“Nəinki onlayn iclaslar keçirilməli, parlamentin iclasları payızacan dayandırılmalıdır”- MUSA QULİYEV “ZOOM”-U DA HEÇ CÜR MƏQBUL HESAB ETMİR

Mən, ümumiyyətlə, Milli Məclisin (MM) iclaslarının təcili təxirə salınmasının, dayandırılmasının tərəfdarıyam. Bunu parlamentin növbədənkənar sessiyasının sabah keçiriləcək növbəti plenar iclasında bir daha səsləndirəcəyəm və bunda da təkid edəcəym. Onsuz da yaz sessiyası başa çatıb. Mən biləni növbədənkənar sessiyada da müzakirəsi nəzərdə tutulan elə bir vacib, ciddi qanun layihəsi gündəmdə deyil, ortada yoxdur. Əgər hansısa vacib məsələ ilə də bağlı qanun layihəsi olarsa, onunla bağlı toplaşmaq olar. Amma bütün hallarda, payıza qədər plenar iclasların dayandırılmasının tərəfdarıyam.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Qeyd edib ki, onlayn iclasların keçirilməsi, onlayn səsvermənin aparılması üçün də hələlik lazımı mexanizmlər və texniki imkanlar yoxdur.

“Eyni zamanda, “ZOOM” proqramı vasitəsi ilə iclasların keçirilməsi nəinki xeyrimizə, əksinə, ziyanımıza olar. Bu, milli və informasiya təhlükəsizliyimizi ciddi sual altına qoyar. Çünki elə məsələlər, elə qanun layihələri var ki, onların öncədən bilinməsi, yayılması düzgün deyil. Elə məsələlər var ki, onlar sırf Milli Məclis daxilində, hüdudlarında qalmalıdır, kənara çıxmamalıdır. Əgər “ZOOM” proqramı vasitəsi ilə bu edilərsə, həmin proqramı icra edənlər sirlərimizi, kənara yayılması heç cür məqbul sayılmayan məlumatlarımızı dərhal başqalarına ötürə, kənara çıxara və milli, informasiya təhlükəsizliyimizi təhdid altına sala bilərlər. Ona görə “ZOOM” vasitəsi ilə iclasların keçirilməsi heç cür yolverilməz və qəbuledilməzdir. Qaldı ki cari məsələlərə, onlarla bağlı da xüsusi yığışmağa ehtiyac yoxdur. Görünən də odur ki, koronavirus bəlası hələ çox davam edəcək. Hətta, payızda ikinci dalğanın ola biləcəyi də ehtimal olunur. Odur ki, belə bir şəraitdə deputatların bir araya gəlməsi həm də onların sağlamlığının təhlükə altına alınması deməkdir. Bu baxımdan, payıza kimi, onlayn iclasların keçirilməsi mexanizmləri tapılmalı, bunun texniki tərəfləri həll olunmalıdır. Yalnız bu texniki məsələlər həll olunduqdan sonra payızda onlayn iclasların keçirilməsi mümkündür. Bununla belə, bir daha o fikirdəyəm ki, parlamentin iclasları payızacan dayandırılmalıdır”-deyə, M. Quliyev sözlərinə əlavə edib.

P.S. Qeyd edək ki, artıq MM-in sabahkı iclası təxirə salınıb.

M. Quliyevlə açıqlama isə MM-in Mətbuat Xidmətinin bu haqda yaydığı məlumatından öncə alınıb.

10:33

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair-MƏLUMAT YAYDI…

Read Next

“O, çıxışında bir neçə yalana imza atdı…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir