NATO PA-nın 62-ci sessiyası başa çatdı

NATO Parlament Assambleyasının (PA)  62-ci sessiyası başa çatıb.

Sessiyanın qətnaməsində suveren dövlətlərin ərazi bütövlüyünün qorunması və sərhəd toxunulmazlığına dair müddəa yer alıb.

Etikxeber.az-ın məlumatına görə, sessiyada ölkəmizi Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov daxil olublar.

Sessiyanın sonuncu günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, NATO-nun baş katibi Yens Stoltenberq, NATO PA-nın prezidenti Maykl Turner, ATƏT PA-nın prezidenti xanım Kristin Muttonen və digərləri çıxış ediblər. Sonra Yens Stoltenberq iştirakçıların suallarını cavablandırıb.

Nümayəndə heyətinin üzvü Siyavuş Novruzov  Dağlıq Qarabağ münaqişəsi, ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, təcavüzkar ölkənin qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları və mövzuya dair digər məqamlarla bağlı geniş məlumat verib, NATO baş katibinə müvafiq suallar ünvanlayıb.

Dörd gün davam edən sessiyada müzakirələr Parlament Assambleyasının siyasət, müdafiə və təhlükəsizlik, iqtisadiyyat və təhlükəsizlik, təhlükəsizliyin mülki sahələri, elm və texnologiyalar komitələrində aparılıb. Müzakirələr “Terrorçuluğa qarşı mübarizədə Avratlantik imkanların və əməkdaşlığın gücləndirilməsi”, “NATO və hərbi dəniz qüvvələrinin gələcəyi”, “Hücumların qarşısının alınmasında NATO-nun yeni vəzifələri”, “Transatlantik təhlükəsizliyə büdcə təsirlərindən doğan yeni çağırışlar”, “İŞİD-ə qarşı beynəlxalq hərbi kampaniyalar”, “NATO-nun qətiyyətli dəstək missiyası”, “Əfqanıstanda NATO-nun qətiyyətli dəstək missiyası”, “Kimyəvi, bioloji, radioloji və nüvə terrorçuluğu” və s. mövzuları əhatə edib.

Məruzələr ətrafında çıxışlarda ölkələrin ərazi bütövlüyünün qorunması, sərhədlərin toxunulmazlığı, münaqişələrin qarşısının alınması, qaçqın və məcburi köçkünlərin zəruri ehtiyaclarının ödənilməsi, onların müvəqqəti yaşayış yerləri ilə təmin edilməsi, bu qəbildən olan insanların hüquqlarının qorunması, ayrı-seçkilik hallarına, həmçinin terrorçuluğun bütün növlərinə qarşı mübarizədə ikili standartlara yol verilməməsi, bütün bu proseslərə NATO-nun təsir imkanlarının genişləndirilməsi yolları müzakirə olunub.

Müzakirələrdə fəal iştirak edən deputatlarımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri, BMT Təhlükəsizlik Şurasının, o cümlədən digər beynəlxalq təşkilatların münaqişənin həlli və ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı qərar və qətnamələrinin indiyədək yerinə yetirilməməsi, erməni terror təşkilatlarının Azərbaycan xalqına qarşı törətdikləri çoxsaylı terror aktlarının acı nəticələri və digər məsələlər barədə ətraflı məlumat veriblər. İclaslarda dəfələrlə vurğulanıb ki, müasir dövrdə beynəlxalq məsələlərlə bağlı ədalətsizliklərin əsasını dünyadakı ikili standartlar təşkil edir.

Sessiyada təşkilati məsələlərə da baxılıb.

Türkiyə Böyük Millət Məclisinin deputatı, NATO Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin üzvü Mətin Lütfi Baydar assambleya prezidentinin müavini seçilib.

NATO PA-nın 62-ci sessiyasının qətnaməsində bütün suveren dövlətlərin ərazi bütövlüyünün qorunması və sərhəd toxunulmazlığına dair müddəa daxil edilib.

Etikxeber.az

Read Previous

İinsidentlərin araşdırılması mexanizmi rəsmi Bakı üçün hədəf deyil – XİN

Read Next

350-dən çox texnika hazır vəziyyətə gətirilib – “Azəravtoyol”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir