“Naxçıvana ABŞ-la eyni sistem yaradıblar: Naxçıvana gediş-gəliş açılmır, ancaq qatarlar, metrolar, iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir…”- SİYAVUŞ NOVRUZOV – DEPUTATLAR NAXÇIVANLA BAĞLI MƏSƏLƏNİ GÜNDƏMƏ GƏTİRDİLƏR

Bu saziş Azərbaycan tarixində ən əhəmiyyətli sənədlərdən biridir.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

F. Mustafa bildirib ki, bu sənəd uzun illərdir, müzakirə edilirdi:

“Bu proses nəhayət ki baş verdi. Bunu İranla da tətbiq etmək olar. Ancaq bu, yalnız İranın Ermənistana verdiyi dəstəyi dayandırdığı halda baş verə bilər. Türkiyədə çalışan insanların taleyi ilə bağlı məsələlərə də diqqət yetirməliyik. Eyni zamanda, orada on minlərlə azərbaycanlı uşaq sənədi olmadığına görə təhsil ala bilmir”.

MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının ancaq Türkiyə ilə gediş-gəlişi var:

“Naxçıvandan Türkiyəyə gedənlərin hamısı professor deyil. Onlar arasında mövsümi işə gedənlər də var. 3 ay ərzində onların gedib-qayıtması ancaq qazandıqlarının vizaya və biletə verilməsinə gətirib çıxarır. Naxçıvanla bağlı məsələ bu sazişdə nəzərə alınmalıdır. Biz Azad İqtisadi zonalar yaradırıq. Balaca bölgəni bu cür edə bilmərik? Əlbəttə edə bilərik. Pandemiya ilə əlaqədar Naxçıvana gediş-gəliş dayandırılıb. Naxçıvana ABŞ-la eyni sistem yaradıblar. Naxçıvana gediş-gəliş açılmır, ancaq qatarlar, metrolar, iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir. Burada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Operativ Qərargah bu məsələni nəzərə almalıdır”.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva öz növbəsində bildirib ki, bu sənəd qardaş Türkiyə ilə Azərbaycan arasında daha çox gediş-gəlişin artmasına şərait yaradacaq:

“Bununla bərabər Türkiyədə qeyd edirlər ki, Avropa ölkələrinə Azərbaycandan daha ucuz qiymətə gedirlər. Azərbaycanla Türkiyə arasında biletlər olduqca bahadır. Türkiyədən bizə insanların gəlməsi turizmin canlanmasına da töhfə verə bilər. Ona görə də hava yolları şirkətlərini bu qiymətlərin endirilməsinə çağırırıq”.

Millət vəkili Ramil Həsən də Naxçıvanla bağlı güzəştli addımların atılmasının vacibliyini bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Yataqxanadan artıq çıxarılma mərhələsində olan tələbələrin ölkəyə gətirilməsi məsələsi öz həllini tapmalıdır”-QƏNİRƏ PAŞAYEVA

Read Next

“Heydər Əliyevin qəbulu Əbülfəz Elçibəyin inkarı, Məhəmməd Əmin Rəsulzadəyə sayğı Nəriman Nərimanova hörmətsizlik hesabına olmamalıdır…”-ERKİN QƏDİRLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir