“NATO-nun ərazi bütövlüyümüzü dəstəkləməsi Ermənistan üçün siqnaldır” – RƏYLƏR

“Beynəlxalq təşkilatların riyakar, qərəzli, ikili standartlara əsaslanan yanaşmasını Azərbaycan ictimaiyyəti qəbul edə bilməz”

Millət vəkilləri ölkə prezidentinin Brüssel səfərini həm daxili, həm də xarici antiazərbaycançı qüvvələr üzərində böyük və sarsıdıcı qələb adlandırırlar

“Prezident İlham Əliyevin Brüsselə səfəri, orada keçirdiyi mühüm görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında uğurlu əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Ölkəmizlə Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır”.

Bunu Etikxeber.az-a açıqlamasında  millət vəkili Aydın Hüseynov bildirib.

ER-İLYA

dostlar

avro-ilya

Onun sözlərinə görə,  Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır. Millət vəkili bildirib ki, bununla yanaşı, ölkəmizin liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir: “Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. Azərbaycan dünyada sülhyaratma prosesinə əməli töhfə verir. Bu səbəbdən istər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, istərsə də Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Azərbaycan Prezidentinə yüksək hörmət, etimad, böyük diqqət nümayiş etdirildi.Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Brüsselə səfəri güclü, özünə güvənli, prinsipial, böyük hörmət sahibi olan Azərbaycanın fonunda cılız, heç kimə lazım olmayan Ermənistanın obrazını nümayiş etdirdi”. A. Hüseynov vurğulayıb ki, NATO Sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olundu, Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyinetmə prinsipini daxil etmək cəhdi isə iflasa uğradı: “Brüsseldə Azərbaycan diplomatiyasının əldə etdiyi uğur Prezident İlham Əliyevin ölkəmizin milli maraqlarına uyğun yürütdüyü məqsədyönlü və prinsipial siyasi kursun nəticəsidir”.

Millət vəkili Məlahət İbrahimqızı da hesab edir ki, prezidentin Brüssel səfəri olduqca uğurlu hadisələrlə yadda qaldı.

Millət vəkilinin dediyinə görə, Azərbaycanın bütün sahələrdə ildən-ilə böyük uğurlara imza atdığı bir dövrdə bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli mövqeləri fonunda Brüsseldə Avropa İttifaqı və NATO kimi nüfuzlu təşkilatlarla əməkdaşlığımızın daha da gücləndirilməsi ölkəmizə qara piar həyata keçirən qurumlara cavabdır: “Təbii ki, bu tipli təşkilatların ölkəmizə qərəzli yanaşmaları hər bir Azərbaycan vətəndaşını narahat edir və bu, ictimaiyyətdə təəssüf hissi yaradır. Biz bunu hər zaman riyakar, ikili standartlara yanaşma kimi qiymətləndiririk. Bu səfər zamanı Prezident İlham Əliyevin istər Avropa İttifaqında, istər NATO-da keçirdiyi görüşlər qərəzli qüvvələrə ən layiqli cavab oldu. Həqiqətən də bu səfər zamanı Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə, imzalanan sənədlərdə çox vacib və xarici siyasətimiz üçün önəmli olan prioritetlər öz əksini tapdı”.

aydin huseynov 2156564

jala

melahet-1

Deputat qeyd edib ki, əldə olunan uğurlardan biri də torpaqlarımızın 20 faizini işğal edən Ermənistana qarşı münasibət, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıq mövqelərdir: “Bu gün Azərbaycan ictimaiyyəti əldə edilən uğurları çox yaxşı bilir, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri cərgəsindədir. Amma bütün bunlara baxmayaraq, hər birimizi daha çox düşündürən, ümummilli marağımız olan Dağlıq Qarabağ məsələsi ilə bağlı narahatlığımızdır. Beynəlxalq təşkilatların riyakar, qərəzli, ikili standartlara əsaslanan yanaşmasını Azərbaycan ictimaiyyəti qəbul edə bilməz. Prezident İlham Əliyevin keçirdiyi yüksək səviyyəli görüşlərdə və imzalanan sənədlərdə bizi narahat edən bütün suallar cavabını tapdı. Bu da Azərbaycan ictimaiyyətində prezidentimizin xarici siyasətinə olan inamı bir daha artırdı. Azərbaycan xalqı öz liderinə inanır, onun ətrafında sıx birləşib, Azərbaycan xalqının mütləq əksəriyyəti birmənalı olaraq aprelin 11-də keçirilən seçkilərdə səs verərək dövlətimizin başçısı İlham Əliyevə yenidən böyük etimad göstərdi. Prezidentimiz də xalqımıza arxalanır. Ölkəmizdə xalq-iqtidar birliyi uzun illərdir davam edir, bundan sonra da davam edəcək. Lakin həlli dalana dirənmiş Dağlıq Qarabağ problemi ilə bağlı ictimaiyyət hər dəfə yeni bir cavab, yanaşma gözləyir. ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə bağlı 25 ildən çoxdur fəaliyyət göstərmələrinə baxmayaraq, heç bir nəticə əldə etməyiblər”.

M. İbrahimqızı, həmçinin bildirib ki, Brüsseldə prezidentinAvropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşü zamanı Azərbaycan ictimaiyyətini narahat edən bütün suallara ölkəmizin haqlı mövqeyinə uyğun cavablar verildi:

“Narahatlıq doğuran məqamlar Azərbaycan həqiqətlərinə uyğun olaraq imzalanmış sənəddə öz əksini tapdı. Çünki Azərbaycan xalqı haqlıdır, Dağlıq Qarabağ məsələsində Azərbaycan istər beynəlxalq hüquq normalarında, istərsə də siyasi aspektlərdə həm haqlıdır, həm üstündür, həm də qalibdir.Avropa İttifaqı Şurası ilə Azərbaycan arasında imzalanan sənəd hər iki tərəf üçün çox əhəmiyyətlidir. Azərbaycanın bütün sahələrdə marağına uyğun sənəd qəbul olundu. Donald Tusk çıxışında görüşün məhsuldar olduğunu və belə görüşlərin yalnız dostlar arasında keçdiyini söyləməsi Azərbaycana verilən dəyərin göstəricisidir. Donald Tusk Azərbaycanla Avropa İttifaqı arasındakı tərəfdaşlığı yüksək qiymətləndirdi. Onun bu tərəfdaşlığı belə qiymətləndirməsi Azərbaycanın Avropa və dünya üçün əhəmiyyətindən xəbər verir. Bu da Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticəsidir.Prezident İlham Əliyev görüşlərdəki çıxışlarında Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələri vurğuladı. Bildirildi ki, ölkəmiz sivilizasiyalar arasında təbii, coğrafi və mədəni bir körpüdür. Azərbaycanda insan kapitalına və dinlərarası dialoqa qoyulan sərmayə bu gün öz müsbət nəticələrini verir və bu sahədə işlər gələcəkdə də davam etdiriləcək.Prezident İlham Əliyevin NATO Sammitində çıxışı zamanı ölkəmizin 20 ildən artıq müddət ərzində bu Alyansa verdiyi töhfələrdən danışdı, Azərbaycanın NATO-nun etibarlı əməkdaşı olduğunu qeyd etdi. Ümumiyyətlə, Azərbaycan regional təhlükəsizlik və sabitlikdə mühüm rol oynayan bir ölkədir. Baxmayaraq ki, ölkəmizin ərazisinin 20 faizi işğal altındadır, Azərbaycan təhlükəsizlik və sabitlik müstəvisində qlobal sülhə çox böyük töhfələr verir”.

Deputat sonda deyib ki, ölkə prezidentinin apardığı siyasət nəticəsində istər Avropa İttifaqı Şurası, istərsə də NATO tərəfindən qəbul olunan sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əks olunub.

“Azərbaycan prezidenti cənab İlham Əliyevin Brüsselə səfəri mühüm uğurlarla yadda qaldı. Xüsusilə, NATO çərçivəsində keçirilən görüşlərdə və tədbirlərdə dövlətimizin başçısı Azərbaycan həqiqətlərini, xüsusilə torpalarımızın bir hissəsinin hələ də Ermənistanın işğalı altında olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırdı”.

Bu fikirlər isə millət vəkili  Jalə Əliyevaya məxsusdur.

J. Əliyeva da bildirib ki, istər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olunur.

J. Əliyevanın sözlərinə görə, Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də iflasa uğrayıb:

“NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistan üçün ciddi siqnaldır. Əlbəttə ki, bu fakt bir daha Azərbaycanın Ermənistan üzərində növbəti qələbəsidir. Artıq Ermənistanın işğalçılıq siyasəti dünyada tam ifşa olunub və ermənilərin yalanlarına heç kim inanmır. Eyni zamanda, Ermənistan dünyada ciddi bir dövlət kimi də qəbul olunmur. Brüsseldə Paşinyana olan soyuq münasibət bu faktı bir daha təsdiqlədi. O,  Brüsselə səfəri zamanı ciddi cəhdlə Aİ-dən 70-80 milyon avro almağa çalışsa da, məqsədinə nail ola bilmədi. Avropa İttifaqı açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur və Paşinyana hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi. Ermənistan hakimiyyəti anlamalıdır ki, onun gələcəyi işğalçılıq siyasətinə son qoyulmasından keçir. Əgər Ermənistan Azərbaycanın torpaqlarını xoşluqla işğaldan azad etsə, onda hər hansı perspektivindən danışmaq mümkündür. Görünən isə odur ki, ermənilər, işğalçı dövlət havadarlarının icazəsi olmadan işğal etdiyi ərazilərdən xoşluqla geri çəkilmək, sülhə gəlmək istəmir. Amma istər işğalçı dövlət, istərsə də illərdir ona havadarlıq, himayədarlıq edənlər bilsinlər və qulaqlarına da sırğa etsinlər ki, gec-tez Azərbaycan öz əbədi-əzəli torpaqlarının tam sahibi olacaq, bütün sərhədləri boyunca öz suverenliyini, ərazi bütövlüyünü təmin edəcək. Azərbaycan dövləti, Azərbaycan xalqı və onun müdrik rəhbəri cənab İlham Əliyev heç zaman işğalla barışmayıb, barışmır və barışmayacaq. Kimsə Azərbaycandan güzəşt gözləməsin. İllərdir davam edən və uzanan sülh, danışıqlar prosesi ermənilərə edilən ən böyük güzəştimizdir, buradan o yanası yoxdur və olmayacaq da!”.

Millət vəkili son olaraq bildirib ki, ölkə prezidentin Brüssel səfəri həm daxili, həm də xarici antiazərbaycançı qüvvələr üzərində İ.Əliyevin böyük və sarsıdıcı qələbəsidir.

Etikxeber.az

 

Read Previous

Ən qəddar qadın terrorçunun növbəti hədəfi Türkiyədir…

Read Next

Əliyev Kitaroviç və Makronu təbrik etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir