Naxçıvanlı: “283 vətəndaşın müraciəti daxil olub ki, onlardan da…” – YENİLƏNİB

Yanvarın 25-də Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin bu ilin yaz sessiyasında ilk iclası keçirilib. 
Etikxeber.az-ın məlumatına görə, iclasda komitənin 2016-cı il payız sessiyası dövründə gördüyü işlər və bu ilin yaz sessiyasının qanunvericilik işləri planı məsələlərinə baxılıb.
Komitə sədri Aqiyə Naxçıvanlı deyib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib:

“Bu iclaslarda 4 məsələ, o cümlədən 4 qanun layihəsi geniş müzakirə edilib. Bu qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub. Eyni zamanda, vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində də müntəzəm iş aparılıb. Belə ki, dövr ərzində komitəyə 283 vətəndaşın müraciəti daxil olub, həmin müraciətlərin 130-u tədbir görülməsi üçün  müvafiq təşkilatlara göndərilib. Həmçinin komitə sədri tərəfindən Milli Məclisdə 42 nəfər vətəndaş qəbul edilib”.

İclasın sonunda Ailə, qadın və uşaq məsələləri komitəsinin 2016-cı il payız sessiyası dövründə gördüyü işlər və bu ilin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

***

“Azərbaycanda erkən nikahların, boşanmaların və uşaqların məktəbdən yayınma hallarının sayı xeyli artıb”.

Bunu isə iclasda millət vəkili Tahir Rzayev deyib. Bu hallara qarşı müvafiq orqanların tədbirlər gördüyünü deyən T. Rzayev təmsil etdiyi komitə tərəfindən regionlarda, xüsusilə erkən nikahların daha çox qeydə alındığı cənub bölgəsində görüşlərin təşkilinin tədbirlər planına salınmasını təklif edib.

Komitə sədri də vətəndaşlar arasında qeyri-rəsmi nikahların sayının artmasından narahat olduğunu bildirib. O, yeniyetmələr arasında intiharlar və uşaqlara qarşı zorakılıq hallarından narahatlıq doğurduğunu söyləyib. A. Naxçıvanlının sözlərinə görə, uşaqları qəyyumluğa götürən zaman da çoxlu problemlər yaranır:

“Komitəyə yalnız bir həftə ərzində bununla bağlı 4 müraciət olub. Bizə deyirlər ki, körpəni 1 yaşında olarkən uşaq evindən seçmişik, lakin bu gün onun 4 yaşı var, hələ də onu qəyyumluğa götürə bilmirik. Bilirsiniz ki, uşaqlarla bağlı qanun qəbul edilib. Bu sahədə olan mövcud qanunvericiliyin icrasında boşluqlar olduğundan sadalanan problemlər gündəmə gəlir”.

A. Naxçıvanlı əlavə edib ki, yaxın vaxtlarda “Ailədaxili münaqişələrin yaranma səbəbləri və bunların aradan qaldırılması yolları” mövzusunda dəyirmi masa keçiriləcək.

**

Komitə sədri öz növbəsində bildirib ki, uşaqlara qarşı amansız zorakılıq törədənlərin ömürlük həbs cəzası ilə cəzalandırılmasının tərəfdarıdır.

O,  “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” yeni qanun layihəsi barədə danışarkən deyib ki,  bu məsələdə başqa alternativ çıxış yolu olmamalıdır:

“Yəqin ki, uşaqlara qarşı amansız zorakılığın qarşısını almaq üçün müəyyən təkliflər hazırlayıb Milli Məclisdə qaldıra bilərik”.

Komitənin digər üzvü Astan Şahverdiyev  öz növbəsində Azərbaycanda yetkinlik yaşına çatmayanların terror qruplarına qoşulmağa, narkotik maddələrə və “uşaqbazlığ”a təhrik edənlərə qarşı cəzaların sərtləşdirilməsini istəyib.

O, belə şəxslərə qarşı ömürlük həbz cəzası verilməsini məqbul hesab edib.

Etikxeber.az

Read Previous

Cocuq Mərcanlının bərpası Ermənistana, onu “bəsləyənlər”ə ciddi mesajdır – SƏLİMOV

Read Next

“İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi üzrə İşçi Qrupu yaradıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir