Natiq Əliyev dünyasını dəyişdi – II Fəxri xiyabanda torpağa tapşırılacaq – YENİLƏNİB (2)

 

 

Ötən gün Türkiyənin İstanbul şəhərində yerləşən “Florence Nightingale” klinikasında dünyasını dəyişən energetika naziri Natiq Əliyev II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Etikxeber.az xəbər verir ki, bunu  mətbuata açıqlamasında  Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva bildirib.

“Mərhum energetika naziri Natiq Əliyevlə vida mərasimi sabah saat 12.00-da “Şəhriyar” adına mədəniyyət klubunda keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq” – deyə, o, qeyd edib.

 

***

Natiq Əliyevin nəşi Bakıya sabah gətiriləcək.

Bu barədə də  Z. Əliyeva bildirib.

“Dəqiqləşdirilmiş məlumata əsasən, nazirin nəşi sabah 09:30-da Bakıya gətiriləcək” – deyə, o, bildirib.

***

Xatırladaq ki, “Florence Nightingale” klinikasının nazirin vəfatı barədə yaydığı rəsmi açıqlamaya əsasən, N.Əliyev iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra edilən ilkin müdaxilə ilə həyata qaytarılıb, onun ürəyinin koronar damarlarına stend qoyulub.

N.Əliyevin müayinə və müalicəsi üçün Bakıya Türkiyədən heyət göndərilib.

Həmin heyətin dəstəyi ilə N.Əliyev süni tənəffüs cihazına qoşularaq, iyunun 5-də xüsusi ambulans təyyarə ilə “Florence Nightingale” klinikasına aparılıb.

“Ciddi tibbi müdaxilə ilə qan dövranın normallaşdırılması mümkün olmayan xəstəyə ürək nasosu qoşularaq ürək çatışmazlığına qarşı müalicə başlayıb. Lakin iyunun 8-də günorta saatlarında Natiq Əliyev anidən beyin insultu keçirib və dünyasını dəyişib” – deyə, açıqlamada bildirilib.

***

N.Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.

1965-ci ildə orta məktəbi, 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mədən geoloqu ixtisası üzrə bitirib.

İnstitutu bitirdikdən sonra “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Azərdənizneftkəşfiyyat” trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləyib.

N.Əliyev 1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil alıb, 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir, böyük elmi işçi vəzifəsində işləyib.

1979-cu ildə “Xəzərneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrində işləyib.

1993-2005-ci illərdə N.Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti və Direktorlar Şurasının sədri idi.

1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olub. 2005-ci ildə Azərbaycan neftçilər konqresinin prezidenti seçilib.

2005-2013-cü illərdə sənaye və energetika naziri vəzifəsində işləyib.

22 oktyabr 2013-cü il tarixində energetika naziri vəzifəsinə təyin edilib.

N.Əliyevin 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunub. O, Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, 2008-ci ildən iqtisad elmlər doktoru olub.

N.Əliyev 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilib.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

“Təkliflər öyrəniləcək və sistemləşdirilərək Prezidentnə təqdim ediləcək…” – ƏLİ HƏSƏNOV – FOTO

Read Next

Tatlısəs 13 milyonluq təklifdən imtina etdiyini təsdiqlədi və…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir