Nazir müavini: Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə 823 medal qazanılıb

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dövlət müstəqilliyinin bərpasından ötən 25 ildə ölkəmizin idman sahəsində qazandığı nailiyyətlər barədə fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

Etikxeber.az AZƏRTAC-a istinadən məlumat verir ki,  nazir mavininin bildirdiyinə görə, müstəqil Azərbaycan Respublikasında idmanın inkişafı xalqımızın mərhum Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda gənclər və idman sahəsində dövlət siyasətinin formalaşmasında ulu öndər Heydər Əliyevin Gənclər və İdman Nazirliyinin yaradılması haqqında 1994-cü il iyulun 26-da imzaladığı Fərmanın mühüm rolu var. Məhz bu baxımdan 1994-cü ili ölkəmizin idman həyatında əsaslı dönüşün başlanğıcı adlandırmaq olar. Həmin il müasir müstəqil Azərbaycan idmanın, bədən tərbiyəsinin dövlət siyasətində önəmli yer tutduğunu rəsmən bəyan etdi. Ölkədə idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsini və idmanı daha da inkişaf etdirmək, bu sahədə yüksək nailiyyətlər qazanmaq, güclü idmançılar hazırlamaq üçün əlaqədar qurumlar qarşısında konkret vəzifələr qoyuldu.

“Hazırda Azərbaycan bütün sahələrdə digər ölkələr üçün nümunədir. Bu gün dünyada bir çox ölkə Azərbaycanda idman sahəsində həyata keçirilən islahatları, görülən işləri öz təcrübələrində tətbiq edirlər. İdmançılarımızın hazırlıq prosesləri o ölkələrdə təşkil olunur ki, orada idmanın müvafiq növü inkişaf edib. Bu da müstəqil Azərbaycanın idmançılara göstərdiyi diqqət, qayğı və dəstəyin göstəricisidir. Bu gün elə bir çempionat, yarış, Olimpiada yoxdur ki, bizim idmançılarımız orada iştirak etməkdə hansısa çətinliklə üzləşsin. Halbuki 25 il əvvəl bu, əlçatmaz arzu sayılırdı. Azərbaycan dövlətinin idmana, idmançılara qayğısı Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin onlara göstərdiyi yüksək etimaddır. Sonuncu – XXXI Yay Olimpiya Oyunlarında idmançılarımızın 18 medal qazanması və milli komandamızın adambaşına düşən medalların sayına görə 15-ci yeri tutması atletlərimizin yüksək hazırlıq səviyyəsindən xəbər verir” – deyə, İ.İsmayılov qeyd edib.

O, qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasəti müstəqil Azərbaycanda güclü idman potensialının formalaşması ilə nəticələnib. Düşünülmüş, məqsədyönlü proqramlar əsasında qurulan fəaliyyət müsbət nəticələr verməkdə davam edir. Ölkəmizdə bədən tərbiyəsi və idman cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycan həm idman sahəsində qazanılan uğurlar, həm ən müasir idman infrastrukturu yaradılması, həm də mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi ilə beynəlxalq idman ailəsinin nüfuzlu üzvünə çevrilib.

İ.İsmayılov bildirib ki, Azərbaycanda idman sahəsində reallaşdırılan dövlət siyasəti, o cümlədən maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir Olimpiya İdman komplekslərinin və digər idman qurğularının inşası ölkəmizdə ən mötəbər beynəlxalq yarışların, habelə Avropa və dünya çempionatlarının yüksək səviyyədə təşkilinə imkan yaradır. Hər il ölkəmizdə 50-dən çox dünya və qitə miqyaslı yarış təşkil olunur:

“Belə yarışların keçirilməsi beynəlxalq idman ictimaiyyətinin Azərbaycanın uğurla ev sahibliyi etdiyi mötəbər turnirlərə verdiyi yüksək qiymətin nəticəsidir. Azərbaycan 2012-ci ildə futbol üzrə “FIFA U-17” qadınlararası dünya çempionatının final mərhələsinə, ötən il dünya idman tarixində ilk Avropa Oyunlarına, bu ilin mayında 17 yaşadək futbolçular arasında Avropa çempionatına, iyunda Formula-1 Avropa Qran-prisinə, sentyabrda 42-ci Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi edərək idman ölkəsi olduğunu bir daha bütün dünyaya nümayiş etdirib. Dünyanın ən nüfuzlu yarışlarından olan Formula-1 Avropa Qran-prisinin beş il ərzində Azərbaycanda keçirilməsi qərarı xüsusilə təqdirəlayiqdir. Dünyanın ən güclü şahmatçılarının iştirak etdiyi 42-ci Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi də bu baxımdan son dərəcə əhəmiyyətli hadisədir.

Ötən il idmançılarımız dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə 823 medal qazanıblar. Bu, Azərbaycan bayrağının beynəlxalq arenada 823 dəfə dalğalanması deməkdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən biridir”– deyə, İ. İsmayılov vurğulayıb.

Azərbaycanda paytaxt Bakı ilə yanaşı, bölgələrdə də idmanın sürətlə inkişaf etdiyini, ən müasir idman infrastrukturunun yaradıldığını diqqətə çatdıran nazir müavini deyib: “Müxtəlif səviyyəli yarışlarda uğur qazanan gənclərimizin əksəriyyəti respublikamızın bölgələrini təmsil edir. Əlamətdar haldır ki, bu gün ən ucqar bölgələrimizdə də mötəbər beynəlxalq yarışlar keçirilir. Naxçıvanda şahmat üzrə ənənəvi Qran-pri yarışının, Qəbələdə artıq dördüncü dəfədir təşkil olunan və ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən atıcılığın bütün növləri üzrə yarışların, gimnastika üzrə Qusarda, güləş üzrə İsmayıllıda turnirlərin keçirilməsi bu qəbildəndir. Həmçinin, Gəncədə müxtəlif beynəlxalq yarışların təşkili regionlarda idmanın sürətli inkişafından xəbər verir. Yaxud qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess” beynəlxalq şahmat turniri və bu turnirdə dünyanın ən güclü şahmatçılarının iştirakı Azərbaycanın təbliği baxımından mühüm rol oynayır”.

Etikxeber.az

Read Previous

“Ziya Bünyadov Səfiyarı müdafiə edirdi” – Eldar İbrahimov

Read Next

Zakir Həsənovla ABŞ müdafiə katibinin köməkçisinin müavini nədən danışdılar?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir