənar seçkilər olmalıdır, nə bilim referendum keçirilməlidir. Bunlar düzgün yanaşma deyil.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Konstitusiyaya dəyişikliklərlə bağlı ölkədə referendum keçirilməsi yönündə çeşidli dairələr tərəfindən səsləndirilən təkliflərə münasibətini bildirərkən deyib.

“İndiki parlament xalqın özünün seçimidir. Hay-küy salan, üzr istəyirəm,  şou yaradan, həyasızlıq edən adamlar ki var idi, onlar seçilsəydi, onda demokratik  seçim olacaqdı, demokratik seçki sayılacaqdı? Həmin adamları gördük də?! İkinci kursda oxuyan, 19 yaşı olan, 20 yaşı olan adamlar gəlib namizədliklərini vermişdilər. İnstituta gedib 3 ala bilmir, səhər bunu yuxudan anası güclə durğuzur, orduya getməyib, bir yerdən əmək haqqı almayıb, eləməyib, deyir ki, mən mütləq deputat olmalıyam. Başlayır digərinə qara yaxmağa, şər armağa ki, filankəs yerində deyil. Sən seçilsən yerində olursan? Axı səni heç küçəndə, kəndində tanımırlar?! Bilirsiniz, tez-tez referendum, eləcə də, tez-tez seçkilər keçirilməsi ölkənin iqtisadiyyatına xeyli ziyan vurur. İkinci, bu, insanların vaxtını alır, müəyyən tədbirlərin keçirilməlidir, müəyyən görüşlər keçirilməlidir, insanlar işlərini-güclərini atıb o görüşlərdə olmalıdır və sair. Məsələn, mən özüm son seçkilər zamanı minlərlə insanla görüş keçirmişəm. Onların hərəsi həmin gün 2-3 saat vaxtını itirib, bəzisi bunun iş adamıdır, bəzisi sahibkardır, bəzisi kənd təsərrüfatı mütəxəssisidir, özünün təsərrüfatı gedib orda məşğul olmalıdır. Gündə elə gedib seçki keçirməliyik? Ya gündə referendum keçirməliyik?”-deyən T. Rzayevin sözlərinə görə, əgər ölkədə fövqəladə bir vəziyyət yaranarsa,  ehtiyac olarsa,  doğrudan da vacib bilinərsə, o zaman bunlara getmək olar. 

“Ancaq yoxsa elə hərə çıxsın desin ki,  bu tədbiri mən dedim, onun da ətəyindən yapışsınlar getsinlər, bunlar düzgün deyil. Yenə deyirəm, son seçkilərdə nələrlə üzləşmədik. Məsələn, mənim haqqımda elə qarayaxmalar, şər-böhtanlar səsləndi ki, sadəcə, heyrət içindəydim. Adını jurnalist qoyub, başqa rayondan ola-ola, gəlib Ağcabədidən namizədliyini vermişdi. Hansı ki, heç Ağcabədinin küçəsini tanımırdı, amma deyirdi ki, mən burdan seçilməliyəm, sonra da başladı ki, bəs Tahir Rzayev rayonun ağasıdır,  nə bilim kriminal aləmlə əlaqəlidir, mənim ölümümə fərman verib və sair… Təsəvvür edirsinizmi?… Sən bircə dənə fakt göstər ki, doğrudan da bu əməllər var…Sonra sosial şəbəkələrdə yaymağa başlaılar ki,  guya Tahir Rzayevin tabel silahı olub, bununla adam öldürülüb. Deyirəm ki, yaxşı, baxın, görün, mən tabel silahı götürmüşəmmi? İkincisi, öldürülən adam kimdir? Ya bununla əlaqədar nəsə varmı? Bu qədər də yalan, böhtan olarmı? Belələrimi parlamentə seçilməliydi?

Adam seçkiyə də gedər, adam müəyyən rəqabətdə də olar, adam müxalifətdə də olar, iqtidarda da olar, amma danışanda faktlarla danışmaq, Allahı unutmamaq lazımdır. Hər bir vətəndaş söz deyəndə məsuliyyətli olmalıdır. Digər tərəfdən, hər bir vətəndaşın ailəsi var, uşağı var, qohumu var. Belə danışıqlar, belə sözlər, belə söhbətlər onlara axı mənfi təsir göstərir. Həmçinin, insanın səhhətinə, insanın psixologiyasına pis təsir göstərir. İndi bəziləri ortaya düşüb ki, yenidən seçkilərə gedək. Xeyirdimi? Seçkilərə niyə gedirik? Parlamentə əksər siyasi partiyalar seçildi, parlament formalaşdı, cənab Prezident gəldi, bütün o nöqsanları da, uğurları da ortaya qoydu, vəzifələri də müyyən elədi. İndi işləməliyik də biz. Sən əgər yaxşı işləyirsənsə, öz işini aç göstər, əməlini aç göstər ki, mən dövlətə bax bu xeyri vermişəm, gəlib bu xeyri verməliyəm. Amma sən hələ  bir yerə qol çəkib əməkhaqqı almamısan, ya institutu təzə qurtarmısan, ya hələ institutda oxuyursan, ancaq deyirsən ki, mən mütləq deputat seçilməliyəm. Ya da gedib hardasa orda-burda veyllənirsən, ancaq seçki zamanı Azərbaycan yadına düşür gəlib deyirsən ki, gəlmişəm deputat seçilməyə. Niyə səni seçməlidirlər?

Seçilməyin bir səbəbi olmalıdır ki, mən bu xalqa bu xidməti göstərmişəm, onun müqabilində də bu xalqdan bu dəstəyi almalıyam. Sən o adamların xeyrində olmursan, şərində olmursan, onlara bir xeyir verməmisən, onların əlindən tutmamısan, o rayonda bir ağac əkməmisən, bir kol basdırmamısan. Yaxşı, sən bu rayondan niyə deputat seçilməlisən? Bu rayonun eloğlusu, burda yaşayan, burda yaradan, bu camaatın içində olan adam seçilməməlidir?  Nəyə görə?  Mən bir vətəndaş kimi, bir millət vəkili kimi səslənirəm, xahiş edirəm ki, insanlarımız belələrinə inanmasınlar. Ölkədə gedən reallıqları görsünlər. Ölkədə gedən inkişafı görsünlər. Əgər bir nöqsanımız varsa, o nöqsanı desinlər. O nöqsanı ölkə rəhbəri özü də deyir. Əlbəttə ki, müəyyən nöqsanlarımız var. Bu, dövlət qulluqçularında da var, məmurlarda da var, deputatlar arasında da nöqsanları olan var. Hamı xali deyil ki nöqsandan. Hər bir vətəndaşın, hər bir insanın nöqsanı ola bilər. Amma nöqsanın böyüklüyü-kiçikliyi var. Bu, varsa, bu deyilirsə, bunu birlidə aradan qaldırmaq lazımdır, yoxsa, bunları böyütmək, şişirtmək, ətrafında ajiotaj, hay-küy yaratmaq, ağlağəlməyəcək “ideyalar” səsləndirmək düzgün deyil…”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Mədəniyyət komitəsinin üzvlərindən də-NÜMUNƏVİ ADDIM…

Read Next

Türkiyədə koronavirusdan ölənlərin sayı-21-Ə YÜKSƏLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir