Nazir tapşırıq verdi…

Oktyabrın 24-də Masallı rayonunda vətəndaşları qəbul edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rayonda yerləşən bir sıra mədəniyyət müəssisələri ilə tanış olub.

Etikxeber.az xəbər verir ki, nazir əvvəlcə Masallı rayon Uşaq-İncəsənət Məktəbinə baş çəkib. Bildirilib ki, məktəb bu ilin sentyabrın 3-də Prezident İlham Əliyevin Masallıya səfəri çərçivəsində açılıb. Yeni istifadəyə verilən məktəb 640 yerlikdir. Məlumat verilib ki, Masallı rayon Uşaq-İncəsənət Məktəbi 1979-cu ildə inşa edilib. 1994-cü ildən məktəbdənkənar tədris üçün uyğunlaşdırılmış binada fəaliyyət göstərən məktəbin zamanın tələbinə uyğun daha müasir və geniş binada yerləşdirilməsi yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 2743 kvadratmetr olan bina ikimərtəbəlidir. Burada 33 sinif otağı var. Sinif otaqlarının hamısı müasir avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. 150 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitabxana, rəsm otağı və heykəltəraşlıq emalatxanasında dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Masallı rayon Uşaq-İncəsənət Məktəbində hazırda 330 şagird təhsil alır və 79 müəllim çalışır.

Nazir daha sonra Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinə gəlib. Bildirilib ki, tarix-diyarşünaslıq muzeyi də bu il sentyabrın 3-də istifadəyə verilib. Muzey 1950-ci ildə yaradılıb və şəhər mərkəzindən 16 kilometr məsafədə yerləşən keçmiş məktəb binasında fəaliyyət göstərirdi. Ölkəmizdə muzey işinin yüksək səviyyədə təşkil olunması, bu sahədə daha müasir layihələrin tətbiq edilməsi, ən əsası da əhali, xüsusilə də gənclər arasında tariximizə marağın artırılması ilə bağlı həyata keçirilən tədbirlərin geniş vüsət alması Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin də fəaliyyətinin yenidən təşkili, muzeyin təyinatına uyğun yeni binada yerləşdirilməsi zərurətini yaratmışdı. 2014-cü ildə tikintisinə başlanan muzey binasında inşaat işləri bu ilin iyulunda başa çatdırılıb. Ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr qurulub. Muzeyin mansar hissəsində rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb.

Nazir hər bir müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verib.

Etikxeber.az

 

Read Previous

Müslüm Maqomayev adına vokal müsabiqəsinin qalibi kim oldu?

Read Next

“İlham Əliyevdən “İqtibaslar” kitabı elektron versiyada

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir