Nazir: “Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün əsas təhdiddir”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfəri çərçivəsində bu ölkənin parlamentinin sədri Albert Frik ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, A. Frik Azərbaycana səfərini, eləcə də Birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirakını xatırladaraq ölkəmizin dinamik inkişafını və əldə etdiyi nailiyyətləri qeyd edib.

 

O, Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayaraq, yığma komandamızın Rio Olimpiya Oyunlarında əldə etdiyi yüksək nəticələri təqdirəlayiq hal kimi qiymətləndirib.

 

Milli Məclisin sədri Oqtay Əsədovla Strasburq şəhərində keçirdiyi görüşə və apardığı məhsuldar müzakirələrə diqqət yetirən A. Frik ölkələrimiz arasında əlaqələrin inkişafında parlament ölçülərinin əhəmiyyətini vurğulayıb.
E. Məmmədyarov isə A. Frikin ötən il ölkəmizə səfəri ilə Azərbaycan və Lixtenşteyn arasında siyasi dialoq üçün yeni imkanların yarandığını qeyd edib və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə mövcud potensialdan istifadə edilməsinin vacibliyini vurğulayıb.
Nazir ölkəmizdə aparılan köklü iqtisadi islahatlardan, Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrdən söz açıb və iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib. O, Lixtenşteyn şirkətlərini Azərbaycanda qeyri-neft sektorunda həyata keçirilən iqtisadi layihələrdə iştirak etməyə dəvət edib.
E. Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. Nazir Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun regional sülh və təhlükəsizlik üçün əsas təhdid olduğunu qeyd edib. E. Məmmədyarov əlavə edib ki, qəbuledilməz və qeyri-davamlı olan “status-kvo”nu dəyişdirmək və münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMTTəhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.
Görüşdə həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və parlamentlərarası əlaqələrinin genişləndirilməsinin yolları ətrafında fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

MSK referendumun nəticələrini təsdiqlədi – 69,7 faiz

Read Next

Milli Qəhrəman adı verilmiş hər bir şəxs üçün Prezidentin təqaüdü artırıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir