Nənəmin-anamın xanası…İlmə-ilmə toxunan kilimlər, ömrüm(üz)ə yazılan ilmələr…-KAMİL HƏMZƏOĞLU YAZDI

Canım nənəm…Gülöyşə anam…

Rəhmətlik atamın anası…

Biz-nəvələr nənəmizə ana deyərdik…

Gülöyşə anam bu həyatda tanıdığım, gəlib-keçmiş…ən möhtəşəm qadınlardan, xanımlardan olub…

Xanımlara kişi deməyi xoşlamıram, amma o gerçəkdən Kişi xanım, Kişi qadın idi…

Yaşadığı dərdlər, çəkdiyi əzablar, acılar, faciələr…heç vaxt onu sındıra bilməmişdi…

Başına gəlməyən faciələr, çəkmədiyi əzablar, acılar da qalmamışdı…

Ata-anasız, yetimçiliklə böyümüş, qardaşını da böyütmüşdü…

İki qızını (Zinyət mamam və Xuraman mamamı) cavan vaxtlarında, 6 ayın içində itirmişdi…Nəvəsi 6 aylıq yetim qalmışdı…

Böyük oğlunu ( Gəncədə ali məktəbə oxuyan Səməd əmimi) itirmişdi…

Qaynının birini səhv etmirəmsə, ya 1931, ya da 1933-cü ildə kənddə vuruşma (sovetləşməyə qarşı çıxdığı, çıxdıqları üçün) zamanı ruslar öldürmüşdü…

Daha doğrusu, özünə sığışdırmamış, özünü son gülləsi ilə öldürmüş, ruslar da acıqlarından od vurub yandırmışdılar…

Bundan sonra qayını arvadı ilə nə müsibətlər yaşamışdılar…Digər qayını Böyük Vətən Müharibəsinə gedib qayıtmamışdı…Daha nələr-nələr…Allah heç kimin başına gətirməsin…

Amma dözmüşdü bu dərdlərə, çəkdiyi dərdlərdən böyümüşdü, mətinləşmişdi…

Mən bu həyatda onun qədər- nə nəsil-kökümüzdə, nə də digərlərində – qohumpərəst insan görməmişdim…Yeddi arxa dönənini belə unutmurdu, uşaq olsam da, məni də özü ilə hər yerə aparardı, aparırdı…

Qohum görəndə, qohum adı çəkiləndə…bütün dərdləri yadından çıxırdı, çıxardı bir andaca…Canını fəda edərdi hər biri üçün…Belə möhtəşəm qadın idi Gülöyşə anam…

Həm də gözəl, zərif yun və pambıq kilim, xurcun toxuyardı, toxumağı vardı….Böyük xanası vardı…O xanada nə qədər, neçə-neçə kilim toxunmuşdu, toxumuşdu…

Bəzən dərdlərinin, acılarının şəklini, rəsmini çəkmişdi, çəkirdi o kilimlərdə…Heç kim olmayanda, həyətdən əl-ayaq yığışanda da…ağı deyə-deyə, yana-yana, ağlaya-ağlaya…toxuyardı, toxuyurdu o kilimləri…

Mən də gizlicə baxar, dinləyər, ağlayardım… Biz ata-baba ocağında olduğumuz üçün hamısı anbaan gözümün qabağındadır…

Yun təmizləmək, yun yümək, onu sərmək, qurutmaq, daramaq, əyirmək, sonra onu rənglərlə (həm də soğan qabağında) iri qazanlarda boyamaq, quruması üçün ağaclardan sərmək… özü bir aləm idi…

Məhləmiz, bağçamız rənbərəng olardı, həm də gözəl ətri hər yerə yayılardı…Sonra da xanada ilmə-ilmə, zərgər dəqiqliyi ilə toxumaq…Bütün ləvazimatlar…hamısı bugünkü kimi yadımdadır…

Bəzən kilim toxumaq adı ilə qonşuluqda olan, yaşayan qadınlar, yaşıdları, qarı nənələr də bizim həyətimizə, xananın başına yığışar, dərdləşər, gap edərdilər…

Birdən nədənsə nənəmdən inciyəndə, məni xanaya yaxın buraxmayanda da heyf çıxmaq üçün başlarına oyun açardım, ayaqqabılarını, qaloşlarını aparıb gizlədərdim…Eh nələr, daha nələr…

Heyf ki, nənəli günlərim, günlərimiz az oldu, həm Gülöyşə anamı, həm də nur üzlü, Seyid, Axund qızı Samaya anamı (mamamın anası) tez itirdim, itirdik…

Gülöyşə anam vəfat edəndə mənim 7 yaşım, Samaya anam dünyasını dəyişəndə 9 yaşım vardı…Biri 1980-ci ilin yayında, biri də 1982-ci ilin yazında dünyaya əlvida dedilər…

Hər zaman xatırlayıram, hər zaman da xatırlayacağam…

Hər zaman da qəlbimin ən dərin guşəsindədirlər-canım analarım, canım nənələrim…

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha bir Şəhidimiz-MASİM QURBANOV BU GÜN TORPAĞA TAPŞIRILDI – FOTOLAR

Read Next

Daha 601 yeni yoluxma-DAHA 19 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir