Nazir müavini: “Qlobal çağırışlar “Gənclər siyasəti haqqında” qanuna dəyişiklikləri zəruri edir”

“Bu gün Azərbaycanın gənclər siyasəti modeli ilə beynəlxalq miqyasda razılaşırlar”.

Etikxeber.az-ın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev Milli Məclisin (MM)  Gənclər və idman komitəsinin iclasında “Gənclər siyasəti haqqında” qanuna təklif edilən əlavə və dəyişikliklərin müzakirəsi zamanı deyib.

Nazir müavini qeyd edib ki, müasir dünyada qlobal çağırışlar “Gənclər siyasəti haqqında” qanuna dəyişiklikləri zəruri edir: “Dünyada yeni çağırışlar olduğundan Azərbaycanda da gənclər siyasətində müəyyən korrektələr etməyə və qanunu təkmiləşdirməyə ehtiyac yaranıb. Bütün bunları nəzərə alaraq, gənclər siyasətini daha da təkmilləşdirmək istədik”.

Komitə sədri Fuad Muradov isə qeyd edib ki, ölkə başçısının gənclərlə bağlı həyata keçirdiyi çevik və innovativ siyasət mövcud qanuna dəyişiklikləri labüd edir.

O, bildirib ki, qanuna təklif edilən dəyişikliklərlə bağlı müxtəlif yanaşmalar var: “Əsas məqsəd dəyişiklikləri geniş müzakirəyə çıxarıb yekun rəyə gəlməkdir. Layihədə gənclər siyasəti ilə bağlı yeni müddəalar nəzərdə tutulub. Bundan başqa, aztəminatlı gənc, gənc alim, sosial təcridə məruz qalmış gənclərin də qanundan daha geniş şəkildə yararlanmasına diqqət yetirilir. Bundan əlavə, məşğulluq baxımından hərbi xidmətdə olan, cəzaçəkmə müəssisələrində cəza çəkən, cəzaçəkmə müəssisələrindən azad olunmuş, habelə işindən azad olunmuş gənclərin məşğulluq problemlərinin, iş tapmaqda çətinliklərinin aradan qaldırılması və digər məsələlər öz əksini tapıb”.

Qeyd edək ki, qanuna təklif edilən dəyişikliklərə əsasən, gənclərə pulsuz ümumtəhsil, pulsuz dərsliklərlə təmin olunma, pulsuz tibbi müayinə, dövlət mülkiyyətində olan idman, sağlamlıq və mədəniyyət obyektlərdən pulsuz istifadə etmək imkanları yaradılmalıdır.

Eyni zamanda, qanuna gənclərin mənəvi-əxlaqi tərbiyəsinin nəzərə alınması ilə bağlı bir sıra əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulub. Burada əsasən gənclərin dini ekstremist və radikal qruplaşmalara qoşulması ilə bağlı müddəa qeyd olunub.

Layihədə istedadlı gənclərə dövlət qayğısı da nəzərdə tutulub. Belə ki, dövlət istedadlı və yaradıcı gənclərin müəyyən edilməsi və inkişafına şərait yaradacaq, yülksə nailiyyət əldə edən gənclərin tanıdılması üçün tədbirlər həyata keçiriləcək.

Risk qrupuna daxil olan gənclərin isə sosial adaptasiyası ilə bağlı tədbirlər planlaşdırılır.

Layihədə, həmçinin 18 yaşı tamam olmayan gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi, sağlam gəncliyin formalaşdırılması mqəsədilə bir sıra qadağanedici müddəalar da nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

“Əmək” ordenimiz də olacaq…

Read Next

Yetkinlik yaşına çatmayanlarla bağlı qanunda da dəyişikliklər edilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir