Nazir müavini: “Qarabaq münaqişəsinin həllində təsirli tədbirlərin görülməsinə dəstək göstəriləcək”

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin keçirilməsi məqsədilə Bakıda səfərdə olan Rusiyanın dövlət katibi, xarici işlər nazirinin müavini Qriqori Karasin ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, siyasi məsləhətləşmələrdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın hazırkı səviyyəsindən, fəal siyasi dialoqun mövcudluğundan məmnunluq ifadə olunub və gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini Xələf Xələfov qeyd edib ki, ölkələrimiz arasında münasibətlər dövlət başçılarının müəyyən etdiyi kurs əsasında uğurla davam etdirilir və prezidentlərin şəxsi dostluğuna, qarşılıqlı inam və etimada əsaslanır. O, Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığını bildirib və yüksək səviyyəli qarşılıqlı səfərlərin, ikitərəfli və regional formatda görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Qriqori Karasin bildirib ki, ölkələrimiz arasında münasibətlər bütün sahələrdə inkişaf edir və rəsmilər arasında mütəmadi təmaslar gündəlikdə olan məsələlərin həllinə töhfə verir. O, gələn il Moskvada Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd ediləcəyini və bu xüsusda nazir Elmar Məmmədyarovun rusiyalı həmkarı tərəfindən bu ölkəyə səfərə dəvət edildiyini bildirib. Q.Karasin, həmçinin BMT Baş Assambleyasında Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamənin qəbulunda verdiyi dəstəyə və həmmüəllif kimi qoşulmasına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Tərəflər Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının işini və hər iki ölkənin parlamentlərinin əməkdaşlığını təqdir edib, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, habelə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində aparılan danışıqlar, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsi və mövqelərin uzlaşdırılması istiqamətində məqsədyönlü işin aparılmasının zəruriliyini vurğulayıblar.

X.Xələfov iki ölkə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, hərbi-texniki, humanitar, təhsil, turizm, kənd təsərrüfatı, miqrasiya sahələrində əməkdaşlığın inkişaf etdiyini və Rusiya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirib. O, hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın qurulduğunu, terrorizmə qarşı mübarizədə uğurlara imza atıldığını, birgə iqtisadi və nəqliyyat layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. O, həmçinin enerji sahəsində ikitərəfli əməkdaşlığın əhəmiyyətinə, Rusiya şirkətlərinin Azərbaycanda neft-qaz layihələrində iştirakına və SOCAR-ın fəaliyyətinə toxunub. X.Xələfov təhsil sahəsində əldə olunan uğurlardan, rus dilinin Azərbaycandakı vəziyyəti, Rusiya universitetlərinin filiallarının ölkəmizdəki səmərəli fəaliyyəti, Bakı Slavyan Universitetinin geniş imkanlarından söz açıb, on minlərlə azərbaycanlı tələbənin Rusiyanın müxtəlif universitetlərində təhsil aldığını qeyd edib.

X.Xələfov ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi və ticarət dövriyyəsinin artırılması üçün gömrük sərhəd-keçid məntəqələrinin texniki imkanlarının artırılmasının vacibliyinə diqqəti çəkib, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin işə düşməsindən sonra region ölkələri arasında yükdaşımaların dəfələrlə artacağına əminliyini bildirib.

Q.Karasin Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsi istiqamətində səylərin davam etdiriləcəyini və münaqişənin həllində təsirli tədbirlərin görülməsi üçün dəstəyin göstəriləcəyini deyib. O, eyni zamanda, regional təhlükəsizlik məsələlərinin yüksək səviyyəli qarşılıqlı etimada əsaslandığını qeyd edib.

Etikxeber.az

Read Previous

“Ustadlara sayğı gecəsi” – FOTO

Read Next

Batabat Astrofizika Rəsədxanasında parlaq ulduzlar tədqiq olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir